(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Müxtəlif dövrlərdə magiya və dinin birləşməsinə, qovuşmasına bir çox xalqda rast gəlinir. Ancaq güman etməyə əsas vardır ki, bu cür qovuşma əzəli deyildir və elə bir dövr olmuşdur ki, onda bilavasitə heyvani istəklərdən kənara çıxan diləklərin ödənilməsində insan tək bircə magiyaya arxalanmışdır. Birincisi, mahiyanın bəşəriyyət tarixində dindən daha qədim olması gümanına bizi magiya və dinin ən təməl anlayışlarının nəzərdən keçirilməsi sövq edir. Əmin olduq ki, magiya ən sadə intellektual əməliyyatların, yəni məhz oxşarlığa görə assosiasiya ideyalarının və yanaşılığa görə assosiasiya ideyalarının yanlış tətbiqindən başqa bir şey deyildir. Dinsə təbiətin görünən pərdəsinin arxasında insanın fövqündə duran şüurlu və ya şəxsli qüvvələrin fəaliyyətini nəzərdə tutur.Şəxsli agentləri (failləri) fərzetmə, yəqinki, ideyaların oxşarlıq və ya yanaşılığını fərzetmədən daha mürəkkəbdir, təbiət hadisələrinin gedişini şüurlu fəaliyyət göstərən qüvvələrdən asılı vəziyyətə qoyan nəzəriyyəsə anlama üçün daha çətindir. Onu dərk etmək üçün hadisələr və predmetlərin yanaşılıq və ya oxşarlıq üzündən bir-birinin ardınca gəlməsini anlamaqdan çox-çox daha yüksək intellektual səviyyə tələb olunur. Hətta heyvanlar da bir-birinə oxşar ya təcrübələrində bir-birinin yanında rast gəlinmiş predmetlərin ideyalarını assosiasiya edirlər. Əks halda onlar bircə gün də belə yaşaya bilməzdilər. Amma kim heyvanlara o şeyə inamı aid etməyə cürət edər ki, təbiət hadisələri çoxlu görünməz heyvanların və ya görünən dünyanın ötəsində, o tayında olan nəhəng, qeyri-adi gücə malik bir heyvanın altındadır? Əgər dini doktrinanı icad etmə şərəfini insan zəkasının ayağına yazsaq, yəqinki, dilsiz-ağızsız məxluqlara qarşı haqsızlıq etmiş olmarıq. Əgər magiya bilavasitə elementar təfəkkür proseslərindən çıxış götürürsə və əslində insan ağlının az qala spontan bir şəkildə varmış olduğu bir səhv, yanılmadırsa, onda din heyvan intellektinin demək olar ki, öhdəsindən gələ bilmədiyi anlayışlara söykənir. Buna əsasən güman etmək olar ki, insan türünün təkamülündə magiya dindən meydana gəlmişdir; insan qapalı, şıltaq və qəzəbli ilahini riqqətli, qılığagirən dua və qurbanlarla rəhmə gətirmək və yumşaltmaq cəhdləri etməzdən əvvəl təbiəti sehr və ovsunların gücü ilə öz istəklərinə tabe etdirməyə çalışmışdır.
Magiya və dinin təməl ideyalarını araşdıraraq deduktiv yolla gəlmiş olduğumuz nəticə özünün induktiv təsdiqini də tapır: məsələn, bizə məlum olan vəhşi qəbilələrdən ən geridə qalmışları olan Avstraliya aborigenləri hər yerdə magiyaya əl atırlar, hərçəndki ali qüvvələri sakitləşdirmə və rəhmə gətirmə mənasında din, göründüyü kimi, demək olar ki, onlara məlum deyil. Daha sadə desək, hər bir avstraliyalı ovsunçudur və onlardan heç biri kahin deyil, hər biri xəyal edir ki, simpatik magiyanın köməyilə öz soydaşlarına və təbii proseslərin gedişatına təsir edə bilər, lakin heç bir allahların dua və qurbanvermələr yolu ilə sakitləşdirilməsini heç ağlına da gətirmir.
