(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Ərəblərdən savayı yağışı kəsdirmək vasitəsi kimi oddan başqa xalqlar da istifadə edirdilər. Beləki, Yeni Britaniyadan olan sulkalar daşları odda qıpqırmızı qızardaraq onları yağışın altına qoyur,yaxud da göyə isti su atırlar. Onlar düşünür ki, bundan sonra tezliklə yağış kəsəcəkdir, çünki onu qızmar daşlarla və ya küllə yandıranda bu onun xoşuna gəlmir. Teluqu yabanıları (aborigenlər) əlində kösöv olan kiçik bir qızı yağışın altına buraxırlar. Bu kösövü o yağışa göstərməlidir. Belə sanılır ki, bu, leysanı kəsdirər.
Güclü quraqlıq olduqda diyeri qəbiləsinin adamları (Mərkəzi Avstraliya) ölkələrinin müsibətli vəziyyətinə və özlərinin yarıac-yarıtox güzəranlarına yanıqlı ağılar deyərək ulu əcdadlarının mura-mura adlandırdıqları ruhlarına üz tutub onlardan bol yağış yağdırmaq gücü bəxş etmələrini diləyirlər. Onlar düşünür ki, yağış buludlarda onların və qonşu qəbilələrin ayinlərindən və mura-muraların təsirindən yaranır. Diyerilər yağışı aşağıdakı sayaq çağırırlar. Uzunluğu təqribən 12 fut, eni təqribən 10 fut olan bir çuxur qazılır. Onun üzərində tirlərdən və budaqlardan konusvari bir koma düzəldilir. Qəbilənin nüfuzlu ağsaqqalları, belə hesab olunduğu kimi, mura-muralardan xüsusi ilham almış iki cadugəri iti çaxmaq daşı ilə çərtib onlardan qan alırlar. Onların dirsəklərindən süzülən qan komada toplaşmış soydaşlarının üzərinə tökülür. Bununla eyni zamanda qanları axan cadugərlər ətraflarına tiftiklər səpələyir, onlardan bir hissəsi üstlərinə qan çilənmiş adamların bədəninə yapışır, qalan hissəsisə havada uçuşur. Belə sayılır ki, qan – yağışı, tiftiklərsə buludları simvolizə edir. Mərasim zamanı komanın ortasına diyirləyib iki böyük daş gətirirlər: onlar toplaşan buludların rəmzidir və yağışdan xəbər verirlər. Sonra elə həmin cadugərlər daşları 10-15 mil uzağa aparır və onları ən hündür ağacın gövdəsi boyu mümkün qədər yuxarıya çəkib qaldırırlar. Elə bu əsnadaca qalan kişilər gəc toplayır, onu narın üyüdür və içində su olan bir çuxura atırlar. Belə zənn edilir ki, mura-muralar bunu görür və yubanmadan buludları göydə peyda olmağa sövq edirlər. Sonda gənc və qoca kişilər komanı dövrəyə alır və qoç kimi başlarını əyərək ona kəllə vururlar. Bu kəlləatma koma uçanadək davam edir. Bu zaman əllərdən istifadə qadağandır, amma təkcə ağır tirlər qalanda əllərini də işlətməyə icazə verilir. Komanı başla vurub deşmə buludların deşilməsini, komanın uçmasısa yağış yağmasını simvolizə edir. O da aydındır ki, buludları rəmzləşdirən iki daşın ağacın başına qaldırılması da səmada əsl buludları peyda olmağa vadar etmə üsuludur.
