(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Yenə də əvvəlki kimi zəhmət və möhnət üçün insanlar doğulur və elə əvvəlki kimi də yer üzündə qısa bir oluşdan sonra əbədi olaraq səma səltənətinə ulularının yanına gedirdi. Hər şey öz adi yerişi ilə gedirdi, lakin gözündəki pərdə düşmüş olan kəsə bu indi başqa cür görünürdü. O artıq özünə belə bir xoş xəyalla təskinlik verə bilmirdi ki, yerin və göyün hərəkətini idarə edir, o öz zəif əlini fələyin çərxinin (sükanının) üstündən götürsə, dərhal ulduzlar öz böyük dövranını bitirəcəklər. O artıq öz düşmənlərinin və ya dostlarının ölümündə öz və ya düşmən ovsunlamalarının dəfolunmaz gücünün isbatını görmürdü. İndi o bilirdi ki, dostları da, düşmənləri də onun özünün malik olduğu gücdən daha qüdrətli bir qüvvənin qurbanı olmuşlar: onlar qarşısında onun da aciz olduğu taleyə tabe idilər.
Beləliklə, əvvəlki lövbər zəncirlərindən qopmuş, şübhə və qeyri-müəyyənliyin coşqun dənizində axına düşmüş, özünə və öz gücünə əvvəlki inamında amasızcasına sarsıdılmış primitiv filosofumuz təlatümlü bir səyahətdən sonra sakit limana yan alan bir gəmi kimi onun əndişəli şübhələrini çözmüş və ondan imtina etməli olmuş olduğu təbiət üzərindəki ali hakimiyyətinə əvəz (səbatsız olsa da) vermiş olan yeni bir inam və fəaliyyət sistemində lövbər salıb oturuşana qədər, olsun ki, tam çaşqın və müvazinətsiz bir halda idi. Əgər bütün bu nəhəng dünya onun və ona oxşarların köməyi olmadan öz gedişini sürürdüsə, bu, əlbəttə ki, ona görə baş verirdi ki, ona oxşar, lakin ondan çox-çox daha qüdrətli, özləri görünməz olsalar da təbiətin gedişini yönəldən və indiyədək insanın öz magik ayinlərindən asılı olduqlarını düşündüyü hadisələrin cürbəcür sıralarını törədən başqa varlıqlar da varmış. İndi o başa düşmüşdür ki, bu ali varlıqlar fırtına küləyini əsməyə, şimşəyi çaxmağa və ildırımı vurmağa məcbur etmişlər. Yerin təkini, özülünü və təlatümlü dənizin hədlərini onlar qoymuşlar. Möhtəşəm kəhkəşanları işıq saçmağa məcbur edən, göydəki quşlara azuqə və səhradakı vəhşi heyvanlara yem verən, münbit torpağa bol-bol məhsul verməyi, hündür təpələrə meşələrlə bürünməyi, qaynar bulaqlara dərələrdə qayaların altından çağlamağı, yaşıl otlaqlara sakit suların sahilləri boyu uzanıb getməyi əmr edən də onlardır. İnsana həyat nəfəsi verən və ona aclıq, taun və müharibələr göndərən də onlardır. İnsan indi onların görünməz gücündən asılı olaraq həqiranə şəkildə xahiş etməklə, ona hər cür nemətləri bəxş etmələri, fani insan həyatını hər tərəfdən əhatəyə alınış təhlükələrdən qorumaları, cismani yükündən qurtulmuş ölməz ruhunu ağrı və əndişələr üçün çatılmaz olan, orada başqa inanclı insanların qəlbləri ilə birgə bəxtiyarlıq və sevinc içində əbədi hüzur tapa biləcəyi bir xoşbəxt dünyaya gətirmələri üçün bu qüdrətli varlıqlara üz tuturdu.
