(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Qurbağaların su ilə sıx əlaqəsi onlara yağış yağdıranlar şöhrəti qazandırmışdır. Onlar məqsədi yağış yağdırmaq olan ovsunlarda tez-tez yer alırlar. Orinoko çaybasarı hindularının bəzi qəbilələri su ilahə-sahibəsi sayırdılar və bu səbəbdən onu öldürməkdən saqınırdılar. Məlumdur ki, quraqlıq zamanı onlar qurbağaları güvəcin altına yığıb onu çubuqla döyəcləyirdilər. Aymara hinduları qurbağaların və başqa su heyvanlarının kiçik müqəvvalarını düzəldib yağış gətirmək üçün təpələrin başına qoyurdular.Tompson çaybasarı hinduları və ayrı-ayrı Avropa xalqları zənn edirlər ki, qurbağa öldürmək yağış yağdırmaq deməkdir. Hindistanın mərkəzi əyalətlərindəki ən aşağı kastaların (silklərin) mənsubları qurbağanı yaşıl yarpaq və budaqlarla örtülmüş bir şüvə (şüvülə) bağlayır, bu misraları oxuyaraq onu evdən evə gəzdirirdilər:
Bol-bol nəm göndər, qurbağa!
Qoy sünbüllər dən tutsunlar.
Kapu vəya reddilər Mədrəs əyalətində çoxsaylı əkinçi və mülkədar silkini təşkil edirlər. Uzun müddət yağış olmayanda bu kastanın qadınları qurbağanı tutur və onu diri-diri yeni bambuk dənsovurucusuna bağlayırlar. Onlar dənsovurucunu marqoza yarpaqları ilə örtür və onunla evbəev gəzərək bu sözləri oxuyurlar: “Qurbağa xanım çimməlidir. İlahi, ona bir az su, yağış göndər.” Kapu qadınları bu mahnını oxuyarkən ev sahibəsi qurbağanın üstünə su tökür və tezliklə yağış yağacağı ümidilə ona sədəqə verir.
Ayrı-ayrı hallarda quraqlıq daha uzun sürdüyü təqdirdə xalq yağışı təqlid edən adi ovsun fokuslarını ümumiyyətlə bir kənara atırdı. Gücünü dua və ovsunlamalara sərf etməkdən ötrü həddən artıq qəzəbli olurdu və hədələr, lənətləmələr və hətta qaba fiziki güclə fövqəltəbii varlıqdan səma suyu tələb etməyə çalışırdı. Məsələn, əgər ilahi uzun müddət yapon kəndlilərinin yağış diləmələrinə qulaq vermirsə, onlar nəhayət bezib lənətlər yağdıraraq onun surətini (heykəlini) devirir və başı üstdə üfunətli çəltik zəmisinə atırdılar. “Bir az burada qal,– deyirdilər onlar,– görək cadar-cadar olmuş tarlalarımızda hər şeyi yandırıb yaxan günün altında üç-dörd gündən sonra özünü necə hiss edəcəksən.” Bu cür hallarda Seneqambiyadan olan felupalarsa öz bütlərini aşırıb yıxır və yağış yağanadək lənət və qarğışlarla onları çöllərdə sürüyürlər.
Göy səltənətini hücumla ələ keçirmə sahəsində çinlilər böyük səriştə sahibidirlər. Onlar yağışa ehtiyac duyanda kağızdan və ya ağacdan yağış tanrısını təsvir edən nəhəng bir əjdəha qayırıb elliklə onu hər yerdə dallarıca sürüyürlər. Əgər bundan sonra da yağış olmazsa, əldəqayırma əjdəhanı lənətləyir və tikə-tikə edirlər. Başqa hallarda çinlilər tanrını təhdid edir və yağış göndərmədiyi təqdirdə onu çırpırlar. Onlar hamının gözü qarşısında onu ilahilik vəzifəsindən kənarlaşdırırlar. Arzulanan yağış yağdığı haldasa imperatorun xüsusi fərmanı ilə tanrı daha yüksək məqama yüksəldilir. 1888-ci ilin aprelində Kanton mandarinləri (zadəganları, tərc.) aramsız yağışları kəsməsini diləyərək tanrı Lun Vana[1] üz tutdular, o, onların diləklərinə qulaq vermədikdəsə, onu beş günlüyə dustaq etdilər. Bunun xeyirli təsiri oldu.Yağış kəsdi və tanrı azadlığa buraxıldı. Bu əhvalatdan bir neçə il əvvəl baş vermiş quraqlıq zamanısa elə həmin tanrını zəncirləyib günlərlə məbədin həyətində qızmar havada saxlamışdılar ki, o özü də yağışa şiddətli tələbat duysun. Siamlılara yağış lazım olanda onlar da öz bütlərini yandırıcı günün altına qoyurlar. Amma əgər, əksinə, onlara quru hava lazımdırsa, onlar məbədlərin çatılarını çıxarır və beləcə bütləri yağış altında islanmağa buraxırlar. Onlar əmindirlər ki, tanrıların bu zaman çəkdikləri möhnət onları inanclı insanların diləklərinə qarşılıq verməyə sövq edər.