Diyerilər habelə zənn edirlər ki, sünnət zamanı yeniyetmələrdən götürülmüş pülük ən yüksək dərəcədə yağış yağdırmaq qabiliyyətinə malikdir. Ona görə də tayfanın Böyük Şurası həmişə ehtiyatda bir qədər pülük saxlayır. Onları lələklərə bükərək vəhşi it və gəbə ilanının piyi ilə bir yerdə saxlayaraq bərk-bərk gizlədirlər. Qadınlar heç bir halda bu bükülünü açılmış vəziyyətdə görməməlidirlər. Mərasim bitəndən sonra öz gücünü itirmiş pülük torpağa basdırılır. Yağış yağdıqdan sonra bir neçə kişi, gənc və yeniyetmə hökmən iti çaxmaq daşı ilə sinələrindən və əllərindən bir parça dəri kəsilməsindən ibarət olan cərrahi əməliyyata məruz qalırlar. Yastı bir taxta parçası ilə yaranı döyəcləyirlər ki, qan çox çıxsın, sonrasa ona qırmızı boya sürttürlər. Bundan onun bədənindəki çapıqlar böyüyüb şişir. Bu hərəkətləri bəraətləndirmək üçün yerli əhali yağışa sevindiklərini əsas gətirir, çapıqlarla yağış arasında əlaqə olduğunu deyirlər. Kənardan əməliyyat çox da ağrılı görünmür, çünki ona məruz qalmış pasiyentlər deyib gülürlər. Əməliyyat edənin ətrafında səbrlə növbələrini gözləyərək kiçik uşaqlar toplaşırlar. Əməliyyatdan sonra onlar öz kiçik sinələrini nümayiş etdirə-etdirə və mahnılarla yağışdan onları sulamağı xahiş edə-edə qaçıb gedirlər. Düzdür, sabahısı gün, hovlamış yaraları qövr etməyə başlayanda onlar artıq belə sevinmirlər.
Yava adasında yağış lazım olanda iki kişi bir-birini yaş çubuqlarla çırpmağa başlayır və kürəklərindən qan axmağa başlayanadək bunu etməkdə davam edirlər: süzülüb gedən qan yağışı simvolizə edirdi və düşünülürdü ki, indi daha yağış torpağı hökmən isladacaqdır. Abissiniyanın (Həbəşistanın) vilayətlərinin birində yaşayan eqtxiu tayfasının adamları yağış yağdırmaq üçün hər dəfə yanvarda bir-biri ilə, kənd-kəndlə bir həftə ərzində qanlı çatışmalara girirdilər. Sonralar imperator Menedik bu adəti yasaqladı. Yağış az yağan vaxtlarda bu yasaq xalqı hiddətləndirirdi. İmperator güzəştə getməyə və qanlı çatışmalara yenidən başlamağa, lakin ildə cəmi iki gün ərzində olmaqla icazə verməyə məcbur oldu. Bu adətdən bəhs edən müəllif belə hallarda tökülən qana yağış göndərən ruhları rəhmə gətirəcək bir qurban kimi baxır, ancaq istisna deyil ki, Avstraliya və Yava mərasimlərinə oxşar olaraq bu, yağışın imitasiyasıdır. Bəəl allahın yağış yağdırmaq üçün özlərini qan fışqıranadək bıçaqla kəsib doğrayan peyğəmbərləri də, yəqinki, elə bu prinsip üzrə hərəkət edirdilər.
