Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 8

 

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

(davamı)

Avstraliya adalılarında (aborigenlərində) hər bir gəncin yetkin kişi hüquq və imtiyazlarını əldə etməzdən öncə məruz qalmalı olduğu inisiasiya (kişiləşmə) ayinləri zamanı onun bir və ya bir neçə ön dişini vurub salmaq adəti vardır. Bu adətin mənşəyi və mahiyyəti aydın deyil. Verilmiş halda bizi adalıların yalnız o inamı maraqlandırır ki, ona görə gəncin çənəsindən dişi çəkib çıxardıqdan sonra bu dişlə onun keçmiş “yiyəsi” arasında simpatik əlaqə mövcudluğunu davam etdirir. Buna görə Darlinq çayı (Yeni Cənubi Uels) hövzəsinin bəzi qəbilələrində sınmış, düşmüş dişi çayın, yaxud da gölməçənin yanında bitən ağacın qabığının altına soxurdular. Əgər dişin üstünü qabıq örtürdüsə, ya da o suya düşürdüsə, onda narahatçılığa əsas qalmırdı. Amma əgər o üzə çıxır və onun üstündə qarışqalar qaçışırdılarsa, onda adaların əqidəsinə görə, gənc ağız boşluğu xəstəliklərinə tutula bilərdi. Murrinq və Yeni Cənubi Uelsin digər tayfaları vurulub salınmış dişi əvvəlcə qocalardan birinə saxlanca verirdilər. Sonra o, bütün icmanın ağsaqqallarından əlbəəl keçərək gəncin atasına, sondasa onun özünə qayıdanadək dövr edirdi. Bu zaman diş onda olarkən heç kəs onu “sehrli şeylər” saxlanan kisəyə qoymamalı idi, zənn edilirdi ki, əks halda dişin sahibi böyük bir təhlükə ilə üzləşər. Kişiləşmə ayinində gənclərin sındırılmış dişlərini bir dəfə mərhum d-r Hauitt saxlamışdır. Tayfa ağsaqqalları ondan çox-çox təvəqqe etmişdilər ki, onları bundan xəbərdar olduqları kimi, kvars kristallarını saxladığı kisədə saxlamasın. Əgər o bunu edərsə, deyirdilər onlar, onda kristalların sehri dişlərə keçər və yeniyetmələrə sədəmə toxunar. Dişləri saxlanca götürdüyü vaxtdan təxminən bir il keçdikdən sonra Hauitti murrinq qəbiləsinin başçılarından biri ziyarət etmişdir. Bu dişləri götürmək üçün 250 mil yol gəlmişdi. Gələn şəxs izah etmişdir ki, gənclərdən biri xəstələnmişdir və soydaşları belə qərara gəliblər ki, diş zədələnmişdir, bu isə gəncin səhhətində özünü göstərmişdir. Elçini əmin etmişlər ki, diş ona təsir edə biləcək bütün şeylərdən (məsələn, kvarsdan) aralı tutularaq qutuda saxlanılmışdır. Bundan sonra, murrinq bərk-bərk bükdüyü dişləri özü ilə götürərək evə qayıtmışdır.

Basutalar çıxarılmış dişləri bərk-bərk gizlədirlər ki, onlar, inanclara görə, qəbirlərə gələn və sehrli bir yolla dişin sahibinə ziyan vura bilən mifik varlıqların əllərinə düşməsinlər. Əlli il bundan öncə[1] Susseks qraflığında bir ev qulluqçusu düşmüş uşaq dişlərini atmamağı israrla məsləhət görürdü. O iddia edirdi ki, əgər dişi hansısa bir heyvan tapıb udarsa, uşağın dişi hökmən həmin heyvanın dişinə oxşayacaqdır. Sübut kimi o, qoca Simmonsa isnad edirdi: onun yuxarı çənəsindən böyük bir qaban dişi çıxmışdı. Qoca özü iddia etdiyi kimi, bu qüsura o, düşmüş dişlərindən birini təsadüfən donuz təknəsinə atmış anası bais olmuşdur. Bu inanc elə hərəkətlərə aparırdı ki, onlar məhz elə homeopatik magiyanın kömiylə pis köhnə dişləri yeni möhkəm dişlərlə əvəzləməyə yönəlmişlər. Bir çox xalqlar çəkilmiş və ya düşmüş dişi onu siçovul və ya siçanın tapa biləcəyi yerə qoyurlar, bu zaman onlar ümid edirlər ki, dişlərlə onların keçmiş sahibi arasında davam etməkdə olan simpatik əlaqə sayəsində onun dişləri həmin gəmiricilərin dişləri kimi möhkəm olacaqdır. Az  qala bütün alman kəndlilərində belə bir fikir var idi ki, çəkilmiş dişi siçan yuvasına qoymaq lazımdır. Belə düşünülür ki, əgər uşağın düşmüş süd dişini ora qoysan, o bütün ömrü boyu diş ağrısı çəkməyəcəkdir. Ya da gərək dişi düşmüş adam sobanın arxasına keçsin və “Siçan sən mənə öz dəmir dişini ver. Mən də sənə öz sümük dişimi verim” deməklə onu başının üstündən geriyə atsın. Bundan sonra onun əla dişləri olacaqdır. Sakit okeandakı Raratonqa adasında uşağın dişi düşəndə adalılar belə bir ovsun söyləyirdilər:

