Ceyms Corc Freyzer. Qızıl budaq. Hava üzərində magik nəzarət – 1

 

 

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

 (davamı)

Cadugər cəmiyyətin qulluğunda. Yəqin ki, oxucunun yadındadır ki, magiya labirintinə bizi insan-tanrının iki tipinin araşdırılması gətirib çıxardı. Bu ip bizim addımlarımızı yönəldirdi və nəhayət bizi elə bir hündürlüyə gətirib çıxardı ki, orada bir qədər dayanaraq biz keçdiyimiz yola nəzər sala və qarşımızdakı hələ qalxmalı olduğumuz uzun və sərt yolu görə bilərik.

Əvvəl deyilənlərdən belə nəticə çıxır ki, insan-tanrının iki tipini fərqləndirmək olar: dini və magik tiplər. Birinci halda zənn edilir ki, ali təriqli bir varlıq az ya çox dərəcədə uzun müddətə insanda sakinləşir və öz fövqəltəbii qüdrət və müdrikliyini möcüzələr törətmə və kəhanətlər söyləmə yolu ilə biruzə verir. İnsan-tanrının bu tipinə ruhlanmış və tənləşmiş (təcəssüm etmiş) olan adı uyğun gəlir: insan bədəni burada yalnızca ölməz ilahi ruh üfürülmüş kövrək, fani bir canazar, saxsı vücuddur. İkinci halda insan-tanrı-maq insandan başqa bir şey deyildir, amma qeyri-adi gücə malik bir insan. Daha az dərəcədə olsa da bu cür qüvvəyə malik olmaya onun soydaşlarının əksəriyyəti iddia edir. Axı primitiv cəmiyyətdə elə bir adam tapılmaz ki, boş vaxtında magiya ilə məşğul olmamış olsun. İnsan-tanrıların birinci, allahın ruhlandırdığı tipi öz ilahiliklərini öz səmavi nurunu fani cismaniliyin qəmgin qiyafəsi altında gizlətmək lütfündə bulunmuş ilahidən aldıqları halda ikinci tipdən olan insan-tanrı öz qeyri-adi gücünü təbiətlə hansısa bir fiziki ümumilikdən əxz edir. O, sadəcə ilahi ruhun iqamətgahı deyildir. Onun bütün varlığı – həm bədəni, həm də ruhu – təbiətlə ahəngə elə bir incə şəkildə köklənmişdirlər ki, onun əlinin toxunuşu və ya başının dönüşü dünyanın bütün maddi quruluşunu ehtizaza gətirib titrədir. Və tərsinə, onun ilahi orqanizmi şəraitin elə cüzi dəyişikiklərinə qarşı həssaslıq göstərir ki, onlar fani insanda əsla heç bir təsir buraxmazdılar. Lakin nəzəriyyədə biz insan-tanrıların bu iki tipi arasında nə qədər səlis və dəqiq ayırıcı xətt çəksək də, praktikada o nadir hallarda bütün səlisliyilə izlənilir. Sonrakı şərhimin gedişində mən bu bənd üzərində dayanmayacağam.

Praktikada, artıq deyildiyi kimi, magiya sənəti ya fərdlərin, ya da bütün cəmiyyətin xeyrinə istifadə oluna bilər və onun birinci, yaxud ikinci məqsədə nail olmaya yönəlməsindən asılı olaraq magiya xüsusi magiya və ya ictimai magiya adlanır. Sonra biz qeyd etdik ki, ictimai tələbatları ödəyən maq cəmiyyətdə çox nüfuzlu bir mövqe tutur və üstəlik də əgər o sərhesab və bacarıqlı adamdırsa, onda başçı və ya hökmdar məqamınadək yüksələ bilər. Beləcə ictimai magiyanın analizi çar hakimiyyətinin erkən formalarının anlanmasına gətirib çıxarır, çünki vəhşi barbar cəmiyyətində bir çox başçı və çarlar öz hakimiyyətlərinə görə çox böyük dərəcədə özlərinin maq ad-sanlarına borcludurlar.