Əgər insan cəmiyyətlərindən bu ən geridə qalmışında biz dinin olmaması halında magiyadan bu qədər aşkar istifadəni görürüksə, onda güman etmək məntiqli olmazdımı ki, tarixlərinin hansısa bir çağında bütün sivilizasiyalı xalqlar intellektual inkişafın belə bir mərhələsindən keçmişlər, habelə onlar dualar və nəzir-niyazla bunların mərhəmətini qazanmazdan öncə təbiətin böyük qüvvələrini öz istəkərini yerinə yetirməyə məcbur etməyə çalışmışlar? Kəsəsi, maddi mədəniyyət sahəsində daş dövründən də keçməmişdirmi? Bu suala doğrulayıcı cavab üçün sanballı əsaslar vardır. İnsanlığın Qrenlandiyadan Odlu Torpağadək və Şotlandiyadan Sinqapuradək məskunlaşma ərazisini gözdən keçirərək biz görürük ki, dini baxışlar təkcə xalqlar və irqləri ayırmır. Onlar daha kiçik sosial və hidlər, məsələn, dövlətlər və respublikalar səviyyəsində də insanlara təsir edirlər. Bu da azmış kimi, onlar şəhərləri, kəndləri və hətta ailələri belə parçalayırlar. Dünyanın bütün cəmiyyətlərinin səthi dini nifaqların dağıdıcı təsiri altında şırım-şırım, cadar-cadar olmuş və yarıqlar və dərin çatlarla oyulmuşdur. Ancaq əgər əsasən ziyalı, düşünən ictimai təbəqəyə toxunan dini sistemlərin hədlərindən kənara çıxmış olsaq, əfsus ki, bəşəriyyətin böyük əksəriyyətini təşkil edən axmaq, zəif, avam və mövhumatcıl adamların arasında din məsələlərində tam bir ahəngdarlıq görmüş olarıq. Bu əsl tamümumi, cahanşümul inam-magiyanın təsirliliyinə inamdır. Dini sistemlər təkcə ayrı-ayrı ölkələrdə deyil, hətta eyni bir ölkədə belə ayrı-ayrı zamanlarda müxtəlif olduğu halda simpatik magiya hər yerdə və həmişə öz nəzəriyyəsi və praktikasında mahiyyətcə eyni olaraq qalır. Müasir Avropanın cahil və xurafatcıl təbəqələrində magiya sistemi çox cəhətdən minillər öncə Hindistan və Misirdə olduğu və dünyanın ən ucqar guşələrində indiyədək qorunub qalmış ən vəhşi qəbilələrdə mövcud olmaqla davam etdiyi kimidir. Əgər həqiqət meyarını say üstünlüyündə görsək, onda magiya katolik kilsəsində çox-çox daha artıq haqla öz bayrağına bu devizi yaza bilər: “Ouod semper, quod ubique, quod ab omnibus”.[1]
Vəhşiliyin hər bir cəmiyyətin həyatında din və mədəniyyətin səthi dəyişiklikləri ilə toxunulan dərin bir qatının olmasının bəşəriyyətin gələcəyinə hansı təsir göstərdiyini araşdırma bizim vəzifəmizə daxil deyildir. Magiyanın dərinliklərinə nüfuz edərək qərəzsiz müşahidəçi onda sivilizasiyaya daimi təhdiddən başqa heç nə görməzdi. Göründüyü kimi, biz hər bir an mürgüləyən yeraltı qüvvələrin təsiri altında çatlaya bilən nazik bir qabığın üstündə yeriyirik. Vaxtaşırı boğuq bir uğultu və ya qəflətən üzə çıxmış od-alov bizə ayağımızın altında nə baş verdiyini göstərir. Vaxtaşırı bəşəriyyətin maariflənmiş hissəsini qəzetdəki belə bir yazı heyrətə salır ki, Şotlandiyada dözülməz mülkədar və ya keşişi öldürmək məqsədilə düzəldilmiş, sancaqlarla deşik-deşik edilmiş bir uyuq tapılmışdır; İrlandiyada qadın cadugərlikdə ittiham olunaraq vam odda yandırılmışdır; Rusiyada işığında oğruların gecələr sezilmədən çirkin əməllərini etməyə ümid etdikləri insan insan piyindən şamlar düzəltməkdən ötrü bir qızcığaz öldürülüb doğranmış və bədəni şam düzəltməyə sərf olunmuşdur. Tərəqqiyə təkan verən təsirlərmi, yoxsa nail olunulmuş hər şeyi dağıdıb məhv etməklə təhdid edən təsirlər üstünlük qazanacaqdır? Bəşəriyyəti yeni-yeni zirvələrə çəkib aparan azlığın impulsiv enerjisimi, yoxsa əksəriyyətin xurafatlarının onu zülmətə qərq edən ölü yükü daha güclü olacaqdır? Bu məsələlər bəşəriyyətin keçmişini və gələcəyini öyrənən sadə, mötədil bir alimin səlahiyyətində deyil, qartal baxışı gələcəyə nüfuz edən bir müdrikin, əxlaqçı və dövlət xadiminin səlahiyyətindədir. Bizi başqa bir məsələ maraqlandırır: dini təlimlərin sonsuz cürbəcürlüyü və axıcılığı ilə müqayisədə magiyaya inamın yeknəsəqliyi, tamümumiliyi və sabitliyi hansı dərəcədə güman etməyə əsas verir ki, birincisi insan intellektinin inkişafında dinə və elmə doğru gedən yolda bütün irqlərin keçmiş olduğu (və ya keçdiyi) daha kobud və erkən bir fazadır?
