Ceyms Corc Freyzer. Qızıl budaq. “Diana və Virbi” (Diana).

Ceyms Corc Freyzer

Böyük ingilis еtnоlоqu və fоlklоrçusu Cеyms Frеyzеrin (1854–1941) əsərlərinin əksəriyyəti din tаriхinə həsr оlunmuşdur. Frеyzеri məşhurlаşdırаn 12 cildlik “Qızıl budаq” kitаbındа insаn ruhunа inаm, оnun müхtəlif fоrmаlаrа kеçməsi, оnlаrın bitkilərdə təcəssümü, аqrаr аyinlər, аğаclаrа sitаyiş, tаbu аdətləri, mаgiyа, sаflаşmа аyinləri, insаnın qurbаn vеriləməsi, müqəddəs nikаh və s. hаqdа dаnışılır. Müəllif tərəfindən irəli sürülən tаriхi və еtnоlоji fikirlər bir fаktın – qədim İtаliyаdа Nеmili Diana (Dionis) məbədində kаhin vəzifəsi ilə bаğlı özünəməхsus vərəsəlik аdətinin izаhınа yönəlmişdir. Bеlə ki, bu vəzifəni tutmаq istəyən qаbаqcаdаn qоrunаn аğаcın budаğını qırmаlı və öz sələfini öldürməli idi. Məhz bu qəribə аdəti izаh еtmək istəyi Frеyzеri 12 qаlın cilddən ibаrət “Qızıl budаq” kitаbını yаzmаğа vаdаr еtmişdir. Frеyzеrin əsаs idеyаsı bəşəriyyətin əqli inkişаfının аrdıcıl mərhələləri hаqdа ümumi nəzəriyyə idi. О üç ümumi tаriхi mərhələni müəyyən еtmişdir. Оnlаrdаn birincisi cаdugərlik (mаgiyа) mərhələsidir. Bu dövrdə insаn hеç bir ruh və yа аllаh hаqdа düşünmədən özünün cаdugər qüvvəsinə, yəni yаğışı yаğdırmаq və kəsdirmək qаbiliyyətinə, vəhşi hеyvаnlаrı rəqslə аldаtmаq, düşmənə kənаrdаn zərər yеtirmək, sеvgi hissini bеyinə yеritmək qаbiliyyətinə mаlik оlduğunа inаnırdı. Din mərhələsi аdlаnаn ikinci mərhələdə insаn аrtıq öz хəyаli qüdrətinə inаnmır və bunlаrı ruhun və tanrının fövqəltəbii qüdrəti ilə izаh еdir və оnlаrа duа ilə mürаciət еtməyə bаşlаyır. Üçüncü еlmi mərhələdə insаn bu nəticəyə gəlir ki, nə о, nə də аllаh yеrdəki vаrlıqlаrın hərəkətini idаrə еtmir. Bunlаr təbiətin qаnunаuyğunluqlаrıdır.

(vikipedik məlumat)

 

 

 

QIZIL BUDAQ

(magiya və dinin tədqiqi)

Fraser J. G. The Golden Bough. London, 1923.

/Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/

Diana və Virbi (Diana)

Törnerin “Qızıl budaq” rəsmini görməyən varmı? Törnerin təbiət landşaftlarından ən gözəlini yeni bir şəklə salmış ilahi ruhunun, Törner xəyalının qızılı ziyası ilə dolub daşan bir mənzərə. İlhamın cuşa gəldiyi bir məqamda göz önündə duran, qədimdə adlandırdıqları kimi “Diananın güzgüsü” olan kiçik bir meşə gölü Nemi. Alban dağlarının yaşıl silsiləsi ilə əhatəyə alınmış sakit su səthi unudulmazdır. Bu yerin xudmaniliyinə rəğmən gölün sahilində uyğuya dalmış iki tipik italyan kəndi. Özü də italyan üslubunda olan, kəskin çıxıntıları ilə gölə doğru uzanıb gedən bağları ilə saray da bu mənzərəyə xələl gətirmir. Elə bil ki, Diana bu tənha sahili tərk etmək istəməmiş və sıx meşədə sakin olmaqda davam edir.