Cəmiyyətin nöqteyi-nəzərindən magiyanın tətbiq edilməli olduğu ən əsas şey yetərli qida ehtiyatının yaradılmasıdır. Yuxarıda göstərilən misallar göstərir ki, qida əldə etmək məşğul olan hər kəs (ovçular, balıqçılar, əkinçilər) magiyaya əl atırlar. Ancaq burada onlar bütün xalqın maraqları üçün hərəkət edən vəzifəli şəxslər olaraq deyil, özlərinin və öz ailələrinin xeyri üçün hərəkət edən özəl şəxslər sifətində çıxış edirlər. O başqa məsələdir ki, ayinlər ovçuların, balıqçıların və əkinçilərin özləri tərəfindən deyil, soydaşlarının adından peşəkar cadugərlər tərəfindən icra olunur. Məşğuliyyətlərin bircinsliyinin hökm sürdüyü və peşə qruplarına ayrılmanın cizgilərinin yenicə sezildiyi primitiv cəmiyyətdə hər bir insan öz maraqları üçün az ya çox dərəcədə magiya ilə məşğul olur və sehr və ovsunlardan öz xeyrinə və düşmənlərinin ziyanına istifadə edir. İrəliyə doğru böyük addım cadugərlərin xüsusi bir sinfə ayrıldığı, yəni onların öz qalan soydaşlarından öz sənətləri ilə məşğul olmaq üçün ayrıldığı vaxt atılmışdır, özü də bu sənətin, o xəstəliklərin sağaldılmasına, öncəgörmələrə və ya başqa bir ictimai önəmli məqsədə yönəlməsindən asılı olmayaraq təyinatı bütün cəmiyyətə fayda vermək idi. Bu peşəkarların əksəriyyətinin öz məqsədlərinə çatmaq üçün yararlandığı vasitələrin yararsızlığı gözümüzdə bu institutun özünün çox böyük önəmini kiçiltməməlidir. Böyük bir insan qrupu – ən azı vəhşiliyin ən yüksək pilləsində – bu zaman dolanışıq üçün ağır fiziki əməklə məşğul olmaq imkanı (və hətta stimulu) əldə etmiş oldu. Öz soydaşlarından çox bilmək, insana onun təbiətlə üzücü mübarizəsində kömək edə, onun əzablarını yüngülləşdirə və ömrünü uzada biləcək hər şeylə tanış olmaq bu peşə sahiblərinin həm hüququ, həm də vəzifəsi idi. Şəfalı bitki və mineralların xassələri, yağıntılar və quraqlıq  düşməsinin, şimşək çaxmasının səbəbləri, fəsillərin dəyişməsi, ayın fazaları, günəşin günlük və illik dövranı, ulduzların hərəkəti, həyat və ölümün sirləri – ilk filosof-maqlarda heyrət doğuran və onları, heç şübhəsiz, müştərilərinin israrlı tələbləri üzündən onların diqqətini tez-tez cəlb edən problemlərin həllini axtarmağa sövq edən şeylər idi. Sonuncular onlardan təkcə elə anlama deyil, həm də böyük təbii prosesləri insanların xeyrinə idarə etmələrini tələb edirdilər.

Əlbəttə, belə bir hədəfi elə ilk atəşləcə vurmaq olmaz. Həqiqətə yavaş-yavaş, sonsuz yaxınlaşma prosesi daim hipotezlər irəli sürməkdən və onları yoxlamaqdan ibarətdir. Onlardan faktlara uyğun gələnləri saxlanılır, qalanlarısa rədd edilir. Şübhəsiz, cadugərin təbii səbəbiyyətə dair təsəvvürləri bizlərə açıq-aşkar yanlış və cəfəng görünə bilər, onlar təcrübə yoxlamalarından üzüağ, doğru-salim çıxmasalar da, o zaman bunlar bəraətli hipotezlər idi. Tənə və qınaqları bu nəzəriyyələri icad edənlər deyil, daha doğru hipotezlər irəli sürüldükdən sonra da inadla onları rəhbər tutmaqda davam edənlər haqq edirlər. Əlbəttə, həqiqət axtarışlarında insanlarda heç vaxt bu ibtidai cadugər və falçılarda olan qədər güclü sövqedici motivlər olmayıbdır. Onlara heç olmazsa biliyin görüntüsünü yaratmaq mütləq şəkildə vacib idi: axı aşkar edilmiş tək bircə səhv onlara həyatları bahasına başa gələ bilərdi. Şəksiz ki, bu, öz nadanlıqlarını ört-basdır etmək məqsədilə onları yalana əl atmağa vadar edirdi, ancaq eyni zamanda bu onlara yalançı biliyi əsl biliklə əvəzləməyə çox qüdrətli bir stimul verirdi. Axı başqalarında özümüzün nəsə bildiyimiz barədə təəssürat yaratmaq istəyirsinizsə, bunu etməyin ən yaxşı üsulu həqiqətən o şeyi bilməkdir. Odurki, biz maqların əndazəsiz iddialarını nə qədər rədd etsək və insanları yanıltdıqlarına görə onları nə qədər pisləsək də, öz ilkin şəklində bu sinfin əmələ gəlməsi bəşəriyyətə saysız xeyirlər gətirmişdir. Cadugərlər, şamanlar təkcə elə müasir həkim və cərrahların deyil, habelə təbii elmlərin bütün sahələrindəki müasir tədqiqatçı və cığıraçanların birbaşa öncəkiləri sələfləridir. Onlar daha sonrakı dövrlərdəki ardıcıllarını bu qədər möhtəşəm və faydalı kəşflərə gətirib çıxaran bir prosesə başlanğıc vermişlər. Və əgər başlanğıc kasad və az ümidverici olmuşsa, bunu həmin insanların təbii bacarıqsızlığının və ya şüurlu kələkbazlığının ayağına deyil, daha çox bilişin, idrakın yolunda ortaya çıxan qaçılmaz çətinliklərin ayağına yazmaq lazımdır.