Uzaq Şərqli bu “meteoroloqlar” oxucuda təbəssüm doğura bilərlər. Ancaq müasir xristian Avropasında da yağış yağdırmanın elə həmin üsullarına əl atırlar. Lakin 1893-cü ilin sonunda yağışların olmaması üzündən Siciliya məhsulun tam məhv olması təhlükəsi ilə üzləşdi. Hər gün günəş tam buludsuz bir səmada doğub batırdı. Palermonu möhtəşəm yaşıl qurşaqla çevrələyən Konka dʼOro bağları solurdu. Aclıq düşürdü. Xalq böyük bir təlaş içində idi. Yağış yağdırmanın ən sınanmış metodları arzulanan nəticəni vermirdi. Camaat küçə və çöllərdə dolaşırdı. Kişilər, qadın və uşaqlar təsbeh çevirərək vəlilərin (əzizlərin) ikonaları qarşısında səcdədə uzanıb qalırdılar. Qutlandırılmış şamlar gecə-gündüz kilsələrdə yanırdı. Ağacların üstündə pasxaqabağı bazar günü müqəddəsləşdirilmiş palma budaqları asılmışdı. Solaparuta kəndində qədim adətə uyğun olaraq pasxaqabağı bazar günü kilsələrdən süpürülüb çıxarılmış zibil zəmilərə səpələnmişdi. Bütün bunlar bihudə oldu. Nikoziya sakinləri başıaçıq, ayaqyalın halda bütün şəhərdə çarmıxlar gəzdirir və bir-birini dəmir çubuqlarla budayırdılar. Heç nə kömək etmirdi. Hətta hər il yağış möcüzəsi edən böyük övliya Paololu Fransisk belə insanlara kömək edə bilmirdi ya da bunu istəmirdi. İbadətlər, şəbehlər, işıqlandırmalar, atəşfəşanlıqlar – heç nə onu riqqətləndirmirdi. Nəhayət kəndlilərin səbri tükəndi. Əksər vəlilər qovuldu. Palermoda əhali müqəddəs Cüzeppeni (Yusifi) kilsədən çıxarıb bağa atdılar ki, o şəxsən vəziyyətin necə olduğuna özü əmin olsun və yağış yağanadək onu qızmar günəş altında saxlamağa and içdilər. O biri müqəddəslərin də, sözəbaxmaz uşaqlar kimi, yönlərini divara tərəf çöndərdilər, bir qismininsə zər-zibalı libaslarını çıxarıb öz yörələrindən uzaqlara qovdular. Onları təhdid edir, kobudcasına alçaldır, zığa, lığa batırırdılar. Kaltanisetta şəhərində baş mələk Mikayılın qızıl qanadlarını qoparıb karton qanadlarla əvəz etdilər, onun al-qırmızı mantiyasını çıxarıb cır-cındır geyindirdilər. Likatanın hamisi müqəddəs Ancelonun halı bundan da betər oldu. Onu lüt soyundurub hər cür təhqirlərə məruz qoydular, sonrasa zəncirləyib asmaqla ya da suda boğmaqla hədələdilər. Azğınlaşmış kütlə “Yağış ya da kəndir?” deyə bağırır, müqəddəsin siması qarşısında yumruq silkələyirdilər.
Bəzən belə hallarda insanlar tanrıların rəhminə təvəkkül edirlər. Zuluslarının tarlalarını gün yandıranda onlardan biri “səma quşunu” izləyib tapır, öldürüb nohura atır. Belə olan halda səma ölmüş quşun hüznündən ağı deyib göz yaşı tökməlidir. “O, onun cəsıdi üstündə vay-şivən salıb yağışla ağlayır.” Başqa hallarda zulus qadın öz balalarını boğazadək yerə basdırır və bir qədər aralanaraq uzun-uzadı və dərdli bir tərzdə vaysınır. Güman edilir ki, belə bir səhnəyə göylər belə tab gətirməz. Bundan sonra qadın yağışın elə indicə yağacağına tam arxayınlıqla uşaqlarını çıxarır. Zulus qadınlar deyir ki, yağış göndərməsi diləyilə onlar “göyün ağasına” belə müraciət edirlər. Yağış başladıqda onlar qışqırıb “Usondo yağışla dolub daşdı” deyirlər. Quraqlıq zamanı Tenerifli quançilər qoyunlarını müqəddəs torpağa gətirib quzuları analarından ayırırdılar ki, onların ürəkdağlayan mələşməsi tanrını rəhmə gətirə bilsin. Kumaonda yağışı itin sol qulağına qaynar yağ tökməklə “kəsirlər.” Heyvan ağrıdan ulayır, onun vəngiltisini İndra eşidir və heyvana yazığı gələn yağış kəsir. Aradabir toracilər yağışı aşağıdakı üsulla yağdırmağa çalışırlar. Onlar müəyyən bitki növlərinin saplaqlarını suya salıb belə söyləyirlər: “Get, yağış istə! Yağış yağmayanadək səni torpağa əkməyəcəyəm və sən məhv olacaqsan”. Onlar həm də ağaclardan ipə bağlanmış şirin su ilbizlərini asır və onlara belə bir nitqlə xitab edirlər: ”Gedin, yağış istəyin! O yağmayınca sizi suya buraxmayacağam.” İlbizlər ağlaşır, tanrıların ürəkləri rəhmdən yuxalır və yağış yağır. Düzdür, bu mərasimlər magikdən daha çox dini xarakter daşıyırlar, çünki onlarda ali qüvvələrə yalvarış vardır.
