Ülvi Babasoy. Apokaliptik dünyanın qəddarlığı: melanxoliya

“Tarkovskinin qadınları əsəbi və sehrlidirlər”

Lars von Trier

Stanford Universitetində bir qadın tədqiqatçı iş dünyasındakı qadın və kişi nisbəti ilə bağlı araşdırma aparıb. Məlum olub ki, iş dünyasında qadın-kişi nisbətinin bir qədər tarazlaşması üçün 2159-cu ili gözləməliyik. Görəsən, elmi və texnogen inkişaf çağında niyə arada bu qədər dərin bir uçurum var? Elmi tədqiqatlar bu durumu kişi hegemoniyası ilə əlaqələndirir və bir çox sosial, mədəni səbəblər göstərirlər. Şübhəsiz ki, kişi hegemoniyası tarixi və mifoloji yaddaş kontekstində analiz edilməlidir. Bəs bu mövzuya sənət necə baxır? Xüsusilə də vizual sənətlər.

Sənət öz təsvir gücü və xəyal dünyasını itiribmi? Sənətə maksimalist dəyərlərlə yanaşan sənətşünaslar və sənətsevərlər belə düşünürlər. Vizual sənətlər Youtube platformasının təsir gücü və oyun estetikasının aparıcı olduğu çağda bayağılıq və elitarlığın arasındakı qızıl ortanı tapmağa çalışırlar. Müasir ədəbiyyat və kinoda oyun estetikası ifrat dərəcədədir. Bəzən bayağılaşır və ya özünü təkrarlayır. Süni bir sumilyasiya prosesi baş verir. Başqa sənət adamlarının etdiklərini təkrarlama və özününkü kimi göstərmə, təqdimetmə halları normallaşır. Bu, modern sənətin oğurluğudur? Hər nə qədər postmodern terminlər və yarlıqlarla ifadə edilsə də…

Çağdaş kino sənətində ən çox elitar sənət adıyla sənəti adiləşdirən statik, süni simvollar, təsvirlər, miflərə eyhamlar donuq və sıxıcı bir atmosfer yaradır. Bəzi filmlərdə isə gərəksiz texnoloji ustalıqlar, xüsusi effektlər və meqalomanyak yanaşma və klişelər istehlakçıların zövqlərinə uyğundur.

Sənət mexaniki bir dövr yaşayır. Kinematoqrafik təhkiyə texnologiyanın inkişafı ilə çoxqatlı və çoxsəsli bir vizuallıq fonunda inkişaf etməkdədir. Hətta hipertexniki və hipervizual sənət inqilabı baş verməkdədir. Lakin bu proses estetik illüziya gücü ilə sinxronlaşmır. Kinonun tamaşaçı beynində yaratdığı illüziya gücü zəifləyir. Artıq kino sənəti özünə xas olan təsvir və məcaz xüsusiyyətlərini itirir. Müasir kino daha çox televiziya və sosial medianın kütləvi, manipulyativ cəhətlərinə yaxınlaşır. Təsvirlər, vizual effektlər qüsursuzlaşdıqca məzmunun dəyəri aşağı düşür.

Çağdaş kino sənətində öz sənət dünyasını yaradan rejissorlardan biri də Lars von Trierdir. O, kino sənətinin illüziya gücünü itirmədiyini göstərən filmlər çəkir. Lars von Trierin “Antixrist” filmi ağ-qara bir səhnəylə başlayır. “Qadın və kişi sevişirlər” demək istəyirəm, deyə bilmirəm. Çünki açıq, çılpaq səhnələr və soyuq, mexaniki intim effektlər sevgidən doğan ehtirası üstələyir. Səhnə olduqca klassik, qotik məzmundadır. İntim əlaqə getdikcə dərinləşir. Hamamda çiləkdən axan su ilə kişi-qadın bədəni maddənin maye, buxar və su halında birləşir. Çılpaq bədənlərdən axan su kişi və qadını da maye halına çevirir. Özlərindən gedirlər. Ekstaz halı yaşayırlar. Paralel olaraq körpə uşaq beşiyindən düşür, yaxınlaşır masaya və pəncərə ilə üz-üzə dayanır. Nostalji hisslər aşılayan ariyanın sopranoist səs tonu ilə zirvəyə qalxması və uşağın pəncərədən düşməsi filmin proloqunu tamamlayır.

