Mett Heyqin “Zamanı necə dayandırmalı” romanı əsasında
Zaman…
Bu sözü deyəndə insan bir anlıq duraxsama yaşayır, ağlından yüzlərlə həm bir-birinə zidd, həm də həmahəng olan düşüncə keçir.
Zaman nədir? Nə üçün var? Onun mütləq qanunlarını necə qırmaq, azad olmaq olar?
İnsanoğlu bu sualları verməyə, çox güman ki, primatlıq, ya da cənnətlə vidalaşdıqdan sonra başlamışdır. Cavablar elə sualların özü qədər çoxdur. Bütün bu müxtəlifliklər çoxluğu günümüzün xaotik dünyasını təşkil edir. Bizlər zamana məhkumuq, onun mütləq sərhədlərinin, qanunlarının qarşısında boynumuz teldən incədir. Bu vəziyyəti öz xeyrimizə dəyişməyə çalışırıq. Bir həll yolu var, o da zamanı anlamaq. Elm bu arzunu gerçəkləşdirmək üçün həll yolları axtarmağa, fəlsəfə mövcud olan və olacaq durumları dəyərləndirməyə yönəlmişdir. Bəs ədəbiyyat?
Ədəbiyyat fəlsəfə, elm və sağlam təxəyyülə əsaslanan ehtimalların yaşandığı bir dünya yaradır və siz oxumağa başladığınız andan etibarən bu dünyanın içinə həbs olunursunuz.
Mett Heyq uşaqlar və böyüklər üçün spekulyativ fantastika janrında bədii və qeyri-bədii kitablar yazan ingilis yazıçısı və jurnalistidir. O, “Zamanı necə dayandırmalı” romanında insan və zaman xətti üzərində işləyir. Kitabdakı dünyada müəyyən bir qrup insan kütləsi var ki, “anageriya” yəni “əbədi cavanlıq”, “ləng yaşlanma” adı verilən xəstəliyin daşıyıcısıdır. Anageriya daşıyıcısı olan insan adi insandan 13-14 dəfə gec yaşlanır, xəstəliklərə yoluxmur.
Tom Hazard 1581-ci ilin martında Fransada zadəgan ailəsində doğulur, atasını hələ balaca ikən müharibədə itirir, anasını isə…
Anageriya özünü Tomda 13 yaşından sonra göstərməyə başlayır. Bu hal çox keçmədən mövhumatlara inanan toplumun diqqətini çəkir və bu, anasının cadugər adlandırılaraq işgəncələrlə öldürülməsi ilə nəticələnir. Günahsız ananın sadəcə bir arzusu var, o da özəl olduğuna inandığı oğlunun öz həyatı üçün daim mübarizə aparmasıdır. Tom insanlığın iyrənc və qaranlıq tərəfləri ilə tanış olur, bərk sarsılır, kimsəsiz və ümidsiz birinə çevrilir, həyatda qalmaq və bir növ yaşadıqlarından qaçmaqdan ötrü yaşadığı yerdən baş götürüb getməyi seçir və həyat onun qarşısına əsrlər boyu sevgisini qəlbində daşıyacağı qadını – Rouzu çıxarır. Rouz Toma sığınacaq vermir, onun üçün sığınacağın özü – ailə olur. Yaşanan məsumanə gözəl anlar, evlilik, sevgidən doğulan gözəl və ağıllı körpə Merion. Gecə-gündüz kimi bir-birini əvəz edən əsrarəngiz və qaramsar günlər aylara, aylar isə illərə dönür, ayrılıq yetişir. Bəzən sevdiklərimizin salamatlığı üçün onlardan əl çəkməli oluruq. Kitabın sonlarına doğru Tom əsrlər sürən yalnızlıqdan qurtulur, Rouzdan sonra ilk dəfə bir qadına – Kamillaya aşiq olur, dinclik duyduğu, zövq aldığı işlə məşğul olur və ən nəhayətində, qızı Meriona qovuşur (Anageriya Tomdan genetik olaraq Meriona ötürülüb).
Müəllifin romanı yazmaqda məqsədi belə bir halın yaşanacaq olduğu halda, başımıza gələ biləcəklərin və hiss edəcəklərimizin gün işığına çıxarılmasıdır.
Gəlin düşünək: Əgər anageriya daşıyıcısı biz, ətrafımızdan sevdiyimiz, ya da sevmədiyimiz biri olsa idi, nə hiss edərdik? Modern bir cəmiyyət olaraq bu insanları qəbul edərdik, ya təcrid? Anageriya tanrının, təbiətin bir lütfüdür, yoxsa lənəti? Tom və Tomkimilərin həyatından nə kimi nəticələr çıxara bilərik?
Anageriya – Toma Ceyms Kuk, Fitsceraltl, Şekspir, Doktor Samuel Conson kimi dünyada iz qoyan şəxsləri yaxından görmək imkanı verir, fəqət Tomun 4 əsrdən çox olan ömrünün böyük bir qismi həyatda qalmağa çalışmaqdan ibarətdir. Bəli, yaşamağın nə olduğunu dərk edə bilmək onun uzun illərini alıb. Bizim isə o qədər vaxtımız yoxdur, olsa idi belə, istər fərdi olsun, istər bəşəri təbiətimizə nəsə xüsusi bir şey qatmazdı. Hətta intihar halları çoxalardı, ya da əlimizdəki bol zamanı israf edə biləcəyimiz xüsusi üsullar kəşf edərdik.
Həyatı və sevdiklərimizi dəyərli edən, bəlkə də, onun qısa, qeyri-müəyyən və dəyişkən olmasıdır. İlk eşq hər nə qədər yadda qalan olsa da, insan dəfələrlə aşiq ola bilir, çünki, əslində, o, sevmək və sevilmək duyğusunu sevir. Və də sevgi bütün növləri ilə birlikdə insan həyatını və varlığını dəyərli edən tək şeydir. Odur ki, sevək, sevilək, yoldaşlar. Və də keçmişin peşmanlıqlarından, gələcəyin xülyalarından, absurd olduğunu hiss etdiyimiz məşğuliyyətlərdən qurtulaq (xüsusən də, sosial şəbəkələr). Gözəl anlar yaradaq, çünki əbədi olan tək şey həmin anlardır, belə ki, biz artıq mövcud olmayanda və dünya həmişəki kimi dönməyə davam edəndə bizdən geriyə qalan tək şey onlar olacaq.
Gözəl həyatlar..,
Fateh