SUN-TSZI. Qalibin strategiyası və taktikası (Müharibədə mübarizə, Doqquz dəyişiklik, Yürüş)

(davamı)

MÜHARİBƏDƏ MÜBARİZƏ

Sun Tszı deyib: Müharibə aparmağın qaydası belədir: sərkərdə hökmdardan göstəriş alıb, ordunu formalaşdırır, qoşunu yığır və düşmən ilə təmasa girib mövqe seçir. Döyüşdə mübarizədən çətin heç nə yoxdur.

Döyüşdəki mübarizədə ən çətini dolayı yolu düz yola, fəlakəti qazanca çevirməkdir. Ona görə də kim ki, bu cür dolayı yolla hərəkətə başlayaraq qazancla düşmənin başını qatır və ondan sonra döyüşə yollanıb, ondan tez gəlir, o, dolayı hərəkətin taktikasını başa düşür.

Ona görə döyüşdə mübarizə qazanca aparır, döyüşdə mübarizə həm də təhlükələrə aparır. Əgər bütün ordunu qaldırıb, qazanc dalınca aparılırsa, məqsədə nail olmaq mümkün deyil; əgər qazanc üçün mübarizə aparıb ordu atılırsa, nəqliyyat və təchizat itiriləcək.

Əgər uçaraq qazanc üçün yüz li məsafə qət edilib mübarizə aparılırsa, bundan ötrü nə gündüz nə gecə dincəlib, marşrutlar iki dəfə uzanır və keçidlər birləşdirilirsə, o zaman bütün üç ordunun komandanlığı əsir kimi itirilir; dözümlülər irəlidə gedir, zəiflər geri qalır və bütün ordunun onda- biri gəlib çatır. Haçan ki, qazanc üçün əlli li məsafədə mübarizə getdi, ön ordunun komandanlığı ağır vəziyyətə düşür və bütün ordunun yarısı gəlib çatır. Haçan ki, qazanc naminə otuz li məsafə qət edilir, üçdə-ikisi gəlib çatır.

Əgər ordunun nəqliyyatı yoxsa, o məhv olur; ərzağı yoxsa, o məhv olur; əgər ehtiyatı yoxsa, o məhv olur.

Kim ki, əgər knyazların niyyətini bilmir, o əvvəlcədən onlarla müqavilə bağlaya bilməz; şəraiti-dağları, meşələri, uçurumları, yarğanları, gölməçələri və bataqlıqları tanımırsa o müharibəni apara bilməz; kim yerli bələdçilərə müraciət etmir, o şəraitin üstünlüklərindən istifadə edə bilməz.

Ona görə müharibə aldatma üzərində qurulur, sərfəli variant üzrə hərəkət edilir, bölünmə və birləşmələr vasitəsilə dəyişikliklər aparılır.

Buna görə o, külək kimi sürətlidir; o, meşə kimi sakit və ləngdir; alov kimi soxulur və viran qoyur; o, dağ kimi tərpənməzdir, zülmət kimi keçilməzdir; onun hərəkəti ildırım zərbəsidir.

Kəndlər qarət edilərkən qoşunu hissələrə bölürlər. İstila zamanı öz hissələri ilə ərazilərin tutulması vaxtı öz hissələri ilə sərfəli mövqelər tutulur.

Hərəkət edərkən hər şey ölçüb-biçilir. Kim əvvəlcədən düz və dolama yolu bilirsə, o qalib gəlir. Bu da elə döyüşdə mübarizənin qanunları deməkdir.

«Ordunun idarə olunması»nda deyilir: «Haçan ki, danışırlar bir-birini eşitmirlər; ona görə də qonq və təbillər düzəldilir. Haçan ki, baxırlar, bir-birlərini görmürlər, onunçun də bayraqlar və nişanlar hazırlayırlar». Qonqlar, təbillər, bayraqlar və nişanlar öz əsgərlərinin gözlərini və qulaqlarını bir-birləriylə bağlayır. Əgər hər şey birində cəmləşibsə, cəsur öndə təkbaşına vuruşa bilməz, qorxaq təklikdə geri çəkilə bilməz. Elə bu da kütləyə rəhbərlik etmək qanunu deməkdir.