Böyük və kiçik siçovul!

Budur, balaca diş,

Sən mənə yenisini ver.

Sonra dişi evin saman çardağına atırdılar, çünki çürümüş samanda adətən siçovullar özlərinə yuva düzəldirlər. Belə hallarda adalılar ona görə siçovullara müraciət edirdilər ki, onların dişləri ən möhkəm dişlər hesab olunurdu.

Belə bir inanc vardı ki, bədənin başqa hissə və üzvləri də, fiziki cəhətdən insandan ayrılmış olsalar da onunla simpatik əlaqədə olurlar. Belələrinə, məsələn, göbək ciftini və uşaq yoldaşını (plasentanı) aid edirlər. Bu əlaqə o qədər sıx əlaqə sayılır ki, çox vaxt insanın taleyi bütün ömrü boyu onlarla bağlı olmuş olur. Əgər göbək ciyəsi və uşaq yoldaşı salamatdırlarsa, uşağın həyatı yaxşı olacaqdır. Amma əgər onlar zədələnir və ya itirilirsə, uşaq da həmişə əziyət çəkir. Belə ki Qərbi Avstraliya adalıları inanırlar ki, insanın yaxşı üzgüçü olması doğulduğu zaman anasının onun göbəyini suya salıb-salmamasından asılıdır. Penfater çaybasarı (Kvinslend) sakinlərində belə bir inanc vardır ki, uşağıncanın bir hissəsi ciftdə qalır. Buna görə uşağın nənəsi cifti aparıb quma basdırır. Həmin yeri o, qumda üzük qaşı kimi basdırılmış çubuqlarla işarələyir; onların uclarını o bir-birinə elə bağlayır ki, qurulu konus formasını alır. Anjea, guya ki, palçıqdan düzəldilmiş çağanı ananın bətninə qoyaraq qadını hamilə edən məxluq, həmin yerdən keçəndə canı ciftdən çıxarır və onu illərlə orada qalacağı sığınacaqlardan birinə (koğuşa, qayadakı oyuğa və ya laqunaya) aparır. Ancaq gec-tez Anjea uşağın canını qaytarır və onda o bir növ yenidən doğulur. Karolin adalarından birində (Ponape a.) göbək bağını balıqqulağına qoyur və onunla elə rəftar edirlər ki, uşağı valideynlərinin   növün onunçün seçmiş olduqları fəaliyyət növünə daha yaxşı hazırlamaq mümkün olsun. Məsələn, əgər valideynləri onu ağaca dırmaşma ustası etmək istəyirlərsə, cifti ağacdan asırlar. Ken adasının sakinləri göbəkbağında yeni doğulmuş uşağın qardaşını və ya bacısını görürlər (cinsindən asılı olaraq). Onlar onu içində kül olan güvəcə qoyub ağacın budaqlarından asırlar ki, o oradan uşağın taleyini sayıqlıqla izləyə bilsin. Sumatra adasından olan bataklarda və Hind okeanı adalarının digər xalqlarında ciftə uşağın bacısı və ya qardaşı kimi baxırlar (sonuncunun cinsi uşağın cinsindən asılı olaraq təyin edilir) və onu evin altında basdırırlar. Batakların inancına görə uşağın rifahı ondan asılıdır, o – haqqında daha sonra bəhs edəcəyimiz keçici canın məskənidir. Karobataklar əmindirlər ki, insanın iki canından əsl olanı evin altında ciftlə birgə qalanıdır: onların sözlərinə görə, məhz bu can uşağa həyat verir.

