Ceyms Corc Freyzer. Qızıl budaq. “Diana və Virbi” (Virbi).

QIZIL BUDAQ

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

Diana və Virbi (Virbi)

(davamı)

 

Rəvayətə görə Virbi elə bakir və gözəl yunan gərayı (qəhrəmanı) Hipollitdir ki, var. Ovçuluq sənətini o kentavr Xirondan öyrənmiş və günlərininin çoxunu ormanın ən sıx yerlərində vəhşi heyvanları ovlamaqla keçirərdi. Onun yeganə yoldaşı – bakirə ovçu Artemida idi (Diananın yunan ekiztayı). Öz ilahi rəfiqəsinin eşqi ilə alışıb yanaraq o fani, öləri gözəllərin sevgisini ikrahla rədd edirdi ki, elə bu da onu həlaka apardı. Onun sevgi sevməzliyindən dilxor olmuş Afrodita öz analığı Fedrada Hippolitə qarşı məhəbbət oyatdı. Hippolit analığının əxlaqsız istəklərini rədd edəndə, o atası Tesey qarşısında onu şərlədi. Böhtana inanaraq Tesey qisas alması diləyilə öz atası Poseydona üz tutdu. Və Hippolit cəng arabasında Saronik körfəzinin sahilində çaparkən dəniz allahı gözü qızmış öküzü suyun üzərinə çıxardı. Hürkmüş atlar baş alıb getdilər və arabadan yerə çırpılmış Hippolit atların ayaqları altında canını tapşırdı. Lakin Hippoliti sevdiyindən Diana təbib Eskulapı şəfalı otların köməyilə gözəl gənc ovçunu həyata qaytarması üçün dilə tuta bildi. Fani insanın ölümün çəngindən qurtulmasından qəzəblənmiş Yupiter təbibi Aidə[1] vasil etdi. Hərçənd ki, Diana öz sevimlisini qeyzlənmiş tanrının gözündən sıx buludla gizlətməyə müvəffəq oldu, onun cizgilərini dəyişdirdi, daha yaşlı görünməyə məcbur etdi, sonrasa onu meşəli Nemi dərələrinə apararaq nimfa Egeriyanın qayğıkeş əllərinə tapşırdı. Məchul və tənha o, italik meşəsinin dərinliyində Virbi adı altında yaşayırdı. O orada çar kimi hökmranlıq edirdi və ormanı Dianaya ithaf etmişdi. Onun gözəl bir oğlu var idi, onun da adı Virbi idi, o, atası ilə eyni qisməti bölüşməkdən qorxmayaraq Eneyə və troyalılara qarşı savaşda latınlılara qoşulmaq üçün itiqaçan atları bir qoşquya qoşaraq çapıb getmişdi.

Virbiyə təkcə Nemidə deyil, başqa yerlərdə də sitayiş edirdilər: belə məlumatlar var ki, Kampanyada Virbinin hətta öz kahini belə varmış. Arikiya meşəsinə və tapınağa atlar buraxılmırdı, çünki onlar Hippoliti həlak etmişdilər. Onun heykəlinə  toxunmaq yaşaq idi. Bəziləri belə düşünürdülər ki, Hippolit – günəşin mücəssəməsi idi. “Ancaq doğrudur ki, – deyə Servi iddia edir, – o, elə Attis ­­–Tanrıların Anası, Eriktoni – Minerva ilə, Adonissə –Venera ilə olduğu qədər Diana ilə sıxı bağlarla bağlı idi”. Bəs bu bağlar hansı qəlibdən olan bağlar idi? İlk öncə qeyd edək ki, özünün bütün uzun və dolanbac tarixi yolu ərzində bu mifik personaj heyrətamiz yaşarılıq nümayiş etdirmişdir. Buna az qala şübhə etməmək olar ki, Hippolit, roman təqviminin müqəddəsi, əslində elə həmin yunan qəhrəmanıdır. İki kərə ölümü bütpərəst kimi qarşılayaraq o, xristian əzizi (müqəddəsi) siqlətində bəxtəvərcəsinə dirilmişdir.