Bunun üçün də gecə döyüşündə çoxluca məşəllərdən və təbillərdən, gündüz döyüşlərində çoxluca bayraq və nişanlardan istifadə olunur; bununla da düşmənin gözlərini və qulaqlarını çaşdırırlar. Ona görə ordunun ruhunu əlindən almaq olar, sərkərdənin isə ürəyini.

Bu səbəbdən də səhərlər ruhən gümrah olurlar. Gündüzlər ölüvay, axşamlar isə evə qayıtmaq barədə düşünürlər. Ona görə də kim ki, döyüşü aparmağı bacarır düşmənin ruhu gümrah olanda ondan yayınır və onun ruhu ölüvay olanda və ya o geri qayıtmaq barədə düşünəndə ona zərbə vururlar; bu da ruhun idarə olunmasıdır.

Nizam-intizamlı olanda başıpozuqluq gözləyirlər; sakitlikdə olanda həyəcan gözləyirlər; bu da elə qəlbin idarə olunması deməkdir.

Yaxınlıqda olanda uzaqdakıları gözləyirlər; hər cəhətdən güclü olanda yorulub əldən düşənləri gözləyirlər; elə bu da gücün idarə olunmasıdır.

Tam qaydasındadırsa, düşmənin bayraqlarına qarşı getmə. Alınmaz olduğu vaxtı düşmən cərgələrinə hücum etmə. Bax bu dəyişikliklərlə idarə etməkdir.

Ona görə də döyüş aparılması qaydası belədir: Əgər düşmən üksəklikdədirsə, birbaşa ona doğru getmə; əgər onun arxasında hündürlük varsa, onunla üz-üzə düşərgə salma; əgər o yalandan qaçırsa, onu təqib eləmə; əgər o ən güclü vəziyyətdədirsə, ona həmlə etmə; əgər o sənə tələ hazırlayırsa, onun üstünə getmə; əgər düşmənin ordusu evə gedirsə, onu saxlama; əgər düşmənin ordusunu mühasirəyə alırsansa, bir tərəfi açıq qoy; əgər o çıxılmaz vəziyyətdədirsə, onu sıxma; bu da elə döyüşün aparılması qaydasıdır.

 

DOQQUZ DƏYİŞİKLİK

Sun Tszı deyib: Müharibənin aparılması qaydası bu cürdür (sərkərdə öz hökmdarından fərman alıb ordunu formalaşdırır və qoşun yığır).

Yolsuz yerlərdə düşərgə salma; kəsişən ərazilərdə qonşu knyazlarla saziş imzala; çılpaq və susuz yerlərdə yubanma; mühasirə yerində ölçüb- biç; ölüm yerində vuruş.

Elə yollar olur ki, o yollarla getmirlər; elə ordular olur ki, o ordulara hücum etmirlər; elə qalalar olur ki, o qalalardan ötrü mübarizə aparmırlar; elə ərazilər olur ki, o ərazilər uğrunda vuruşmurlar; hökmdarın elə fərmanları olur ki, onlara əməl etmirlər.

«Doqquz dəyişmə»də sərfəli şeyə nail olan sərkərdə döyüşü necə aparacağını bilir. «Doqquz dəyişmə»də sərfəli olanı əxz etməyən sərkərdə, hətta yerin şəraitinə bələd olsa da ərazinin sərfəli cəhətlərinə sahib ola bilmir. Əgər ordunu idarə edərkən o, «Doqquz dəyişmə»nin ustalıqlarını bilmirsə, sərkərdə, hətta «Beş xeyir»i bilsə belə o, insanları idarə etməyi bacarmayacaq.

