Klv.az saytı özbək şairi Xasiyyət Rüstəmovanın şeirlərini Afaq Şıxlının tərcüməsində təqdim edir.
Qısa tanıtım: Xasiyyət Rüstəmova 1971-ci ildə Özbəkistanın Namanqan vilayəti Çüst bölgəsi Almaz kəndində dünyaya gəlib. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində, daha sonra isə 2001-2004-cü illərdə Ali Ədəbiyyat Universitetində alıb. 2015-ci ildən “Kitab dünyası” qəzetinin baş redaktoru vəzifəsini icra edir. İlk kitabı “Göydəki ev”dir. Sonra “Nicat”, “Təsəlli”, “Divar”, “Avqust”, “İşğal”, “40:0”, “Unudulmuş illər”, “Başıboş gəzən buludlar” kitabları nəşr edilib. Bir çox əsərləri xarici dillərdə tərcümə edilən şairin “Sabahsız günlər” əsəri türk dilində, “Qorxunc” şeirlər toplusu isə Azərbaycan dilində işıq üzü görüb. O, Anna Axmatova, Marina Svetayeva, Yevgeni Yevutuşenko, Fazil Qısakürək, Hüsnü Dağlarca, Ramiz Rövşən, Nigar Rəfibəyli və Qənirə Paşayevanın şeirlərini, 20 yanvar qətliamı şəhidlərindən Ülvi Bünyadzadənin yazıçı-publisist, filologiya elmləri doktoru Almaz Ülvi tərəfindən tərtib edilən “Ömür yolu” adlı poemasını özbəkcəyə tərcümə etmişdir. 2004-cü ildə Özbəkistan Respublikasının “Şöhrət” ordeni ilə, Mikayıl Müşfiq adına Azərbaycan Beynəlxalq mükafatı və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitututunun Fəxri Fərmanı ilə təltif edilib. Taylandda keçirilən Beynəlxalq “Open Euroasian Literature festival and book forum” şeir müsabiqəsinin birincisi olub (“Kəpənək mahnısı”, 2018).
Leyli ağaclar
Bir gün söyüd belə Məcnuna dönər,
Göylərə üz tutub, o da dil açar.
Yıxmaz gövdəsini dəli küləklər,
Aşiq sevdasıyla göylərdə uçar.
Nə bulaqlar – duyan,
nə yollar – bilən!
Cavabsız qoyarlar suallarını.
Amansız quşlarmı almış əlindən
Leyli ağacının xəyallarını?..
İmtina
Ağlamaq istərəm, amma ki, çox gec,
Sənə dərdlərimdən vermərəm xərac.
Gözünə görünmək istəmirəm heç,
Köksünə quş belə sığmayan ağac!
Səndən ümidimi üzmüşəm artıq, –
Ruhum sənə gələn yolu unudub.
Elə həyatdan da küsmüşəm artıq,
Yaşaram, əlimlə köksümü tutub…
Axmatovaya
Vücudumu atəş sarar,
Qar kimi əriyər göylər.
Qismət nəsə o da olar;
“Xoşbəxt olmaq istəmirəm!” –
qəlbim söylər.
Başım üstdən bulud axar…
Yer qaçar ayağım altdan.
Gözlərinə baxa-baxa
Şeir demək necə asan!..
Bu şeirlər ikimizin!
Bir kitabda yoxdur hələ.
Razısanmı, ey əzizim,
Onlar düşsün dildən-dilə.
Bir nöqtədə dursa zaman
Divarlardan küsər saat.
Bəxtin verməz sənə aman,
Arzuları başından at!
***
Külək əsər, çırpar yerə
qarşısından qaçanı.
Özümdən gizləyim hara
Allah verdiyi canı?
Oyandım, yenə oyandım –
ürəyimdə intizar.
Əlini uzatma canım,
bu gün “əlvida”mız var.
Yolçu, bu da nə təsəlli?
kövrəltmə son anıımı.
Utandırım qoy, əcəli –
peşkəş edim canımı.
***
Məgər az idimi çəkdiyim çilə,
Siyah saçlarım da indi bəyaz qar…
Səni yuxularda görməyim belə
Yəqin ki, aləmə aşikar olar.
