Mirmehdi Ağaoğlu. Ayda həyat var

Klv.az saytı Mirmehdi Ağaoğlunun yeni hekayəsini təqdim edir

Onun indi ən çox axtardığı təklik idi. Son vaxtlar təklik mübtəlası olmuşdu. Hətta o dərəcədə ki, təkadamlıq kamerada ömürlük həbs yaşayan məhbuslara qibtə edəcək həddə çatmışdı.

Deyəsən, neçə vaxtdır axtardığını da dünən tapmışdı. Səhər bir saat tez gəldiyi üçün axşam da işdən erkən çıxmış, həmişə pay-piyada evə getdiyi marşrutdan burularaq kimdənsə qaçırmış kimi təlaşla Montinin tanımadığı məhəllələrinə dönmüşdü. Şəhər qəzaya uğramış layner ləngliyilə qaranlıqda batdıqca o da bu hüznlü qərqoluşa baxa-baxa uzun ayaqlarını xizək kimi ataraq suyun üzərində gəzişən böcək rahatlığı ilə məhəllələrin arası ilə dolaşmışdı.

Axşamın avtomobil təlaşından uzaq bu sakit məhəllələr Çin səddi dəyanəti ilə şəhərin səs-küyünü ondan kənarlaşdırmış, onu ovsunlu bir dünyaya salmışdı. Səsdən əlavə şəhərin sürətlə dəyişən, qəfil varlansa da, öz yoxsul zövqü sayəsində marka geyimləri heç bir moda qaydasına uymadan əyninə təpişdirmiş varlı adam idimsizliyi ilə seçilən azman, beton siması da hələlik buralara ayaq açmamışdı. Odur ki, çay dibindən çıxardığı qumlu palçığı əzmlə ələyərək içindən tapdığı mədən qırıntısını qənimət bilən qızılaxataran səbrilə naməlum məhəllələr arasında dolaşdıqca ara-sıra qabağına çıxan inqilabdan əvvəlki və sovetlərin ilkin dövrünün memarlıq nümunələrini görüb doğmasına qovuşan adam kimi sevinir, gündəlik qayğılarla döyünməkdən usanmış ürəyi qəfəsdən buraxılmış quş kimi nəvazişlə çırpınır, çırpınır, onu ötən əsrin ənginliklərinə uçururdu.

Sakinləri işdənmi, ya hardansa başqa yerdənmi (çox güman ki, elə işdən) qayıtdıqca suyun altında gizlədiyi nişangah gözlərini ov görən saat qəfil açan timsah sayıqlığı ilə işıqları yanmağa başlayan evlərə, sanki boynunda ağır dəmir zəncirlərlə soyuq Sibir meşələrində dəmir yolu çəkməkdən düşərgəyə dönən katorqaçı bezginliyi ilə əllərində dolu zənbilləri ölüvay addımlarla bu işıqları yanmağa başlayan mənzillərə dönənlərə tamaşa etdikcə bədənini kəfəntək bürüyüb onu sıxan yorğunluq tədricən su torpağa hopan kimi canına hopub hardasa dərin qatlarda özünə yer eləmiş, mənzərənin seyrindən ruhlanaraq bu adamlar kimi evinə dönmək yerinə bir az daha dolaşmış və bu adamlara, işıqlı pəncərələrə baxdıqca həyat qaynaşmağa başlayan mənzillər, talelər barədə müəyyən süjetlər qurmuş, ona elə gəlmişdi ki, canlı insanların yox, obrazlarla dolu xəyali romanın içində gəzinir, nəhayət, xeyli dolaşıb yorulandan sonra qərara gəlmişdi ki, sabah da işdən çıxandan sonra Montinin əsrarəngiz məhəllələrində gəzib özünün ədəbi-coğrafi kəşflərinə davam etsin.