Fərz etmiş olsaq ki, magiya dövrü hər yerdə din dövründən öncə olmuşdur, onda, təbii ki, bəşəriyyəti (və ya onun bir hissəsini) magiyanın nəzəriyyə və praktikasını tərk edib dinə keçməyə sövq edən səbəblər tədqiq olunmalıdır. Əgər aydınlaşdırılmalı olan faktların sayını, cürbəcürlüyünü, qəlizliyini və bilgilərimizin kasadlığını nəzərə alsaq, onda bu qədər dərin bir problemin tam qaneedici həllinə çətinki ümid edə bilək. Biliklərimizin indiki halında nail ola biləcəyimiz ən böyük şey – az ya çox dərəcədə həqiqətə uyğun bir hipotezin irəli sürülməsidir. Qəti iddialarda bulunmağı özümə rəva bilmədən mən belə bir hipotez təklif edərdim: magiyaya xas yanlışlıq və bəhrəsizliyin anlanıb qəbul edilməsi bəşəriyyətin düşünən hissəsini təbiət hadisələrinin daha doğru bir nəzəriyyəsinin və təbii qaynaqlardan istifadənin daha məhsuldar metodunun axtarışları ilə məşğul olmağa sövq etmişdir. Vaxt keçdikcə, bəsirətli insanlar, olsun ki, fərqinə varmışlar ki, əslində magik ayinlər və ovsunlamalar onlardan gözlənilən nəticəni vermirlər. Magik prosedurların təsirsizliyinin böyük kəşfi, yəqinki, onu etməyə fəhmi, bəsirəti çatmış kəslərin zəkalarında yavaş-yavaş da olsa, köklü bir çevriliş etmişdir. Bu kəşf ona gətirib çıxardı ki, insanlar ilk dəfə olaraq özlərinin o vaxtadək tam şəkildə onların hakimiyyəti altında olduqları sayılan təbiət qüvvələrini istədikləri kimi manipulyasiya etməyə qabil olmadıqlarını etiraf etdilər. Bu, öz nadanlığı və zəifliyinin etirafı idi. İnsanlar səbəblər olmayan şeyləri səbəblər olaraq qəbul etmiş olduqlarını gördülər, buna görə onların bu xəyali səbəblərin köməyilə fəaliyyət göstərmək səylərinin hamısı bihudə oldu. Məşəqqətli zəhmət boş-boşuna gedir, usanmaz icadkarlıq məqsədsiz sərf olunurdu. İnsanlar heç bir şeyə bağlanmamış ipləri tutub çəkirdilər. Onlara elə gəlirdi ki, düz məqsədə doğru gedirdilər, amma gerçəkdəsə onlar çevrə üzrə hərəkət edirdilər. İnsanların magiyanın köməyilə törətməyə çalışdıqları təbiət hadisələri baş verirdilər, lakin bu onların müdaxiləsi olmadan baş verirdi: yağış yenə də elə həmişəki kimi quraq torpağa tökülür, günəş həmişəki kimi gündüzləri, aysa gecələri işıqlandırırdı, ilin fəsillərinin yer üzərindəki susqun yerişi yenə əvvəlki kimi hər cür havada durmayıb davam edirdi.
(davamı var)
Tərcüməçi: Obaçı
[1] Həmişə, hər yerdə, hamı tərəfindən (qəbul olunur) (lat.).
Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Magiya və din – 4 – KLV