(Oxucu sözü)
Sevinc Nuruqızı öz şeirlərində çoxsaylı hədəfləri bir atəşlə vurur
Şeir yazmağın nə demək olduğu barədə indiyə qədər çoxları çox söz söyləyib. Mən bütün deyilənlərlə razı olduğumu bildirməklə bərabər bəlkə də çoxdan çeynənilib çürümüş bir fikri təkrarlamaq istədim: hər şeir yazan şair olmur və ya şairin hər yazdığı da şeir olmur. Elə şeirlər var ki, təsadüfi adamlar tərəfindən yazılır və çoxsaylı oxucular tərəfindən bəyənilir, dillər əzbəri olur, ədəbiyyat incisinə çevrilir. Elə şeirlər də var ki, lap məşhur şairlər tərəfindən yazılsa da oxucular tərəfindən laqyedliklə qarşılanır, bir şimşək işığı kimi şaqqıltı ilə parlayır və sönür, şeir kəhkəşanının içərisində itib batır. Nədən belədir? Çünki şeir deyilən nədirsə o, özü insanın yaratdığı bir şey olsa da, insan kimi olur: biri mükəmməl yaranır, biri bitkin olur, biri zövq oxşayır, biri naqis olur, biri yaramaz … Bəlkə elə buna görə də hər bir şeir həm də insanlar kimi tale yaşayır. Baxır necə yaradılıblar. Şeir yazmağın məsuliyyətini dərk edənlərin yaratdıqları şeirlər yaxşı şeirlər olurlar, yaxşı insanlar kimi məna və məzmun, məqsəd və mənəviyyat daşıyırlar. Belə şeirlər adamlarla tanış olduqdan sonra ən azından onların yaddaşında nəsə bir iz buraxır, onlara təsir göstərir, riqqətə gətirir, bədii zövq formalaşdırır, tərbiyə edir və sair.
Şeir yazmaq məsuliyyət daşımaqdır. Bəlkə də Ulu Tanrımız insanları yaradanda o məsuliyyəti daşımır, o «sancı»nı çəkmir, nəinki şairlər (söhbət əsil şairlərdən gedir, söz cütləyənlərdən yox) şeirlərini yazanda. Amma, məncə, şairlərin ən çox məsuliyyət daşımaqları uşaqlar üçün yazanda olur. Uşaqlar üçün şeir yazmaq böyüklər üçün şeir yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Çünki bu zaman təkcə öz hiss və duyğularını qafiyələndirib şeirləşdirməməlisən, düşünə-düşünə, məqsədli yazılmış misralar şeirin əzalarına çevrilib uşaq təxəyyülü üçün müəyyən obraz yaratmalıdır. Bu obraz elə olmalıdır ki, uşaqlar o obrazdan çoxsaylı faydalar görsünlər. Məsələn, bu obraz həm uşaqda dünyagörüş yaratmalıdır, həm uşağa təxəyyül üçün başlanğıc verməlidir, həm tərbiyə etməlidir, həm dünyaya, ətraf aləmə sevgi hissi oyatmalıdır, həm danışıq tərzini mükəmməlləşdirməli, söz ehtiyatını artırmalıdır, həm eşitmə qabiliyyətini təkmilləşdirməlidir… Bunu heç də hər şair bacara bilməz və bilmir də.
Amma görünən budur ki, Sevinc Nuruqızı sadaladıqlarımı doğru-dürüst bacarır. Bunu onun «Kaspi» qəzetində fevral ayının 28-də dərc olunmuş şeirlərini oxuyanda tam yəqin etdim.
