(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Göstərilən verilər ona tanıqlıq edir ki, bir çox ölkə və xalqlarda magiya təbiətin böyük qüvvələrini insanın rifahı üçün idarə etdiyinə iddia edirdi. Bu işdə usta olanların iddialarına güvənclə yanaşan toplumda bu kəslər önəmli və nüfuzlu adamlara çevrilirdi. Və təəccüblü deyildir ki, qazandıqları ad-san və yaratdıqları qorxu sayəsində cadugərlərin bəziləri başçı və hökmdarlara çevrilərək öz tezinanan soydaşları üzərində ali hakimiyyətə yiyələnirdilər.
Götürək elə Avstraliya aborigenlərini – inkişafın ən aşağı səviyyəsində olan və barələrində nisbətən dolğun və dəqiq informasiyaya malik olduğumuz adamları. Bu tayfaları nə başçılar, nədə hökmdarlar idarə edir. Bu tayfalar barədə onların siyasi quruluşa malik olduqlarını söyləmək mümkün olduğu dərəcədə bu siyasi quruluş demokratiyadır və ya daha dəqiqi, məşvərətə toplaşan və praktik olaraq daha gənc soydaşlarının iştirakı olmadan bütün mühüm işlərə dair qərarlar qəbul edən qoca və nüfuzlu kişilərin oliqarxiyasıdır. Bu məşvərət toplanışı daha sonrakı dövrlərin senatına uyğundur və ağsaqqalların bu cür idarəçilyinin bildirimi üçün neologizm icad etmək gərəkərsə, onu gerontokratiya[1] adlandırmaq olardı. Avstraliya aborigenlərində şuraya toplaşan və öz tayfalarının işlərini idarə edən ağsaqqallar, göründüyü kimi, əksər hallarda öz totem klanlarının öndərləri olurlar. Təbii şəraitin özəlliyi (səhra) və demək olar ki, xarici təsirlərdən tam təcrid olunma tərəqqini yubatdığı və otaylıları tam primitiv bir halda saxladığı Avstraliyada totem klanlarının öndərlərinin üzərinə totemlərin çoxaldılması üçün magik ayinlər ifa etmək vəzifəsi qoyulmuşdur. Totemlərin çox böyük əksəriyyətini yeyilən heyvanlar və bitkilər təşkil etdiyindən ağsaqqallardan adətən magiyanın köməyilə xalqa qida əldə edəcəklərini gözləyirlər. Bir başqalarının vəzifəsisə yağış yağdırmaq və icmaya başqa xidmətlər göstərməkdir. Kəsəsi, Mərkəzi Avstraliyadakı klan öndərləri ictimai magiya ilə məşğul olurlar. Onların üzərinə qoyulmuş ən vacib funksiya – müqəddəs saxlanclardan (onlar adətən qaya çatında və ya yerdəki oyuqda olurdular) muğayat olmaq idi ki, onlarda da, rəvayətə inansaq, həm diri, həm də ölmüş bütün insanların ruhlarının hansısa bir sayaq əlaqəli olduğu müqəddəs daşlar və çubuqlar ( çurinqlər) saxlanılırdı. Odur ki, klan öndərlərinin üzərinə bizlərin vətəndaş vəzifələri adlandırası olduğumuz işlərin, məsələn tayfa adətinin pozulmasına görə cəza verilməsinin icrası qoyulmuş olsa da, onların əsas funksiyaları ruhani və magik funksiyalar idi.
Yeni Qvineya sakinləri Avstraliya yerlilərindən çox-çox daha yüksək mədəni səviyyədə olsalar da onların ictimai quruluşu əslində elə həmin demokratiya və ya oliqarxiyadır və başçılar institutu onlarda rüşeyim halından çıxmayıb. Ser Vilyam Mak-Qreqorun sözlərinə görə, Britaniya Yeni Qvineyası sakinlərindən heç kəs heç olmazsa bir bölgədə despotik hakimiyyət qurmaq üçün yetərincə bilikli, qorxmaz və güclü olmamışdır. “Buna hamıdan çox (idealdan uzaq olsa da) məşhur bir cadugər olmuş bir şəxs yaxın ola bilmişdir; amma buna o, bir xeyli şantaj etmək yolu ilə nail olmuşdur.”