Çox geniş yayılmış bir inanc vardır ki, əkizlər təbiət, xüsusən də yağış və ümumiyyətcə hava üzərində sehrli bir qüvvəyə malikdirlər. Bu maraqlı xurafata Britaniya Kolumbiyasının bəzi qəbilələrində rast gəlinir. Hərçənd bu cür tabunun dəqiq mənası, bir qayda olaraq, aydın olmasa da, o çox vaxt hinduları əkizlərin validləri üzərinə xüsusi məhdudiyyətlər və ya tabular qoymağa sövq edir. Beləki, simşiyan hinduları əkizlərin hava üzərində hakimiyyətə malik olduqlarına inanırlar. Ona görə onlar küləyə və yağışa belə bir yalvarı (dua) ilə xitab edirlər: “Sakit ol, ey əkizlərin nəfəsi”. Onlar həm də düşünürlər ki, əkizlərin arzuları həmişə çin olur. Buna görə əkizlərdən qorxurlar: axı onlar sevmədikləri adama ziyan vura bilərlər. Simşiyanlar ona da inanırlar ki, əkizlər alabalıqları (şam-balıqları) çağırıb gətirə bilərlər və bu səbəbdən də onları “bolluq gətirən” adlandırırlar. Kvakiutl hindularının fikrincə, dönmüş alabalıqlardır. Ona görə onlar suya yovuq düşməməlidirlər. Uşaq çağlarında əkizlər guya əllərinin hərəkəti ilə külək, yaxşı və pis hava törədə, habelə guya böyük taxta şaxşaxı silkələməklə azarları sağalda bilərlər. Nutka hinduları da əkizlərin alabalıqlarla əlaqəli olduğuna inanır. Buna görə əkizlərə alabalıqları tutmaq, yemək, yaxud da sadəcə əllərində diri balıq saxlamaq qadağan edilir. Üzlərinə qara boya çəkərək, sonrasa onu silərək – bu, dolu buludlardan tökülən yağışı simvolizə edir – onlar pis ya yaxşı hava doğura və ya yağış yağdıra bilərlər. Şusvan hinduları və Tompson çaybasarı hinduları əkizləri gənc qrizlilər adlandıraraq onları qrizli ayıları ilə qohum sayırdılar. Onların inamına görə əkizlər bütün ömürləri boyu fövqəltəbii qabiliyyətlərə malik olurlar. Xüsusən də guya havanı idarə edə bilirlər.
Cənubi-Şərqi Afrikadakı Delaqoa buxtasının sahillərində yaşayan baronqa-bantular da əkizlərin havaya təsir göstərmək qabilyyətinə inanırlar. Onlar əkiz doğan qadını səma demək olan Tilo adı ilə təltif edir, uşaqların özlərisə səma uşaqları adlandırılır. Adətən sentyabrda, oktyabrda tüğyan edən qasırğaların gəlişi gecikəndə, ölkə aclığın müjdəçisi olan quraqlıq təhlükəsi ilə üzləşəndə və altı ay sərbəsər buludsuz səmadan od tökmüş günəşin yandırıb-yaxdığı təbiət Afrika baharının dirildici leysanlarına təşnə qalanda qadınlar qupquru torpağa həsrətində olduqları yağışın göndərilməsinə dair ayinlər icra edirlər. Onlar tam soyunur və ot qurşaqlar və baş sarğıları, yaxud da sürüngən bir bitkinin yarpaqlarından qısa ətəkliklər geyirlər. Belə bir geyimdə onlar hayqara salaraq və yava mahnılar oxuyub biədəb rəqslər edərək, bir quyudan o birisinə keçir və onları yığılmış çirkab və zir-zibildən təmizləyirlər. Onların quyuları – sadəcə axmaz bulanıq suyun yığışdığı çalalardır. Sonra qadınlar əkiz doğmuş rəfiqələrindən birinin evinə yollanır və onun üzərinə gətirdikləri kiçik kuzələrdən su çiləyirlər. Yarpaq libaslar geymiş bu qadınların qantarğasız çal-çağırına baxmaq kişilərə qadağandır. Onların qarşısına kişi çıxanda onu döyüb qovurlar. Quyuları təmizləməyi bitirdikdən sonra qadınlar əcdadlarının müqəddəs meşədəki məzarlarına su tökməlidirlər. Çox vaxt cadugərin buyruğu ilə onlar əkizlərin qəbirlərinə də su tökürlər. Belə hesab olunur ki, əkizlərin qəbirləri həmişə yaş olmalıdır, buna görə onları adətən göl qırağında basdırırlar. Əgər bütün yağış yağdırmaq cəhdləri bəhrəsiz qalırsa, onda baronqaların yadına düşür ki, hansısa bir əkiztayı təpə yamacında quru yerdə basdırılmışdır. Belə hallarda cadugər deyir: “Günəşin yandırıb yaxması təəccüblü deyil. Mərhumun nəşini götürün və ona göl qırağında qəbir qazın”. Əmr dərhal yerinə yetirilir, zira yağış yağdırmağın daha başqa bir vasitəsi qalmamışdır.