Bu səbəbdən də ağıllı adamın düşünülmüş hərəkətləri ondan ibarət olacaq ki, o mütləq gəlirlə zərəri birləşdirəcək. Haçan ki, gəlirlə zərər birləşdi, səylər nəticə verəcək; haçan ki, zərərlə gəlir birləşdirildi, bədbəxtlik kənarlaşdırıla bilər. Ona görə udel knyazlarını özünə hədə ilə tabe et, onların çoxsaylı işləri ilə məşğul ol və qoy udel knyazları xeyir naminə tələssinlər.

Müharibə aparılması qaydaları ondadır ki, düşmənin gəlməyəcəyinə ümid etməyəsən, nə ilə onu qarşılayacaqsan,– ona arxayın olasan; onun həmlə etməyəcəyinə ümid olmayasan;  hücum etməyi onun üçün qeyri-mümkün edəcəyinə  arxayın olasan.

Ona görə sərkərdə üçün beş təhlükə var: Əgər o nə olursa-olsun ölməyə can atırsa, o ola bilsin ki, öldürülə bilər; əgər o nə olursa-olsun sağ qalmağa can atırsa, o əsir düşə bilər; əgər o daha çox hirslənsə, ikrah doğuracaq; əgər o özünə qarşı hədsiz şübhəli olarsa onu təhqir edə bilərlər; əgər o insanları sevərsə onu gücdən sala bilərlər.

Bu beş təhlükə sərkərdənin çatışmazlığı, müharibə aparmağın bədbəxtliyidir. Heç şübhəsiz ki, bu beş təhlükə ilə ordunu əzir, sərkərdəni öldürürlər. Bunu dərk etmək gərəkdir.

 

YÜRÜŞ

Sun Tszı deyib: Ordunun yerləşdirilməsi və düşmənin anlaşılması  aşağıdakı şəkildədir.

Dağları aşarkən dərəyə söykən; yüksəklikdə qərar tutub, bax gör gün hansı tərəfə düşür. Döyüş zamanı yüksəklikdə olan düşmən üzərinə birbaşa üzüyuxarı getmə. Ordunun dağlardakı mövqeyi bu cürdür.

Çayı keçməli olarkən mütləq çaydan kənarda mövqe qur. Əgər düşmən çayı keçməyə başlayarsa, onu suda qarşılama. Ümumiyyətlə, yaxşı olar ki, onun ordusunun yarısı keçəndən sonra zərbə endirəsən; yox əgər düşmənlə sən də döyüşə girmək istəyirsən, onu çayın lap yaxınlığında qarşılama; yüksəklikdə günəşli tərəfin hayanda olduğunu öyrənib qərar tut; axına qarşı dayanma, ordunun çayda mövqeyi belədir.

Bataqlıqdan keçərkən ləngimədən tez uzaqlaşmağa tələs.Yox, əgər bataqlığın ortasında döyüşə girməli olsan, elə mövqe tut ki, sulu və otlu yerdə olasan, arxanda isə qoy meşə olsun. Ordunun bataqlıqdakı mövqeyi belədir.

Düzənlik yerdə hamar sahədə mövqe tut, bununla bərabər qoy sağında və arxanda yüksəklik olsun; səndən qabaqda qoy alçaq sahə olsun, arxanda isə hündürlük. Qoşunun düzənlikdəki mövqeyi belədir.

Ordunun bu cür dörd sərfəli mövqe tutması da Xuan-Diyə dörd imperatora qalib gəlməsini təmin etdi.

Ümumiyyətlə, əgər ordu hündürlüyü sevərsə və alçaqlığı xoşlamırsa günəşli tərəfi üstün tutub kölgəli tərəfdən çəkinəcək; əgər o həyatilik üçün qayğılanıb möhkəm torpaq üzərində qərar tutarsa, qoşunun içində xəstəliklər də olmaz. Bunun özü də mütləq qalib gəlmək deməkdir.

