Emin Zeynalov. “Həsənəli və Bahar” dastanının ideya və məzmun xüsusiyyətləri

Dastanlar folklorumuzun qədim və zəngin janrlarındandır. Bu janr hər bir xalqın özünə aid olan milli-mənəvi dəyərləri, adət-ənənələri, etnoqrafik ünsürləri, dini və dünyəvi görüşləri özündə ehtiva edir. Dastanlarımıza nəzər saldıqda xalqın dini-mifoloji düşüncəsinin daha qabarıq şəkildə əks olunduğunu görürük. Bu düşüncə İslam dini yarandıqdan sonra daha da zənginləşmiş və dastanlarımıza yeni motivlər daxil olmuşdur. Belə ki, VII əsrdən etibarən cənubi Qafqazda, o cümlədən Azərbaycanda ərəblər tərəfindən islam dini yayılmağa başladı. Bu hadisə xalqın ictimai-siyasi həyatına, ailə-məişətinə olduğu kimi folkloruna, əsasən də, dastanlarına da təsirsiz ötüşmədi. Artıq dastanlarda İslam dini ilə bağlı inanclar yer almağa başladı. İslami inancların türk tanrıçılıq təsəvvürləri ilə uyğunluğu dastan janrını daha da zənginləşdirmişdir.

Tədqiqata cəlb edilən “Həsənəli və Bahar” dastanı Göyçə folkloruna aid bir nümunədir. Dastanın poetikasında Azərbaycan məhəbbət dastanlarına xas sufi-dərviş fəlsəfəsi, təsəvvüf simvolikası, dini-mifoloji görüşlər öz əksini tapmışdır. Dastanın süjet xətti boyu ilk rast gəlinən motiv buta motividir. Bu barədə professor Fərəh Cəlil yazır: “Haqq aşığı, ozan, xalq bilicisi əslində şamanın dastan yaradıcılığındakı təzahürüdür. Bu hadisə qəhrəmana buta verilməsi motivində də aşkara çıxır. Qəhrəmana buta verilmədən öncə onu dərin yuxu aparır. Bu yuxunun müddəti üç və ya yeddi gün ola bilər. Bunu da qeyd edim ki, “Buta motivi dastanlarda çeşidli şəkillərdə təzahür edir:

1. “Mehr-Mah”, “Məhəmməd-Güləndan”, “Seyfəlmülük” sırasından olan dastanlarda qəhrəman şəklini gördüyü qıza vurulur.

2. “Şah İsmayıl”, “Kərim-Süsən”, “Əsli-Kərəm” dastanlarında qəhrəman qızın özünü görüb vurulur.

3. Oğlan qızın sorağını eşidib onun arxasınca gedir.

4. Oğlan qızdan məktub və ya sifariş alıb onun arxasınca gedir.

5. Nəhayət, ən çox yayılmış olan variant: yuxuda hər iki qəhrəmana, oğlana və qıza müqəddəs bir şəxs tərəfindən “buta” verilir”.

“Həsənəli və Bahar” dastanında qəhrəmanlara müqəddəs şəxs (nurani baba) buta verir. Buta almış qəhrəmanın daxili aləmi, bütün varlığı kökündən dəyişir. “Aşıq Qərib”, “Qurbani”, “Abbas və Gülgəz” sırasından olan məhəbbət dastanlarının süjet xəttinə uyğun olaraq bu dastanda da qəhrəman – Həsənəli eşq badəsi içir, yuxudan oyanır və ona vergi – buta verildiyini söyləyir:

Bütün əzalarım əsir, titrəyir,

Donuram çovğunda, qarda elə bil.

Əhli-hal lazımdır bilə dərdimi,

Qalmışam amanda, darda elə bil.

Həmin qeybdən gələn nurani qoca Həsənəliyə Sübhan və Pünhan adlı iki mələyi və Səməd adında bir kişini lələ yazdı. Lələ obrazı bir çox Azərbaycan dastanlarında özünü göstərir. Bu lələ obrazları tarixdə olduğu kimi vəfalı, fədakar və sədaqətli olurlar. Onlar bir növ qəhrəmanı qoruyan hami funksiyasını yerinə yetirirlər. Qəhrəmanın bütün axtarış və iztirablarının, əziyyət və müsibətlərinin şahidi olurlar. Lakin bu dastanda lələnin gecikməsi və qarının hiyləsi nəticəsində Həsənəlinin butası pozulur.

Aş gətirib qoydu Fatma,

Pünhan deyir: əl uzatma,

Xata yetirər bozartma.

Lələ gəlmədi, ləngidi.

Dastanda diqqət çəkən məqamlardan biri də ənənəvi dastanlarda olduğu kimi qəhrəmanın dərdini sazla demək istəməsidir. Bu motiv sazın xalq şüurundakı yerini, xalqın dilini, ruhunu yaşatmaq, mənəvi kimliyini, yaşayış tərzini, folklor dəyəri kimi müəyyən etməyə xidmət edir. Qəhrəmanın bu xüsusiyyəti şamançılıq ənənəsində olduğu kimi bir növ kütlə ilə tanrı arasındakı əlaqə funksiyasını yerinə yetirir. Mahmud Allahmanlı dediyi kimi “qəhrəman təbii olaraq düşmənlə qarşılaşmaq ənənəsində bulunursa, təbii olaraq saz çalmaq ənənəsində də bulunur”. Qəhrəman ona görə:

Canım qardaş, gözüm qardaş,

Qardaş, saz gətir, saz gətir.

Deməyə var sözüm, qardaş,

Qardaş, saz gətir, saz gətir.

-deyə qardaşı Allahverdiyə müraciət edir.

Araşdırılan dastan Azərbaycan dastanlarının ənənələri əsasında yaranmışdır. Dastanda məzmun və süjet quruluşu, epik və lirik elementlərin sintezi özünəməxsus şəkildə verilmişdir. Bu dastan vasitəsilə Göyçə aşıq mühitində dastançılıq ənənəsinin keçmişini, xalqın bədii təfəkkürünün qədim və zəngin ənənələrə söykəndiyini söyləmək olar. Dastanda xalqın milli mənəvi dünyagörüşünün, etnoqrafik mədəniyyətinin, aşıqlıq ənənəsinin yüksək səviyyədə olduğunu görmək mümkündür.

 

 

 

 

 

 

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ülvi Babasoy. Portağalların səsi. Hüseyn Cavid-140

Bu gün Hüseyn Cavidin 140-cı ildönümüdür. Klv.az saytı Ülvi Babasoyun Cavid Əfəndiyə həsr etdiyi “Portağalların səsi” essesini təqdim edir.   Artıq, demək olar ki, hər gün hər hansı rəqəmsal xidmətlər, abunəliklər və elektron poçta giriş anlarında qarşımıza belə bir bildiriş çıxır: “Abunəliyinizi təsdiqləməzdən əvvəl insan olduğunuzu (da) təsdiqləyin”. Bir növ, sübut edin, […]