***

Anasının halı pisləşmişdi. Telefonda danışanda bu gün qızdırmasının olmadığını, səhhətinin bir qədər düzəldiyini söyləsə də, səsi onu ələ verir, öskürəyi kəsilmirdi. Neçə gündür bu hal davam edirdi. Əvvəl fikirləşdilər ki, yəqin xəstəliyinə görədir. Anası uzun illər revmatoid-artriddən əziyyət çəkirdi. Lakin atasının da ona qoşulmağı şübhələri artırırdı. Omikron ola bilərdilər, kovidin yeni ştamı. Dünən telefonla danışanda təcili yardım çağırmağı təklif etsə də, atası “yox” demişdi. Anası üzüyolaydı, üstünə getsən, razılaşırdı, amma atasına söz demək çətin idi, öz bildiyini heç kəsə verən deyildi. Atasının, ümumiyyətlə, əvvəldən həkim-məkimdən zəhləsi gedib, özü-özünün təbibi olub. Xəstələnib yatağa düşsə də, həkimdir, dava-dərmandır, yaxın buraxmayıb. Elə öz-özünə, ac qalaraq, təbii vasitələrlə qidalanaraq, ot-ocaq gəvələyərək sağalıb ayağa qalxıb.

Pandemiya başlayandan da elə hey deyib ki, bu, böyük qüvvələrin, massonların işidir. Süni surətdə yaradılmış virusdur. Bunda hər gün feysbukda, yutubda baxdığı videoların da rolu az deyildi. Hə, bütün yaşlı adamlar kimi o da sosial şəbəkələrdə gününü axşam edənlərdən idi. Elə bu şübhəyə də sosial şəbəkələrdəki videolardan qapılmışdı. Düzdür, pandemiya başlayandan maskadan istifadə etmişdisə də, bunu daha çox cərimələnmək qorxusu ilə eləmişdi. Peyvənd söhbəti çıxan gündən isə ilk başdan etiraz eləmiş, oğlunun vaksin olunmağına bir söz deməsə də, buna böyük dövlətlərin oyunu kimi baxdığı üçün övladını da gizli-gizli axmaqlıqda qınamışdı. Əlbəttə ki, oğlunun vaksin olunmaq təklifindən də hər dəfə israrla imtina etmişdi. Əsas kimi isə feysbukda baxdığı, guya gizli mesaj ədasıyla yalnız onun qabağına çıxan hansısa videoları misal gətirmişdi.

Atası israrla omikron olmadıqlarını, sadəcə soyuqladıqlarını iddia edirdi. Halbuki, gəlib baş çəkməyə də qoymurdu. Deyirdi evinizdə körpə var, ona keçər, gəlməyin.

Gün ərzində bir neçə dəfə zəng edib anasının vəziyyətini öyrənmişdi. Heç nə dəyişməmişdi, eyni cür öskürürdü. Xəstələnmək bahasına olsa da, gərək işdən çıxanda gedib dəyəydi, lap qayıdandan sonra virusu uşaqlarına keçirsə belə, getməliydi. Başqa yolu yox idi.

Ona gələndə isə virus barədə özünün də şübhələri var idi, bəzən pandemiya ilə bağlı elə qərarlar verilirdi ki, istər-istəməz fikirləşməyə bilmirdi: görəsən, bu virus kimin həyətində becərilərək bayıra buraxılıb?! Amma ətrafında koviddən gedənlərlə bağlı o qədər hadisə eşitmişdi ki, qorxmaya da bilmirdi. Özünə görə yox, ata-anasına, ailəsinə görə.

İşdən çıxanda ani də olsa, dünənki kimi Montində dolaşmaq keçdi könlündən. Ah, necə rahat, sakit anlar idi dünənki gəzinti dəqiqələri. Üstəlik qulaqlığı keçirmiş, gəzişə-gəzişə Marsel Prustun “İtirilmiş zamanın izində” romanını dinləmişdi. Təəssüf, bu gün də eyni şəkildə təkrarlanmayacaqdı və onu üzən səbəblərdən biri də bu idi: rahatlığının pozulması, daha doğrusu, olmaması.

Yolüstü aptekə girib zəruri dərmanı alandan sonra atasıgilə yollandı, valideynlərindən başqa indi heç kəsin yaşamadığı o soyuq evə.

Qapını atası açdı və onu görər-görməz bir qədər geri çəkilərək, gülə-gülə və açıq-aşkar istehza ilə dedi:

– Yox, yaxın gəlmə, gəlmə.

Tərəddüt etsə də, bir anlıq götür-qoydan sonra başa düşdü ki, atası ilə nəinki görüşməli, üstəlik həmişəki kimi boynuna sarılıb hər iki yanağından öpməlidir. Çünki atası indi belə ironiya edirsə, sağalandan sonra gör nə şəbədələr qoşacaqdı.