Magiyanın köməyilə yağışı idarə etmə. İctimai magiyanın ən əsas vəzifələrindən bizi havanın idarə olunmasıdır. Xüsusən də o yağıntıların yetərli miqdarda olmasını təmin etməli idi. Su həyat üçün zəruridir. Dünyanın əksər bölgələrində onun miqdarı leysan yağışlarının düşməsindən asılıdır. Yağış olmadıqda bitkilər solur, insanlar əziyyət çəkir və ölürlər. Buna görə ibtidai cəmiyyətlərdə yağış yağdırıcı xeyli mühim bir fiqur idi. Atmosfer yağıntılarının gəlişini tənzimləmək üçün, bir qayda olaraq, cadugərlərin xüsusi bir taqımı (kateqoriyası) var idi. Köməyilə cadugərin öz peşə vəzifələrini yerinə yetirməyə çalışdığı vasitələr, həmişə olmasa da, adətən homeopatik, və ya imitativ, magiyanın prinsiplərinə əsaslanırlar. Əgər o yağış yağdırmaq istəyirsə, onda su sıçratmaqla və ya buludları yamsılamaqla onu təqlid edir: amma əgər o yağışı dayandırmaq və quraqlıq salmaq məqsədi güdürsə, onda əksinə, sudan uzaq qaçır və bol sulu yağıntıları buxarlandırmaq üçün odun köməyinə əl atır. Bu cür fəndlər heç də əsla, təhsilli oxucuya belə gəldiyi kimi, təkcə elə Mərkəzi Avstraliyanın tez-tez, aylarla aramsız olaraq yandırıcı günəşin mavi, buludsuz səmadan qupquru, cadar-cadar olmuş torpağı külə çevirdiyi qızmar səhralarının sakinlərinin yarağı deyildir. Onlar daha rütubətli Avropa iqlim qurşağında zahirən mədəni xalqlar arasında da kifayət qədər adi bir işdir. İctimai və xüsusi magiya sahələrindən misallar gətirəcəyəm.

