(kiçik hekayə)
– Ümumbəşəri baba…
Müəllim qəfil duruxdu. Sitat gətirəcəkdi, lakin nə illah elədi, dalı gəlmədi. Belədə, öldür, xeyri yoxdur. Lazım gələndə, “lazım” gəlmir. Gülməyə bəhanə axtaran tələbələrdən birinciliyi Hacər qazandı. Cahanla baxışdılar. Cahan da gülümsədi. Müəllimin onlara baxdığını görüb, daha özlərinə başqa partnyor axtarmadılar. İnqilab beşiyindəcə boğuldu. Bəlkə bir-birinə qaş-göz edən də oldu. Amma müəllim görmədi. Ürəyində özünü danladı. “Sənə lazım idi?!” Qəribədir, ad bir anda sanki quş olub yadından uçmuşdu, sitat da onunla. Adı xatırlasaydı, sitat da yadına düşərdi. Əslində, həmin sitatı ilk dəfə keçdiyi “Yaradıcı yazı” fənni üçün hazırlamamışdı. Hərçənd, burada da yeri var idi.
Müəllim tapşırıq verdi. İlk dərsin tələbələrə necə təsir bağışladığını yazmaqlarını tapşırdı. Sonra “Anadan, bacıdan gizlətdiyimi // Qələmdən, kağızdan gizlətməmişəm” misralarını misal gətirib, “yazanda tam səmimi olun, oxucu qəlbinə yol səmimiyyətdən keçir” – dedi.
–Müəllim, yazını necə başlayaq?
– İlk cümlə necə gəldisə, elə.
Bu yerdə yaddaşı qəfil işıqlandı. Bayaq unutduğu ad şappadan yadına düşdü. Özünü zora salmaqla deyil ki!
– Ümumbəşəri baba İusus Xristos deyib: “Sən başla, sadəcə başla!” Tez də ayıldı. Mənimki “karın könlündəki”dir; İsa: “Sən istə, yalnız istə!” – deyib. “Başlamaq” məsələsi Lao-tszılıqdır,– həmən xatırladı: “Ən uzaq məsafələr yarım addımdan başlayır”. Üzr istədi. Vaxtında və yerində etiraf etmək böyüklükdür.
–Uşaqlar, İsa peyğəmbər dediyi kimi, siz təki yazmaq istəyin, ürəkdə istək olsa, alınacaq. Elə ilk dərsimizdən yazın. duyğu-düşüncələrinizi qələmə alın.
Tələbələri daha da həvəsləndirmək, ürəkləndirmək üçün: “Ola bilsin, mən də yazdım”, – dedi müəllim. Amma yazacağına arxayın olmadığından əl yeri qoydu, özünü sığortalamaq istədi: “Əgər vaxt olsa. Vaxt sarıdan distorifikəm”. Guya başqalarında vaxt tökülüb.
Qızların içində yeganə tələbə oğlan Sadiq müəllimin yazmaq məsələsini qabartdı:
– Müəllim, siz də yazacaqsız? Nə yaxşı!
– Baxaq, görək.
Dediyi son iki kəlməni beynində analiz etməyə başladı:
“Bir də nə baxaq, görək. Yalan olmasın, elə yaşın qədər olar, yazacağam deyib – durmusan. Bu gün–sabaha salmısan. Özün – növbətçi, özün – nəzarətçi. Qılınc müsəlmanıyıq axı. Yazdıqların da ala – yarımçıq. Belə getsə, ortaya bir şey qoymadan ölüb gedəcəksən. Hələ adları ədəbiyyat tarixinə düşən Frensis Fiscerald, Ernest Heminquey özlərini lazımınca realizə edə bilmədiyindən depressiyaya düşüblər. Sənin axırın necə olacaq?!”
Sadıq bir də dedi:
– Müəllim, yazacaqsız?..