(magiya və dinin tədqiqi)
Fraser J. G. The Golden Bough. London, 1923.
/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/
(davamı)
Kontagioz magiya doktrinasının maraqlı bir tətbiqi də guya yaralı insanla onu yaralamış predmet arasında mövcud olan əlaqəyə inamdır: sonradan bu predmetlə baş verənlər guya zərərçəkmişə də müvafiq təsir göstərir. Əgər siz, deyə Plini yazır, kimisə yaraladığınıza görə heyfsilənirsinizsə, onda xəsarət yetirmiş əlinizə tüpürün və onun əzabları dərhal yüngülləşəcək. Melaneziyada kişinin dostları onu yaralamış oxu ələ keçirdikdə, onu nəm bir yerdə və ya yaş yarpaqlara bükərək saxlayırlar, düşünürlər ki, belə olan halda yara çox az hovlanacaq və tezliklə sağalacaqdır. Onu oxla vurmuş düşmənsə bununla eyni bir zamanda əksinə, əlindən gələni edir ki, yara daha ağır olsun. Bu məqsədlə o və dostları qızışdırıcı, yaxıcı içkilər içir və qıcıq yaradan yarpaqlar çeynəyirlər ki, bu da onların inamına görə, yaranın irinləməinə və daha da qıcıqlanmasına səbəb olmalıdır. Daha sonra onlar kamanı ocağın yannda saxlayırlar ki, ondan atılmış oxun yetirdiyi xəsarət daha da çox qövr etsin. Elə həmin məqsədlə də onlar oxun ucunu közün içinə qoyurlar. Onlar həm də kamanı gərib tarım tuturlar və aradabir buraxıb kıskin səs çıxardırlar və düşünürlər ki, bu, yaralını əsəb gərginliyindən və tetanus tutmalarından əzab çəkməyə vadar edir. “Bizi daim inandırırlar ki, –deyə Frensis Bekon[1] yazır, –ondan xəsarət yetirilmiş silahı yağlama həmin yaranı sağaldır. Mötəbər şəxslərin bildirdiyinə görə (hərçənd mən hələ ki, buna inanmağa əsla meylli deyiləm) aşağıdakı şeylərə diqqət yetirmək lazımdır: birincisi, bununçün zəruri olan yaxının tərkib hissələrindən ən qəribə və ən çətin ələ gələnləri bunlardır: “ölmüş, amma basdırılmamış adamın kəlləsindən kötürülmüş mamır və uşaq piyi, yaxud da cütləşmə zamanı öldürülmş ayının piyi.” Bu və buna bənzər içdəkilərdən ibarət olan yaxı, filosofun şahidliyinə görə, yaraya deyil, silaha sürtülürdü. Bu zaman yaralının özü xeyli aralıda olur və bu barədə heç nə bilmirdi. Bekonun sözlərinə görə, bir sınaq olaraq silahdan yaxını elə silməyə çalışırdılar ki, yaralı özü bu barədə bilməsin. Nəticədə guya onda silahı yenidən yağlayanadək davam edən güclü ağrı tutması baş verirdi. Bu da azmış kimi, “bəziləri iddia edirlər ki, əgər siz silahın özünü ələ gətirə bilmirsinizsə, onda yaraya formaca silahı xatırladan dəmir və ya taxta alət qoyun ki, yara qanasın və onda bu aləti yağlama elə həmin təsiri göstərəcəkdir”. Şərqi İngiltərə qraflıqlarında Bekonun diqqət yetirdiyi müalicə vasitələri indiyədək əvvəlki kimi geniş istifadə olunurlar. Belə ki, əgər Suffolk qraflığının sakini hansısa bir yerini qayçı və ya dəryazla kəsərsə, onda o bu aləti parıldayanadək sürtür və yara irinləməsin deyə onu yağlayır. Əgər kəndlinin əlinə tikan batarsa, o çıxarılmış tikana yağ, ya da piy sürtür. Bir dəfə çəpər düzəldərkən tikan batmış əli irinləmiş bir nəfər həkimin yanına gəlir. Ona deyəndə ki, yara irinləyib, o belə cavab verib: “Bu ola bilməzdi. Axı mən tikanı çıxaran kimi onu yağlamışam”. At mıxı bastalayıb