Nemili Diana kultunun mənşəyini izah edən rəvayətlərin qeyri-tarixi olmasına əmin olmaq üçün dəqiq-dürüst sübuta lüzum yoxdur. Onlar aşkar şəkildə bu və ya digər dini kultun mənşəyini izah etmək məqsədilə uydurulan yayılmış miflər sırasına aiddirlər. Özü də bu, onu hansısa bir əcnəbi kulta müncər etməyə imkan verən real və ya xəyali oxşarlığın köməyi ilə edilir. Həqiqətən də, Nemi əsatirləri bir-birilə uzlaşmırlar, çünki kultun təsisi gah Orestə, gah da Hippolitə müncər edilir (hansı cəhətinin izah edilməsindən asılı olaraq). Bu rəvayətlərin əsl dəyəri ondadır ki, onlar həmin kultun mahiyyətini əyani şəkildə açıb göstərirlər. Bundan başqa, onlar onun köklərinin mifik qədimlərin dumanlı çağlarına gedib çıxdığını göstərərək dolayısıyla kultun yaşının çox olmasına dəlalət edirlər. Bu baxımdan Nemi əfsanələri Böyük Katonun avtoriteti ilə möhkəmləndirilmiş yalançı tarixi rəvayətdən daha çox etimada layiqdir, sonuncuya görə müqəddəs orman Tuskulum, Arikiya, Lanuvium, Laurentum, Kora, Tibur, Pomesiya və Ardeya xalqları adından hansısa Tuskulumlu latın diktatoru Bebi (yaxud Levi) tərəfindən Dianaya ithaf edilmişdir.

Bu rəvayət tapınağın çox qədim olmasından xəbər verir, belə ki onun bina edilməsi eramızdan əvvəlki 495-ci il tarixinə, yəni Pomesiyanın romalılar tərəfindən talan edildiyi və yerlə yeksan edildiyi bir vaxta gedib çıxır. Lakin biz onu da fərz edə bilmərik ki, Arikiyadakı kahinliyin irsi keçməsi kimi barbar bir institut mədəni şəhərlər ittifaqı tərəfindən bilərəkdən təsis edilmişdir, axı Latsiumun şəhərləri, şübhəsiz, mədəni şəhərlər idi. Yəqin ki, o, hələ tarixöncəkisi İtaliya vəhşilik halında olduğu çox qədim zamanlardan irsən keçməkdə idi. Bu rəvayətin doğruluğunu başqa bir rəvayət şübhə altına qoyur, sonuncu tapınağın bina edilməsi xidmətini “Arikiyada çoxlu Manilər var” deyiminin öz mövcudluğuna görə ona borclu olduğu Mani Egerinin ayağına yazır. Bəzi müəlliflər bu deyimi Mani Egerinin qədim və şanlı bir soyun əcdadı olmasına isnad etməklə izah edirlər, halbuki digərləri düşünürlər ki, bu deyimin mənası onu bildirir ki, Arikiyada çoxlu eybəcər, kifir adam vardır. Mani adını onlar “xortdan”, yaxud “qulyabanı” mənasını verən “mania” sözündən çıxarırlar. Bir romalı satirik Mani adından zəvvarları gözləyərək Arikiya təpələrinin yamaclarında sərilib qalan dilənçilərin sinonimi kimi istifadə etmişdir. Bu fikir ayrılığı da, Mani Egeri ilə Tuskulumlu Levi Egeri arasındakı ziddiyyət də, habelə hər iki adın mifik Egeriyanın adı ilə oxşarlığı da şübhə doğurur. Lakin Katonun nağıl etdiyi rəvayət o qədər müfəssəl, ona zamin olan şəxssə o qədər mötəbərdir ki, onu boş bir uydurma kimi təkzib etmək olmaz. Belə güman etmək daha yaxşı olardı ki, o, tapınağın müttəfiq dövlətlər tərəfindən qədimdə edilmiş yenidən qurulmasına və ya bərpasına aiddir. İstənilən halda o ona dəlalət edir ki, Diana meşəsi ta qədimdən Latsiumun, bəlkə də elə bütün Latın konfederasiyasının bir çox ən qədim şəhərinin ümumi səcdəgah yeri olmuşdur.

