Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 1

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

(davamı)

 

Magiyanın (ovsunun) prinsipləri. Magik təfəkkür iki prinsipə söykənir. Onlardan biri deyir: bənzər şey özünə bənzərini törədir və ya nəticə öz səbəbinə oxşayır. İkinci prinsipə görə, bir dəfə təmasda olmuş şeylər birbaşa təmas qurtardıqdan sonra məsafədən özarası təsirdə olmaqda davam edirlər. Birinci prinsip oxşarlıq qanunu, ikincisisə – toxunuşma (təmas) və ya yoluxma qanunu adlandırıla bilər. Birinci prinsipdən, yəni məhz oxşarlıq qanunundan maq belə bir çıxarış edir ki, onu sadəcə yamsılamaq yolu ilə istənilən təsiri törədə bilər. İkinci prinsipə əsasən o belə bir nəticə çıxarır ki, onun predmetlə etdiyi hər şey bir dəfə bu predmetlə təmasda olmuş (bədəninin bir hissəsi kimi və ya başqa cür) şəxsə də təsir edəcəkdir. Oxşarlıq qanununa əsaslanan cadugərlik fəndlərini homeopatik və ya imitativ (təqlidçi) magiya adlandırmaq olar. Təmas və ya yoluxma qanununa əsaslanan cadugərlik fəndlərini kontagioz magiya adlandırmaq olar.

Magiyanın birinci növünü homeopatik magiya termini ilə adlandırmaq daha yaxşı olar, çünki alternativ termin – imitativ magiya – şüurlu surətdə yamsılayan agenti istisna etmir, yaxud da hətta nəzərdə tutur ki, bu da magiyanın fəaliyyət dairəsini hədsiz dərəcədə daraldır. Axı cadugər, ovsunçu əmindir ki, onun sənətində praktiki tətbiq tapan prinsiplər, həmçinin cansız təbiəti də idarə edirlər. Başqa sözlə, o zənn edir ki, oxşarlıq və təmas qanunları təkcə elə insan hərəkətlərinə şamil olunmurlar, tamümumi tətbiqə malikdirlər. Qısa desək, magiya təbiət qanunlarının təhrif olunmuş sistemi və davranışın yanlış rəhbərlik prinsipidir; eyni zamanda bu yalançı elm və bəhrəsiz sənətdir. Təbii qanunlar sistemi, yəni dünyadakı hadisələrin ardıcıllığını “təyin edən” qaydalar toplusu kimi o, nəzəri magiya adlandırıla bilər. Öz məqsədlərinə çatmaq üçün insanların əməl etməli olduğu buyurular, göstərişlər kimisə o, praktiki magiya adlandırıla bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, ibtidai (ilkolan) ovsunçu magiyanı onun yalnız praktiki tərəfindən bilir. O heç vaxt öz hərəkətlərinin əsaslanmış olduğu fikri prosesləri analiz etmir, heç vaxt onlardakı mücərrəd prinsiplər üzərində düşüncələrə dalmır. İnsanların çoxu kimi o, qidanı  necə həzm edirsə, eynilə elə də düşünür – düşünüş (təfəkkür) və sinirmə (həzm) üçün gərəkli olan intellektual və fizioloji proseslərdən tam bixəbər olaraq. Qısası, magiya onunçün elm deyil, sənətdir; elm ideyasının özü belə onun inkişaf etməmiş ağlında yoxdur. Cadu hərəkətlərinin əsasında yatan fikrin gedişini izləmək, çəlpəşik yumağa sarılmış bir neçə saya sapı üzə çıxarmaq, mücərrəd prinsipləri onların konkret əlavələrindən ayırmaq, başqa sözlə, xalis sənət görüntüsü arxasında təhrif olunmuş elm izlərini aşkara çıxarmaq filosofun işidir.

Bizim magik məntiqi analizimiz doğrudursa, onda onun iki əsas prinsipi sadəcə ideyaların əlaqəsindən sui-istifadənin iki üsulu olur. Homeopatik magiya ideyaların oxşarlıq üzə əlaqəsinə əsaslanır; kontagioz magiya ideyaların yanaşılıq əlaqəsinə əsaslanır. Homeopatik magiyanın səhvi ondadır ki, şeylərin oxşarlığı onların eyniliyi kimi alqılanır (qəbul edilir). Kontagioz magiya başqa bir səhvə yol verir: o, o fikirdən çıxış edir ki, bir dəfə təmasda olmuş şeylər daimi təmasda olaraq qalırlar. Praktikada magiyanın hər iki növü çox vaxt birləşirlər. Daha dəqiq desək, əgər homeopatik və ya imitativ magiya elə öz-özlüyündəcə təcrübə edilə bilərsə də, kontagioz magiya, bir qayda olaraq homeopatik prinsipin tətbiqi ilə bağlıdır. Magiyanın bu növlərini bu qədər ümumi bir formada anlamaq bir qədər çətindir, lakin konkret misallarda illüstrasiya edildikləri halda onlar qolay anlaşılan olarlar. Onların əsasında təfəkkürün xeyli sadə yolları durur. Başqa cür ola da bilməz – axı onlarla konkret şəkildə (əlbəttə ki, mücərrəd yox) təkcə elə vəhşi adamın ağlı deyil, hətta müasir mövhümatcıl insanların heç də az dərəcədə cahil olmayan ağlı belə çulğanmışdır. Magiyanın hər iki növü – simpatik magiya vahid termini ilə işarələnə bilər, çünki hər iki halda fərz edilir ki, gizli simpatiya (rəğbət) sayəsində şeylər məsafədən bir-birinə təsir edir və birindən o birisinə impuls görünməz efirə oxşayan bir nəsnə vasitəsilə ötürülür. Bu efir, mövcudluğunu çağdaş elmin buna bənzər bir məqsədlə, yəni məhz boş kimi görünən fəzada şeylərin bir-biri ilə necə özarası təsirdə ola bilməsinin izahı üçün postulə etdiyi efirdən heç də çox fərqlənmir.