ayağını yaralayanda Suffolklu mehtər bu mıxı saxlayır ki, yara irinləməsin və hər gün onu yağlayır. Kembricşir qraflığından olan qara fəhlələr belə düşünürlər ki, əgər atın ayağına mıx batmışsa, onu çıxarıb donuz piyi və ya yağla yağlamaq və etibarlı bir yerə qoymaq lazımdır. Əks təqdirdə at sağalmaz. Bir dəfə bir kəndli baytar həkiminin dalınca adam göndərmişdir ki, o gəlib böyrünə darvaza şalbanının qarmağı batmış atı müayinə etsin. Fermaya gələndə baytar görmüşdür ki, yaralı ata heç bir kömək edilməyib, atın sahibi onu yağlaya və bir kənara qoya bilmək üçün həmin qarmağı şalbandan çıxarmaqla məşğuldur, bu isə Kembric müdriklərinin fikrincə, heyvanın sağalmasına səbəb olacaqdır. Esseks kəndliləri də güman edirlər ki, insan bıçaqlananda tez sağalması üçün gərək bıçaq yağlansın və yaralı yatan çarpayıya köndələn qoyulsun. Bavariyada sizə kətan parçanı yağlayıb onu sizi yaralamış baltanın tiyəsinə bağlamağı və bu zaman tiyəni üzü yuxarı tutmağı məsləhət görərlər. Baltadakı yağ quruduqca yaranız da sağalacaq. Qarts dağlarında deyirlər ki, əgər bir yeriniz kəsilibsə, onda bıçağa yaxud da qayçıya yağ sürtməli və aləti Ata, Oğul və Müqəddəs ruh adı ilə (deməklə) quru bir yerə qoymalısınız. Bıçaq quruyan kimi yaranız da sağalacaqdır. Almaniyanın digər vilayətlərinin sakinlərisə belə hesab edirlər ki, bıçağı siz torpağa batırmalısınız və o paslandıqca yaranız da sağalacaqdır. Bavariyalılarsa baltaya və başqa bir silaha (alətə) qan sürtməyi və onu karnizin altına qoymağı məsləhət görürlər.
Mərkəzi Amerika aborigenləri ingilis və alman kəndliləri və Amerika və Melaneziya otaylıları ilə müqayisədə bir addım irəli getmişlər. Onların fikrincə, yaralının sağalması üçün onun yaxın qohumları bədənlərinə yağ sürtməli, yemək-içməklərini azaltmalı və öz davranışlarını bəlli bir qaydada tənzimləməlidirlər. Belə ki, sünnətdən sonra yeniyetmənin yarası sağalanadək onun anası oppossumun, kərtənkələlərin bəlli bir türünün, xalçavari ilanın ətini və hər hansı bir yağ növünü yeməməlidir. Bu yeməklər guya oğlanın yarasının sağalmasını ləngidə bilər. O hər gün qazma çubuqlarını yağlayır və onları bir an belə gözdən qoymur; gecə o onları çarpayının başqa tərəfinə qoyur. Onlara heç kəs toxuna bilməz. Oğlanın anası hər gün bədəninə yağ sürtür, çünki belə hesab olunur ki, bu, onun oğlunun sağalmasına kömək edir. Elə həmin prinsipə əsaslanan başqa bir incə fənd alman kəndliləri tərəfindən icad olunmuşdur. Bavariya və ya Gessen kəndlisinin donuz və ya qoyunlarından biri ayağını sındıranda, o, stulun ayağına sarğı və ya şin qoyur. Bundan sonra bir neçə gün ərzində heç kimə həmin stulda oturmağa, onun yerini dəyişməyə və ona toxunmağa (ilişməyə) icazə verilmir: guya bu, şikəst donuza və ya qoyuna ağrı verər və onun sağalmasına mane olar. Sonuncu halda biz aşkar surətdə kontagioz magiya sahəsindən homeopatik, və ya imitativ magiya sahəsinə keçmiş olduq. Heyvanın ayağının yerinə müalicə etdikləri stul ayağının heyvana heç bir aidiyyəti yoxdur və ona sarğı qoyulması rasional cərrahiyənin həqiqi xəstəni məruz qoymuş olacağı müalicənin xalis təqlididir.