Artemida və Hippolit. Gördüyümüz kimi, Orest və Hippolit barədə rəvayətlər tarixi dəyərə malik olmasalar da hər halda ümumən mənadan məhrum deyillər, çünki onlar onu başqa tapınaqların kult və mifləri ilə tutuşdurmaq yolu ilə Nemi kultunun mənşəyini daha da aydınlaşdırmağa kömək edirlər. Sual yaranır: nəyə görə Virbi və Meşə Çarının izahı üçün bu əfsanələrin müəllifləri Orest və Hippolitə  müraciət ediblər? Orestlə bağlı hər şey aydındır. Onu yalnız insan qanı ilə rəhmə gətirmək mümkün olan Tavrik Diana ilə birgə o, Arikiyada kahinliyin vərəsəlik üzrə keçməsi qanlı qaydasını izah etmək üçün lazım olmuşdur. Hippolitlə bağlı məsələ isə o qədər də aydın deyil. Diananın müqəddəs meşəsinə atları buraxmamaq yasağının səbəbini asanlıqla onun ölüm tarixçəsində görmək olar. Lakin Hippolitin Virbi ilə eyniləşdirilməsinin izahı üçün özlüyündə bu çətin ki, kifayət etsin. Ona görə Hippolit haqqındakı əsatiri və onun kultunu daha dərindən araşdırmaq gərəkdir.

Trezendə Hippolitə gözəl, demək olar ki, qapalı bir buxtanın sahilində yerləşən məşhur bir tapınaq ithaf edilmişdir, orada indiyədək qırış-qırış dağların ətəyindəki münbit sahilyanı zolaq portağal və limon meşələri, habelə tünd qara uzun millər kimi Hesperid bağları üzərində yüksələn uca sərv ağacları ilə örtülmüşdür. Şəffaf mavi buxtanın qənşərində müqəddəs Poseydon adası dikəlir və onun təpələrinin zirvələrini tünd yaşıl şam ağacları örtür. Hippolit tapınağının yerləşməsi belədir. İçəridə qəhrəmanın heykəli olan məbəd var idi. İbadətin təşkili bu vəzifəni ömürlük özündə saxlayan kahinin üzərinə düşürdü. Hər il qəhrəmanın şərəfinə qurbanlar verilməsi ilə müşayiət olunan bayram keçirilir və onun vaxtsız ölümü qızların hüznlü ağıları və mərsiyələri ilə yad olunurdu. Nikaha girməzdən əvvəl oğlan və qızlar saçlarının bir çəngəsini kəsib məbəddə saxlayırdılar. Trezendə habelə Hippolitin türbəsi də var idi, lakin sakinlər onu sizə göstərməzdilər. Çox böyük ehtimalla güman etmək olar ki, Artemidanın ömrünün ən yaxşı çağında həlak olmuş və hər il gənc qızların ağılarla yasını tutduğu sevgilisi gözəl Hippolitin şəxsində qarşımızda ilahənin qədim dövrlərin dinlərində mühüm rol oynamış fani (öləri) məşuqlarından biri durur (onların ən tipik nümayəndəsi Adonisdir). Deyildiyi kimi, Artemida və Fedranın Hippolitin hüsnü-rəğbəti uğrunda rəqabəti Afrodita və Prozerpinanın Adonisin məhəbbəti uğrundakı rəqabətini yenidən canlandırır: axı Fedra – Afroditanın ekiztayıdır. Bu nəzəriyyə həm Hippolitə, həm də Artemidaya öz haqqını verir. İlk başlanğıcda Artemida böyük münbitlik ilahəsi idi, və erkən dinlərin qanununa görə təbiəti münbitləşdirənin özü də barlı-bəhərli (doğub-törəyən) olmalıdır, bununçünsə onun hökmən eşi (əri) olmalıdır.