Atası ilə görüşüb-öpüşənə kimi anası da o, içəri girərkən uzanıb büründüyü xovlu qəhvəyi adyalı kənara atıb divandan qalxdı. İllərin ərini yamsılamaq alışqanlığı ilə eynən atası kimi bir qədər kənara çəkilib həmən ironik və eyni zamanda səmimi gülüşü ilə “görüşmə-görüşmə” desə də, oğlu ona sarılanda ram olub övladını qucaqladı.

– Ay bala, niyə gəldin, sənə demədik gəlmə? – Atası bu dəfə ciddi-ciddi söylədi.

– Allah eləməmiş, evdə uşaqlara keçər, – anası davamını gətirdi.

– Qalmısız burda ikiniz, ada kimi, xəbərimiz də yoxdu. Qızdırman olub bu gün? – Anasından soruşdu.

– Yox, elə indicə ölçdüm.

– Ay oğlum, heç nə yoxdu onda, nahaq gəlmisən, evinizdə körpə uşaq var.

– Heç nə olmaz, – nəsə demək naminə dedi, – çox öskürmürsən? Gələ, dərman almışam, – əlindəki ağ sellofan paketi anasına uzatdı. Başqa nə dərman almaq lazımdır, deyin, ayağımı soyunmamış gedim alım.

– Ay bala, heç nə lazım deyil. Onu da nahaq almısan.

– Bəlkə, təcili yardıma zəng edim, gəlib test götürsünlər? Hər ehtimala qarşı.

– Lazım deyil, anana soyuq dəyib.

– Baxın də. – Atası ilə mübahisə etməyin yersiz olduğunu bildiyi üçün üstünə getmədi. – Eviniz soyuqdur.

Ev, həqiqətən, soyuq idi. Paralelepiped formalı balaca, alüminium rəngində soba otağın o iri başında fil balası kimi xortum borusunu pəncərənin bir gözündən çıxarıb korun-korun yanırdı. Görünür, ya qazın xodu az verilmişdi, ya evin dəlmə-deşiyi çox idi (evin dəlmə-deşiyi insafən çox idi), içəri buz kəsilmişdi. Təkcə nazik köynəkdə, bəzənsə hətta maykada gəzdiyi iki otaqlı xudmani mənzilinə baxanda bura Frans-İosif Torpağı idi. Bircə ətrafda iri buz parçaları və morjlar əskikdi.

***

– Ehtiyatlı olmaq lazımdır, bu dəqiqə demək olar, hər evdə bir xəstə var. – Əl-üzünü sabunla yuyub keçib mətbəx masasının bir tərəfində – bura gələndə həmişə əyləşdiyi yerdə, atası ilə üzbəüz – oturandan sonra söhbətə başladı. Valideynləri təkcə axşam vaxtlarında yerkökü çuvalı kimi kip dolan, tutacaqları hər cür mikrob, virus, bakteriyaya qucaq açan avtobusda gəldiyinə görə yox, həm də omikron olduqlarından şübhələndiyi üçün yuyunduğunu hiss edərlər deyə zəvzəyərək özünü “xəstəlik vahiməsi”nin pərdəsi altında gizləməyə çalışdı. Həqiqətdə isə dediyi kimi idi. Şəhərdə hamı kovidin ştamından və deyilənə görə, onun əlamətləri olan qızdırma, baş-boğaz ağrısı, qripdən dad edirdi. Kimi dindirirdin ya özünün, ya da ailəsində kiminsə xəstə olmasından gileylənirdi.

– Nahaq gəldin, bala, evinizdə körpə uşaq var.

– Heç nə olmaz.

– Neynəsin? Mən o vaxt Zeynəbgil xəstələnəndə gedib dəyə bilmədim, hələ də xəcalət çəkirəm.

– Onlar karonaydılar də, – anası ərinin o vaxt baldızıgilə getməməyinə haqq qazandırmağa çalışdı.

– Yox e, nə karona, hamısı boş şeydi.

Doğrudan da, pandemiyanın qızğın çağında bibisi, əri və qızı xəstələnib evə sığınmışdılar. O vaxt atası bir neçə dəfə gedib onları yoxlamaq istəsə də, həm bibisigil gəlməyə qoymamışdılar, həm də özüqarışıq anası və yoldaşı da getməyinə etiraz etmişdi, düzü, atasının xəstələrə kömək məqsədilə verə biləcəyi pulu da olmamışdı. Ən başlıca səbəb də pulsuzluq olmuşdu oğlunun nəzərində, yoxsa atasını fikrindən bu dünyada heç nə döndərə bilməzdi, getmək istəsəydi, çölə çıxmaq qadağasına da məhəl qoymaz, gedərdi.