Doğrusu, qəzetin bir səhifəsini tutmuş şeirlərə ciddi maraq göstərmək niyətim yox idi. Sadəcə gözümə toxunan ilk şeiri oxudum. Oxuduğum şeir o birisini, o birisi isə bu birisini oxutdurdu mənə. Sonra şairin şeirlərini başdan-ayağa oxudum. Niyə belə oldu? Məncə, bu, ilk növbədə ona görə belə oldu ki, o şeirlərin çox gözəl dili, şirinliyi, oynaqlığı var. Şirinləşdim, oynaqlaşdım, uşaqlaşdım… Və sonra da bu xanımın şeirləri haqqında söz deməyə içimdə bir borc hissi yarandı. Bu hissimin yaranma səbəbini özüm üçün çox dəqiq şəkildə müəyyənləşdirə bildim: şair uşaqlar üçün yazdığı şeirləri əslində böyüklər üçün yazıb. Nə demək istəyirəm? Sevinc xanımın bu şeirlərini oxuyan hər bir baba, nənə, bibi, müəllim… xoşhal olacaq. Çünki bəzən 4-5 hecalıq misralar o qədər axıcı və şirin, səlis və uşaq duyğuludurlar ki, onları oxuyanlar az qalırlar uşaqlaşsınlar. Görünür, müəllif o misraları yazanda özü də məhz o cür olur– yəni kövrək, şeir əzbərləməyə cəhd edən, nənə-babadan nəsə yeni bir mətləb anlamaq istəyən və bu istəyinə nail olduğuna görə sığal-tumar uman, mükafat gözləyən uşağa dönür. Özü bu cür olmasa, «Bir əlin beş barmağı» şeirini yaza bilməz, yazsa da deyə bilməz ki «Bu barmaq qoca babadır, bu barmaq qoca nənədir. Bu atamdır, ba da anam. Mən də ki, yerdə qalanam».
Əşyalara, bitkilərə, heyvanlara müraciət edən şair nənə-babasını təqlid etməklə şeir əzbərləyə bilən uşaqlara sanki həyat dərsi keçir. Amma bu dərsin dərsliyi şairdəndir. Müəllimi böyüklər olmalıdırlar. Böyüklər bu şeirləri lazımınca qavrayıb başa düşdükdən sonra uşaqlar uçun çox faydalı fəaliyyətdə buluna biləcəklər. Məsələn, «Çömçə» şeirində axıçı bir tərzdə deyir ki, ona-buna yemək çəkən çömçə özünə yemək saxlamaz. Bu şeiri balacalara oxuyarkən mütləq yaxşılıqdan, təmənnasızlıqdan danışmaq lazım gəlir ki, belə tərbiyəni alaraq böyümək necə də xoşdur.
Bu şeirləri oxuyub asanlıqla müəyyənləşdirmək olur ki, şair hansı şeiri hansı yaşda olan uşaq üçün yazıb. Məsələn, «Kötük» şeiri nisbətən böük yaşlı uşaqlar üçün nəzərdə tutulub. Bu şeiri oxuyub dərk edən böyüklər onu uşaqlara asanlıqla əzbərlədə bilər. (Ümumiyyətlə, Sevinc xanımın şeirləri asanlıqla əzbərlənəndir.) Şairin təsvir etdiyi çəmənlikdəki kötük «odun deyil sobaya, çomaq deyil babaya. Kölgəsi yox, barı yox». Şair bu şeirində həm də uşaqlarda təsəvvür etmək qabiliyyətini artırmaq məqsədini güdüb, sanki bir tablo yaradıb. Və uşaqlar o tablonu təsəvvür etdikləri kimi öz baba-nənələrinə danışsalar çox yaxşı olar. Cəmi iki bəndlik, son dərəcə sadə və asan qavranılan «Ağacdələn» şeiri nəvə tərəfindən əzbərlənəndən sonra baba həm tələffüz barədə, həm də ağacdələn barədə öz nəvəsinə xeyli söz deyə bilər və hər nə desə nəvənin yaddaşına mutləq həkk olacaq. Eyni imkanlar «Ay ilbiz, ilbiz, ilbiz» şeirində də şair tərəfindən maraqlı tərzdə yaradılıb. Babalar ilbiz barədə, onun yaşam tərzi, təbiətdəki funksiyaları barədə geniş məlumat verməklə nəvələrin dünyagörüşünü xeyli artıra bilərdər.
