Türk sözü gözəllik sinonimi kimi

Klv.az saytı “Olmaz belə sadə fəlsəfə” layihəsi çərçivəsində fəlsəfə elmləri doktoru, filosof Niyazi Mehdinin esselərini təqdim edir.

 

Türk etüdləri

 

Türk gözəllik sinonimi kimi

«Türk» sözünün bir-biri ilə çətin uyuşan layları var. Ortaçağ poeziyasından görünür ki, o həm də gözəllik anlamını daşıyırdı. Çağımızdı dünya gözlləri məsələsində irqçilik çoxdan gedib, ağlarla qaraların yanında yapon, filipin, Çin, Koreya gözəllərinin bərabər yeri var. İnsanlığın irqçilikdən qurtulmasında Hollivud kinosənayesinin xidməti əvəzolunmazdır: görün nə qədər monqoloid irqli amerikalı sevimli kop, sevgili olub. Hollivuddan sonra bizim də zövqümüz dəyişib. Gürcülərin bizə «tatar» deməsinə irqçi reaksiya verən azərilər indi monqoloidlərə doğma irq kimi baxa bilirlər. Hətta bizdə ulusumuzun monqoloid keçmişindən utanıb əski oğuzların avropoid olması haqqında söylənilən ideyalar da, daha, elə populyar deyil. İndi bizdə çox adam monqoloid keçmişə sakitcə baxır.

Ortaçağda, görünür, qıyıq göz gözəllərə heyranlıq qəzəllərdə «türk» sözünü gözəlliyə sinonim etmişdi. Sözsüz, əgər bütünlükdə türklər vəhşi, qaniçən, mənəviyyatsız sayılsaydılar, yalnız qıyıq gözün estetikası «türk» sözünə gözəllik anlamını verməzdi.

Akad.V.Bartold yazırdı ki, ortaçağda ərəb, fars, türk dilləri tutuşdurulanda ərəb dilini bəlağət, fars dilini hazırcavablıq, türk dilini isə doğru-düzgünlük dili adlandrırdılar. Onu da deyim ki, döyüşkənliyin düzünəqulu dillə bağlı olması əskilərdən gələn inancdır. Spartalıların elçisi düzünəqulu danışığı üstün tuturdu. Lakonik qısa və aydın danışıq deməkdir. Spartanın orijinalda adı «Lakoniya» olub. Bildiz «lakonik» bütün dillərə haradan keçib?

 

Türk imicinin pis/yaxşı anlamlarından

Yenə həmin müəllif yazırdı ki, Teymurun dilində «tacik» qorxaq, zəif adam idi. Deməli, Ortaçağ türkləri türkün döyüşkənliyini göstərmək üçün farsı/taciki aşağılamaq fəndinə əl atmışdılar, necə ki, farslar da özlərinin yazı-pozu və mədəniyyət adamı olmasını türkü qabalaşdırmaq hesabına qabartmışdılar. Ancaq ilgincdir ki, sonda türkün düşmənlərinin yaratdığı qaba, mədəniyyətsiz ulus imici türklərin özünə xaqanlıq etdi. Osmanlıda «türk» sözü bu mənfi anışmalarla 19-cu yüzilin axırınacan yaşadı. Yalnız sonra Anadoluda və Azərbacanda tarixi araşdırmalarda türk imici müsbətləşdi. Tarixdə və mədəniyyətdə türklərin xidməti sevimli konuya çevrildi. Hərçənd «türkəçara», «türkün sözü» deyimlərində mənfi izlər indi də konservləşib: «türkəçarə» elmdən uzaq, geridəqalmış yolla sağaltmağı bildirir, türkün sözü isə metadil siqnalını verir ki, «qayırmaq», «soxmaq» sözlərinin pis anlamlarını yada salmayın. Sanki sözlərin pis nəsnələri yada salması türkdən başqa heç kimdə yoxdur.

Türkün sözünün belə aşağılanmasına bu dildə çoxlu ərəb-fars sözlərinin olması sanki öz «arqumentini» verir. İçimizdən bir xain səs gəlir: bu nə dildir ki, «əxlaq»ı, «müvəffəqiyyət»i, «iradə»ni, «nailiyyət»i və neçə-neçə adam kimi söhbt eləmək üçün gərəkən sözləri yoxdur və ona görə də başqa dillərdən alır?!

