Ceyms Corc Freyzer. Qızıl budaq. Hökmdar – kahinlər

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

(davamı)

Hökmdar – (çar) kahinlər

İki suala cavab vermək gərəkdir: birincisi, nəyə görə Nemili Diananın kahini, Meşə Çarı öz öncəkisini öldürməli idi? İkincisi, nəyə görə bundan öncə o, qədim insanların ümumi fikrinə görə, ağacdan Virgilinin Qızıl budağından başqa bir şey olmayan bir budağı qoparmalı idi?

İlk öncə kahinin titulu üzərində dayanaq. Nəyə görə o Meşə Çarı adlanırdı? Nəyə görə önə vəzifəsi çarlıq, sultanlıq adlanırdı?

Çar (hökmdar) titulunun kahin vəzifəsi ilə birləşdirilməsi Qədim İtaliya və Yunanıstan üçün adi bir hal idi. Romada və Latsiumun digər şəhərlərində Qurbanlar Şahı və Müqəddəs Ayinlər Şahı adlandırılan bir kahin var idi, onun zövcəsisə Müqəddəs Ayinlər Şahbanusu titulu daşıyırdı. Atena (Afina) Respublikasında hər il seçilən vəzifəli şəxslərdən biri (əhəmiyyətinə görə ikincisi) Qeysər (Çar), onun bayanısa (xanımı) çariça (Şahbanu) adlanırdı. Onların hər ikisi dini funksiyalar icra edirdi. Və digər yunan demokratiyalarının da, bizə bəlli olduğu qədər, Mərkəzi Dövlət Ocağında görücü, baxıcı (kahin) vəzifələrini qılan (icra edən) ünvanlı qeysərləri var idi. Bəzi yunan dövlətlərində bir neçə belə çar var idi və onlar eyni zamanda çar (qeysər, imperator) titulunu da daşıyırdılar. Rəvayətə görə, Romada Qurbanlar Şahı titulu (ünvanı) o vaxtadək çarların vermiş olduqları qurbanları vermək üçün çarlıq hakimiyyəti ləğv edilənədək təsis edilmişdir. Çar-kahin institutunun mənşəyinə dair oxşar rəvayət, görünür, Yunanıstanda da olmuşdur. Bu, tarixi dövrdə hakimiyyətin monarxik formasını qoruyub saxlamış az qala yeganə sırf yunan dövləti olan Spartanın nümunəsi ilə təsdiqlənir. Spartada bütün dövlət qurbanları tanrı xələfləri olan çarlar tərəfindən verilirdi. Sparta çarlarından biri Lakedonlu Zevsin, o birisisə – Uranlı Zevsin kahini idi.

Kahin funksiyalarının çar hakimiyyəti ilə  bu cür birləşdirilməsi hər yerdə məlum idi. Məsələn, minlərlə məbəd qulunun məskunlaşmış olduğu və orta əsrlər Romasındakı papalar kimi dünyəvi və ruhani hakimiyyəti əllərində saxlayan presviterlər (baş kahinlər, ruhanilər) tərəfindən idarə olunan çoxlu böyük dini paytaxtların yerləşdiyi yer Kiçik Asiya idi. Sela və Pessinunt ruhanilərin hakimiyyəti altında olan şəhərlərdən idilər. Bütpərəstlik dövründə tevton qəbilə başçıları da, zənn etmək olar ki, böyük kahinlərin funksiyalarını yerinə yetirirdilər. Çində illik qurbanvermələr imperatorlar tərəfindən mərasim kitablarında nəzərdə tutulmuş qaydalar üzrə icra olunurdu. Madaqaskar adasında hökmdar eyni zamanda həm də baş kahin idi. Səltənətin rifahı naminə öküz qurban verilən böyük Yeni il bayramında xadimlər heyvanı öldürdükləri zaman hökmdar şükranlıq duası edərək qurbanvermə mərasimində iştirak edirdi. Şərqi Afrikadakı hələ də müstəqilliyini saxlayan Qalla monarxiyalarında çar dağ zirvələrində qurbanlar kəsdirir və insan qurbanları verilməsi qaydalarını tənzimləyir. Dünyəvi və ruhani hakimiyyətin, çar və kahin funksiyalarının elə bu cür birləşdirilməsi Mərkəzi Amerikanın, – qədim paytaxtı Palenke,- indi tropik meşənin sıx yaşıllıqlarına qərq olmuş əzəmətli, əsrarəngiz örənlərdə (xarabalarda) qalan o füsunkar ölkənin hökmdarları barədəki dumanlı rəvayətlərlə də təsdiqlənir.