Bəzi şeirləri qısa bir nağıldır. Sadəcə şirin, asan yadda qalan bir nəzmlə yazılıb. «Bu siçan», «Ay sağsağan», «Körpüdən keçirdi keçi», «Şimşək» kimi şeirləri əzbərləyən nəvələrdən həmin məzmunu nağıl kimi danışmağa köməklik etməklə babalar uşaqların müəyyən mövzu ətrafında öz təxəyyüllərinə uyğun şəkildə rəvayət qurmaq bacarığını inkişaf etdirər ki, bu da öz növbəsində həmin uşaqda müstəqil yaradıcılıq rüşeyimləri yaradar.
Şeirlərin əksəriyyətində təqlidi sözlər, uşaqların dil açan vaxtı çətin tələffüz etdikləri səslər xüsusi ahəngdarlıqla, bəzən yanıltmaclar səviyyəsində verilib. «Çömçə, ay çömçə, ordan yemək çək mənə bir nimçə», çağırın meşəbəyini «qoy gəlsin əlində mişar kolu kəssin: xışş- xarr, xışş-xarr», «Tra-ta-ta, tra-ta-ta, kimdir o, minib ata», «Tap… turup, tap…turup, və duruppp, duppp, dupp» kimi deyimlərlə şair böyüklərə imkan yaradır ki, uşaqlara tələffüz sistemini təkmilləşdirməkdə yaxşı bir köməkçi olsunlar.
«Dələ küknar bəzəyir» şeiri bir neçə hədəfin Sevinc xanım tərəfindən bir atəşlə vurulmasına yaxşı bir nümunədir. Bu şeiri əzbərləyən uşaqlarla mövzu ətrafında uzun söhbət etmək, onların həm söz ehtiyatlarını artırmaq, həm heyvanların, xüsusən də dələ ilə dovşanın həyat tərzi barədə məlumatlar vermək olar. Bu şeirdə «Küknarı göstərəcək öz məktəb yoldaşına» deyən şairin çoxsaylı məqsədlərindən biri də budur ki, uşaqlar hələ məktəbə getməmişdən məktəbin nə olduğu barədə məlumat alsınlar. Həm də «məktəb yoldaşı» ifadəsi ətrafında yarana biləcək nəvə-baba dialoqundan balacalar yoldaşlıq, dostluq kimi tərbiyələr də ala bilərlər.
Şairin bu şeirləri arasında eləsi var ki, həmin misralar əsasında qrup şəklində maraqlı bir oyun da qurmaq olar. «Myo, myo, miyəftəni» şeirinə əsasən bir neçə uşağı dövrəyə yığıb şeir əsasında kontaktlı, necə deyərlər, uşaqların əl ilə bir-birlərinə toxunmasına imkan yaratmaqla misraları söylətmək olar. Elə bu oyun zamanı «oğru pişik» ifadəsinin üzərində dayanmaqla oğurluq, doğruluq, halallıq kimi ifadələri balaca uşaqlara anlatmaqla nəyin yaxşı, nəyin pis olduğunu başa salmaq olar.
«Keçi gəlir qaça-qaça» şeiri də məzmununa, məqsədinə görə çoxcəhətlidir. Dəcəl keçilərin dəcəlliyindən danışmaqla uşaqları nizam-intizama çağırmaq, sözə baxmaq, ictimai faydalı iş görmək kimi vərdişlərin faydalı olduğunu izah etmək olar.
Kim içməsə şorbasını
Kim incitsə babasını
Kim həyətə zibil atsa
Kim gec durub
Kim gec yatsa
Keçi ona kəllə atar- şeirini əzbərləyən uşaqlara nənə-babalar bir xeyli nəsihətlər verib, onların diqqətlərini öz davranışlarına yönəldə və lazımi nəticə əldə edə bilərlər.
Uşaq ədəbiyyatımızı zənginləşdirən, balalarımızın daha yaxşı tərbiyə ala-ala böyümələrinə öz dəyərli zəhməti ilə şirin pay verən Sevinc Nuruqızına məhsuldar yaradıcılıq arzuları ilə
Elşən Pulkənd