Bu sorunun cavabında türkoloqlar arasında türkcəni ucaltmaq üçün başqa dillərdə onun sözlərinin axtarışı başladı. Bəlli oldu ki, hətta «jilet» sözü də Qazax dilindən ərəbcəyə, ispancaya, fransızcaya keçib fırlanandan sonra fransız sözü kimi geri qayıdıb.

Türkün dilinə Hind-avropaçılarda sayğısız yanaşmaya görədir ki, bir söz əskilərdə həm türkdə, həm çinlidə, həm soqdda olubsa, avtomatik hesab olunur ki, türk o birilərindən alıb. Ona görə də sayılır ki, «bitik», yəni «kitab» sözü çincədən gəlib. Heç əski türkcədə onun «bitikçi» («katib» anlamında), «bitti» («yazdı») anlamında işlənməsi də quşqu yaratmır ki, bəlkə öz sözü oldğu üçün belə variantlarda işlənir?

«Bağ» sözü əski türk mətnlərində də, İran mətnlərində də rastlanır, acaq ikisində də rastlanırsa, əqli nəticə çıxarılır ki, İran dillərindən alınıb.

Mən kosmopolitliyə yumalanmaqda olan türkçüyəm, ona görə bu yazımı ən xarakterik fransız, ingilis sözlərində türk kəlməsini tapanların yazısı kimi qavramayın. Mən o kəslərdən deyiləm ki, «erməni» sözündə «ərmən» eşidim. Ancaq bu yazını türklə ilgili insafsızlfğa qarşı yazıram.

 

Türkün unudumuş önəmli sözləri

Biz «əlahiddə» deyirik, əski türklər isə «aşru» deyərdilər. Tanıdınız? Anadolu türklərindəki «aşırı» ondandır, indi yavaş-yvaş bizə də gəlir. Qədim türklər güc, iradə, hakimiyyət anlamlarını «erk/ərk» sözü ilə bildirirdilər. İndi biz «ərkim çatır» deyəndə, elə deyirik ki, sanki aydındır. Ancaq aydın olur açanda ki, «ərkim çatır» «gücüm, iradəm, hakimiyyətim çatır» anlamında deyilir.

«Boluğ» varlıq, olmaq deməkdir, ancaq «boluğ»da «varlıq»da olmayan bir gözəl çalar var. «Bolmaq/bulmaq» sözündə bulunmaq, yəni tapılmaq var. «Bulunmaq» nəsnənin var olmasını dolaşıqlığın arasından bulunub peyda olmaq kimi açır. Fəlsəfəyə gərəkən çalar! Yerinə düşdü, deyim «bulunc» əski türklərdə tapıntı deməkdir. «Buluncsuz» isə əlçatmaz.

Ərəbdən götürdüyümüz «cavab» bizi üzür. Halbuki türklərdə cavab hərəkəti, cavab anlamnı verən «yantıt» olub. Anadolu türkləri «əks etdirmək» anlamında «yansımaq» işlədirlər. Bilisiniz bu haradandır? Əski türklərdə qaytarmaq anlamını verən «yan», «yantut» sözündən. Beləcə, türkün sözləri türkün düşüncəsi və xasiyəti haqqında çox nəsnələr deyə bilər.

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Dilbər Zeynalova. Mətndə sənədliliyin və bədiiliyin sintezi

C Okt 21 , 2022
(H.İsaxanlı “Mənim Qarabağım və ya Qarabağ düyünü”)   Elə bir unvеrsаl düşüncə sistemi yoxdur ki, оnun dахilində müəllifin öz siması, öz surəti оlmаsın. Şənətkarın «mən»i həttа ən məşhur ideyalara da nüfuz edir, hər həqiqətin аrхаsındа оnun subyеktiv bахışlаrı üzə çıхır. Görkəmli təhsil qurucusu, şair, yazıçı-publisist Hamlet İsaxanlının zəngin, mükəmməl və […]