Bizim hipotezimizə görə, Hippolit  Trezendə Artemidanın əri sayılırdı. Evlənməzdən əvvəl Trezen oğlan və qızlarının Hippolitə (məbədinə) təqdim olunan saç çəngəsinin təyinatı isə torpağın, mal-qaranın və insanların bar-bərəkətinin artırılması üçün ilahə ilə ittifaqın möhkəmlənməsinə dəstək vermək idi. Bu baxış öz təsdiqini tapır: Trezendəki Hippolit tapınağında qadın cinsli iki tanrıçaya – münbitliklə əlaqələri danılmaz olan Damiya və Aukseziyaya sitayiş edilirdi. Epidavr aclıqdan əzab çəkəndə onun sakinləri kahinin göstərişinə əməl edərək müqəddəs zeytun ağacından Damiya və Aukseziyanın təsvirlərini kəsib düzəldərək onları tapınağa qoyurdular və bundan sonra torpaq yenidən bar verirdi. Bundan da başqa, Trezenin özündə, – ola bilsin, Hippolit məbədində – onları trezenlilərin adlandırdıqları kimi, bu qızların şərəfinə daş atmaqla bağlı maraqlı bir bayram təşkil olunurdu. Göstərmək asandır ki, bu qəbildən olan adətlər bir çox ölkələrdə yaxşı məhsul almaq məqsədilə icra olunurdu. Gənc Hippolitin faciəvi ölümünə gəldikdəsə, biz ölməz ilahələrin sevgisindən ötəri həzz almağı həyatları bahasına ödəmiş gözəl insan oğulları barədə elə bu cür hekayətlərin çoxsaylı analogiyalarına rast gələ bilərik. Yəqin ki, bu zavallılar heç də həmişə mifik personajlar olmayıblar və boynubükük mor bənövşədə, dağ laləsinin al yanağında və qızılgülün çəhrayı ləçəklərində onların damarlarından axmış qanları görən rəvayətlər elə sadəcə olaraq yay çiçəkləri kimi tez sovuşan gənclik və gözəlliyin poetik məcazları, alleqoriyaları deyildilər. Onlarda insan həyatının və təbiətin həyatının qarşılıqlı nisbətinin çox dərin fəlsəfəsi, özündən heç də daha az qəm-qüssəli olmayan bir güzəranı doğurmuş çox qəmgin dərin bir fəlsəfə var idi. Bu fəlsəfə və bu güzəranın necə olduğunu biz daha sonra görəcəyik.

Özət (xülasə). Qədim insanların Artemidanın əri Hippoliti, Servinin fikrincə, Dianaya elə Adonisin Veneraya və Attisin – Allahların anasına aid olduğu qədər aid olan Virbi ilə nəyə görə eyniləşdirdikləri indi bizə aydındır. Axı elə Artemida kimi Diana da ümumiyyətlə bərəkət və o cümlədən də doğuşarlıq (çoxuşaqlılıq) ilahəsi idi və bu keyfiyyətdə elə özünün yunan ekiztayı kimi kişi cinsindən olan bir eşə möhtac idi. Serviyə inansaq, bu eş elə Virbi idi – müqəddəs meşənin salıcısı və ilk Nemi çarı. Virbi Meşə çarları adı altında Dianaya xidmət etmiş və elə onun kimi də öz əcəlləri ilə ölməyən kahinlərin mifik öncəkisi və ya prototipi idi. Buna görə zənn etmək təbii olar ki, onlar meşə tanrıçası ilə elə Virbi ilə eyni münasibətdə idilər, – qısa desək, fani Meşə Çarının çariçası elə Meşə Dianasının özü idi. Əgər onun öz həyatı bahasına qoruduğu ağac Diananın mücəssəməsi idisə (bu da ağlabatan görünür), onda kahin ona bir ilahə kimi təkcə elə səcdə etməli deyil, həm də bir arvadı kimi onu qucaqlaya da bilərdi. Belə bir gümanda ən azı absurd olan heç bir şey yoxdur. Hətta Plininin dövründə belə nəcib romalı Alban təpələrindəki başqa bir müqəddəs Diana meşəsindəki gözəl bir ağcaqayınla məhz belə davranırdı. O onu qucaqlayıb öpür, kölgəsində uzanır və gövdəsinə şərab tökürdü. Bu romalı ağacı aşkar surətdə tanrıça kimi qəbul edirdi. Ağaclarla nikaha girmək adəti indiyədək Hindistanda və digər şərq ölkələrində kişi və qadınlar tərəfindən icra olunmaqdadır. Nəyə görə belə bir adət Qədim Latsiumda ola bilməzdi?

