Yusif Səmədoğlunun “Qətl günü” romanı dünyanı, varlığı dərk etməyən, nəfsin qurbanı olan, lakin hər dəmdə şeytanı lənətləyən, şeytanla pislikdə yarışa girən ikiayaqlılar haqqında yazılmış, eyni zamanda bədiiliyi, toxunduğu mətləblər baxımından xüsusilə seçilən əsərlərdən hesab olunur. Müəllif dövrlər arasında mükəmməl əlaqə yaratmağa müfəssəl şəkildə nail olur. Yaradılan arxetiplər sayəsində sanki bir-birini əvəz edən və sonu gəlməyən nəsilləri görə bilirik. Baba Kahada təsvir olunan bezmiş, süst şəkildə oturub nə vaxtsa yeməyi olacağını gözləyən qotur canavar, bəlkə də, bizim bildiyimiz əzəmətli türk simvolu olan Boz qurdu təmsil edir. Lakin bu transformasiyada bir fərqlilik də var. Bəs həmin məxluqu fərqli edən nədir? Müəllif istər-istəməz həmin Kahada oturan yazıq canavarın halına acıyır. Sanki türk simvolunun beləcə adiləşdiyini, ya da sıradan çıxdığını göstərir.
Müəllif əsərdə yuxu mistikasına toxunur, hadisələrə yuxu vasitəsilə keçidlər edir. Yuxu elə bir şüuraltı prosesdir ki, insan real həyatda edə bilmədiklərini yuxular vasitəsilə etməyə çalışır. Romanda xəstənin, ümumiyyətlə, qəhrəmanların yuxularında hər hansı məqsədə xidmətetmə var. Bilərəkdən yuxu çalarının əsərə əlavə edilməsi, xəstənin yuxudan ayıldıqdan sonra həmin yuxuya yenidən qayıtmaq istəməsi, yuxuda etdiklərinə inanıb inanmaması, qəhrəmanın, ya da elə Yusif Səmədoğlunun bizə daxilən nə çatdırmaq istədiyindən xəbər verir.
Keçmişə qayıtmaq, keçmiş günlərin, uşaqlığın yada düşməsi, xatirələrin canlanması, bəlkə də, elə yuxular vasitəsilə qismən şüurumuzda gerçəkləşir. Yuxugörmə prosesi paradoksallıq yarada bilər. Zaman olaraq keçmişə, gələcəyə getmək, əsrlər, insanlar fərqi yarana bilər. Düşüncə yuxu vasitəsilə dəyişib keçmişdə qalmaq, ya da gələcəyə getmək istəyi duya bilər.
Əsərdə yaradılan arxetiplərin fonunda hadisələr bəzi məqamlarda təkrara çəkilir. Vaqif dövründə olan satqınlar elə repressiya dövründə də var, aşkarlıq dövründə də. Dəyişən nədir? Ya da niyə dəyişməlidir? Axı cəmiyyət eynidir. Cəmiyyət eyni olarsa, nə dəyişə bilər? Gərək, o cəmiyyətin içində Vaqiflər yaransın ki, nələrsə dəyişə bilsin. Vaqiflər olmasa, cəmiyyəti dəyişməyə heç kim olmazmı? Düşündükcə bu suallar bizi öz ağuşuna alır. İllərin məyyusluğu nəsillərin üstünə ötürülür, o nəsildən bu nəsilə… Sanki əsərdə Vətəni sevənlər və sevməyənlər cəbhəsi gizlin olaraq yaradılır. Sevməyənlər daim iş başında olduğu halda, sevənlərin həmişə ayağı çəkilir, yeriməyə taqətləri olmur. Qacarın dövründə olan satqın elə repressiya dövründə də eyni adamdır, ümumiyyətlə, satqın eyni satqındır, istər əsrlər, istərsə də minilliklər keçsin.
Qələminizə sağlıq✨