Qədimlərdə bu meşə mənzərəsi fonunda eyni bir fəci hadisə dəfələrlə vaqe olmuşdur. Gölün şimal sahilində, düz elə Nemi köycüyünün sığınmış olduğu yalçın qayaların altındaca Nemi Meşə Dianasının müqəddəs ormanı və tapınağı olub. Göl və orman o zaman Arikiya gölü (meşəsi) kimi tanınırdılar. Lakin Arikiya şəhəri (indi o La-Riçça adlanır) buradan təqribən beş kilometr aralıda, Alban dağının ətəyində yerləşmiş və dağın yamacında kiçik qıfşəkilli bir çuxurda yerləşən göldən sərt bir enişlə ayrılmışdır. Müqəddəs ormanda bir ağac boy atırdı və onun ətrafında ta gecənin yarısınadək bütün günü oğrun-oğrun bir insan qaraltısı gəzib dolaşırdı. Onun əlində sıyrılmış qılınc vardı və o, sanki hər an düşmən hücumu gözləyirmiş kimi diqqətlə yan-yörəsinə göz gəzdirirdi. Bu, qatıl-kahin idi, onun gəlişini gözlədiyi kəssə gec-tez onu öldürməli və yerini tutmalı idi. Tapınağın qanunu belə idi. Kahinin yerinə müddəi olan buna yalnız bir üsulla – onu öldürməklə nail ola bilərdi və bu vəzifəni o, özündən daha güclü və daha zirək rəqib onu öldürənədək əlində saxlayırdı.

Ona sahiblik, bu qədər etibarsız olan bu vəzifə özü ilə hökmdarlıq titulunu gətirirdi. Fəqət heç bir tacidar zat Nemi kahininin çəkdiyi qədər qəmgin fikirlərə müztərib olmamışdı. İllər boyu qışda və yayda, yaxşı və pis havada o öz tənha növbəsini çəkir və yalnız həyati təhlükə bahasına gahdanbir narahat uyğulara dalardı. Sayıqlığını azacıq da olsa itirməsi, taqətsizliyini büruzə verməsi və qılınc tuta bilməkdən qalması onun həyatını təhlükə altında qoyurdu: saçına dən düşməsi onunçün edam hökmünə bərabər idi. Onun elə təkcə görünüşündən bu gözəl mənzərə həlim və mömin zəvvarların gözündə sönükləşirdi. Nemi kahininin sərt və məşüm görkəmi ilə italyan səmasının xülyapərvər maviliyi, yay meşələrindəki işıq-kölgə oyunu və günün altında dalğaların parıltısı pis səsləşirdi.

Gəlin, gur yağışın altında xəzəlin töküldüyü və küləyin ömrünü bitirməkdə olan ilə ağı dediyi coşqun payız gecələrinin birində onun gecikmiş bir yolçunun gözü qarşısında dura biləcəyi şəkildə Neminin mənzərəsini xəyalımızda canlandıraq. Həzin bir musiqiyə köklənmiş necə də qəmli bir mənzərə! Arxa planda alçaq, buludların dartıb uzatdığı göyün fonunda didilib parçalanmış meşə qaralır, budaqların arasında küləyin ah-vayı, ayaqların altında qalmış xəzəlin xışıltısı, bir də soyuq suyun sahilə çırpılma səsi. Ön plandasa qaranlıqda var-gəl edən insanın qaraltısı və bu zaman, qaçan buluddan üzüb çıxan solğun ay bir-birinə sarınmış budaqların arasından zillənib ona baxır, onunsa çiynindəki polad (tiyə) parlaq işıq saçır.