Anası süfrəyə yemək düzənə qədər dərmanın qabından istifadə qaydası yazılan kağızı çıxarıb bərkdən oxumağa başladı: “…gündə iki qaşıq yeməkdən qabaq içmək lazımdır”.

– Yox e, bala bizdə omikron yoxdu, mənim xəstəliyimdəndi, – süfrəyə yemək çəkə-çəkə anası müdafiə olunmağa çalışırdı.  – Hər il bu vaxtı qalxır.

Anasının sözündə də haqq vardı, ötən il fevral ayında da azarlayıb bir neçə gün yatağa düşmüşdü. Amma onda səbəb başqa idi. Ər-arvad kənddəki qohumlara dəyməyə getmiş, anası orda kartof əkinində qaynı xatununa kömək edib özünü soyuğa vermişdi. Bakıya gələndən sonra da elə həmin axşam qızdırması qalxmışdı.

– Çölə-bayıra çıxanda da maska taxın, dükandan gələndən sonra spirtlənin.

– Çölə-zada çıxmıram, şükür Allaha hər şeyimiz var.

Anasının şükranlarına baxmayaraq masaya qoyduğu doğranmış sosiska ilə kartof qızartmasından ibarət qara tava bolluqdan dəm vurmurdu.

– Çörək almağa atan gedir.

– Maska taxın yenə də.

– Taxır-taxır, – anası hazırcavablıq elədi.

– Hansı maskanı, bir aydı cibində gəzdirdiyini? – Atasına baxa-baxa qəhqəhə çəkdi.

Atası bayaqdan telefonu qurdalayırdı. Başını qaldırıb ona baxdı:

– Yox, ala, taxıram, – gülümsədi.

Nə əcəbsə atasının bir neçə gün əvvəl çəkdirdiyi laxlayan alt qabaq dişinin yeri görünmədi və çürüdüyü üçün çıxarılan ağac yeri kimi atasının artıq qocalmasının əlaməti olan boşluğu görməməyi onu bir qədər toxtatdısa da, neçə vaxtdı imkanlaşdırıb onu stomatoloqa apara bilməməsinin utancı da içini qarsdı.

Daha bu mövzuda öyüd-nəsihət verməyi lüzum görməyib o da telefonu çıxardı, son xəbərlərə yüngülcə göz atıb tavadan özünə yemək çəkdi.

Anası da süfrəni bəzəməyi bitirəndən sonra  masanın bir qırağında əyləşdi. Atası yutubda nəsə qoşub telefonu masanın qırağındakı Füzulinin qəzəlləri olan qəhvəyi kitabın üstünə qoydu, bir tərəfini də divara elə söykədi ki, oğlu da görsün və xörəkdən üç-dörd qaşıq boşqabına çəkib yeməyə başladı.

Atasının yutubda qoyduğu video amerikalıların Aya uçmağı barədə idi. Veriliş elə ilk dəqiqədəncə Amerikanın Aya uçuşunu yalanlamağa çalışırdı. Bu cür söhbətləri çox eşitsə də, dərhal reaksiya vermədi, gözlədi atası danışsın, sonra o, öz fikrini bildirsin. Amma yenə də maraq onu çəkir, yeməyini yesə də, diqqətini verilişdən ayırmırdı.

– Baxmısan bu verilişə? – Atası haçandan – haçana dilləndi.

– Buna yox, başqalarına baxmışam.

Aparıcı basıb-bağlayır, amerikanların Aya uçmaması barədə müxtəlif dəlillər gətirir, mütəxəssis rəylərini bölüşürdü.

– Hamısını Hollivudda çəkiblər. – Atası əminliklə dilləndi. – Belə çıxırdı bir dəfə artıq bu verilişə baxıb, indi də onun üçün təkrar qoyub ki, oğlunu da bu həqiqətdən hali etsin.

– Belə fikirlər var, amma təsdiqini tapmayıb.

– Burda sübut edirlər də. – Atası qətiyyətlə dedi, elə bil amerikanların Aya uçmasının güya videosunu Hollivudda çəkən rejissorun assistenti olub, ya da amerikalıların yalanını çıxaran o məşhur videoda kosmos dekorasiyalı studiyanın qapısını açıb sirləri faş edən adam özü imiş.

