Oktyabr melanxoliyası
Görə bilmirəm qabağı,
Çıxa bilmirəm bu dağı,
Seçmirəm qaranı, ağı…
Ətrafımı bürümüsüz
Sən bir yandan, çən bir yandan.
Minib dərdin yedəyinə,
Varıb ömrün gödəyinə
Yol gedirəm sinə-sinə…
Saçlarımı ağartmısız
Sən bir yandan, dən bir yandan.
Bu dünya bir ev olmadı,
Bu ümid bir dev olmadı,
“Sevmə” dönüb “Sev” olmadı…
Bu ürəyi çox incitdik
Sən bir yandan, mən bir yandan.
Sentyabr melanxoliyası
I
Zamanın qaranlıq bətni içində
Qızlar böyüyərək ana olurlar.
Ömür dediyimiz insan köçündə
Qadınlar yaşa yox, qana dolurlar.
Qadından qovulan kişilər bilir,
Qovulmaq kişiyə Adəmdən qalıb.
Kişiyə göz yaşı qadından gəlir,
Kişi göz yaşını qadından alıb.
Cənnəti kişinin burnundan tökən
Həvvadan xəyanət qalıb qadına.
Bağında qadağa meyvəsi əkən
Özü o meyvənin baxıb dadına?
Qadını kişinin qabırğasından
Yaradan, əvvəlcə qadın yaratsa,
Kişini qadının bəs harasından
Yaradardı görən, torpaqla qatsa?
II
Heç zaman qayıtmaz dala güllələr,
İnsan həyatını bac alıb ölər.
Tətikdə doğulan bala güllələr
Əsgər sinəsində qocalıb ölər.
Əsgər çəkməsiylə ölçülər vətən,
Əsgər məzarıyla müqəddəs olar.
Şəkil olmasa da döyüşdə itən,
Güllədə, mərmidə doğma səs olar.
Günəşin işığı düşsə də başa,
Ayaqdan başlayar insan kölgəsi.
Əsas çörək olsa, bir də tamaşa
Vətən dönüb olar təlxək ölkəsi.
Rapsodiya
Qanla, gözyaşıyla vüsala yetər
Əsgər bədəniyçün darıxmış güllə.
Kişinin əlinin izində bitər
Qadının üzündə karıxmış şillə.
Yelin qanadında uçmaq istəyər
Quşun qanadından ayrılmış lələk.
Bütün sərhədləri açmaq istəyər
Qılınc tək qınından sıyrılmış külək.
Vətəndə qürbətçün darıxanları
Tanrı da vətənlə sınağa çəkər.
Vətənin özünü, çətin anları
Hoyuna yetənlə sınağa çəkər.
Palçığa bataraq, daşa dəyərək
Nal ömrünü yaşar at dırnağında.
Adəm də, Həvva da boyun əyərək
Yaşaya bilmədi cənnət bağında.
Yemliyin dadını bilməyənləri
Çölün ortasında ilğım aldadar.
Palıdın adını bilməyənləri
Pıtırğan aldadar, yulğun aldadar.
Qoyunu, quzunu qurda tapşırar
Çomağı söyüddən naşı çobanlar.
Yağını bəsləyib yurda tapşırar
Yurdun, məmləkətin “başı” çobanlar.
İndi əjdahaya insanlar dönər,
Əjdahaya dönməz daha əsalar.
Səmadan qanadlı raketlər enər,
Carmıxa çəkilər körpə İsalar.
Mələk də, şeytan da köçürə bilməz
Tanrının xəttidir alnın qırışı.
Səni qıl körpüdən keçirə bilməz
Yaşamaq uğrunda çörək yarışı.
Doğum evlərinin otaqlarında
Qanla, gözyaşıyla başlayan həyat,
Xəstəxanaların yataqlarında
Qanla, gözyşıyla bitər nəhayət.
Mebel adam
Sonra
lap sonra
mən özüm mebel oldum yavaş-yavaş…
məsələn,
soyuducu oldum
isti xatirələri soyutmaq üçün,
buz dolabımda dondurdum hisslərimi.
məsələn,
soba oldum
soyuq ürəkləri qızdırmaq üçün
odun kimi yandırdım əllərimi…
paltar yuyan maşın oldum
yudum,
yudum günahlarımı.
ütü olub vicdanımı ütülədim,
hamarladım qırışlı fikirlərimi.
bəzən bıçaq itiləyən,
bəzən də bıçaq oldum
kütləşəndə öz-özümü itilədim.
bədən güzgüsü olub
özümü göstərdim mənə baxanlara,
özlərini də gördülər…
lampa da oldum,
şam da…
gündüz də yandım, axşam da.
üzərimdə yeriyənlər də oldu,
əlləri çatmayanlar da –
döşəmə də oldum, tavan da, dam da.
stol da oldum
üzərimdə yedilər, içdilər…
ev oldum içimdən köçdülər.
bircə
divar olub soyuqqanlıqla susa bilmədim,
bir də
asılqan olub özümü-özümdən asa bilmədim.
Babamın dəfn günü içimdə pıçıldadığım şeir
Çiynimdə babamın arıq cəsədi tələsir,
Tələsir dar qəbrinə.
İçimdə bir gəmi batıb fit çalır,
Kapitan gəmiylə birlikdə batır…
Fit çalır dar səbrimə.
Uzaqdan qəbirlər ayaq üstündə
Gözləyir, bizi gözləyir.
İçimdə bir cığır uzanıb gedir,
Gedir babamın getdiyi yolla,
Babamın getdiyi izi izləyir.
Son dəfə yumulu gözlərlə baxıb gedir,
Gedir, bu dünyadan bir insan gedir.
İçimdə bir qəbir torpaqla dolur,
İçimdə bir qəbir çoxalır yenə…
Kədər dırnağıyla üzləri didir.
Mollanın ağzından buxarlanan dua
Qarışır, qəbir qoxusuna qarışır.
İçimdə bir adam azalır yenə…
Yuxum birdən-birə gerçəyə dönüb
Babamın əbədi yuxusuna qarışır.
Qorxu apofeozu
Elə uzaqsan ki, uzaqsan ki sən,
Sənin uzağından yaxınım qorxur.
Elə görünməzsən, görünməzsən ki,
Sənin yoxluğuna baxanım qorxur.
Elə baxılmışam, baxılmışam ki,
Elə öz başıma qaxılmışam ki,
Elə yıxılmışam, yıxılmışam ki,
Məni sənsizliyə yıxanım qorxur.
Xəyanət sevginin cəzasıdırmı?..
Ayrılıq sevginin qəzasıdırmı?..
Talemi yenidən yazasıdırmı
Talemi başıma qaxanım qorxur.
Sevgisizlik
Sevilməyən kişinin
Ömrü də gödək olar.
Bu ömür karvanında
Yeri də yedək olar.
İt hürər karvanına,
Durar karvanı, keçməz.
Ürəyində köç durar,
Qışı yaylağa köçməz.
Qanı eşqə döndərən
Nehrəsi çalxalanmaz.
Durar vuran ürəyi,
Eşqlə dolub calanmaz.
Daş-kəsəkli çölləri
Nalsız at kimi gəzər.
Darıxmaq üzəngisi
Ağzını dartıb üzər.
Köpək yox, qurd bəsləyər,
Bada verər sürünü.
Qulaqları eşitməz
İsrafilin surunu.
Təkliyi hörüş edib
Özünü hörükləyər.
Dərddən oçaq qalayıb
Ahıyla körükləyər.
Ocaq yanıb kül olar,
Ot bitməz kül üstündən.
Sevgisiz yansan əgər
Göz yaşarar tüstündən.