İnsan və onu yaralamış silah arasındakı xəyali əlaqə, ola bilsin, o təsəvvürə əsaslanır ki, ona görə silahdakı qan yaralının qanı ilə ayrılmaz bağlı olmaqda davam edir. Oxşar səbəbə görə Yeni Qvineya yaxınlığındakı Tumleo adasından olan papuaslar yaralarından açılmış qanlı sarğıları dənizə atmağa çalışırlar, onlar qorxurlar ki, bu əskilər düşmənlərinin əlinə düşərsə, onlar bunların köməyilə onlara ziyan vura bilərlər. Yaralanmış ağzından durmadan qan gələn bir nəfər həkim yardımı üçün missionerlərə müraciət edəndə onun arvadı qan toplayıb dənizə atmağa çalışırdı.
Bu ideya bizə nə qədər təhrif olunmuş və qeyri-təbii görünsə də insanla paltarı arasında qalmaqda davam edən sehrli əlaqəyə inam qədər qeyri-təbii deyildir, bu inama görəsə paltarla baş vermiş hər şeyi o hətta uzaqda olduğu zaman belə, guya insanın özündə öz əksini tapır. Kimisə azara salmaq üçün Yotjobaluk qəbiləsinin (Cənub-Qərbi Avstraliya, Viktoriya ştatı) cadugəri onun opposum dərisindən olan bürüncəyini oğurlayır və onu yavaş-yavaş odda yandırır, guya bundan bürüncəyin sahibi xəstəliyə düçar olur. Əgər cadugər sehri dağıtmağa razılıq verirsə, bürüncəyi xəstənin dostlarına qaytarır və “odu yuyub təmizləmək üçün” onu suya qoymağı tapşırır. Bundan sonra xəstə guya təravətli bir sərinlik hiss edir və sağalır. Tanna adasında (Yeni Hebridlər) başqa birisinə “dişlərini qıcamış” və onun ölümünü istəyən kəs düşməninin öz təri hopmuş paltarını ələ keçirməyə çalışırdı. Buna müvəffəq olanda o ciddi-cəhdlə həmin paltarı bəlli bir ağacın yarpaqlarına və budaqlarına sürtür, sonra paltarı, budaq və yarpaqlar sosis formasında olan bir uzunsov buruma bükür və onu yavaş-yavaş odda yandırırdı. Bu zaman o əmin idi ki, bükülü od tutub yandıqca qurban da xəstələnəcəkdir və o kül olanda o öləcək. Güman etmək olar ki, cadugərliyin bu forması halında sehrli simpatiya insanla onun paltarı arasında olandan daha çox onunla bədənini basmış tər arasındadır. Ancaq bu qəbildən olan başqa hallarda cadugərin paltarı əldə etməsi özlüyündə onun öz qurbanına dov gəlməsi üçün kifayətdir. Şair Feokritdə belə bir hal təsvir olunur: cadugər qadın ona sadiq olmayan sevgilisinin mumdan olan surətini yandırıb əridir ki, o da ona sevgisindən şam kimi ərisin, bu zaman o, həmin kişinin dalğınlıq üzündən evində qoyub getdiyi plaşından bir parçasını da oda atmağı unutmur. Prussiya sakinləri deyirdilər ki, əgər siz oğrunu tuta bilmirsinizsə, onda onun qaçarkən itirdiyi paltarını götürə bilsəniz, çox yaxşı olar: bu paltarı çoxlu döyəcləsəniz, o oğru xəstələnər. Bu inanc xalqın yaddaşında dərin kök salmışdır. XIX əsrin əvvəlində Berenda şəhəri civarlarında bir nəfəri bal oğurlamağa cəhd edən zaman yaxalamışlar. O, paltarını götürməyə macal tapmadan qaçmışdır. Biləndə ki, balın qəzəbli sahibi onun paltarını çəkiclə döyəcləyir, onda elə bir güclü həyəcan baş qaldırmışdır ki, o yatağa düşüb ölmüşdür.