Çox vaxt belə bir fikrə də rast gəlinir ki, daşlar yağış yağdırmaq xassəsinə malikdirlər, bir şərtlə ki, gərək onlar suya salınsın, su ilə çilənsin, yaxud da onlarla ümumiyyətcə lazımi qaydada davranılsın. Samoada bir obada evdə bəlli bir formalı daş bərk-bərk saxlanılır. O – yağış allahının nümayəndəsidir. Quraqlıq zamanı bir dəstə kahin onu aparıb bulağın gözünə qoyurlar. Ta-tatxi qəbiləsinin (Yeni Cənubi Uels) cadugəri kvarsdan bir qırıq qoparıb onu göyə tərəf tüpürür. Kristalın qalan hissəsini o emunun lələklərinə büküb suda isladır və ciddi-cəhdlə gizlədir. Keramin qəbiləsinin (o da Yeni Cənubi Uelsdədir) cadugəri elə həmin məqsədlə təkbaşına çayın mənbəyinə gedir, orada girdə yastı daşa su çiləyir, sonrasa onu bir şeyə büküb gizlədir. Şimali-Qərbi Avstraliyanın bəzi tayfalarında yağış yağdırıcı bu mərasim üçün xüsusi ayrılmış sahəyə gedir. Orada o bir topa daş və ya qumu qalaqlayır, onun təpəsinə sehrli daşı qoyur və ifrat yorğunluqdan leş kimi düşənədək saatlarca rəqs edib dolanır, ovsunlar söyləyir. Onda köməkçisi onun yerini tutur. Daşın hər tərəfinə su çiləyir və ətrafında böyük-böyük tonqallar çatırlar. Bu mistik ayin zamanı kənar şəxslərdən heç kəsin müqəddəs yerə yaxınlaşmaq haqqı yoxdur. Yeni Britaniyadan olan sulkalar yağış yağdırmaq istəyəndə daşları bir sıra meyvələrin yandırılmasından alınmış küllə qaraldır və onları bəzi bitki və budaqlarla birgə günün altına qoyurlar. Sonra bir neçə budağı suya salır və sehrli ovsunlar oxumaqla onları daşlarla əzirlər. Bundan sonra “yağış yağmalıdır.” Manipurda, paytaxtdan şərqdə hündür bir təpənin üstündə xalqın çətirə oxşatdığı bir daş vardır. Yağışa ehtiyac olanda raca ən yaxın bulaqdan su gətirir və onu bu daşın üstünə çiləyir. Saqamidə (Yaponiya) də üstünə su tökülən kimi yağış gətirən bir daş vardır. Mərkəzi Afrikadakı vakondio tayfasına yağış lazım olanda onlar öz adamlarını qarlı dağların ətəyində yaşayan, “yağış daşının” bəxtəvər sahibləri olan vavambalara göndərirlər. Karlı bir ödənc qarşılığında vavambalar bu qiymətsiz daşı isladıb yağlayaraq su ilə dolu bir güvəcə qoyurlar. Belə hesab olunur ki,bundan sonra yağış yağmaya bilməz. Arizona və Nyu-Mexikonun quraq-çoraq səhralarının sakinləri olan apaçilər yağışı onunla yağdırmağa çalışırdılar ki, bəlli bir bulaqdan su gətirib onu bəlli bir yüksəklikdəki qayanın üstünə çiləyirdilər. Onlar inanırdılar ki, bundan sonra tez bir zamanda buludlar toplaşar və yağış yağar.
(davamı var)
Tərcüməçi: Obaçı
[1] Lun Van – hərfən “təkin-əjdəha” – su çağlaqları, yağış, münbitlik üzərində sərəncam verən əski çin tanrısı.
Davamı:Ceyms Corc Freyzer. Qızıl budaq. Hava üzərində magik nəzarət – 5 – KLV