Baqandalar inanırlar ki,  hər bir insan dünyaya cüt gəlir və bu ekiztay elə ciftin özüdür. Ana uşaqyoldaşını banan ağacının dibində basdırır, bununla da həmin ağac meyvələri yetişənədək və müqəddəs ailə bayramı üçün dərilənədək müqəddəs olur. Çerokilər qızın göbəkbağını dibəyin altına basdırırlar ki, o böyüyəndə əlində tam olsun: oğlanın göbəyinisə onlar meşədə bir ağacdan asırlar ki, o zirək bir ovçu olsun. Peru inkləri cifti göz bəbəyi kimi qoruyub saxlayır və uşaq xəstələnəndə ona verirdilər ki, sorsun. Qədim Meksikada oğlan uşağının göbəkbağını adətən döyüşçülərə verirdilər, onlarsa onu döyüş meydanında basdırırdılar ki, oğlan böyüyüb döyüşçü olsun. Qız uşağının ciftinisə evdə ocağın yanında basdırırdılar: belə hesab olunurdu ki, bu onda evdarlığa məhəbbət və yemək bişirməyə həvəs doğurar.

Bir çox avropalılar indiyədək inanırlar ki, insanın taleyi bu və ya başqa sayaq göbəkbağı və ya ciftin taleyi ilə bağlıdır. Belə ki, Bavariyanın reynsahibi bölgəsində göbək ciyəsini köhnə bir kətan parçasına büküb bir müddət saxlayır, sonrasa uşağın cinsindən asılı olaraq ya kəsib doğrayır, ya da deşirlər ki, oğlan gələcəkdə yaxşı işçi, qızsa – yaxşı toxucu olsun. Berlində əbə (mamaça) qurudulmuş göbək ciyəsini uşağın atasına verir və onu bərk-bərk qorumağı tapşırır; axı o salamat qaldığı müddətdə uşaq da sağ-salamat olacaqdır. Bosda və Perşdə (Fransa) göbəkbağını heç vaxt suya və ya oda atmırlar, çünki belə etsələr, uşağın suda batacağından ya da odda yanacağından qorxurlar.

Beləliklə, bir çox xalqlar göbəkbağını, daha çoxsa uşaqyoldaşını canlı varlıq, uşağın bacısı və ya qardaşı, yaxud da onda uşağın qoruyucu ruhu və ya canının bir hissəsi olan bir əşya sayırlar. Guya insan və onun cifti, yaxud da göbək ciyəsi arasında mövcud olan simpatik magiyaya inam belə bir yayğın adətdə öz birbaşa ifadəsini tapır ki, ona görə göbəkbağı və ya uşaqyoldaşı ilə elə davranırlar ki, bununla inasnın fəaliyyət növünə və xarakterinə təsir göstərə bilsinlər. Beləliklə, uşaqyoldaşı (daha az dərəcədə göbək ciyəsi) ilə bağlı inanclar və adətlər keçən, ötürülən, və ya xarici can barədə çox geniş yayılmış bir təsəvvürlə, habelə ona əsaslanan adətlərə tam şəkildə uyğundurlar. Güman etməyə əsas vardır ki, bu oxşarlıq sadəcə təsadüfi bir uyğunluq deyil və uşaqyoldaşı (ola bilsin, təkcə o yox) burada xarici can barədə təsəvvürlərin və onunla bağlı adətlərin fiziki əsasıdır. Bu məsələni biz sonralar araşdıracağıq.

(davamı var)

                                                                        Tərcüməçi: Obaçı 

 

[1] Söhbət XIX əsrin ortasından gedir.

 

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 9 – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Tbilisi şəhərində professor, akademik Hamlet İsaxanlının həmtəsisçiliyi ilə East-West Teaching University yaradılmışdır

Ç Avq 31 , 2022
Gürcüstanın Tbilisi şəhərində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Hamlet İsaxanlı və İvani Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin keçmiş prorektoru, prof. Teymuraz Xurodzenin birgə təsisçiliyi ilə East-West Teaching University (Şərq-Qərb Universiteti) yaradılaraq, 2022-ci il avqustun 9-da beynəlxalq akkreditasiyadan keçmişdir. Universitetin yaranmasını […]