Qadın ağır depressiv böhran yaşayır. Övladının ölümündə özünü günahkar bilir. Psixiatr həyat yoldaşı qadını müalicə etməyə çalışır. Modern tibbin bütün imkanlarını səfərbər edir. Xəstəxana mühiti depressiyanı daha da artırır. Şəhərdən meşəyə – təbiətə gedirlər. İlkinliyə qayıdış qadının torpaqla birbaşa ünsiyyətinə səbəb olur. Ancaq vəziyyət daha da gərginləşir. Çünki uşağın xəyalı qadının gözü qarşısından çəkilmir. Vəziyyətdən xilas yolunu sevişməkdə görürlər. Qadının tək qalmaq qorxusu baş qaldırır. Əsəbləri gərilən qadın əlinə aldığı daşla kişini zədələyir. Zərbədən ürəyi gedən kişinin ayağına dəmir bir təkər bağlayır. Artıq yeriyə bilməyən, topal, şişayaq, modern Edip yaranır.

Edip (kişi) qadının əlindən qaçıb bir mağaraya sığınır. Lakin mağaradakı yaralı qarğanın səsi onu ələ verir. Elə bu vaxt kişi qarğanın səsini kəsmək üçün daşla onun başını əzir. Şiddət səsi boğur. Trierin sənət dünyasında kişi və qadın yer dəyişir. Kişinin cinsi orqanından qan gəlir. Kişi menstruasiya olur. Düz xətlə davam edən kişi cinsiyyəti qapalı dairədə dövrə vuran qadın cinsində bütövləşir, tamamlanır. Lakin Trierdə bu proses ölüm və şiddətlə başa çatır. Çünki qadın uşağı pəncərədən düşərkən görmüşdü. Bədəni maye halına çevrilib axmışdı. Orqazm halı övlad sevgisini, analıq hissini üstələmişdimi? Topoqrafiya insan həyatına, xoşbəxtliyinə, fiziki və metafiziki sağlamlığna kömək və təsir edə bilirmi?

Kişi qadını niyə öldürür? Zahiri planda qadının cadugərləşməsi prosesi baş verdiyi üçün. Orta əsrlərdə inkvizisiya məhkəmələrində işgəncə verilən və yandırılan qadınları xatırladır. Qadını öldürməklə onu içindəki “şeytandan” azad edirmi? Əgər qadının daxilində şər bir qüvvə, pislik varsa və onu xəbis varlıqlardan azad etmək istəyirsə, bunu pislik etməklə, cinayətlə necə gerçəkləşdirə bilər? Antixrist, dəccal kimdir? Qadınmı? Əsla. Bəs kişi? Ola bilər. Daha çox Trierin özüdür sanki. Bəzi kino tənqidçiləri belə düşünürlər. Lakin bu fikirlə də razılaşmıram. Lars von Trier modern bir təhkiyəçidir. Filmlərinin ssenarisini yazır və sənətin dili ilə vizuallaşdırır. Axı vizuallıq bütün kommunikativ vasitələri üstələyib. Kino sənətindəki səs, ritm, musiqi, bədən və sözün plastikası vizuallıqla əvəzlənib. Bəlkə də, kişi qadını qısqanır. Axı qadın doğmaq, çoxalmaq kimi qudsal bir naturaya sahibdir. Və psixoanalitik təhlil aparsaq görərik ki, kişilər qadınların bu cəhətini gizli şəkildə qısqanıblar həmişə.

Xristian mifologiyasına görə, ata, oğul və müqəddəs ruhla bağlı bir günün, apokalipsisin, qiyamətin gəldiyini görürük. Antixrist də öz işini görür. Hətta filmin semantik mərkəzində dayanan “Üç dilənçi” hekayəsində bətnində ölü bala gəzdirən maral (Esxilin “Evmenidlər”, Sofoklun “Antiqona” faciələri və Y.Lantimosun “Müqəddəs maralın ölümü” filminə yaxın və uzaq planda baxış) öz bağırsaqlarını yeyən tülkü və kişi tərəfindən öldürülən qarğa metaforları. Bu heyvanlar o qədər də qatı bir metafor və simvollar deyillər. Müasir insan reflektiv davranış və münasibətləri ilə heyvandan nə qədər fərqlənir? Təbii ki, fərqlənir. Yaxşı, mediatik manipulyasiya və texnogen nəzarət altındakı müasir insan heyvandan fərqlənirmi? Heyvanlarda şüuraltı yoxdur, ona görə də özlərinə məxsus topoqrafiyaları və yaşayış məskənləri (insanlar buna imkan verirmi?) var. İnsanlar öz təbii cənnətlərini, məskənləri olan təbiəti itirdikləri üçün şüuraltı ortaya çıxıb. Fərdi seçim, həyat tərzi, depressiv və eqosentrik durum meqapolisləri şüuraltından uzaqlaşan yeni insan-heyvan qəbilələrinin sığınacağı, mağarası edib. Lakin Trierin hədsiz dərəcədə simvollarla oynaması bir qədər sünidir.