Qərib bir həyəcan könlümü sarmış,
Xoşbəxt olduğuma inanmaram mən.
Bilmirəm nə edim… Sabah olmamış
Bütün yuxuları silimmi görən?..
***
Qəribə deyilmi, sağam bu mövsüm,
Çiynimə yük olmuş dörd fəsil – dörd qış!
Asanmı sanırsan, qırx ildir köksüm
İçində ən ağır ürək daşımış!..
Yorğunam. Ağrılar sinəmə batır,
Bu halda dünyadan necə köçəsən?!
Ürəyim dayanır, sanki həyatın
Hökmü qarşısında diz çökmüşəm mən.
Yeknəsəklik
Həyətimdə rüzgar əsir,
Pəncərəmi döyür qar.
İçimdən qopan yellərdən
Güclümü bu rüzigar?
Pəncərəmin qarşısında
Yağır bir leysan yağış.
İçimdən daşan sellərə
Bu damlalar – yalvarış!
***
Baxıram… Dinmirsən…
Əhvalın sərin…
Fikrində nə var ki, ruhunu sarmış?
Gözünə görünmür bişirdiklərim,
Bütün yeməklərim sobada qalmış.
İşdə olarkən də gəlməm ağlına,
Amma mən evimdə tək deyiəm, bax –
Gözləyir otaqda məni Marina,
Gözləyir otaqda məni Pasternak!
***
Bu günü də vurdum başa,
Oyalandım, bitdi keçdi…
Öz adımı yazdım daşa,
Əcəl gəldi, ötdü keçdi…
Ayaqlarım yerə batır,
Torpaq başa necə yaxın!
İşim də qalmamış, baxın,
Həyat məni atdı, keçdi…
“Günahkar” dedilər, yenə
Uymadım nifrətə, kinə.
Kimlərsə yazdı könlünə,
Kimlərsə unutdu keçdi…
***
Yalvardım “Allah!” deyə,
Açıldı Göyün üzü, –
Başladı əritmyə
Ürəyimdəki buzu.
Odum yox,
yol – duman, çən.
Tutmuşam ürəyimi;
Qoruyuram səni mən
Son kibrit çöpü kimi.
Sözardı yerinə
Şeir ətirli qadın ömrü
Bu yay çox sevdiyim bir ölkənin – böyük türk dünyasının bir parçası olan Özbəkistanın tanınmış şairəsi X.Rüstəmovanın şeirlərini tərcümə etmək mənə qismət oldu. Ana dilim qədər sevdiyim özbək dilinin nadir gözəlliyə malik olan bu şeir nümunələri məni valeh etməyə bilməzdi. Boynuma alıram ki, onları tərcümə edərkən, fikirlərimi, təəssüratlarımı qələmə almağı düşünmürdüm. Amma Xasiyyət xanımın bu maraqlı könül misralarının xətrini qıra bilmədim. Bir qədər fikirləşdim və qərara gəldim ki, ənənəvi Ön söz deyil, öz sözümü yazım. Xasiyyət xanım bütün istedadlı qadın yazarların ümumiləşmiş surəti olsun! Yazdıqlarım, bu çox sevilən şairə (şairə sözünü sevmirəm-A.Ş.) olan şəxsi münasibətimi deyil, onun dediklərinə və deyə bilmədiklərinə münasibətimi əks etdirsin…
Qəribədir, bəzən qadın şairləri kişi şairlərlə müqayisə edib, üstünlüyü ikincilərə verirlər. “Qadınların yazdığı şeir, istər qadına, istər başqa əhatə dairəsinə aid olsun, əvvəl-axır qadınlıq hisslərindən qaynaqlanan bir şüuraltı təsirin nəticəsində yazılır”, – deyə düşünürlər. Nədən?
