Gözlərində dəmir çərçivəli eynək olan, əyninə nimdaş paltar geyinmiş bir qoca yolun kənarında oturmuşdu. Yaxınlıqdakı çayın üzərində üzən bir körpü vardı. Arabalar, yük maşınları, qadınlar və kişilər körpünün üzərindən keçib gedirdilər. Qatır qoşulmuş arabalar yırğalana-yırğalana körpünün üzərindən keçib yoxuş sahilə doğru keçir, əsgərlər isə arabaları itələməklə onlara kömək edirdilər. Yük maşınları palçığa bataraq irəliləyir, kəndlilər dabanlarına kimi çatan palçıqda onların yanınca yortaraq gedirdilər. Qoca isə orada sakitcə oturmuşdu. O taqətdən düşmüş, hərəkət etməyə gücü qalmamışdı.
Körpünü keçmək, irəlidə – döyüş meydanındakı vəziyyəti və düşmənin haraya kimi irəlilədiyini öyrənmək mənim üzərimə düşmüşdü. Körpünü keçən arabaların və kəndlilərin sayı azalmışdı, qoca isə hələ də orada idi.
“Haradan gəlirsən?” – deyə soruşdum.
“San Karlosdan”, – deyə cavab verdi və gülümsədi. Bura onun anadan olduğu şəhər idi. Görünür ki, adını çəkmək ona zövq verirdi.
“Mən heyvanlara baxırdım”, – deyə izah etdi.
Yaxşı başa düşmədiyimdən “Oh” dedim.
“Hə, gördüyünüz kimi mən qalmışdım ki, heyvanlara baxam. Mən San Karlosu hamıdan sonra tərk etdim”, – deyə izah etdi. O heç çobana oxşamırdı. Mən onun nimdaş köynəyinə, toz basmış sifətinə və dəmir çərçivəli eynəyinə nəzər saldıqdan sonra soruşdum: “Nə heyvanlar idi onlar elə?”
“Müxtəlif heyvanlar”, – deyə cavab verib başını yellədi, – “Mən onları qoyub gəlməli oldum”.
Mən körpüyə və Afrika sayaq Ebro Delta kəndinə baxır, sirli olan və əlaqə adlanan hadisənin ilk səslərinə qulaq asırdım. Qoca isə hələ də orada oturmuşdu.
“Nə heyvanlar idi onlar elə?” – mən yenidən soruşdum.
“Cəmi üç heyvan idi, – dedi, – iki keçi və bir pişik, hə, bir də dörd cüt göyərçin”.
“Sən onları qoyub gəlməli oldun eləmi?” – deyə mən soruşdum.
“Hə, artilleriyaya görə. Kapitan artilleriyaya görə mənim çıxıb getməyimi istədi”.
Sahilin yoxuşu ilə aşağıya doğru tələsən son arabalara baxaraq soruşdum: “Bəs sənin ailən yoxdur?”
“Yox, – o dedi, – olanım saxladığım heyvanlardır. Əlbəttə, pişiyə heç nə olmaz, pişiklər hardan olsa, ərzaq tapa bilir. Ancaq o birilər nə edəcək, bilmirəm”.
“Sən hansı siyasətin tərəfdarısan?” – deyə soruşdum.
“Mən siyasətdən uzağam, – dedi, – mənim yetmiş altı yaşım var. Bura kimi iyirmi kilometr yol qət eləmişəm, burdan o yana gedə bilmirəm”.
“Bura dayanılası yer deyil, – dedim, – Tortosa aparan bu yolun ayağında yük maşınları var, bacarsan, oradakı camaata qoşul”.
“Mən bir az gözləyib sonra gedəcəyəm. Yük maşınları haraya gedir?”
“Barselona istiqamətində”, – dedim.
“Mənim orada tanışım yoxdur, – dedi, – amma, yenə də, sağ olun, çox sağ olun”.
O, mənə mənasız və yorğun baxışlarla baxdı və narahatlığını kiminləsə bölüşməyə ehtiyac duyduğu üçün əlavə etdi: “Pişiyə heç nə olmaz, əminəm. Pişik barəsində narahat olmağa ehtiyac yoxdur. Ancaq o biriləri… Sizcə onların aqibəti necə olacaq?”
“Narahat olmayın, onlara heç nə olmayacaq”.
“Doğrudan? ”
“Əlbəttə”, – artıq heç bir arabanın gözə dəymədiyi sahilə baxaraq dedim.
“Ancaq onlar artilleriyanın altında nə edəcəklər, mən artilleriya təhlükəsinə görə çıxıb gəlmişəm”.
“Göyərçinlərin qəfəsini açıq qoyub gəlmisən?” – deyə soruşdum.
“Hə”.
“Onda onlar uçub gedəcəklər”.
“Hə, düzdür, onlar uçacaq, bəs o biriləri? Yaxşısı budur ki, o birilər barədə düşünməyim”, – dedi.
“Əgər dincəlmisənsə, ayağa dur və gəzməyə çalış”, – deyə onu inandırmağa çalışdım.
“Çox sağ ol”, – dedi və ayağa qalxdı, sağa, sola ləngərlədi və yenidən tozun içində oturdu.
“Mən heyvanların qayğısına qalırdım, – qəmli-qəmli dedi, ancaq bu dəfə öz-özünə danışırdı, – mən sadəcə heyvanların qayğısına qalırdım”.
Onun üçün heç nə edə bilməzdim. Bazar gününə təsadüf edən Pasxa bayramının səhəri idi və faşistlər Ebro istiqamətində irəliləyirdilər. Səma tutqun olduğundan onların təyyarələri gözə dəymirdi. Bu və pişiyin öz qeydinə qala bilməsi indi qocanın bəxtinə yazıla biləcək yeganə uğur idi.
İngiliscədən çevirən: Xaqani Cavadoğlu