Bildiyimiz kimi, günümüzdə bir çox uydurma, şablon və “şəxsi inkişaf”dan çox satış sayını artırmaq məqsədi ilə yazılmış şəxsi inkişaf kitabları nəşr olunub və olunur. Özümün də bu problemlə dəfələrlə qarşılaşdığımı nəzərə alaraq və bu mövzuda təcrübəmə dayanaraq sizə həqiqətən inkişafınıza zəmin yaradacaq bir yazarı – Deyl Karnegini məsləhət görürəm. Bəli, “zəmin yaradacaq”, çünki biz öncəliklə unutmamalıyıq ki, şəxsi inkişaf kitabları bizi hərəkətə keçirib, istədiyimizi anında önümüzə gətirən “sehrli dəyənək” deyildir. Əsas məsələ isə “hərəkətə keçmək üçün sehrli dəyənəyə ehtiyyacın olub olmamasıdır”. Gəlin bu fikirlərə aydınlıq gətirək.
Deyl Karnegi “Həyatdan və işdən necə həzz almaq olar?” kitabında belə bir fikir səsləndirir: “Hər şey məqsədini bəlli etməklə başlar və həqiqətən istədiyimiz məqsəd olduğu müddətcə imkansız deyə birşey yoxdur”. Unutma ki, sən içində hər şeyi əldə edə biləcək potensial bir güc daşıyırsan. Sadəcə sənin bu gücü fərq etməyin üçün “şəxsi inkişaf” deyə kitab katoqoryası yaranmış və minlərlə kitablar yazılmışdır. Mövzudan çox da uzaqlaşmadan demək istəyirəm ki, ya içimizdəki o enerji kəşf edib uğura addımlayacaq ya da “heç vaxt bacarmayacağam” tipli fikirlərlə nələrə qadir olduğumuzu görməyəcək, inamsızlıq içində yerimizdə sayacağıq.
Bu möhtəşəm kitaba baxsaq, yerinə keçmək üçün hərşeyi edəcəyimiz bir çox şəxsiyyətin bir zamanlar sıfırda durduğunu görə bilərik, hətta bizim indi durduğumuz nöqtə qat-qat yuxarıdadır. Məsələn, bu kitabda Karnegi nümunə olaraq ABŞ-ın XVI prezidenti olmuş Abraham Linkolnun uğur yolundan danışır. Çünki Linkoln şanslı biri olaraq doğulmamış və asanlıqla bu səviyyəyə yüksələ biləcək biri deyildi. O sadəcə iki savadsız, fermer ailəsində dünyaya gəlmişdir.
Bir çox əzablar çəkmiş Linkoln qəssab dükkanında işləyərkən bir gün zibil qutusundan iki hüquq kitabı əlinə keçir. Bu zaman o da imkansız dediyimiz fikrə sahib olsa, özünə inanmasaydı və bir qəssabdan hüquqşünasa keçişin mümkünsüz olduğunu düşünsəydi, günümüzdə onu “ABŞ-ın ən yaxşı prezidenti” başlığı altında görə bilməzdik.
Bir başqa nümunə ilə fikrimi sonlandırmaq istəyirəm. Yəqin ki, çoxumuz JK.Rowling adını eşitmişik və ilk ağlımıza o möhtəşəm kitab seti – “Harry Potter” gəlir. Bəs bu set nə qədər çətinliklə meydana gəldi bilirsinizmi? Bəli, Rowling də bu siyahıda yer alır. O, 17 yaşında ikən məktəbdən atıldı, 25 yaşında anasını itirdi, 26 yaşında körpəsini düşürtdü, 28 yaşında depressiyaya girdi, 30 yaşında yoldaşından ayrıldı və eyni il intihara cəhd etdi. 31 yaşında isə tək gəlir yeri dövlətin etdiyi kömək idi və bütün bunlardan sonra 12 nəşriyyat onun kitabını rədd etdi, lakin 13-cü cəhddə kitabı qəbul edildi və o, dünyanın ən çox satan kitab seriyası olan “Harry Potter”i yazdı və ilk milyarder yazıçı oldu.
Paolo Coelhonun “Kimyagər” romanında deyildiyi kimi: “Ürəyimizin səsini dinləməliyik. Ürək qocalara, sərxoşlara, uşaqlara və öz yolu ilə gedənlərə kömək edir. Onu yalnız ən qaranlıq gecələrdə eşidə bilərik”.