Təbii ki, hər bir şeir yazılarkən, sözlər hansısa hisslərdən qaynaqlanaraq gəlir. Qarşısına kağız və qələm qoyaraq, özünü qafiyə axtarmağa məcbur edən, mövzu üçün baş sındıran, zamanın damarını tutmağa calışıb “lazımı” şeirlər yazan “şairləri” çıxsaq, bütün yazarlar öz duyğularını sətirlərə köçürürlər. “Öz” – o demək deyil ki, onlar yalnız öz həyatlarını və başlarına gələnləri yazırlar. Xeyr! Əsl yazar üçölçülü fəzada görməyi bacarmalıdır. Yalnız öz həyatından yazılarsa, sözlər və mövzular çox tezliklə tükənər və yaradıcılıqda müəyyən bir stereotip, təkrarlanma yaranar ki, bu da oxucuları bezdirən, yazarın dəyərini azaldan bir fəlakət olar. Şair də, eynilə aktyor kimi, başqalarının yaşadığı hiss və həyəcanları öz içindən keçirə bilməlidir.
Əslində, şairlər qibtə olunacaq qədər xoşbəxt insanlardır. Elə sözlər, elə duyğular vardır ki, qəlibə sığmaqdan imtina edirlər. İnsanların bəzən özünə belə etiraf edə bilmədiklərini, şairlər sözlərinə etibar edir. Şair, ürəyini böyük bir oxucu kütləsinə açır. Poeziya bizim nağılımızdır. Qəlbimizi, ruhumuzu daşlaşmaqdan, məhv olmaqdan qorumaq üçün…
Əzizim,
Xəyalın hara tələsir? –
O gözəl üzünə
Şəfəq doğmamış.
Pəncərəyə boylan,
Qərib yel əsir,
Bir də, bir nigaran
Yağış başlamış.
Ümumiyyətlə, qadınların daxilində – həm şıltaq bir qız övladı, həm zəhmətkeş ana, həm qürurlu xanım, vəfalı ömür-gün yoldaşı, hər hansı bir sənət sahibi, həm də, hər zaman sevib-sevilmək ehtiyacı duyan kövrək bir insan yaşayır. Hətta özünü çox əzəmətli və yenilməz göstərənlər belə nəvazişə ehtiyac duyurlar. Nəvazişsizlik qadını qabalaşdırır. Ömrün istənilən çağında, o nəvaziş gəlişi gözləniləndir, xoşdur. Şair qadınlar isə tamam ayrı bir özəlliyə malikdirlər, onların içində dünyaya sığmayan – əzmli, lakin yumşaq, körpə uşaq təmizliyini qoruyub saxlayan bir ruh vardır. O ruh hər zaman nisgillidir, həsrətlidir. Nəyinsə sorağındadır, nəyinsə axtarışındadır.
Külək əsər, çırpar yerə
Qarşısından qaçanı.
Özümdən gizləyim hara
Allah verdiyi canı?
Oyandım,
Yenə oyandım –
Ürəyimdə intizar.
Əlini uzatma canım,
Bu gün “əlvida”mız var.
Və ya
Bu günü də vurdum başa,
Oyalandım, bitdi keçdi…
Öz adımı yazdım daşa,
Əcəl gəldi, ötdü keçdi.
Günahkar dedilər, yenə
Uymadım nifrətə, kinə.
Kimlərsə yazdı könlünə,
Kimlərsə unutdu keçdi.
Son zamanlar şair sözü çox hallanır. Konstantin Stanislavskinin bir deyimi var: “Özünü incəsənətdə deyil, incəsnəti özündə sevmək lazımdır!” Şair dedikdə, ədəbiyyatı özündə sevən adamı nəzərdə tutmalıyıq; istər qadın olsun, istər kişi – özünü şair kimi təqdim etməkdən həzz alan, şöhrət ardınca qaçan, dünyanı gəzmək və ya tədbirlərdə görünmək məqsədilə şair olmağa can atan adamdan heç vaxt şair olmaz. Özünü ədəbiyyatsız təsəvvür etməyən, onunla yaşayan, onunla nəfəs alan, yazdıqlarından daha çox, oxucularını sevən adamdır şair.
X.Rüstəmovanın şeirləri, onun məhz belə bir şair olduğundan xəbər verir:
Deyirəm, yaxşı ki,
Şeirlərim var!
Hər kəsə hədiyyə –
Məndən yadigar!
