Con MakArtur – Əbədi harmoniya (pritça)

İlknur Yurdanurun tərcümələri “Ədalət” qəzetində, “Ulduz”, “Söz” jurnallarında dərc olunub.  Türkiyə yazarı Rasim Özdənörəndən çevirdiyi “Yolçunun dünyası”, “Yol düşüncələri” esseleri müəllifin Bakıda 2006-cı ildə nəşr edilən “Kirli şüşələr” kitabına daxil edilib.

 

Qədimlərdə bir müdrik qəbilə başçısı vardı. Taxt-tacın gücə söykəndiyi bu dövrdə qüdrətli başçısı olan bu qəbilə adla tanınırdı. Söz açdığımız başçı öz qəbiləsinin güvənli, rahat yaşaması üçün ədalətli qanunlar qəbul edirdi və onların icrasına daim göz qoyurdu. O, bu qanunpərəstliyinə görə hər yanda məşhurlaşmışdı. Lakin qanunlar ara-sıra pozulurdu.

Bir gün xəbər gəldi ki, kimsə oğurluq edib. Qəbilə başçısı hamını bir yerə topladı:

“Bilirsiz, qanunlar sizin dinc və arxayın yaşamağınız üçündür” – deyə sözə başladı. Oğurluq onu çox pəjmürdə eləmiş, üz-gözünə ağır bir kədər çökmüşdü: “Axı bizim nəyimiz çatışmır, niyə oğurluq eləməliyik? Bu gündən oğurluq edənin cəzasını on şallaqdan iyirmiyə qaldırıram”.

Bir gün yenə oğurluqla bağlı xəbər yayıldı. Başçı qəbiləni bir yerə yığdı: “Rica edirəm, məni eşidin – deyə üzünü qəbilə üzvlərinə tutdu: oğurluğun kökü kəsilməlidir! Bu, aramızda xof yaradır, ömür-günümüzü zəhərləyir. Cəza otuz şallağa qaldırılır”.

Bir az keçməmiş başçı qəbiləni məcbur olub, bir də topladı. Çünki yenə də oğurluq baş vermişdi. “Oğurluğun axırı yoxdur, bundan əl çəkin – başçı dedi: bu gündən cəza qırx şallaqdır”. Qəbilə üzvləri başçının onlara bəslədiyi dərin sevgidən çox yaxşı xəbərdar idilər, hətta cəzanı hər qaldıranda onun gözündən yaş axdığını da görmüşdülər…

Nəhayət, bir gün xəbər gəldi ki, oğru tutulub. Hamı onu görməyə can atırdı. İki gözətçinin gətirdiyi oğru üzə çıxanda adamlar içini çəkdi. Qəbilə başçısının isə sarsıntıdan sifəti səyridi. Oğru başçının ağbirçək anası idi.

Qəbilə üzvləri arasında pıçıltı başladı: “Görən, başçı nə eləyəcək? Ana, yoxsa qanun? Hansı üstün gələcək?”

Hamının gözü başçıda idi. Axır ki, o dilə gəldi: “Qulağınız məndə olsun – onun səsi titrəsə də, boğula-boğula sözünə davam etdi: bizim əmin-amanlığımız və qanunun aliliyi naminə oğruya qırx şallaq vurulmalıdır. Çünki bu cinayətin qəlbimizə vurduğu yara çox dərindir”.

Başçı işarə verdi və onun anasını meydanın ortasına çəkdilər. Gözətçilərdən biri qarının köynəyini ehmalca çıxardı və onun sümüklü, donqar kürəyi açıq qaldı. Bir nəfər qabağa çıxdı və qamçının dolağını açmağa başladı.

Həmin anda başçı da irəli gəldi, əbasını soyundu, onun enli, möhkəm kürəyi göründü. O, doğma anasını yavaşca bağrına basdı, özünü ona sipər etdi və astaca nəsə pıçıldadı. Onların göz yaşları bir-birinə qarışdı. Başçının işarəsi ilə qamçı enib-qalxmağa başladı. Bu anda məhəbbət və ədalət əbədi harmoniyada qovuşmuşdu.

 

İngiliscədən: İlknur Yurdanur

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Michael Ende. MOMO

Im Dunkel scheint dein Licht. Woher, ich weiß es nicht. Es scheint so nah und doch so fern. Ich weiß nicht, wie du heißt. Was du auch immer seist: Schimmere, schimmere, kleiner Stern! (Nach einem alten irischen Kinderlied) ERSTER TEIL: MOMO UND IHRE FREUNDE ERSTES KAPITEL Eine große Stadt und […]