Yeqzar Cəfərli. Yer Kürəsiylə müsahibə

Dünya yoxsa insanlar?

– Mən özümü seçərdim. İnsanlar məndən üstün deyil. S adəcə məni məğlub ediblər, fərqimiz budur.

Sizi insanlar nə üçün sevmir?

– Nə bilim, bəlkə də, uman yerdən küsərlər.

Belə sevgi olar?

– Sevgi deyə bir şey yoxdur. İndiyə kimi görmüsünüzmü insanlar bir-birilərini sevsin? Sevgi yalqız adamlara məxsusdur. Yalqız adamlar darıxmamaq üçün sevirlər.

Oğuz Atay deyir ki, “insanlar ağacları kəsib ondan kağız düzəldirlər. Sonra da o kağıza “ağacları qoruyun” yazırlar.

– Oğuz Atay özü də bu sözü hansısa kağıza yazıb.

Sizin üçün ƏN varmı?

– ƏN içimdəki yeddi milyardlıq yalnızlıqdır.

İkinci dəfə dünyaya gəlsəz nə olardız?

– Çətin ki, bir də özümə gələm.

Ürəyiniz çox böyükdür. Bu qədər insana qucaq açmısınız.

– Ona görə də şimalım və cənubum buz bağlayıb.

Heç kim sizi dəyişmək istəmir.

– Məni dəyişmək istəyən insanlar məni yox, dünyalarını dəyişməlidirlər.

Ən böyük arzunuz nədir?

– Arzu deyə bir şey yoxdur. Arzu olan yerdə ümid də olmalıdır.

İnsanlar nə üçün balinaları sevmirlər?

– İnsanlar böyük şeyləri heç vaxt sevmirlər. Çünki onlardan qorxurlar. Ağaclarımı niyə kəsirlər, çünki böyüməyimi istəmirlər. İnsanlar niyə ölür, çünki böyümək günahdır. Nə üçün çoxlu günah işlədirik, çünki Allahdan qorxuruq. Bəlkə də, Allahı sevsək günah işlətmərik.

Nə üçün 3-də bir hissəniz sudur?

– Bu qədər hadisəni həzm eləmək elə bilirsiz asandı?!

Sizdə qəribə bir xaos var sanki.

– Bəlkə siz görmək istədiyinizi görmək istəyirsiniz?

Dərdiniz nədir?

– Dərd həlli olan bəladır. Mənimki çarəsizlikdir. Çarə sizlikdir.

İnsanlıq nədir?

– İnsanlıq – bu ifadə cəmiyyətin mexanizminə zərbədir. İnsandan başqa canlı olan iki varlıq daha var. Heyvanlar və bitkilər. İnsan əslində danışa bilən heyvandır, hərəkət edə bilən bitkidir.

İnsanlar bərabərlikdən çox danışırlar…

– Bərabərlik insanların uydurduğu bir anlayışdır. Ən böyük bərabərsizlik insanın özüdür.

İnsanlar daxilinizi sərhədlərə böləndə nə hiss edirdiniz?

– Daxili orqanlarımı daşlarla, dəmirlərlə deşən insanlar ədalətdən danışırlar. Bu ədalətin də adı sərhəddir. Daxili qanaxmadan əziyyət çəkirəm.

İdarə edirsiniz, yoxsa idarə olunursunuz?

– Ağıllı varlığı idarə etməyə ehtiyac yoxdur. Ən zəif canlı bitkidir. O da çiçək açacağı və solacağı vaxtı çox gözəl bilir.

Kapitalizm sivilizasiyasında özünüzü necə hiss edirsiniz?

– Kaptalizm bir qrup insanın varlanmaq məqsədilə özündən aşağı olanları tapdalamasından başqa bir şey deyil.

“Elm Çində də olsa, onun dalınca gedin”, – deyib atalar…

– İçimdəki bütün təlatümlərin günahkarı elmdir. İnsan avtomobili kəşf edir, daha sonra tıxacdan şikayət edərək körpülər, tunellər tikir. Nizamsızlığı yaradır, sonra nizam qurmağa çalışır. Bünövrəsi zəif olan bina tez uçular.

İnsanların sizin barənizdə hədəfləri nələrdir?

– Hədəf insanı məhv edir, insanlar da məni. İnsan yaşadığı gün bir ildən sonranı düşünür, nəticədə həmin vaxta çatana qədər işlərini tələm-tələsik icra edir. Hədəflədiyi vaxta çatanda isə arxasında xeyli problemin yığıldığına şahid olur. Bu günümüzü düşünməliyik. Bu günümüz sağlam olsa sabahımız da sağlam olacaq.

Son sözünüz nədir?

– Məndən muğayat olun!

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qardaşxan. Eylül

Yayın istisindən şikayətlərin çanağı başında sındı payızın. Eylül elə tökdü leysan yağışı girməmiş, atası yandı payızın. Payız əfsanəsi başladı Eylül, Cızdağımız çıxdı ancaq onacan. Qoy o lap bir ay yox, bircə an olsun, O anı yaşayım sonsuzluğacan! Ay payız ayıdır, gün yayın günü, Baxıb öz gününə ağlayır Eylül. İyirmi iki […]