Getmərəm dünyadan
gözləri açıq,
Qaçhaqaç dünyada
yazılan qalar!
Mənim fikrimcə, öz yazılarında səmimiyyəti pozanlar, yazmaq xətrinə yazanlar, A.Puşkinin dediyi kimi “qafiyə düzənlər” bir yolla irəli çıxsalar belə, heç zaman ədəbi ucalıqda qala bilməzlər. Onların saxtalığını əsl oxucu mütləq hiss edir. Oxuduqca anlayırsan ki, Xasiyyət xanımın yazdığı bircə misra belə sözgəlişi yazılmayıb. Hər bir sözün öz mənası, öz açarı var.
Qəribə deyilmi, sağam bu mövsüm,
Çiynimə yük olmuş dörd fəsil – dörd qış!
Asanmı sanırsan, – qırx ildir köksüm
İçində ən ağır ürək daşımış!
Mən ədəbiyyatı güllü-çiçəkli bir bağçanın həyətindəki, pəncərələri Günəşə açılan ağ eyvanlı gözəl bir evə bənzədirəm. Bu evdə çox otaq var. Kimlərsə kirayənişindir burada, kimlərsə sahibkar. İ.S.Turgenevin sözlərilə desək: “Poeziya – yalnız şeir demək deyil… O hər yerdə var, bizi əhatə edir. Siz bir bu ağaclara, o səmaya baxın – hər tərəfdən gözəllik və həyat ətri gəlir. Harada gözəllik və həyat varsa, orada poeziya var…” Qəribədir ki, vurğun və kövrək şair qəlbi, həm də sarsılmaz bir qəhrəman, yenilməz bir sərkərdə kimi hər zaman azadlıq axtarışındadır. Şair ruhu hər zaman göylərdə pərvaz edir, lakin bu azadlıq, bu pərvəriş bəs etmir onun uca ruhuna. Şeirlərsə… Onlar öz sahiblərindən fərqli olaraq daha xoşbəxtdir. Qələmin ucundan vərəğə daman hər bir misra – azad quş kimidir.
Ah, mən göydə uçaydım kaş!
Göylə birgə uçaydım kaş!
Ey asiman, qaçır məni!
Öz bağrında
bircə dəfə uçur məni!
Və ya
İndi bütün günü düşünəcəyəm,
Ağrıyan başıma dərd oldun bir az.
Məndə olmayanı istəmə məndən
Utandırma belə, körpə quşcuğaz!
Maraqla baxarsan qəfəsi açsam, –
Çörək gətirirəm, bir ovuc da dən.
Hər şey verəcəyəm susasan, acsan,
Azadlıqdan başqa… hər nə istəsən.
Şair bir ağacdırsa, şeirlər onun qol-budağıdır.
Bir gilənar yarpağıyam, qopmuşam.
Diqqətini çəkməz halım,
Unudum!
Bir şair qadın üçün həm yaradıclıqla məşğul olmaq, həm ev işlərinə lazımınca diqqət vermək, bu arada özünü də unutmamaq, şübhəsiz ki, çətindir. Məişət qayğılarından qaça bilmərik. Evimizin həm xanımıyıq, həm də qulluqçusu. Bu bizi heç alçatmır da. Çünki öz evimizdir, öz əzizlərimizdir. Qadınlar – yuxularından kəsərlər. Qadınlar – sevgilərini paylaşmağı bacararlar. Özündən özünə heç nə saxlamaz qadınlar.
Düzdür, zərifik, kövrəyik. Bəzən yorulur, qırılır, həvəsdən düşürük. Amma bir şeyə inanırıq ki, ədəbiyyat əbədidir! Və o, bizim əbədi sevgimizdir! Qadınlar isə sevgi yolunda özlərini fəda etməyi bacarırlar.
Sən qarı, yağışı öhdəmə burax,
Gəz-dolan, qaçırma könlün deyəni.
Amma taleyimtək, yalvarıram, bax,
Dəli rüzgarlara buraxma məni!
Afaq ŞIXLI
Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birliklərinin üzvü,
AYB Moskva bölməsinin katibi, şair-tərcüməçi.