Trier “Antixrist” filmində sənətlərarası əlaqəyə girir. Evripidin “Medeya”sı (Trierin “Medeya” filmi də) görkəm dəyişib. Medeya uşaqlarının qatili olur. Çünki əri Yasondan qisas almaq və ya övladlarını düşmənin əlinə buraxmamaq üçün onları öldürür. Nəticədə, “Antixrist”dəki qadın da, Medeya da hiss və duyğularına qapıldıqları üçün övlad qatili olurlar. “Antixrist”in qadını Trierin “Nimfoman” filmindəki Co ilə də qohumdur. (Maraqlıdır ki, hər iki rolu Şarlotta Gensbur canlandırır). “Nimfoman”ın qəhrəmanı Co nimfomaniya xəstəliyindən əziyyət çəkir. Cinsi doyumsuzluq və ya soyuq pornoqrafik effektlər (Yorqos Lantimosun (“Köpək dişi”, “Müqəddəs maralın ölümü” və “Lobster” filmləri ilə eyni hiperseksual soyuqluğu bölüşür) bu iki qadının bədənini birləşdirir. Metafiziki bir qayğı görmürlər bu qadınlar. Bütün bu paralellərlə sinxronlaşan sənət əsəri Trierin “Melanxoliya” filmidir. Trierə görə, insanlar və Yer kürəsi dərin bir melanxoliyanın içindədir. “Melanxoliya”, “Antixrist” və “Nimfoman” depressiya trilogiyasıdır.

Lars von Trierin “Doqvill” filminin finalını xatırlayıram. “Doqvill” qəsəbəsindəki (dünyanın kiçik modeli) itdən savayı bütün insanları güllələyirlər. Apokaliptik qətliam baş verir. Qiyamət qopur. Lars von Trier təkcə mexaniki varlıq halına gələn insanların üzləşdiyi lənətli durumu göstərmir, fiziki və psixoloji istismarların lənətini kafkaist bir formatda vizuallaşdırır. “Antixrist”də topoqrafiya əsasdır. “Doqvill”də isə apokaliptik dünyanın qəddarlığı teatral bir çılpaqlığa bürünür. Rejissor yox olmaqla üzləşən bədənlərin başına gələn vizual hadisələri danışır. Həm ilahi, həm də empirik narratoloji seleksiyaları kino sənətinə tətbiq edir. Yaxın kadrlar və kubrikvari uzaq plan çəkilişləri insan bədəninin estetikasının, naturanın transestetikaya necə və nə şəkildə keçid etdiyini göstərir. Andrey Tarkovskiyə həsr edilən “Antixrist” filmində qadın öz cinsiyyətinə zərər verməklə qadınlıqdan imtina edir. Mənasını itirən bədən və cinsiyyətin qiyamətidir, bu. Trieri qadın düşməni hesab edirlər. Lakin belə deyil. Əvvəldə verdiyim və bir qədər ritorik səslənən suala qayıdıram. Sənət öz təsvir gücü və xəyal dünyasını itiribmi? İtirməyib. Çünki Lars von Trier filmin sonunda yüzlərlə üzü görünməyən qadın bədənlərini göstərir və qadına verilən dəyəri sorğulayır. Xassəsiz qadınları. Filmin qəhrəmanlarının bir adı yoxdur. Kişi və qadındır onlar. Antiqəhrəmandırlar.

Antiqəhrəmanlar olan bir dünyada isə antixrist, dəccal hökm sürəcək və qiyamət baş verəcək. Və bu dərin melanxoliyadan insanları (yəni fərdləri) xilas edəcək gözəllik kino sənətinin illüziya gücüdür. Tarkovskinin bütün qadınları kimi, Trierin də qadınları əsəbi və sehrlidirlər. Onları bu qədər əsəbi və sehrli edən nədir?!

edebiyyatqazeti.az

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Nuray Əhədova. Susuz səhranın şəfalı çiçəyi

Ca Avq 18 , 2022
Bu, sadə bir kitab, və ya film deyil, gerçək həyat hekayəsini bizə çatdıran tarixi bir abidədir. Nəyə görə tarixi abidə? Çünki Varisin adını, onun həyatını analiz etdiyimiz zaman Afrika, orda olan mədəniyyət və sivilizasiyalar insanı heyrətə gətirir. Kitabı oxumağa hazırlaşan zaman mövzu mənə bəlli və aşkar olsa da, bu qədər […]