Bir çoxları inanırlar, ovsunun köməyi ilə insana simpatik üsulla təkcə elə paltar və kəsilmiş tük və dırnaqlar vasitəsilə deyil, həmçinin qum və ya torpaq üzərində buraxdığı izlər vasitəsilə də təsir göstərmək olar. Məsələn, bütün dünyada belə bir inanc yayılmışdır ki, ona görə izləri, ləpirləri pozmaqla siz onları qoymuş ayaqlara da ziyan vurmuş olursunuz. Cənub-Şərqi Avstraliya yerliləri inanırlar ki, onlar ayaq izlərinin üstünə iti kvars, şüşə, sümük və ya ağac kömürü qırıntıları qoymaqla insanı topal edə bilərlər. Tatunqolunq qəbiləsindən olan bir şəxsin axsadığını görən doktor Hauitt ondan niyə axsadığını soruşmuşdur. O belə cavab vermişdir: “kimsə pəncəmə butulka qoymuşdur”. Əslində o revmatizmdən əziyyət çəkirdi, amma zənn edirdi ki, düşməni onun ayağının başqa izlərini tapmış və izin içərisinə şüşə qırıntıları doldurmuşdur; ayağındakı ağrını da elə bu cadu hərəkəti doğurmuşdur.
Avropanın ayrı-ayrı xalqlarında buna bənzər inanclar vardır. Meklenburqlular hesab edir ki, əgər siz insanın saldığı ləpirə mismar batırarsınızsa (bəzən bu mismarın tabutdan çıxarılması tələb olunur), onda o şəxs axsaq olar. Ziyan vurmanın bu üsuluna Fransanın bəzi nahiyələrində də əl atırlar. Belə nəql edirlər ki. Stou şəhərində (Suffolk qraflığı) tez-tez cadugər qadın peyda olurdu. Birisi onun ardınca gedib ləpirlərinə mıx və ya bıçaq soxanda guya həmin yaşlı qadın onu çəkib oradan çıxarmayınca yerindən tərpənə bilmirdi. Cənub slavyanlarında qız öz sevgilisinin ləpirlərindən torpaq götürür və gül dibçəyini onunla doldururdu. O ona solmaz güllər sayılan məxmər gülləri əkirdi. O inanır ki, bu qızılı rəngli güllər necə böyüyüb çiçəklənir və solmurlarsa, onun yarının da məhəbbəti elə bu cür solmaz olacaqdır. Belə zənn edilir ki, məhəbbətin sehri gənc oğlana onun gəzdiyi torpaq vasitəsilə təsir edir. Qədim danimarkalılar da müqavilələr bağlayarkən insan və onun ayaq izləri arasındakı elə həmin simpatik əlaqə ideyasına əsaslanırdılar: əhdə vəfanın rəhni olaraq müqavilə tərəfləri bir-birinin ləpirinə öz qanlarını çiləyirdilər. Qədim Yunanıstanda da bu qəbildən olan xurafatlar xeyli yayılmışdı. Orada, məsələn, belə düşünürdülər ki, qurd ləpirini tapdalamış at bir daha kişnəyə bilməz. Pitaqora (Pifaqora) aid edilən bir kəlama görəsə, insan ləpirlərinə mıx və ya bıçaq batırmaq qadağan olunurdu.
(davamı var)
Tərcüməçi: Obaçı
[1] Bekon Frensis (1561-1626) – ingilis filosofu
Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 10 – KLV