Onların əsasında yatan təfəkkür qanunlarından asılı olaraq magiyanın hər iki növünü aşağıdakı cədvəl şəklində təsvir etmək olar:

Simpatik magiya

(Simpatiya qanunu)

     Homeopatik magiya                                                        Kontagioz magiya

     (oxşarlıq qanunu)                                                             (təmas qanunu)

 

Simpatik magiyanın iki əsas növünün misallarda illüstrasiyasına keçək. Homeopatik magiyadan başlayaq[1].

Homeopatik və ya imitativ magiya. Yəqin ki, “oxşar şey özünə oxşarı doğurur” prinsipinin ən yayğın tətbiqi – müxtəlif dövrlərdə bir çox xalq tərəfindən edilən düşmənə onun təsvirinə (surətinə) zədələr vurmaq və bu təsviri məhv etmək yolu ilə ziyan vurmaq və ya onu öldürmək cəhdləridir; özü də bu cəhdlər edilərkən tam bir əminlik olurdu ki, bu ovsunlu hərəkətlərin yönəlmiş olduğu adam bu zaman elə bu cür də əzablar çəkəcək və ya öləcəkdir. Bu adətin bütün dünyada geniş yayğınlığının və onun heyrətamiz yaşarılığının sübutu kimi biz olduqca çoxlu misallardan yalnız bəzilərini gətirəcəyik.

Min illər bundan öncə o, Qədim İtaliyanın, Babil və Misirin, eləcə də Yunanıstan və Romanın sehrbazlarına məlum idi, elə günümüzdə də Avstraliyada, Afrikada və Şotlandiyada məkrli və bədniyyət insanlar ona əl atırlar. Şimali Amerika hinduları inanırlar ki, kiminsə fiqurunu qum, kül və ya gil üzərində çəkərək, yaxud da hansısa bir predmeti insan bədəni sayaraq, onu iti çubuqla deşməklə və ya ona hansısa başqa bir xəsarət yetirməklə onlar təsvir olunmuş şəxsə də buna uyğun xəsarət yetirmiş olurlar. Məsələn, ocibvey tayfasından olan hindu kiməsə zaval yetirmək istəyirsə, onda o düşməninin ağacdan təsvirini düzəldir və onun başına (ya da ürəyinə) iynə batırır və ya onu oxla vurur, özü də bu zaman o əmindir ki, iynə oxşara (kuklaya) batan kimi düşmən dərhal bədəninin həmin hissəsində ağrı hiss edəcəkdir. Əgər o düşmənini yerindəcə öldürmək istəyirsə, bu zaman ovsunlar oxuyaraq kuklanı yandırır və basdırır. Peru hinduları unla qarışdırılmış piydən xoşlamadıqları və ya qorxduqları adamların surətlərini düzəldir, sonrasa bu surətləri qurbanın keçməli olduğu yolda yandırırdılar. Bu, “canını yandırmaq” adlanırdı.

Malay cadusu aşağıdakından ibarətdir. Nəzərdə tutulmuş qurbanın dırnaq kəsikləri, saçı, kirpikləri və ya ağız suyu ondan ötrü götürülür ki, bədənin hər bir hissəsi təqdim və təmsil olunmuş olsun. Sonra tərk olunmuş arı pətəyindən götürülmüş şandan (mumdan) oxşar düzəldilir. Yeddi gecə ərzində o, aşağıdakı sözlər deyilməklə çırağın üzərində yandırılır:

Hey, mən burada mum yandırmıram,

Filankəsin ciyərini, ürəyini, dalağını yandırıram.