Güman etmək olar ki, insanlardan ən bəsirətliləri magiyadan dinə böyük keçidi bu cür və ya təxminən bu cür etmişlər. Ancaq hətta onlarda belə bu cür dəyişiklik qəfil baş verə bilməzdi. Yəqin ki, o, çox yavaş-yavaş, pillə-pillə baş vermiş və özünün az ya çox dərəcədə tam bitişi üçün bir çox illər tələb etmişdir. İnsanın təbii proseslərin gedişinə mühüm təsir göstərməkdə aciz olduğunun etirafı ona, olsun ki, tədricən gəlmişdir: öz xəyali ağalığından o, dərhal, birdən-birə imtina edə bilməzdi. Öz dikbaşlığından insan addım-addım azad olur, öz mövqelərini dərin təəssüf hissilə qarış-qarış təslim edirdi. Gah küləyi, gah yağışı, gah günəşi, gah da şimşəyi öz iradəsinətabe etdirməyə özünü qabil saymırdı. Təbiət qüvvələri nə vaxtsa ona səltənət kimi görünən şey kiçilib türmə ölçülərinə çatanadək bir-bir onun təsiri altından çıxırdılar. İnsanı get-gedə daha çox öz acizliyi hissi və onu əhatəyə almış görünməz varlıqların qüdrətinin dərki çənginə alırdı. Din fövqəlşəxsi varlıqların mövcudluğunun zəif və qismi etirafından başlayır, lakin bilikləri artdıqca insan özünün ilahi başlanğıcdan tam və mütləq asılılığının etirafına gəlib çıxır. Onun allahla keçmişdəki sərbəst davranma tərzi sirli, görünməz qüvvələr qarşısında ən dərin bir ruhi tənəzzüllə əvəzlənir və onların iradəsinə tabe olma ən böyük bir fəzilətə çevrilir. İn la sua volontate e nostra pace.[1] Amma dini hissin bu dərinləşməsi və bütün məsələlərdə tanrı iradəsinə get-gedə daha çox tabe olma yalnız dünyanın nəhəngliyini və insanın ondakı yerinin cüziliyini dərk etmək üçün yetərincə dünyagörüşü olan yüksək zəka insanlarına aiddir. Dargöz insanlarsa böyük ideyaları dərk etmək iqtidarında deyillər: onların zəif gözlərinə özlərindən başqa heç nə həqiqətən böyük və mühüm görünmür. Onlar ümumiyyətlə nadirən dini baxışlaradək yüksələ bilirlər. Düzdür, onlara dini buyruqlara zahirən əməl etməyə və dini təlimlərə tapınmağı öyrədirlər, lakin qəlblərinin dərinliyində onlar köhnə magik xurafatlara bağlı qalırlar, bu xurafatlarısa din rədd, təkzib edə və pisləyə bilər, amma kökündən ləğv etmək qüdrətində deyil, çünki öz kökləri ilə onlar insan türünün böyük əksəriyyətinin mental (psixi) strukturunun dərin qatlarına gedib çıxırlar.
