Eyvaz Zeynalov. Plastilin tülkü (nağıl-hekayə)

Balalara hədiyyə

Plastilin tülkü

(nağıl-hekayə)

 

Səlimin nə qardaşı vardı, nə də bacısı. Tək darıxırdı. Bir gün atası ona dedi:

– Bəlkə plastilindən oyuncaq düzəldək?

– Düzəldək, – Səlim sevindi.

– Yaxşı, əvvəlcə nə düzəldək?

– Cücə. – Səlim cücələri babasıgildə görmüş, çox xoşuna gəlmişdi.

Atası plastilindən cücə düzəltməyə başladı. Səlim onu diqqətlə izlədi. Bu işin asan olduğunu düşündü. Tez plastilinləri qabağına çəkdi. Xeyli çalışdı. Axırda qıçları əyri, tükləri pırpız, rəngi ala-bula, dimdiyi kobud, gözləri pərtdə, bir sözlə, eybəcər bir cücə düzəltdi. Amma görəydiniz necə sevinirdi! Axı, öz ağlının, əlinin əməyi idi. Atılıb-düşür, yerə-göyə sığmırdı.

Atası ruhlandırmaq üçün onu təriflədi. Səlim də yeni həvəslə daha bir neçə cücə düzəltdi. Onlar yavaş-yavaş əsl cücələrə oxşadı. Rəngbərəng, sevimli idilər!..

Səlim anasını çağırdı:

– Gəl gör necə qəşəng cücələrdi!

Anası plastilin cücələri çox bəyəndi. Soruşdu:

– Bəs bunların anası hanı?..

Səlim cavab verə bilmədi. Atası dedi:

– İndi biz bir anac toyuq da düzəldərik. O da olar cücələrimizin anası.

Ata-bala vaxt itirmədən işə girişdilər. Plastilindən bir toyuq düzəltdilər. Səlimin sevincinin həddi-hüdudu yoxdu. Sevimli cücələrini toyuğun böyür-başına düzdü. Dərhal anasını səslədi:

– Cücələrimin anası xoşuna gəlir?

Anası toyuğa baxıb heyrətini bildirdi:

– Oyy!.. Nə gözəl toyuqdu! – Lakin birdən nəsə xatırlayıb fikrə getdi.

Səlimin atası soruşdu:

– Yenə nəsə çatmır?

– Hə, – anası başını tərpətməklə təsdiqlədi.

– Nə çatmır? – Bu dəfə Səlim dilləndi.

– Xoruz, – anası dedi. – Axı, onları kimsə qorumalıdı.

Səlim atası ilə köməkləşib bir qəşəng xoruz da düzəltdi. Qıçları uzun, dimdiyi iti, pipiyi dilikli, qıpqırmızıydı.

 

***

Plastilin xoruzu, toyuq-cücələri ilə oynamaq Səlim tez bezdirdi. Anası oğlunu kədərli görüb soruşdu:

– Nədən narazısan, oğlum?

– İstəyirəm düzəltdiyim xoruz, toyuq-cücə doğruçu olsun.

– Necə yəni doğruçu? – Anası heç nə başa düşmədi.

– Doğruçu də, doğruçu. Xoruz kənddə, babamgildə gördüyüm xoruz kimi banlasın, toyuq toyuq kimi qırtıldasın, cücələr də onun ətrafında civildəşə-civildəşə ora-bura qaçsınlar.

– Axı, bunlar plastilindəndi, oğlum.

– Neyniyim, neyniyim!.. – Heç nə eşitmək istəməyən Səlim ayaqlarını yerə döyüb ağladı.

Anası bir qədər fikirləşməli oldu. Axırda onu sakitləşdirmək üçün dedi:

– Bu da mümkündü, oğlum.

– Nə mümkündü?

– Plastilin xoruzuyun, boyuq-cücələriyin əsl, doğruçu olması. Ancaq bunun üçün sənin bir gecə yatıb durmağın lazımdı.

– Bir gecə yatıb-dursam, hamısı doğruçu olacaq?

– Hə.

Anası canını qurtarmaq üçün təsdiqləməyə məcbur oldu. Fikirləşdi ki, uşaqdı də, yatıb durar, hər şey yadından çıxar. Səlim isə anasına inandı.

 

***

Səlim səhər yuxudan xoruz banına oyandı. Gözlərini ovub o biri otağa qaçdı. Möcüzə baş vermişdi. Plastilin xoruz, toyuq-cücə bir gecədə dönüb əsl, doğruçu xoruz, toyuq-cücə olmuşdu. Səs-küyləri otağı başına götürmüşdü. Televizorda “Cücələrim” mahnısı çalınırdı. Plastilin toyuq xüsusi avazla oxuyur, plastilin xoruz dirijorluq edir, plastilin cücələr də televizorun qarşısında ritmə uyğun oynayırdılar. Səlim gözlərinə inanmırdı. Gördüklərinə mat qalmışdı.

Birdən yadına düşmüş kimi valideynlərini harayladı:

– Ana, ata, tez bura gəlin!

Onlar dərhal göründülər. Demə, bayaqdan ara qapının arxasında dayanıb, bu mənzərəyə tamaşa edirmişlər.

Səlim anasından soruşdu:

– “Cücələrim” mahnısını kim bəstələyib?

– Bəstəkar Qəmbər Hüseynli. Bütün dünyada məşhurdu.

– Sözləri də şair Tofiq Mütəllibovundu, – atası əlavə etdi.

Bir azdan musiqi bitdi. Plastilin toyuq plastilin cücələrini başına yığıb, otaqda hərlənməyə başladı. Cücələr uzaqlaşan kimi toyuq qırt-qırtla onları yanına çağırırdı. Hələ lovğa-lovğa toyuq-cücənin ətrafında fırlanan, kimsəni onlara yaxın düşməyə qoymayan caydaq xoruzu görəydiniz! Lap möcüzəydi!

Həmin gündən Səlim də onlara qoşuldu. Çox xoşbəxtdilər.

 

***

Hə, uşaqlar, yəqin maraqlanacaqsınız, bəs sonra nə oldu? İnanın, mən bu nağılı pis sonluqla bitirmək fkrində deyiləm. Amma buna məcburam. Səlimin plastilin xoruzu, toyuq-cücələri o vaxta qədər xoşbəxt yaşadı ki, o, plastilindən tülkü düzəltməyi öyrəndi…

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Agatha Christie. Qəhvəyi kostyumlu kişi - 3

Əvvəli: Agatha Christie. Qəhvəyi kostyumlu kişi – 2 XI Ser Yustas Pedlerin gündəliyindən (davamı) Gəmimizdə həyat ahəngdar gedir. Xoşbəxtlikdən dəniz xəstəliyi mənə əzab vermir. Bədbəxt Peqqet isə xırdaca yırğalanmadan göm-göy göyərir. İkinci katibim də sıradan çıxıb. Hər ehtimala qarşı o, kayutdan bayıra çıxmır. Maraqlıdır görəsən niyə? Dəniz xəstəliyi, yoxsa konspirasiya […]