Nemidəki kahin titulunun irsən keçməsi qanununun klassik qədim dövrdə oxşarları yoxdur. Ona izah tapmaq üçün əsrlərin dərin qatlarına nəzər salmaq gərəkdir. Yəqin ki, heç kəs inkar etməz ki, belə bir adətdən barbarlıq dövrünün iyi gəlir və o, hamar biçilmiş çəmənlikdəki bakir bir qaya kimi İmperiya dövrünün nərmənazik italik cəmiyyətinin düz ortasında tək-tənha dikəlib durur. Ancaq bu adətin məhz elə qaba, barbar xarakterli olması bizdə onun izahının tapılacağına ümid yaradır. Bəşəriyyətin ən qədim tarixi sahəsindəki araşdırmalarda aşkar etmişlər ki, çoxsaylı səthi fərqlər mövcuddursa da insan zəkasının işləyib hazırlamış olduğu ilk kobud fəlsəfi sistemlər öz əsas cizgilərində oxşardırlar. Deməli, əgər biz Nemidəki kahin titulunun irsən keçməsi kimi bir barbar adətinin başqa cəmiyyətlərdə də mövcud olmuş olduğunu sübut edə bilsək, əgər belə bir institutun mövcudluq səbəblərini açıb göstərməyə müvəffəq olsaq və müxtəlif şərtlər halında təfsilatlarında fərqli, lakin bütövlükdə oxşar olan institutları doğuran eyni səbəblərin əksər (bəlkə də bütün) insan cəmiyyətlərində fail işlər olduqlarını isbatlamış olsaq, nəhayət, elə həmin səbəblərin onlardan törəmiş olan institutlarla birgə əslində klassik qədim dövrdə də fəaliyyət göstərmiş olduqlarını nümayiş etdirə bilsək, – onda biz belə bir haqlı qənaətə gələ bilərik ki, daha uzaq keçmişlərdə də elə həmin səbəblər Nemidəki kahin zümrəsinin varislik qaydalarını doğurmuşlar. Bu institutun necə meydana çıxmasına dair birbaşa bilgilərin yetməzliyi ucbatından qənaətlərimiz heç vaxt sübutlar statusunu əldə etməyəcəklər, lakin onlar göstərilən şərtlərin yerinə yetirilmə tamlığından asılı olaraq az, ya çox dərəcədə inamauyar olacaqlar. Nemidəki kahinlik institutunun bu şərtləri ödəyən yetərincə ağlabatan izahını təklif etmək, – bu kitabın məqsədi elə budur.

Bununla bağlı bizə gəlib çatmış azsaylı faktlar və rəvayətlərin şərhindən başlayaq. Bu rəvayətlərdən birinə görə Nemili Diana kultu Tavrik Xersones çarı Faosu öldürüb bacısı ilə birgə İtaliyaya qaçmış Orest tərəfindən təsis edilmişdir; bir dəstə budağın arasında o özü ilə Tavridalı Diananın təsvirini də gətirmişdir[1]. Ölümündən sonra onun nəşi Arikiyadan Romaya gətirilmiş və Kapitoli təpəsinin yamacında Saturn məbədi önündə (Dilbirlik məbədinin yanında) basdırılmışdır. Qədim dövrün bilicilərinə rəvayətin Tavridalı Diana ilə bağladığı qanlı bir mərasim tanışdır. Bu ayinə görə sahilə ayaq basmış hər bir yadelli onun qurbangahında qurban kəsilir. Hərçənd ki, İtaliya zəmininə keçirilməklə bu ayin daha yumşaq bir forma kəsb etmişdir. Nemi məbədində hansısa bir ağac vardı ki, onun tək bir budağını belə qoparmaq olmazdı. Bunu edə biləcəyi təqdirdə yalnız fərar etmiş qula bu budaqlardan birini qırmağa izn verilirdi. Buna müvəffəq olduqda ona kahinlə təkbətək döyüşmək və qələbə çaldıqda onun yerini tutmaq və Meşə Çarı (Rex Nemorensis) titulunu irs almaq hüququ verilirdi.

Qədim insanların ümumi fikrinə görə, bu məşum budaq – ölülər səltənətinə təhlükəli səyahətə yollanmazdan öncə Sibillanın təhriki ilə Eneyin qopardığı məhz elə həmin Qızıl budaq idi. Rəvayətə görə, qulun qaçışı Orestin qaçmasının rəmzi, onun kahinlə təkbətək döyüşü isə haçansa Tavridalı Dianaya verilən insan qurbanlarının bir əks-sədası idi. Qılınc hüququ varisliyi qanunu ta imperiya çağlarınadək gözlənilirdi. Kaliqulanın[2] bir çox işləklərinin arasında belə biri də olmuşdu: Nemi kahininin öz postunda həddən artıq çox qaldığını düşünərək o onu öldürmək üçün zorba bir başkəsən kirələmişdi. Bundan başqa, Antoninlər dövründə (I-II əsrlər) İtaliyada olmuş yunan səyyahı yazırdı ki, kahin titulunun vərəsəlik məsələsi əvvəlki tək təkbətək döyüşdə əldə edilir.