Atası ilə mübahisənin yersiz olduğunu bilsə də, geri çəkilmədi:

– Əgər amerikalılar Aya uçmasaydılar, SSRİ onların yalanını çoxdan çıxarardı.

– A bala, SSRİ də Amerikanın tayı olub. Sən elə bilirsən Qaqarin kosmosa uçub?

– Onu sən yaxşı bilərsən, 4 yaşın vardı, – zarafata salsa da, atası ciddiyyətini pozmadı. Çeynədiyi tikəsinin son hissəsini də udub çəngəli ona tuşlayaraq səsinin tonuna bir qədər amiranəlik qatdı:

– Qaqarini məgər elə-belə öldürdülər?

– Öldürmədilər təyyarəsi qəzaya uğradı.

– Yox, – bir qədər əsəbi tonla, – piyan olanda orda-burda danışırmış ki, kosmosa uçmayıb. Onun üçün də SSRİ Qaqarini aradan götürdü.

Elə bil ərinin vacib dövlət sirrini açmağından narahat olan anası ondan qabaq dilləndi:

– Siz Allah, öz söhbətinizi edin, – sanki bir az danışsaydı, ərini də Qaqarinin aqibəti gözləyəcəkdi.

– Bax, bu uje, həqiqətən, yalan oldu. Elon Mask Marsda koloniya yaratmaq niyyətindədir e, bu layihəyə milyonlar xərcləyir, sən nə danışırsan?

– Burda sübut olunur ki, amerikalılar Aya uçmayıblar də. – Gözləri ilə telefona işarə elədi. – Yerin ətrafında güclü maqnit pərdəsi var, onu dəlib keçmək mümkün deyil.

– O pərdənin zəif olduğu keçidlər var ki, həmin nöqtələrdən kosmosa çıxırlar.

– Amerikalılar ora çatanda görüblər ki, orada yaşayış var.

Bu vaxt, həqiqətən, verilişdə deyildi ki, güya Nil Armstronqun Aya ayaq basdığı an birbaşa translyasiyanın kəsilməsinin səbəbi naməlum varlıqların ekrana düşməsi olub. Buna görə də NASA yayımı dərhal dayandırıb. O dövrdə NASA-da çalışdığını deyən bir pensiyaçı da həmin çəkilişin fotolarını proyavka elədiyini söyləyirdi.

– NASA-nın özü bu cür verilişlərdə maraqlıdır, piar olunur.

– Sən nə danışırsan? Heç kəs kosmosa uçmayıb, nə ruslar, nə də amerikalılar.

– Necə olur peyğəmbər merac edə bilir, Qaqarin kosmosa uça bilmir?

– Kafir-kafir danışma, – anası bu dəfə ona hirsləndi. – Sən Allah, öz söhbətinizi edin. – Ayağa durub dəstərxandan para çörəyi götürdü, doğrayıb yarısını atası ilə onun qabağına, yarısını da öz qabağına qoydu.

– Sən indi deyirsən, Ayda yaşayış var? – Tavadan özünə yenə yemək çəkdi, sonra qaşığı doldurub atasının boşqabına sarı apardı.

– Yox, istəmirəm, mənə çəkmə.

– Ye də.

– Şor yeyəcəm, – əlini qaşığın qabağına sipər elədi. – Arvad, o şordan bir az ver.

Anası ayağa durub qapısı atasının kürəyi səmtə düşən soyuducunun ağzını açdı, dördkünc saxsı qabdakı şoru çıxarıb masaya qoydu:

– Nə yesək, axırda mütləq şor da yeməliyik, – anası gülümsədi, bu gülüşlərdə yoxsulluğu gizləmək cəhdi də sezildi.

Lap düzünə qalsa, şordan o da imtina etməzdi. Boşqabın böyründəki çörək diliminin narıncı qabıq tərəfindən bir tikə kəsib onunla şordan bir çimdik sıyırdı.

– Sənə də süzüm?  – Elə ayaq üstəcə çay süzüb stəkanı ərinin qabağına qoyan anası soruşdu.

– Hələ istəmirəm, bir azdan.

– Sən inanmırsan Ayda yaşayış olduğuna? – Atası çəngəlin ucu ilə boşqabın qırağından bir az şor sıyırdı, çörəyin üstünə yaxıb ağzına apararaq soruşdu.

– Sən inanırsan?

