Ramil Əhməd. Müharibədən sonra
Müharibədə ayağını, qolunu
itirmiş kişilərdən qorxub
qaçardıq həmişə…
Hərdən yuxuma girirdi
Qədim kişinin itkin əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar ölümün
nə demək olduğunu bildiyindən,
başa düşürdülər atalarının öldüyünü.
Analarından gizlədərdilər,
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər,
atalarının qisasını almağa…
Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan…
Sözlü qızlar sevgilərini
qaçaqaçda salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş,
cocuqlarının atasıydı…
Hər evə böyüdülmüş
bir əsgər şəkli qaldı və…
qızlar bu şəkillərə baxıb doğdular…
Bu şəkil cocuqlar öz atalarının ögey balalarıydı…
Nə qonşulardan bir havar varıydı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan
dul Sürəyya,
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi…
Qurdlu ciyər,
qaralmış ət,
İylənmiş ürək satan qəssab Qulam
“Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”, – deyirdi…
Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın…
Sürəyya deyirdi:
“Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı –
qızcığaz saymağı bacarmırdı çünki…
Orxan Saffari. Vətən payı
Elə indi,
gecənin bir aləmi «həyəcan siqnalına» oyanıb,
növbəti gün yat komandasında torpağın altında yata biləcəyim gecələrdən yazıram sənə;
Sənə böyük sevgim var,
Sənə çoxlu sözüm var,
Amma qorxuram ki, deyə bilməyim
O qədər var ki,
sözünü, sevgisini deyə bilməyən.
Bəlkə də bir snayper gülləsinə tuş gələrəm,
bəlkə də bədənimdə daha əllərin yox,
5.45 gəzər.
Və sən,
Bir xəbər eşidərsən səsi başına düşən o xəbərçinin dilindən.
Deyər ki,
bu gün ordumuzun əsgəri,
yəni, mən
filan istiqamətdə gedən döyüşlərdə
qəhrəmancasına şəhid olmuşam.
Onda bil ki, son nəfəsdə də
Belə gözümün son qırpınışında,
ürəyimin ən sonuncu döyüntüsündə,
çırpınışda
sənə olan sevgimi,
sözümü demişəm.
Çox da pis olma, qızım
Mən sənə olan sevgimdən,
bir az da vətənə pay vermişəm.
Vətən həmişə şəhidlərin uğrunda sağ olacaq
Mən olmasam bir gün,
Sən yenə də sağ ol…
Əhməd Cəmil. Can nənə bir nağıl de
— Ay nənə, bir nağıl da de!
— Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
— Can nənə, de birini də.
— Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
— Qar yağırmı?
— Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.
Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… amma yuxu getmir gözünə.
— Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
— Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur…
Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
— Bəs ay nənə, atam indi haradadır, görəsən?!
— Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
— Axı, nənə, heç demirsən atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?
— Ömrüm-günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir oğlum darıxmısan, görüşərik bu bahar.
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
Di yat, indi gecə keçir…
— Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
— Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
El qaydası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…
Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı…
Emin Piri. Sağ qalan varmı?!
Əsgər sinəsi axtarır
isinməyə,
fevral şaxtasından
üşüyən güllə.
Hər əsgər tabutu
bir ağ gəlinliklə köçər…
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər,
hər atılan güllə.
Soba yanında,
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib,
“üşüyürəm, ana
odun atıram sobaya”
Daha
gecələri oyaq qalmağa,
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə,
sobaya odun atmağa
ehtiyac yoxdu…
Tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!
Aqşin Evrən. Dünya yaşıl olanda
Göy qurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Çətirimizin üstünə balaca mələklər yağır
Ölü dəniz balıq doğur
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
Teatrlarda anlaşaq…
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik
Nə müharibə var,
nə göz yaşı, nə də qəm
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm.