Dövrümüzün ziddiyyəti odur ki, bizim çox binalarımız, ancaq az hövsələmiz, geniş yollarımız, ancaq dar düşüncəmiz var. Biz çox xərcləyir, ancaq az şey əldə edirik. Biz çox şey alırıq, ancaq az zövq alırıq.
Bizim böyük evlərimiz və kiçik ailələrimiz, çox rahatlığımız, ancaq az vaxtımız var. Bizim çox dərəcəmiz, ancaq az ağlımız, çox biliyimiz, ancaq az mühakiməmiz, çox bilicilərimiz, ancaq çox problemlərimiz, çox dərmanlarımız, az sağlamlığımız var.
Biz həddən artıq çox içirik, həddən artıq çox çəkirik, həddən artıq çox tədbirsiz şəkildə pul xərcləyirik, həddən artıq az gülürük, həddən artıq sürətlə maşın sürürük, həddən artıq tez qəzəblənirik, həddən artıq gec yatırıq, həddən artıq yorğun oyanırıq, həddən artıq az oxuyuruq, televizora həddən artıq çox baxırıq və həddən artıq nadir hallarda ibadət edirik. Biz əmlakımızı artırmışıq, ancaq dəyərlərimizi azaltmışıq. Biz həddən artıq çox danışır, ancaq az iş görürük. Nadir hallarda sevir, ancaq çox tez-tez nifrət edirik.
Biz pul qazanmağı öyrənmişik, ancaq yaşamağı öyrənməmişik. Biz həyatımıza illər qatmışıq, ancaq illərimizə həyat qatmamışıq. Biz yerdən Aya və Aydan yerə qədər məsafə qət eləmişik, ancaq yeni qonşumuzu qarşılamaq üçün bir addım məsafəni qət eləmək gözümüzə durub. Biz xarici aləmi fəth etmişik, ancaq daxili aləmi fəth etməmişik. Biz daha böyük işlər görmüşük, ancaq daha yaxşı işlər görməmişik.
Biz havanı təmizləmişik, ancaq ruhu çirkləndirmişik. Biz atom üzərində zəfər çalmışıq, ancaq qərəzimiz üzərində zəfər çalmamışıq. Biz çox yazırıq, ancaq az öyrənirik. Biz çox planlaşdırırıq, ancaq az şeyə nail oluruq.
Biz tələsməyi öyrənmişik, ancaq gözləməyi öyrənməmişik. Biz daha çox məlumat toplamaq, daha çox məlumatın surətini çıxarmaq üçün daha çox bilgisayarlar yaradırıq, ancaq biz get-gedə daha az ünsiyyət qururuq.
Zamanımız, cəld bişən və gec həzm olunan yeməklər, böyük adamlar və cılız şəxsiyyətlər, yüksək mənfəətlər və alçaq münasibətlər zamanıdır. Bu, nümayiş zallarının dolu, anbarların boş olduğu zamandır. Dövrümüz iki nəfərin pul qazandığı, ancaq daha çox boşanmalar, dəbdəbəli evlər, dağılmış ocaqlar dövrüdür. Bu təcili səfərlər, birdəfəlik uşaq əskiləri, bir dəfəlik əxlaq, bir gecəlik mövqelər, həddən artıq kök bədənlər və sevindirməkdən sakitləşdirməyə və öldürməyə qədər hər şey edən həblər dövrüdür. Bu, texnologiyanın bu ismarışı sənə yetirə bildiyi və sənin bu qavrayışı bölüşəcəyin və ya sadəcə silməyi seçə biləcəyin dövrdür.
Sevdiklərinizlə bir qədər vaxt keçirməyi unutmayın, çünki onlar sizinlə əbədi birgə olmayacaqlar.
Qorxu içində aşağıdan yuxarı sizə baxan uşağa bir xoş söz deməyi unutmayın, çünki o uşaq tezliklə böyüyəcək və sizi tərk edəcək.
Yanınızda olan şəxsi bağrınıza basmağı unutmayın, çünki bu sizin ürəkdən verə biləcəyiniz yeganə xəzinədir və bir qəpik də xərci yoxdur.
Sevgilinizə və sevdiklərinizə “Mən səni sevirəm” deməyi unutmayın, ancaq bunu səmimiyyətlə deyin. Qəlbinizin dərinliklərindən gəlirsə, bir öpüş və ağuş yaraları sağaldacaq.
Haçansa bir gün bir daha olmayacaq şəxsin əlindən tutun və o anın qədrini bilin.
Sevməyə, ünsiyyətdə olmağa və ağlınızdakı dəyərli fikirləri bölüşməyə vaxt ayırın.
Unutmayın, həyat aldığımız nəfəslərlə deyil, nəfəsimizi kəsən anlarla ölçülür.
İngiliscədən çevirən: Xaqani Cavadoğlu