– Bunlar deyir var də. – Atası telefondakı verilişə işarə elədi. Quran da deyir ki, başqa aləmlər var.

– Yenə aparıb Qurana bağladın. Quran məgər astronomiya dərsliyidir?

– Sən Qurana inanmırsan?

– Mən elmə inanıram. Elm də bu barədə dəqiq heç nə demir. Sənin bu rusların isə öz aləmlərində amerikalıların yalanını çıxarmaq istəyirlər. Çörəyin qırağından bir qırıq da kəsib şordan sıyırdı, ağzına apardı, çeynəyə-çeynəyə danışdı: – Nədir-nədir bunlar kosmosa birinci uçduqları halda, Aya ilk ayaq basan amerikalılar oldu. – Tikəsini uddu, əllərinin tozunu ovub tökürmüş kimi bir-birinə sürtüb sonra göyə tuşladı:

– İlahi, sənə çox şükür. Allah bol eləsin. Sağ ol.

– Nuş olsun, çay süzüm?

– Hə, içərəm.

Bir anlıq özünü rəsmi dairələrin hər dediyini qanun kimi qəbul edən “Gün var əsrə bərabər” əsərinin obıvatel qəhrəmanı, Qazanqapın oğlu Sabitcan kimi hiss elədi.

Atası hələ yeyirdi:

– Səncə, biz bu kainatda təkik?

– Ata, açığı bu dəqiqə məni belə şeylər maraqlandırmır.

– Füzulidən qurtarmışıq keçmişik Aya. – Anası da oğluna dəstək verirmiş kimi narazı tərzdə dilləndi:

– Füzuli də qabağımdadı, – sol qolunun yanında dayanan kitaba işarə elədi.

– Mən demirəm e, belə verilişlərə baxma, bax. Mən də amerikalıların Aya çıxıb-çıxmaması ilə bağlı materiallara az baxmamışam. Orda da bu iddialar irəli sürülür, amma sonra faktlarla təkzib olunur. İstəsən, linkini ataram. Belə verilişlərin çoxu sensasiya xətrinə çəkilir.

Atası onun sözü ilə razılaşdığı üçünmü, yoxsa oğluna kar etməyəcəyini düşündüyü üçünmü barmağını qızğın dəmirə vurub çəkirmiş kimi cəld hərəkətlə telefonun ekranına toxundurub verilişi saxladı. Birdən-birə mətbəx səssizliyə gömüldü.

– Bayaqdan söndür də bunu, başımız getdi.  – Anası şikayətləndi.

– Yaxşı, mən gedirəm, ana, sən o dərmanı elə indidən başla iç. Başqa nə dərman da lazım olsa, de, alım gətirim. – İri qurtumlarla çayını içə-içə dedi.

– Elə bunu atacam, bəsdi, – anası dilləndi. Yaxşıyıq biz.

– Gəlib eləməyin, qoy təmiz sağalaq, sonra gələrsiz, – atası yenə tənbehlədi. Hər həftəsonları uşaqlarını və yoldaşını da götürüb ailəcə onlara gəlməyinə işarə edirdi.

– Yaxşı, – dilucu cavab verdi. – ata, mənə dair nə qulluğun var? – Ayağa durdu, asılqana sarı getdi, daha ata-anasına sarılıb xudahafizləşməyi lüzum bilmədi, ehtiyatlandı. Ümidvardı ki, valideynləri duyuq düşməz.

 

– Yox, bala, heç nə lazım deyil. Uşaqlara salam apar.

– Yaxşı.

– Gözlə, – anası çağırdı və o, əynini geyinənə qədər mətbəx şkafının dolablarını qarışdırıb, nəsə bürmələdi. – Gələ, bu klyoku da qoy sumkana. Xurma qurusudu, atan o gün almışdı. – Anası sellofana sarınmış balaca bükülünü ona uzatdı.

– Salamat qalın.

Qapıdan çıxa-çıxda atası dalınca dilləndi:

– Sən yenə də bir maraqlan, gör Ayda yaşayış var?

 

 

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. Magiya və din – 3

Ç Okt 5 , 2022
  (magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/ (davamı) Müxtəlif dövrlərdə magiya və dinin birləşməsinə, qovuşmasına bir çox xalqda rast gəlinir. Ancaq güman etməyə əsas vardır ki, bu cür qovuşma əzəli deyildir və elə bir dövr olmuşdur ki, onda […]