Göstərilən faktlardan bəziləri professor Oldenberq tərəfindən brahmanın Samaveda adı altında tanınan qədim hind himnləri toplusundan xüsusi bir himni öyrənmək istədiyi halda əməl etməli olduğu qaydaların şərhini təsdiqləyir. Belə zənn edilir ki, Şakvari nəğməsi adlanan bu mahnı İndranın silahı olan şimşəyin gücünü təcəssüm etdirir. Bu öygünün (himnin) ehtiva etdiyi müdhiş partladıcı qüvvə üzündən ona yiyələnmək cəhdində bulunmuş qorxmaz brahman insanlarla bağlarını kəsməli və obadan meşəyə köç etməlidir. Müxtəlif müəlliflərin tanıqlığına görə, bu dövr bir ildən on iki ilədək davam etməli, o, bəlli bir həyat nizamı və tərzini gözləməli idi: gündə üç dəfə suya toxunmalı: qara paltar geyməli: qara rəngli yeməklər yeməli: yağış yağanda çətir altına girməməli, yağış altında oturmalı və bu sözləri təkrarlamalıdır: “Su Şakvarinin nəğməsidir”: şimşək çaxanda:”Bu Şakvarinin mahnısına oxşayır”: ildırım gurlayandasa:”Böyük elə böyük səs yaradar”. Həyatı təhlükədə olmadıqda onun suya dəymədən axının üstündən keçməyə, gəmiyə minməyə haqqı yox idi, minmiş olsaydısa da mütləq suya toxunmalı idi, çünki “məsəldə deyildiyi kimi, Şakvarinin gücü sudadır.” Nəhayət, mahnının özünü öyrənməyə ona izn verildiyi təqdirdə o əlini içində su və hər cür bitkilər olan bir qaba salmalı idi. Brahman bütün bu buyruqlara əməl etdiyi təqdirdə onun istəyinə görə yağış tanrısı Parcaniya yağış göndərər. Professor Oldenberqin haqlı olaraq qeyd etdiyi kimi, aydındır ki, “bütün bu qaydalar brahmanı su ilə vəhdətə gətirməyə, onu su ünsürünün müttəfiqinə çevirməyə və onların (su qüvvələrinin) düşmənçiliyindən qorumağa yönəlmişlər. Qara paltarlar və qara rəngli yeyəcəklər də elə belə bir məna kəsb edirlər. Şəksizki, onların rəngi qara buludları simvolizə edir. Buna görə güman edə bilərik ki, Veda məktəblərinin ideya və yasalarının tərkibində ən uzaq keçmişə gedib çıxan magik hərəkətlər vardır. Onlar yağış yağdırıcını öz funksiyasını yerinə yetirməyə hazırlamaq və onu vəzifəyə qəbul etmək üçün nəzərdə tutulmuşlar.”
Zəngin bitki örtüyünün yağıntıların bolluğundan xəbər verdiyi tropik Yava adsında yağış yağdırma ayininə yağışı yağmağa qoymama ayinindən çox-çox az rast gəlinir. Yavalı ilin yağmurlu fəslində böyük bir qonaqlıq təşkil etmək istəyəndə “havanı idarə edən mütəxəsisin” yanına gedir və ondan “toplaşıb gəlməkdə olan buludları tutub saxlamağı” xahiş edir. Əgər o, bu işə öz peşə bacarığını sərf etməyə razı olursa, onda xahişçi getdikdən sonra bəlli qaydaların öz davranışını nizama salmağa başlayır. O pəhriz saxlamalı, içməməli və çimməməlidir: yediyi az qism şeylərsə quru olmalıdır: heç bir halda o, suya toxunmamalıdır. Öz tərəflərindən qonaqlıq təşkil edən və onun kişi və qadın cinsindən olan qulluqçuları qonaqlığın davam etdiyi bütün müddət ərzində paltar yumamalı və çimməməlidir: onlar həmçinin bəkarətlərini də ciddi şəkildə qorumalıdırlar. Ovsunçusa öz yataq otağında yeni bir həsirin üstündə oturur və ziyafətin başlanmasına az qalmış kiçik bir qəndilin qabağında aşağıdakı duanı və ya ovsunu vird edir: “Srekel baba yaxud nənə (göründüyü kimi, ad qarasına seçilmiş bir addır, bəzən başqa adlar da çəkilir) öz ölkənə, öz ölkən Akkemata qayıt. Su dolu çəlləyini susdur, yaxşı-yaxşı ört ki, ondan bir damcı da axmasın.” Dua edərkən cadugər göyə baxır və buxur yandırır.