Yerli sakinlərin söyləyişlərinə görə, melaneziya başçılarının hakimiyyəti tam şəkildə o inama əsaslanır ki, onlar qüdrətli ruhlarla ünsiyyətdədirlər və sayəsində ruhlara təsir göstərə bildikləri doğaüstü, fövqəltəbii gücə mailkdirlər. Əgər başçı töycü qoyurdusa, ona o səbəbdən əməl edirdilər ki, xalq onun ruhlar üzərindəki hakimiyyətindən qorxur və o şeyə tam bir əminlikdə olurdu ki, başçı ona tabe olmayan kəsi bədbəxtliyə və xəstəliyə düçar edə bilər. Təbəələrinin böyük bir hissəsi başçının ruhlara təsir etmək qabiliyyətinə inamını itirdikcə onun töycü qoymaq hüququ da yavaş-yavaş əldən gedirdi. Corc Braunun[2] şahidliyinə görə Yeni Britaniyada “hakimiyyətdə olan başçıdan həmişə kahinlik funksiyalarının icrasını gözləyirdilər. O, teboranlarla (ruhlarla) daimi ünsiyyətdə olduğu və onların sayəsində yağış yağdırmağa və ya yaxşı hava yaratmağa, xeyirli və ziyanlı küləklər, xəstəlik və ya sağlamlıq, müharibədə qələbə və ya yenilgi törətməyə və ümumiyyətlə xahişçinin ona görə yetərli qarşılıq ödəməyə hazır olduğu istənilən neməti, rifahı və ya bəlanı doğurmağa qadir olduğu görüntüsünü yaradırdı”.
Mədəniyyət pilləkənində növbəti pilləni Afrika tayfaları tutur, onlarda başçılar və hökmdarlar institutu tam olaraq inkişaf etmişdir. Bu bölgədə də cadugərin (xüsusən də yağış yağdıra bilən) başçıya təkamülünün çoxsaylı şahidlikləri vardır. Beləki, vambuqve tayfasında – Şimali Afrikadakı bantudilli xalqda – ilkin idarəetmə forması ailə demokratiyası olmuşdur; lakin cadugərlərin irsən keçən çox böyük hakimiyyəti onları öndərlər və başçılar dərəcəsinə qaldırdı. 1894-cü ildə sağ qalmış üç başçıdan ikisi öz ovsunçu bacarıqlarına görə qorxu təlqin edirdilər. Malik olduqları böyük mal-qara sürüləri bu keyfiyyətdə göstərdikləri xidmətlərə görə nəzir-niyaz formasında az qala tam şəkildə onların sahibliyinə keçmişdi. Şərqi Afrikanın başqa bir, vataturu xalqının başçıları, bəlli olduğu kimi, birbaşa təsir göstərməyən cadugərlərdən başqa bir şey deyillər. Vaqoqolarda (Şərqi Afrika) başçıların hakimiyyəti başlanğıcını yağış yağdırmaq məharətindən götürür. Başçının özü bu bacarığa malik olmadığı halda o, başqa bir şəxsin xidmətlərindən yararlanmağa borcludur.
Yuxarı Nil tayfalarında adətən ara həkimləri başçı olurlar. Onların hakimiyyəti əsas etibarilə yağış yağdırmaq ehtimali bacarığına əsaslanır, çünki “bu yerlərin sakinləri üçün mühüm olan yeganə şey, – yağışdır: lazımi vaxtda yağış yağmaması cəmiyyətə sözəgəlməz afətlər vəd edir. Buna görə təəccüblü deyildir ki, ən diribaş adamlar özlərinə yağış yağdırmaq bacarığı aid edir və belə bir ad-san qazanaraq öz sadədil soydaşlarının tezinananlığı üzərində sərvət qazanırlar.” Bu üzdən “tayfa başçılarının çoxu yağış yağdıran olur və onların ad-sanı öz xalqı üçün lazım gələndə yağış yağdırmaq bacarığından asılı olur… Başçıları bu işlə məşğul olan kənd-obalar həmişə xeyli yüksək təpələrin yamaclarında bina edilir, çünki başçılar, əlbəttə ki, təpələrin buludları cəlb etdiyini bilir və buna görə də havanı öncədən böyük əminliklə xəbər verirlər.” Bu yağış yağdıranların hər birinin sərəncamında güvəcdə saxladıqları bir neçə yağış daşı olur; onların içərisində dağ bülluru – işıqsaçan ametist də vardır. Yağış yağdırmaq istəyəndə cadugər daşları suya salır və yuxarısı ikiyə bölünmüş və qabığı təmizlənmiş bir çubuğu əlinə alaraq buludlara çağırış işarəsi edir və ya da ovsun söyləməklə onları lazımi istiqamətdə qovub uzaqlaşdırır. Yaxud da o daşdakı oyuğa su tökür və ona qoyun və ya keçinin içalatını salır, sonrasa suyu havaya sıçradır. Başçılar sərvətləriniöz yalançı magik qabilyyətləri sayəsində əldə etsələr də, çox hallarda zorakı ölümlə öldürülürlər. Quraqlıq zamanı qəzəblənmiş xalq toplaşır və yağışı onun yağmağa qoymadığına inanaraq başçını öldürür. Adətən başçı vəzifəsi irsən ötürülür (atadan oğula). Bu inanclara tapınan və bu adətləri gözləyən tayfalar sırasına latukalar, palubalar, barilər və lokoyalar aiddirlər.