Məsələn, Derpt (indiki Tartu) yanındakı kənddə yağışa ehtiyac duyduqları zaman adətən üç kişi müqəddəs meşədəki hündür küknarlara dırmaşırdı. Onlardan biri ildırımı yamsılayaraq çəkiclə qazanı və ya kiçik bir çəlləyi döyəcləyirdi: ikincisi şimşəyi yamsılayaraq vurub kösövlərdən çınqı çıxarırdı, üçüncüsüsə – onu “yağış yağdıran” adlandırırdılar – bir qom budağın köməyilə qabdakı suyu hər tərəfə sıçradırdı. Quraqlığa son qoymaq və yağış yağdırmaq üçün Ploska kəndindən olan qız və qadınlar gecə ikən lüt-üryan kənd civarına gəlir və orada torpağa su tökürdülər.Yeni Qvineyadan qərbə doğru böyük bir adada – adı ya Qalmaqera ya da Gilolodur – şaman müəyyən bir ağacdan qoparılmış budaqla yerə su çiləməklə yağış yağdırmağa çalışır. Şimali Amerikadakı omaxa qəbiləsi hindularında susuzluqdan əkinlər quruyanda Müqəddəs camış cəmiyyətinin üzvləri böyük bir qabı su ilə doldurur və rəqs edə-edə dörd dəfə onun ətrafında dolanırlar. Bu zaman onlardan biri ağzını su ilə doldurub duman və ya çiskini yamsılamaqla onu çiləyərək narın çiskin yaradır. Sonra o qabdakı suyu yerə boşaldır, bundan sonra rəqqaslar yerə sərələnir, üzlərini palçığa sürtərək həmin suyu içirlər. Ən sonda onların hamısı ağızlarına su alıb çiləyərək narın çiskin yaradırlar. Onların inamına görə, bu ayin əkinlərin qorunmasına kömək edir. Yazda apaçi qəbiləsi hinduları (Şimali Amerika) öz əkin-səpinləri üçün cadugərlərdən əlverişli hava satın almaqdan ötrü adətən hamaşlıq edib vəsait yığırlar. Yağışa ehtiyac olanda cadugələr ağızlarında su ilə doldurulmuş qalyanlar saxlayaraq pəhriz tutub rəqs edirdilər. Qalyanlarda suçiləyəndəkinə oxşar deşiklər açılırdı. Bu deşiklərdən yağış yağdırıcı suyu göyün dolu buludlar yığışan tərəfi istiqamətində püləyirdi.Və əgər əksinə, aydın, günəşli bir hava lazım olurdusa, o, komanın çatısına qalxır və var gücü ilə üfürərək buludlara işarə edirdi ki, onlar durmayıb keçib getsinlər. Mərkəzi Anqoniland[1] otaylıları (yerliləri) yağış vaxtında yağmadığı adıbelə yağış məbədinə yollanırlar. Hər şeydən öncə onlar məbəd ətrafındakı ərazini otdan təmizləyirlər. Sonra onların rəhbəri güvəcə (çölməyə) pivə töküb yerə basdıraraq başçı bu sözləri deyir: “Çauta ağa, sənin qəlbin bizə qarşı sərtləşib. Bizdən nə istəyirsən? Axı biz məhv oluruq. Bax, biz sənə pivə verdik, sənsə öz balalarına yağış göndər”. Sonra hamısı qalan pivənin içişində iştirak edirlər: hətta uşaqlara da bir qurtum verirlər. Daha sonra hamısı əllərinə budaqlar alır və rəqs və mahnılarla yağış diləyirlər. Bu zaman kənddə qalmış bir qarı komasının qarşısına bir qab su qoyur. Kəndə qayıtdıqda mərasim iştirakçıları bu suya salıb sonra elə yelləyirlər ki, damcılar mümküncə daha yuxarı səpələnmiş olsun. Bundan sonra artıq heç kəs şübhə etmir ki, tezliklə külək ağır dolu buludlar gətirəcəkdir. Bu hərəkətlərdə din və magiyanın birləşməsini görmək olar: əgər budaqlarla su çiləmə sırf magik ayindirsə, yağış  duası etmə və Çautaya pivə gətirmə dini mərasimlərdir. Şimali Avstraliyadakı mara qəbiləsində yağış yağdırıcı çayın mənsəbinə gedir və onun üstündə ovsun oxuyur. Sonra suyu ovcuna alıb içir, sonrasa ağzında saxlayıb hər tərəfə fısqırdır. Sonda o öz üstünə başdan ayağa su çiləyir, silkinib onu ətrafına səpələyir və tam arxayın şəkildə obaya qayıdır. Belə hesab olunurdu ki, bundan sonra yağış özünü çox gözlətməz. Ərəb tarixçisi Məkrizi, deyilənlərə  görə, Hadramautdakı əlkəmər tayfası köçərilərinin yerinə yetirdiyi yağış kəsmə ayinini təsvir edir. Onlar səhrada müəyyən bir ağacın budağını kəsib alışanadək odun üstündə saxlayır, sonrasa üstünə su çiləyirdilər. Belə sanılırdı ki, bundan sonra yağış yanar budağın üstünə su düşəndə yox olduğu kimi yox olmalıdır. Manipurlu şərqi anqamilərin bir hissəsi, deyilənlərə görə, oxşar ayini əks məqsədlə, yəni məhz elə yağış yağdırmaq üçün icra edirlər. Katta bir kösöv götürüb onu yanıqdan ölmüş bir adamın qəbrinin üstünə qoyur və yağış diləyilə dua edərək kösövü su ilə söndürür. Yağışı təqlid kimi odu su ilə söndürmə burada yanıqdan ölmüş və təbii ki,od tutub yanan bədənini soyutmaq və kəskin ağrını sakitləşdirmək üçün yağış yağmasını çox arzulayan ölünün təsirilə daha da güclənir.

                                                                                      (davamı var)                                                                                        

Tərcüməçi: Obaçı

 

[1] Yəni Nyasa gölündən qərbdəki Anqoni ölkəsinin zulus qrupundan olan cənubi bantu qəbiləsi.

 

Davamı: https://klv.az/2022/10/26/ceyms-corc-freyzer-qizil-budaq-hava-uz%c9%99rind%c9%99-magik-n%c9%99zar%c9%99t-2/

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Türk sözü gözəllik sinonimi kimi

Klv.az saytı “Olmaz belə sadə fəlsəfə” layihəsi çərçivəsində fəlsəfə elmləri doktoru, filosof Niyazi Mehdinin esselərini təqdim edir.   Türk etüdləri   Türk gözəllik sinonimi kimi «Türk» sözünün bir-biri ilə çətin uyuşan layları var. Ortaçağ poeziyasından görünür ki, o həm də gözəllik anlamını daşıyırdı. Çağımızdı dünya gözlləri məsələsində irqçilik çoxdan gedib, ağlarla qaraların […]