Toraci qəbiləsinin yağış kəsdirmə üzrə mütəxəsis-“meteoroloqu” da elə bu cür, öz peşə vəzifələrinin icrasınadək, icrası zamanı və ondan sonra suya dəyməmək üçün tədbirlər görür. O, çimmir, yeməyi kirli əllərlə yeyir, yalnız palma şərabı içir və əgər axından keçməli olursa, suya girməməyə çalışır. Özünü üzərinə qoyulmuş missiyanın yerinə yetirilməsinə hazırlayaraq cadugər çəltik tarlasında kiçik bir koma qurmağı əmr edir. Bu komada o, heç bir halda sönməməli olan zəif bir od qalayıb onu qoruyurdu. Odda o, yağış qovmaq xüsusiyyətinə malik olduqları düşünülən müxtəlif ağac odunlarını yandırır. O, bütün gücü ilə buludlar gələn istiqamətdə üfürür və bu zaman əlində onlar da nəsə tez buxarlanan bir şeyi bildirən adları sayəsində buludqovucu hesab olunan yarpaq və ağac qabıqlarından düzəldilmiş bir dəmət tutur. Əgər buludlar cadugər öz vəzifələrinin icrası ilə məşğul olduğu vaxt peyda olurlarsa, o, ovcunu əhənglə doldurub onlara tərəf üfürür. Aşkardır ki, əhəng kimi bir quru maddə yağışla dolu buludları dağıtmaq üçün xeyli münasibdir. Əgər sonradan yağış gərək olursa, onda odun üstünə su tökmək yetər ki, dərhal bir yağış yağsın ki, tut ucundan göyə çıx.
Qeyd etmək lazımdır ki, yağışı kəsməyə yönəlmiş yava və toraci ayinləri onu yağdırmağa yönəlmiş hind ayinlərinin tam əksidirlər. Hind müdrikinə xüsusi halları çıxmaqla müntəzəm olaraq, gündə üç dəfə ona toxunmaq buyrulur. Yava və toraci cadugərlərinəsə ona toxunmaq qadağan edilir. Brahman meşədə yaşayır və hətta yağış yağanda belə daldalanacağa getməyə haqlı deyildir. Yavalılar və toracilərsə, əksinə, quru evdə və ya komada yaşayırlar. Birincisi yağışla qohumluğunu onunla bildirir ki, onu üzərinə qəbul edir və haqqında ehtiramla danışır. İkincilərsə çıraq və ya od yandırır və yağışı qovmaq üçün maksimum səy göstərirlər. Amma onların hamısı eyni prinsip üzrə hərəkət edirlər: onlardan hər biri oynayan bir uşaq kimi özünü törətmək istədiyi hadisə ilə eyniləşdirir. Ta qədimdən kök salmış yanılmaya görə, nəticə öz səbəbinə oxşardır: əgər yağmur olmasını istəyirsinizsə, onda özünüz də yaş olun: quraqlıq istəyirsinizsə, özünüz də quru olun.
(davamı var)
Tərcüməçi: Obaçı
Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Hava üzərində magik nəzarət – 3 – KLV