Əgər təpələr və yüksəkliklər arasındasansa, mütləq onların günəşli tərəfində mövqe tut və onları sağında və arxanda saxla. Bu qoşun üçün sərfəlidir; çünki şəraitin köməyi deməkdir.

Əgər çayın üstündə yağış yağıb, suyun üzü də köpüklə örtülübsə, kimsə çayı keçmək istəyirsə, qoy o çay dincəlib sakit olana kimi gözləsin.

Ümumiyyətlə, əgər müəyyən bir yerdə sıldırım dərələr, təbii su quyuları, təbii mağarakimilər, təbii torlar, təbii maneələr, təbii çatlar varsa – mütləq uzaqlaşmağa tələs və onlara yaxın gəlmə. Özün onlardan uzaqlaşmağa çalışıb, düşməni onlara yaxınlaşmağa məcbur elə. Onlarla rastlaşan zaman elə et ki, həmin yerlər düşmənin arxasında qalsın.

Əgər hərəkət rayonunda ordu yarğanlar, bataqlıqlar, cəngəlliklər, meşələr və kolluqlara rast gələrsə, diqqətlə onları tədqiq elə. Bu elə yerdir ki, düşmənin gözətçiləri və mühasirəsi ola bilər.

Əgər düşmən yaxındır və sakitcə dayanıbsa, bu o deməkdir ki, o, təbii maneələrə arxalanır.  Əgər düşmən məndən uzaqdadırsa və bununla bərabər məni döyüşə çağırırsa, bu o deməkdir ki, o mənim irəli getməyimi istəyir. Əgər düşmən hamar yerdə mövqe seçibsə, onun öz üstünlükləri var.

Əgər ağaclar hərəkətə gəlirsə, deməli o yaxınlaşır. Əgər otlardan maneə düzəldilibsə, deməli, o çaşdırmağa çalışır. Əgər quşlar uçursa, deməli, orda tələ qurulub. Əgər heyvanlar qorxub qaçırsa, deməli, orda kimsə gizlənib. Əgər toz divar kimi qalxırsa, deməli, döyüş arabaları gəlir; əgər bu arabaların tozu geniş çöldə çox da yüksəyə qalxmırsa, deməli, piyadalar gəlir; əgər bu toz müxtəlif yerlərdən qalxırsa, deməli, yanacaq yığılır. Əgər toz gah burda, gah da orda qalxırsa, özü də çox olmursa, deməli, düşərgə qurulur.

Əgər düşmənin nitqi mülayimdir, amma döyüşə hazırlığı artırırsa, deməli, o yürüşə başlayır. Əgər onun nitqi məğrur səslənir və onun özü irəliyə tələsirsə, deməli, o, geri çəkilir. Əgər yüngül döyüş arabaları qabaqda gedir, qoşun isə onun hər iki tərəfində mövqe tutubsa, deməli, düşmən döyüşə hazırlaşır. Əgər o zəifləməyib, sülh istəyirsə, deməli, onun gizli planları var. Əgər onun əsgərləri qaçıb döyüş arabalarını cərgəyə düzürlərsə, deməli, vaxtı gəlib çatıb. Əgər o gah hücuma keçir, gah da geri çəkilirsə, deməli, o tələyə salmaq istəyir. Əgər əsgərlər silahlarına söykənib dururlarsa, deməli, onlar acdırlar. Əgər onlar suyu çalxalandırıb içirlərsə, deməli, onlar susuzluqdan yanırlar. Əgər düşmən öz imkanlarını görür, amma hücuma keçmirsə, deməli, o yorulub.