Gətirilmiş misallardan belə bir qənaətə gəlmək olar ki, müqəddəs Nemi meşəsindəki Diana kultu böyük önəm kəsb edir və onun kökləri çox qədim zamanlara gedib çıxırdı; Dianaya meşə və vəhşi heyvanların, həm də ola bilsin, ev heyvanlarının və bəhərlərin ilahəsi kimi sitayiş olunurdu; qədim insanlar inanırdılar ki, o, kişi və qadınlara oğul-uşaq bəxş edir və analara doğuşda kömək edir; Diananın bakirə vesta qızları tərəfindən qorunub saxlanan müqəddəs ocağı tapınağın dairəvi məbədində (atəşgahında) daim alovlanırdı; Diananın funksiyalarından birini (doğuş sancıları zamanı qadınlara kömək) yerinə yetirən və el əfsanəsinə görə müqəddəs meşədə qədim roma çarı ilə nikah bağlayan su nimfası (pərisi) Egeriya onunla assosiasiya olunurdu; Meşə Dianasının onunla Adonisin Veneraya və Attisin Kibelaya olduğu bir münasibətdə olan Virbi adlı kişi cinsindən olan bir eşi var idi; və nəhayət, artıq tarixi dövrdə Virbi kahinlər, Meşə çarları tərəfindən təmsil olunmuşdur. Onlar öz sonrakılarının (xələflərinin) qılıncından həlak olurdular və onların həyatı meşədəki müqəddəs ağacla bağlı idi. Ağac toxunulmaz qaldığı sürədə kahin də basqınlardan qorunmuş olurdu.

Əlbəttə, bu nəticələr özlüyündə Arikiya kahini rütbəsinin varislik qaydasının izahı üçün yetərli deyillər. Ancaq ola bilsin, daha geniş verilər dairəsinin cəlb edilməsi bizi onların öz rüşeymində problemin həllini ehtiva etdiklərinə inandırar. Elədirsə, faktlar dənizinə səyahətə yola düşək. O, uzun və yorucu olacaqdır, amma bununla belə onda bilikləndirici bir səyahətin füsunkar sehri olacaqdır, elə bir səyahətin ki, onda olarkən biz bundan da çox-çox tuhaf adətləri olan çoxlu qəribə yadelli xalqları ziyarət edəcəyik. Lövbəri qaldıraq, yelkənləri yellə dolduraq və müvəqqəti olaraq İtaliya sahillərini tərk edək.

                                                                                                                                   (davamı var)                                                                                                                               

                                                                                                          Tərcüməçi: Obaçı

 

 

[1] Burada müəllif yunan və roma allahlarının adlarını qarışıq salır: Diana-Artemida olmalı, Eskulap-Asklepi olmalı, Yupiter-Zevs olmalıdır.

 

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. “Hökmdar- (çar) kahinlər” – KLV

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Gürsel Korat. Yazarlık, hiç kimsenin seslendirmediği bir düşünceyi seslendirmektir

Ç İyl 13 , 2022
Yazarlığın en önemli yanı budur, hiç kimsenin seslendirmediği bir düşünceyi herkesin söylediği hale getirmek. Gürsel Korat’ın son kitabı Uyku Ülkesi, distopya sınırlarında gezen bir yapıt. Roman bir doktorun beyin kanaması geçirdikten sonra ameliyat masalarında, uyku ve uyanıklık arasında geçen bir süreci anlatıyor. Ağaçsızlık, betona boğulmuşluk, ve zorba bir yönetim yüzünden […]