Lüğətlərdə gülüşə – “xoşa gələn və ya komik bir stiuasiyadan qaynaqlanan ani reaksiya” kimi tərif verilir. Bəs bu doğrudurmu? Dostoyevskinin “İdiot”undan böyük bir gülüş antologiyası tərtib etmək olar. Qəribədir ki, romanın ən çox gülən personajları yumor hissi güclü olanlar deyil, əksinə, zəif olanlardır.
Bir dəstə gənc gəzmək üçün bir bağ evindən çıxır. Gənclərdən üç qız “Yevgeni Pavloviçin zarafatlarına elə bir sevinclə gülürdülər ki, nəhayət, o, söylədiklərini dinləmədiklərindən şübhələndi”. Bu şübhə “onu qəflətən qəhqəhəyə boğdu”.
Mükəmməl bir müşahidədir: Əvvəlcə gənc qızların birlikdə gülüşü, güldükcə nəyə güldüklərini unudub səbəbsiz gülməyə davam etmələri, ardınca qızların gülüşünün hər hansı komik bir səbəbi olmadığını görən və “komikliyin” bu “komik yoxluğu” qarşısında qəhqəhə çəkən Yevgeni Pavloviçin (çox nadir, çox dəyərli) gülüşü.
Eyni bağçadakı bir gəzinti əsnasında Aqlaya Mışkinə yaşıl bir skamya göstərib hər səhər saat yeddi radələrində, hələ hamı yuxuda olarkən gəlib o skamyada oturduğunu söyləyir.
Həmin axşam Mışkinin ad gününü keçirirlər. Dramatik və sıxıntılı keçən qonaqlıq gecəyarı bitir. Həddən artıq həyəcanlı olan Mışkin yatmağa getmək əvəzinə bayıra çıxıb bağçada gəzişir. Orada gözləri Aqlayanın göstərdiyi yaşıl skamyaya ilişir. Skamyaya oturanda “qəfildən gurultulu bir qəhqəhə”dən uğunub gedir.
Məlumdur ki, bu gülüşə səbəb olan “xoş və ya komik bir şey” deyil. Elə gülüşdən sonrakı cümlə də bunu təsdiqləyir. “Sıxıntısı keçmirdi”. Mışkin oturduğu yerdə yuxuya gedir. Sonra “aydın və təravətli” bir gülüşlə oyanır. “Onun qarşısında Aqlaya dayanıb şaqqıltı ilə gülürdü. Aqlaya gülür, lakin həm də hiddətlənirdi”. Deməli, bu gülüş də “xoş və ya komik bir stiuasiyadan qaynaqlanmır”.
Aqlaya Mışkinin onu gözləyərkən hörmətsizlik edib yatmasına, zövqsüzlüyünə əsəbiləşir. Mışkinin gülünc vəziyyətini onun üzünə vurmaq, onu oyatmaq üçün “qaba bir gülüşlə” gülür.
Yadıma komik səbəbi olmayan daha bir gülüş düşdü. Xəyal məni Praqada kino məktəbində oxuyan, bir-biri ilə zarafatlaşıb gülüşən tələbələrin yanına çəkir.
Tələbələrin içində Alois D. də var. Şeirə ehtirasla bağlı, nəzakətli, özündənrazı və qəribə vərdişləri olan bir gəncdir Alois D. Ağzını qəribə bir tərzdə açır, çox ucadan danışır, əl-qolunu yellədir. Güldüyünü demək istəyirəm. Amma digərləri kimi gülmür. Onun gülüşü orijinallar içində bir surətə, kopyaya bənzəyir.
Bu lazımsız xatirəni unutmamağımın səbəbi həmin əsnada təptəzə bir təcrübə yaşamağımdır. Heç bir yumor hissi olmayan, yalnız başqalarından fərqlənmək üçün gülən bir adamın gülüşünü görmüşdüm.
Eynilə tanınmamaq üçün düşmən ordunun geyimini geyinən bir casusun halına bənzəyirdi Alois D.nin gülüşü.
Bəlkə də, həmin vaxt Alois D.nin sayəsində “Maldororun nəğmələri”ndən bir hissə mənə yaman təsir etmişdi.
Maldoror bir gün insanların gülməyinə təəccüblənir. Bu qəribə mimikanın mənasını qavramayıb digərləri kimi olmaq istəyir və bıçaqla dodaqlarının kənarını yarır.
Televizorun qarşısındayam, baxdığım veriliş çox səs-küylüdür: animatorlar, aktyorlar, ulduzlar, yazıçılar, müğənnilər, manekenlər, deputatlar, nazirlər, nazir xanımları var və hamısı hər hansı bir bəhanəylə ağızlarını açır, yüksək səslər çıxarır, şişirdilmiş jestlər edirlər, yəni gülürlər.
Yevgeni Pavloviçin qəfildən onların arasından ortaya çıxdığını və hər hansı komik bir səbəbi olmayan bu gülüşləri gördüyünü xəyal edirəm, əvvəlcə dəhşətə gəlir, sonra qorxusu yavaş-avaş səngiyir və nəhayət, “komikliyin” bu “komik yoxluğu” qarşısında “qəfil bir qəhqəhə” çəkir.
Bir neçə saniyə əvvəl ona şübhə ilə baxan digər şəxslər elə o andaca sakitləşir və içində yaşamağa məhkum olduğumuz yumorsuz gülüş dünyalarına gurultulu alqışlarla Yevgeni Pavloviçi də dəvət edirlər.
Tərcümə edən: Ülvi Babasoy