Oxucuda belə bir sual vermək istəyi yarana bilər: “Nəyə görə ağıllı adamlar magiyanın yanlışlığını daha əvvəllər aşkar edə bilməyiblər? Axı onlar necə daimi məyusluq gətirən illüziyaları bəsləməkdə davam edirdilər? Nəyə görə onlar əsrlər boyu müqəddəslənmiş patronimləri inadla oynayır, heç bir xeyir gətirməyən təntənəli cəfəngiyatı donquldanırdılar? Nəyə görə onlar təcrübəyə bu qədər açıq-aşkar zidd olan inanclardan tutub buraxmırdılar? Bu qədər tez-tez uğursuzluqla bitən eksperimentləri təkrarlamağa onlar necə cürət edirdilər?” Məsələ bundadır ki, yanlışlığı burada üzə çıxarmaq əsla asan deyildi, uğursuzluq heç bir zaman gözgörəti olmayıb, çünki bir çox halda, ola bilsin hətta əksər hallarda onu doğurmağa yönəlmiş ayinin icrasından bir qədər vaxt keçdikdən sonra arzulanan hadisə həqiqətən də baş verirdi. Onun səbəbinin heç də elə hökmən ayin olmadığını başa düşmək üçün qeyri-adi dərəcədə bəsirətli ağıl tələb olunurdu. Köməyilə külək və ya yağış törətmək və ya düşməni məhv etmək istədikləri ayinin ardınca həmişə er ya gec arzulanan hadisə baş verirdi və ibtidai insanı bu hadisəni ayinin birbaşa nəticə və onun təsirliliyinin ən yaxşı sübutu kimi qiymətləndirdiyinə görə bağışlamaq olar. Elə bu cür də səhərlər günəşə doğmağa və yazda ən azı mülayim iqlim bölgələrində mürgüləyən torpağı qış yuxusundan oyatmağa kömək etmək üçün qılınan ayinlər labüd şəkildə uğurla nəticələnəcəkdir. Axı bu bölgələrdə günəş hər səhər şərqdə öz qızıl çılçırağını yandırır, yazlıq torpaqsa hər il cah-cəlallı, yam-yaşıl libasa bürünür. Buna görə öz konservativ instinktlərilə işgüzar vəhşi adam radikal filosofun özünə rəva bildiyi o sözlərə qulaq verməyə bilərdi ki, onlar nəticə etibarilə günəşin çıxması və yazın gəlməsinin bu və ya digər gündəlik və ya hərillik ayinlərin dəqiq şəkildə yerinə yetirilməsinin birbaşa nəticələrinin olmaya bilməsinə və ayinlər icra olunmasa da ağacların çiçəklənə, günəşin doğa biiləcəyinə eyham vururdular. Təbii ki, bu şəkkak gümanlar soydaşlar tərəfindən inam üçün məhvedici və kəskin şəkildə təcrübəyə zidd olan boş fantaziyalar kimi hiddət və nifrətlə rədd edilmişlər. “Bundan açıq-aydın nə ola bilər ki, –deyə ona cavab verirdilər, –günəş göydə öz böyük tonqalını ona görə qalayır ki, mən yerdə iki penslik şam yandırıram? Mən yazda öz yaşıl paltarımı geyinirəmsə, necə ola bilər ki, ağaclar da eyni şeyi etməsin? Bu hamıya bəlli faktlardır və məndə onlara əsaslanıram. Mən adi bir işçi babayam, sizin, nəzəriyyəbazların, itqovan çərənçilərin tayı deyiləm. Ola bilsin, nəzəriyyə və ehkamçılıq özlüyündə pis deyil və mənim sizin özünüzü bu işə həsr etməyinizə qarşı etirazım yoxdur. Amma izn verin mən faktları rəhbər tutum, onda, heç olmazsa, hansı dünyada olduğumu biləcəyəm.” Bu cür mühakimənin yanlışlığı bizimçün ona görə açıq-aşkardır ki, onun üzərlərində qurulmuş olduğu faktların yanlışlığına dair bizlərdə çoxdan heç bir şübhə qalmamışdır. Amma əgər bu cür arqument müzakirə prosesində olan məsələlərə tətbiqən irəli sürülürsə, onda ingilis auditoriyası onu sağlam bir arqument kimi alqışlamazmı və o onun müəllifini parlaq və görkəmli olmasa da, mütləq şəkildə sağlam düşüncəli, işgüzar və ehtiyatlı bir adam saymazmı? Əgər bu cür arqumentlər bizim cəmiyyətimizdə sağlam arqumentlər sayılırsa, onda çox uzun müddət ərzində vəhşi insanın onların yanlışlığını aşkar etməyə müvəffəq olmamasına təəccüblənməyə dəyərmi?
(davamı var)
Tərcüməçi: Obaçı
[1] Hüzurumuz onun əlindədir (lat.).