Mərkəzi Afrikadakı Albert gölündən qərbdəki lendu tayfası üzvləri bəzi insanların yağış yağdırmaq qabiliyyətinə malik olduqlarına möhkəm inanırlar. Onlarda yağış yağdırıcı başçı olur ya da az qala həmişə başçı olur. Banyoro tayfasının üzvləri də səma suyunun paylayıcılarına böyük hörmət bəsləyir, onları bəxşişlərə qərq edirlər. Yağış üzərində mütləq və danılmaz hakimiyyətə malik olan böyük yağış sərəncamçısı hökmdar olur. Səma suyu səltənətinin müxtəlif hissələrinə bərabər paylansın deyə onun öz səlahiyyətlərini başqa şəxslərə dövr etmək hüququ vardır.
Şərqi, Mərkəzi və Qərbi Afrikada biz bir şəxsdə başçı və maq funksiyalarının elə həmin birləşməsi ilə rastlaşırıq. Beləki, fan tayfasında başçı və ara həkimi arasında açıq-seçik fərq yoxdur. Başçı eyni zamanda həm ara həkimi, üstəlik həm də dəmirçidir. Məsələ bundadır ki, bu tayfanın nümayəndələri dəmirçiliyi müqəddəs peşə sayırlar və onunla məşğul olmağa yalnız başçılara izn verirlər.
Cənubi Afrikada başçı və maq vəzifələri arasındakı əlaqə ilə bağlı bir yaxşı bilgiləndirilmiş müəllif bunları qeyd edir: “Lap qədimlərdə böyük yağış yağdırıcı tayfa başçısı idi. Bəzi başçılar heç kəsə özləri ilə yarışa girməyə izn vermirdilər, əks halda daha bəxtiyeyin yağış yağdırıcı başçı seçilmiş olardı.” Başqa bir səbəb də var idi: əgər yağış yağdırıcı bu məsləkində böyük ad-san qazanmış olsa, onda o, var-dövlət sahibi olar, başçısa, yəqin ki, heç kəsə həddən artıq varlanmağa imkan verməməlidir.Yağış yağdırıcının xalq arasında çox böyük nüfuzu olur, buna görə bu funksiyanı başçı hakimiyyəti ilə birləşdirmək çox vacibdir. Rəvayət qədim başçı və qəhrəmanların başlıca ərdəmini, fəzilətini yağış yağdırmaq bacarığında görür və başçılar institutunun başlanğıcını ondan götürdüyü inamauyar görünür. Yağış yağdıran kəs, təbii ki, başçı olur. Məşhur zulus despotu Çaka özünü ölkədə yeganə öncəgörən elan etmişdi, çünki bu sənətdə rəqiblərə yol vermək həyat üçün təhlükəli idi. Bütün cənubi afrika tayfaları barədə doktor Moffat qeyd edir ki, “xalqın gözündə yağış yağdırıcı zəkalara böyük təsir gücünə malik qeyri-adi, sıradışı şəxsiyyətdir, hətta hökmdar da bu ali vəzifəli şəxsin buyruqlarına boyun əyməyə məcburdur.”