Qədim hökmdarların adətən kahin də olduqlarına qənaət hasil edərək biz heç də onların funksiyalarının dini tərəfini tam göstərmiş olmadıq. O dövrlərdə hökmdarın ilahiləşdirilməsi boş bir söz deyil, möhkəm inamın ifadəsi idi. Əksər hallarda hökmdarlara elə sadəcə din xadimləri, insan və allah arasında bir vasitəçi olaraq deyil, öz təbəə və pərəstişkarlarına bir qayda olaraq, dualar və qurbanvermələr yolu ilə fövqəltəbii, görünməz varlıqlardan istənilən və fani insanların qüdrətindən kənarda sayılan nemətlər əta etməyə qabil tanrılar kimi ehtiram göstərirdilər. Məsələn, hökmdardan çox vaxt əkinlərin yaxşı məhsul verməsi və s. üçün havaya lazımi təsir göstərmələrini gözləyirdilər. Bu gözləntilər bizlərə nə qədər qeyri-təbii gəlsələr də, onlar vəhşi insanların təfəkkür tərzinə tam uyğundurlar. Mədəni insandan fərqli olaraq vəhşi adam təbii olanı fövqəltəbii olandan demək olar ki fərqləndirmir. Dünya onunçün elə onun özününkünə oxşar niyyətlət güdən və yalvarışlardan rəhmə gələn fövqəltəbii, insan formalı varlıqların xilqətidir. Dünyaya bu cür baxış halında vəhşi insan özünün təbii proseslərin gedişinə təsir etmək və onu öz xeyrinə dəyişdirmək qabiliyyətinin hədsiz olduğunu düşünür. Dualarına, vəd və təhdidlərinə əvəz olaraq allahlar vəhşi insana yaxşı hava və bol məhsul göndərirlər. Işdir şayət allah vəhşi insanın özündə təcəssüm, təcəlli edərsə (bəzən vəhşi insan elə belə də xəyal edirdi), onda ali varlığa müraciətə heç lüzum da qalmırdı. Belə olan halda vəhşi insan öz rifahını və öz yoldaşlarının rifahını yüksəltmək üçün lazım olan bütün qabiliyətlərə elə özü “malik olur”.

İnsan-tanrı ideyasının formalaşmasına aparan birinci yol budur. Amma ikinci yol da vardır. Dünyanın müxtəlif ruhların məkanı olduğu barədə təsəvvürlə yanaşı, vəhşi insan, ola bilsin, daha arxaik bir digər təsəvvürə də malik idi – o təsəvvürə ki, onda biz müasir təbiət qanunu anlayışının və ya təbiətə insan formalı varlıqların müdaxiləsi olmadan dəyişməz bir qaydada baş verən hadisələrin toplusu kimi baxışın rüşeymini aşkar edə bilərik. Adını çəkdiyimiz anlayış öz təcəssümünü simpatik magiyada – onu belə adlandırmaq olar, – erkən dini sistemlərin əksəriyyətində mühüm rol oynayan bir sahədə tapır. İlkolan (ibtidai) cəmiyətdə hökmdar çox vaxt eyni zamanda həm də cadugər (maq) və kahin idi. Çox vaxt hakimiyyətə o, onda olması güman edilən qara və ağ magiya məharəti sayəsində nail ola bilirdi. Beləliklə, hökmdarlıq institutunun təkamülünü və onun vəhşi və barbar xalqların gözündə malik olduğu müqəddəs xarakteri anlamaq və özündə bu qədim xurafatlar sisteminin bütün dövrlərdə və bütün xalqlarda insan zəkasına göstərdiyi qeyri-adi təsir barədə bəlli bir təsəvvür yaratmaq üçün magiyanın (ovsunun) prinsipləri ilə yaxından tanış olmaq gərəkdir. Bu mövzu üzrəində müfəssəl dayanaq.

                            (davamı var)                                    

                                                                                                            Tərcüməçi: Obaçı

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. Sİmpatik magiya (ovsun) – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. Simpatik magiya (ovsun) - 1

(magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/ (davamı)   Magiyanın (ovsunun) prinsipləri. Magik təfəkkür iki prinsipə söykənir. Onlardan biri deyir: bənzər şey özünə bənzərini törədir və ya nəticə öz səbəbinə oxşayır. İkinci prinsipə görə, bir dəfə təmasda olmuş şeylər […]