Yeddinci dəfədən sonra oxşağı (kuklanı) yaxıb əridirlər və qurban “ölür”. Bu cadu özündə homeopatik və kontagioz magiyanın prinsiplərini birləşdirir, çünki düşmənin obrazına uyğun düzəldilən surətdə haçansa onunla təmasda olmuş bədən hissələri: dırnaq ucları, saçlar və ağız suyu vardır. Cadunun başqa bir malaysayağı forması – daha artıq dərəcədə ocibveylərin ovsununu xatırladanı – boş pətəkdən götürülmüş mumdan ayaq pəncəsi boyda oxşağın (kuklanın) düzəldilməsindən ibarətdir. Onun gözlərini çıxarın ­– düşməniniz kor olacaq; qarnını deşin – o xəstələnəcək, başına iynə batırın – baş ağrıları başlanacaq, sinəsini deşin – o xəstə düşəcək. Amma əgər siz düşməndən biryolluq can qurtarmaq istəyirsinizsə – onda surəti başdan ayağacan sərasər deşin, onu meyit kimi kəfənə bükün; üstündə cənazə duası qılın; onu qurbanınızın ayaq basıb keçəcəyi yolun ortasındaca basdırın. Qanı boynunuzda qalmasın deyə belə demək lazımdır:

Onu mən basdırmıram

Onu əziz Qavriil (Cəbrayıl) basdırır[2].

Beləliklə, qətlin vəbalı mələk Cəbrayılın üzərinə düşəcəkdir ki, onunçün də buna görə cavabdeh olmaq daha asandır.

Təsvirlərin (surətlərin) araçılığına əl atan homeopatik magiya adətən arzuolunmaz adamları o dünyaya göndərmək pis məramı ilə təcrübə olunurdu. Ancaq ondan xeyirxah niyyətlərlə də (hərçənd bu nisbətən az olurdu), məsələn, yovuqlarına (əzizlərinə) kömək etmək üçün istifadə olunurdu. O, doğuşu asanlaşdırmaq və ya sonsuz qadınlara övlad bəxş etmək məqsədilə qullanılırdı. Bataklarda (Sumatra adası) ana olmaq istəyən sonsuz qadın bunun istəyinin çin olmasına gətirib çıxaracağını düşünərək ağacdan oxşaq (kukla) düzəldir və onu dizləri üstündə saxlayır. Babar arxipelağı adalarında uşağı olmasını istəyən qadın hansısa bir kişini (böyük külfət sahibini) onun adından günəş ruhu Upuleroya dua etməsi üçün dəvət edir. Qırmızı pambıq parçadan kukla düzəldirlər, qadın sanki əmizdirmək istəyirmiş kimi onu öz qucağına alır. Sonra dəvət olunmuş çoxuşaqlı ata bir toyuq tutur və ayaqlarından yapışaraq onu “Ey, Upulero, yalvarıram sənə, toyuğu götür, qoy uşaq mənim əllərimə və bətnimə düşsün” söyləyən qadının başına toxundurur. Sonra o, qadından soruşur: “Uşaq gəldimi?” – qadınsa cavab verir: “Hə, o artıq əmir”. Bundan sonra dua etmək üçün çağrılmış kişi toyuğu sonsuz qadının başının üstünə qoyur və hansısa sözləri vird eləyir. Sonucda toyuğu kəsirlər və bir qədər betellə (ağac) birgə ev qurbanları üçün olan yerə qoyurlar. Ayin qurtardıqdan sonra kənddə söz yayılır ki, qadın doğub və dostları onu qutlamağa (təbrik etməyə) gəlirlər. Uşağın yalançı doğuluşu burada yamsılama və mimikriya yolu ilə doğruçu doğuluşu törətməyə yönəlmiş sırf ovsun ayinidir. Bundan başqa, burada dualar və qurbankəsmə sayəsində ayini daha da təsirli etmək səyi göz qabağındadır.

Başqa sözlə, verilmiş halda ovsun dinlə birləşmiş və bundan daha böyük qüvvət kəsb etmişdir.

(davamı var)

                                                                                       Tərcüməçi: Obaçı

 

[1] Magiyanın tip və növlərinin təsnifatı probleminə dair ətraflı bax. Tokarev S. A. Magiyanın məğzi və mənşəyi. – İbtidai dini inanclar məsələləri üzrə araşdırmalar və materiallar. Etnoqrafiya institutunun əsərləri. M. 1959, c. 51, s 17-29 və baş.

[2] Tərcüməçinin qeydi: xristianlarda ölüm mələyi kimi Əzrayıl deyil, Cəbrayıl qəbul edilir.

 

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) – 2 – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bob Moorhead. Dövrümüzün ziddiyyəti (esse)

Dövrümüzün ziddiyyəti odur ki, bizim çox binalarımız, ancaq az hövsələmiz, geniş yollarımız, ancaq dar düşüncəmiz var. Biz çox xərcləyir, ancaq az şey əldə edirik. Biz çox şey alırıq, ancaq az zövq alırıq. Bizim böyük evlərimiz və kiçik ailələrimiz, çox rahatlığımız, ancaq az vaxtımız var. Bizim çox dərəcəmiz, ancaq az ağlımız, […]