Antik XXI əsr
Dünyanın siyasi xəritəsinə baxıram:
Bu dünya bircə xəritədə belə al-əlvandı.
Bizi aldadıblar, dost.., bizi aldadıblar.
Əslində, qırmızı rəng yoxdur,
Qırmızı – rəng deyil, qandı.
Əllərinə “Ana” və “Ata” yazıb savaşa gedənlər itirdilər əllərini,
Yəni təkcə əlləri yox, ataları, anaları da yaralandı.
Müharibələrə görə peyda oldu okeanlar, dənizlər
– Torpaq insanları bir-birindən
uzaq tutmaqçün aralandı.
Qəribədir:
Torpağın üstündə döyüşənlər, altında qonşu olurlar
Bütün güllər dərilir, dost, bütün güllər dərilir
Ancaq ən birinci məzar üstə qoyulanlar solurlar.
Eyni ağacdan düzəlir tar və silah qundağı
Eyni yerdən şikəst qalır anaların qucağı.
…kəpənəklər zənn edər raketləri gül-çiçək
Görən hansı səs çıxar pianonun dillərini gülləsək?
Yer kürəsinə baxıram:
Əlahəzrət XXI əsr kimyəvi dərmanların üstünə yazır:
“Uşaqların əlinin çatmadığı yerə qoyun”
Göz yaşları içində pıçıldayır Doktor:
“Uşaqları kimyəvi raketlərin çatmadığı yerə qoyun”.
***
Şuşanın azadlıq gecəsi
O ağır gecəydi, ağır gecəydi,
Göyün dörd yanından od ələnirdi.
Bir ulduz axanda arzu tuturdun,
Göydə arzular da güllələnirdi.
Havada nəsə bir doğmalıq vardı:
Həyat oyanmışdı Şuşanın üstə.
O gecə başqaydı, dünya donmuşdu,
Allah dayanmışdı Şuşanın üstə.
Yol çətin, sıldırım, zülmət, sazaqdı
Dedilər, alınmaz bu qala şəhər.
Bir baxsan, deyərsən, ən sərt qucaqdı
Qəfəsə salınmaz bu qala şəhər.
Döyüş başlayan an dayandı zaman
Əsgərin gül qoxan ümidlərində.
Qoşuldu döyüşə elə bu anda
Doxsan ikinci il şəhidləri də.
Əsgərlər gəlirdi gözlərində qan!
Əyilməz, bükülməz dizlərində qan!
Bir ayaq vücuddan qopub qalırdı,
İrəli gedirdi bir ayaqları.
Qalxırdı əsgərlər qan axa-axa
Şuşanın sıldırım qayalıqların.
Səmada mərmilər yüz min qarğaydı,
Düşmən hücumları dalğa-dalğaydı…
Komandir rabitə əlaqəsində
dedi: “Kömək lazım, indi dardayıq”.
Qəfildən kim isə tutub qolundan
dedi: “Möhkəm olun, biz də burdayıq”.
Komandir geriyə çevrilib gördü
Albert Aqarunov durub yanında.
Canından qəfil bir üşütmə keçdi,
Gücü-cəsarəti daşdı qanından.
Baxdı məğrur-məğrur köməyə gələn
doxsan ikinci il şəhidlərinə.
Bir anda bayrağı alıb əlinə
“İrəli!” bağırdı igidlərinə.
Əsgərlər başıdik girdi şəhərə
Hər biri ucaboy, minarə kimi.
Bu döyüş meydanı qan dəniziydi,
Şuşa bu dənizdə batmayan gəmi.
Şəhər azad oldu, qayıtdı vətən.
Amma o igidlər gəlmədilər ki.
Tarixə yazıldı müqəddəs cümlə:
“Şəhidlər sağdırlar, ölmədilər ki”.
***
İlıq dənizdə buz parçası
Həmin gün son dəfə danışacaqdıq
Hava tutqun idi, axşamın küt vaxtıydı.
Mən bir az yorğun idim, sən bir az səbirsiz…
Sevginin get vaxtıydı.
Düşündüm, son dəfə qucaqlaşarıq
Necə qucaqlayım? …qolum yoxdu ki!
Göz yaşı içində gülümsədin də,
Hələ bir “yaxşı yol… get artıq” dedin.
Hara gedim axı: yolum yoxdu ki…
Əlini əlimə aldım gecədə
Eləcə heykəltək qaldım küçədə
Ömrümün büt vaxtıydı.
Saata baxdım: Sevginin get vaxtıydı.
Son dəfə evinə ötürdüm səni
Dayandın qapıda, çevrilib baxdın
Niyə dayandın ki? …bilirdin axı:
Qapını ört vaxtıydı.
Nədənsə həmin gün heeeç danışmadıq
Elə bil dünyanın sükut vaxtıydı.
Dayandım…
Dayanıb ömrümə baxdım: “Əlvida… get” vaxtıydı.