Dianaya sitayişin əsas cəhətləri hələ bundan sonra üzə çıxarılmalıdır. Orada aşkar edilmiş qurban qalıqlarından görünür ki, qədimdəkilər onu, birincisi, ovçu, ikincisi, insanlara oğul-uşaq verən, üçüncüsüsə, qadınlara yüngül doğuş bəxş edən tanrıça sanırdılar. Göründüyü kimi, od onun kultunda mühüm rol oynayırdı. Dianaya odaqlanmış (həsr edilmiş) və ilin ən qızmar çağında (13 avqustda) keçirilən hər ilki bayram zamanı onun meşəsi al-qırmızı yansıtmaları gölün üzərinə düşən çoxsaylı məşəllərin şöləsinin ziyasına qərq olurdu. Həmin gün bütün İtaliyada hər evdə ocaq başında müqəddəs ayinlər yerinə yetirilirdi. Tanrıçanın özü tapınaq hüdudlarında tapılmış bürünc heykəlciklərdə qaldırılmış sağ əlində məşəl tutmuş halda təsvir edilmişdir. Dualarını Diananın eşitmiş olduğu qadınlar elədikləri əhdlərinə əməl edərək tapınağa başlarında çələnglər və əllərində yanılı məşəllərlə gəlirdilər. Hansısa bir naməlum romalı Nemidəki kiçik bir türbədə imperator Klavdi və onun ailəsinin sağlığı naminə sönməz bir çıraq yandırmışdır. Meşədə tapılmış yanmış gildən olan çilçıraqlar, ola bilsin, qara camaata münasibətdə elə həmin məqsədə xidmət edirdilər. Əgər bu belədirsə, onda bu adətlə katoliklərin kilsələrdə təbərrük şamlar qoymaq adəti arasındakı bənzərlik aşkardır. Bundan başqa, Nemili Diananın daşıdığı Vesta titulu onun tapınağında daim müqəddəs odun qorunub saxlanmasına aşkar şəkildə dəlalət edir. Məbədin şimal-şərq artırmasında üç pillə qaldırılmış, mozaikanın izlərini saxlamış böyük dəyirmi özül, yəqin ki, Forumdakı Vesta məbədinə oxşar olan dəyirmi formalı Diana-Vesta məbədinin əsasını təşkil etmişdir. Çox böyük ehtimal var ki, müqəddəs odu burada bakirə vesta qızları qoruyub saxlayırdılar; Nemi məbədinin yerində vesta qızının bişmiş gildən hazırlanmış heykəli tapılmışdır. Bundan başqa, bakirə vesta qızları tərəfindən qorunub saxlanılan sönməz atəşə sitayiş adəti Lasiumda ən qədim dövrlərdə intişar tapmışdı. Tanrıçanın şərəfinə keçirilən hər ilki şölən zamanı ov itlərini çələnglə bəzəyir və vəhşi heyvanlara toxunmurdular. Gənc oğlanlar onun şərəfinə paklaşdırıcı ayinlər qılırdılar. Çaxır gətirilir və çəpiş əti, yarpaqların üstündə verilən isti kökələr bişirilməklə və budaqlarla birgə dərilmiş almalar paylanmaqla şənlik təşlik olunurdu.