Əgər quşlar dəstə ilə yığışırlarsa, deməli, orada heç kim yoxdur. Əgər gecə düşmən içində bir-birlərini səsləyirlərsə, deməli, orda qorxurlar. Əgər düşmən ordusu başıpozuqdursa, deməli, sərkərdələrinin nüfuzu yoxdur. Əgər bayraqlar bir yerdən başqa yerə keçirilirsə, deməli, onlarda nizam-intizam yoxdur. Əgər onun komandirləri qışqırıb töhmətləndirirsə, deməli, əsgərləri yorulub. Əgər atları darı ilə yemləyir, özləri isə ət yeyirlərsə, əgər kuzələri ağacdan asmayıb özləri də təkrarən düşərgəyə qayıtmırlarsa, deməli, onlar son həddə çatdırılan quldurlardır.

Əgər sərkərdə əsgərlərlə mehribanlıq və nəzakətlə danışırsa, deməli o, qoşununu itirib. Əgər o haqq-hesabsız mükafat paylayırsa, deməli, qoşun çətin vəziyyətdədir. Əgər o aramsız cəzalandırırsa, deməli, qoşun ağır vəziyyətdədir. Əgər o əvvəlcə qəddar olub, sonra isə qoşunundan qorxursa, bu o deməkdir ki, hərb sənətindən qətiyyən xəbəri yoxdur.

Əgər düşmən gəlib girov təklif edir və bağışlanmaq üçün yalvarırsa, deməli, o dincəlib qüvvə toplamaq istəyir. Əgər onun qoşunu qəzəblə coşaraq qarşına çıxır, lakin uzun zaman döyüşə girmir və eyni zamanda, geri çəkilmirsə, mütləq diqqətlə onu izlə.

İş onda deyil ki, əsgərlərin sayını dönə-dönə artırasan. Yalnız qoşunun gücü ilə irəli getmək olmaz. Qoşunun o qədər olması yetər ki, öz qüvvələrini cəmləşdirib düşməni düzgün qiymətləndirərək onun öhdəsindən gəlməyə kifayət etsin. Kim ki, yaxşı ölçüb-biçmir və düşmənə etinasızcasına yanaşır,  mütləq onun əsiri olacaq.

Əgər əsgərlər hələ sənə öyrəşməyiblər və sən onları cəzalandırırsan, onlar sənə tabe olmayacaqlar,  əgər tabe olmayacaqlarsa, onlardan istifadə etmək çətin olacaq. Əgər əsgərlər sənə öyrəşiblərsə, amma heç kimə cəza verilmirsə, onlardan istifadə etmək heç mümkün olmayacaq.

Ona görə vətəndaş qaydaları ilə hərəkət edərək onlara əmr ver;  hərbi qaydaların köməyi ilə hərəkət edərək onları bir nəfər kimi sənə itaət etməyə məcbur et.

Haçan ki, qanunlara əməl olunur, bu halda xalqa nəyi isə təlim etsən, o sənə itaət edəcək. Haçan ki, qanunlar, ümumiyyətlə, yerinə yetirilmir, bu halda xalqa nəyi isə təlim etsən də o sənə itaət etməyəcək. Haçan ki, qanunlar, ümumiyyətlə, etimadla qəbul edilir və aydındır, deməli, sən və kütlə qarşılıqlı şəkildə bir-birinizi tamamlayırsınız.

 (ardı var)

                                                                          Tərcümə Əlisa Nicatındır

Davamı: SUN-TSZI. Qalibin strategiyası və taktikası (Ərazinin formaları, Doqquz şərait) – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

SUN-TSZI. Qalibin strategiyası və taktikası (Ərazinin formaları, Doqquz şərait)

C Avq 12 , 2022
  (davamı)   ƏRAZİNİN FORMALARI Sun Tszı deyib: Ərazi öz formasına görə açıq olur, maili olur, kəsilən olur, dərəli olur, dağlıq olur, uzaqda olur. Haçan ki, mən də gedə bilərəm və o da gələ bilər, belə yer açıq yer adlanır. Belə yerdə hər şeydən əvvəl yüksəklikdə, onun günəşli tərəfində düşərgə […]