Bu verilər ona dəlalət edirlər ki, Afrikada ictimai magiya ilə məşğul olan şəxs, xüsusən də yağış yağdırıcı çox vaxt hökmdara çevrilir. Zənn etmək olar ki, bu yüksəlişdə həm maqın insanlarda doğurduğu hədsiz qorxu, həm də öz peşə vəzifələrini yerinə yetirərkən onun toplamış olduğu böyük sərvət rol oynayır. Maq məsləki bu işin ustasına böyük nemətlər vəd edir, amma o, onun naşı və ya bəxtsiz həmkarının həmişə düşə biləcəyi tələlərlə doludur. İctimai magiya ilə məşğul olanın durumu həqiqətən də çox dayanıqsızdır: xalq onun yağış yağdırmaq, gün çıxarmaq, meyvələri yetişdirmək qüdrətinə möhkəm inanır. Buna görə də təbiidir ki, quraqlığı və azuqə qıtlığını da o, onun cinayətkar etinasızlığının və ya pisniyyət inadkarlığının ayağına yazır. O, buna görə lazımi cəzasını çəkir. Afrikada yağış yağdıra bilməyən başçını çox vaxt qovur ya da öldürürlər. Qərbi Afrikanın bəzi bölgələrində əgər başçıya edilmiş dualara və verilmiş bəxşişlərə rəğmən yağış olmursa, təbəələri onuiplə sarıyır və ulularının məzarlarına aparırlar ki, o, zəruri yağışı onlardan istəsin. Qərbi Afrika banjarları öz başçılarına havanı quru və ya yağmurlu etmək bacarığını aid edirlər. Yaxşı hava qaldıqca onlar ona taxıl və mal-qara əta edirlər. Amma əgər quraqlıq və ya yağış əkinləri məhv etməklə təhdid edirlərsə, onlar başçını hava yaxşılaşanacan döyüb təhqir edirlər. İl qıt olanda vəya çox güclü ləpədöyən balıq ovuna əngəl törədəndə loanqo camaatı öz hökmdarını “daşürəklilikdə” ittiham edib taxtdan salır. Taxıl Sahilində ictimai rifaha, torpağın münbitliyinə və dənizdə balığın bolluğuna görə Bodio titulu daşıyan baş kahin və ya büt-hökmdar cavabdehdir. Ölkə hansısa bir cəhətdən uğursuzluğa düçar olursa, Bodionu vəzifədən çıxarırlar. Viktoriya-Nyasa gölünün cənub sahilində, Ussukumda yağış və çəyirtkə məsələləri sultan hökümətinin səlahiyyətinə aiddir. Sultan yağış yağdırmağı və çəyirtkəni qovmağı bacarmalıdır. Əgər o və görücülər bunun öhdəsindən gələ bilmirlərsə, təbii fəlakətlər zamanı bu onlara həyatları bahasına başa gələ bilər. Xalq yağışa böyük ehtiyac duyduğu, onunsa olmadığı halda sultanı Nassa yaxınlığındakı Ututvuya qovurlar. Xalqda belə bir fikir vardır ki, hökmdarlar təbiət hadisələri üzərində hakimiyyətə malik olmalıdırlar. Ümumiyyətlə Nyassa gölqırağı sakinləri əmindirlər ki, yağış məhz elə magiya sayəsində yağır və onu yağdırmaq vəzifəsi tayfa başçısının üzərinə qoyulur. Gərəkdiyi vaxt yağış olmayanda hamı narazılığını bildirir. Quraqlıq üzündən heç də az məlik öz ölkəsindən qovulmamışdır. Latuka tayfasının (Yuxarı Nil bölgəsi) əkinləri quruyanda və başçının bütün yağış yağdırmaq səyləri puça çıxanda gecəykən adətən ona hücum çəkib əmlakını yağmalayır, özünüsə qovurlar. Çox vaxt iş qətlə qədər gedib çıxır.
(davamı var)
Tərcüməçi: Obaçı
[1] “Gerontokratiya” termini (yun. geron – qoca və kratos – güc, hakimiyyət ) – “qocaların hakimiyyəti” – Qərbin etnoqrafik ədəbiyyatında xeyli geniş işlədilir.
[2] Braun Vilyam Corc (1768 – 1813) – ingilis səyyahı.
Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Hökmdar cadugərlər – 2 – KLV