Amma Nemi yaxınlığındakı ormanda Diana təkbaşına hökmranlıq etmirdi. Onun tapınağını onunla iki daha aşağı dərəcəli ilahi bölüşürdü. Onlardan biri bazalt qayalara çırpılıb damcılara parçalanaraq Lö-Mole qəsəbəsi (orada indi Nemi kəndinin dəyirmanları yerləşdiyinə görə belə adlandırılmış) yaxınlığındakı gölə qəşəng bir şəlalə ilə tökülən duru bir irmağın nimfası Egeriya idi. Çınqılın üzərindən şütüyüb gedən axının şırıltısı öz etirafına görə ondan tez-tez su içən Ovidi tərəfindən də xatırlanır. Hamilə qadınlar Egeriyaya nəzir-niyaz gətirirdilər, çünki Diana kimi o da yüngül doğuş bəxş etməyə qadir hesab olunurdu. Belə bir rəvayət var idi ki, bu nimfa müdrik çar Numanın zövcəsi və sevimlisi imiş və onun bu tanrıça ilə ünsiyyətinin bəhrəsi isə onun romalılara verdiyi qanunlar idi. Plutarx bu rəvayəti Kibela və Ayın gözəl gənclər Attis və Endimiona məhəbbətləri kimi, ilahələrin adi fani insanlara sevgisi barədə başqa hekayətlərlə müqayisə edir.

Başqa mənbələrə görə, sevgililərin görüş yeri Nemi meşələri deyil, Roma yaxınlığındakı Kapen darvazaları yanındakı kahadan bir qədər aralıdakı meşə idi ki, orada qaranlıq mağaradan Egeriyanın adı ilə bağlanan daha bir bulaq çağlayırdı. Romalı vesta qızları hər gün məbədi yumaq üçün bu bulaqdan su götürür və onu saxsı güyümlərdə başlarının üstünə qoyub daşıyırdılar. Yuvenal dövründə kahaya mərmər döşənmiş və bu pirləşdirilmiş yer qaraçılar kimi gecələmək üçün meşədə qalmağa məcbur olan yoxsul yəhudi qrupları tərəfindən murdarlanırdı. Güman etmək olar ki, Nemi gölünə tökülən axın – elə ilk başlanğıcda Egeriyanın özü idi və Alban təpələrindən Tibrin sahillərinə ilk köçkünlər gələndə onlar özləri ilə bu nimfanın kultunu gətirmiş və Roma darvazalarının arxasındakı meşədə onunçün yeni yurd yeri tapmışlar. Tapınağın torpağında aşkar edilmiş çimərlik qalıqları və insan bədəninin müxtəlif hissələrinin bişmiş gildən düzəldilmiş çoxsaylı surətləri belə bir qənaət yaradırlar ki, Egeriya bulağının suyu xəstələrin müalicəsi üçün istifadə olunurmuş. Avropanın əksər hissələrində indiyədək gözlənilən adətə uyğun olaraq xəstələr sağalma ümidi ilə və ya minnətdarlıq əlaməti olaraq bədənlərinin xəstə hissələrinin surətlərini ilahəyə ithaf edirdilər. Əmin edirlər ki, çeşmə indiyədək də öz şəfalı xassələrini saxlamışdır.

Daha kiçik çinli digər Nemi ilahisi Virbi idi.

                                                                                                                                 (davamı var)                                                                     

                                                                                                                                                                                                  Tərcüməçi: Yusif Rəhimoğlu (Obaçı)

 

 

[1] Tavridada Artemidanın yunan məbədi var idi. Lakin romalılar yunan Artemidasını italik Diana ilə eyniləşdirdilər və bu addəyişməyə yeni Avropa ədəbiyyatında tez-tez rast gəlinir.

[2] Kaliqula Qay Yuli (Kesar) Sezar (12-41) – roma imperatoru (37-ci ildən).

 

 

Davamı: Ceyms Corc Freyzer. Qızıl budaq. “Diana və Virbi” (Virbi). – KLV

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Ceyms Corc Freyzer. Qızıl budaq. "Diana və Virbi" (Virbi).

Bz İyl 10 , 2022
QIZIL BUDAQ (magiya və dinin tədqiqi) Fraser J. G. The Golden Bough. London, 1923. /Azərbaycan türkcəsində ilk dəfə təqdim olunur/ Diana və Virbi (Virbi) (davamı)   Rəvayətə görə Virbi elə bakir və gözəl yunan gərayı (qəhrəmanı) Hipollitdir ki, var. Ovçuluq sənətini o kentavr Xirondan öyrənmiş və günlərininin çoxunu ormanın ən […]