Atalar deyir, şərti şumda kəsək, xırmanda davamız düşməsin. Həmçinin, mən də. Bəri başdan deyim ki, mən bu Orxan həkimi görməmişəm. Amma onunla bağlı çox şey eşitmişəm. Söhbət eşitdiklərimdən gedir. O vaxtlar hələ balaca idim. Demək olar ki, məktəbə getmirdim. Atam aşıqlıq eləyirdi. Qapımızda mal-qaramız da vardı. Bir təhər dolanıb- keçinirdik. Muharibədən çıxalı cəmi yirmi-otuz il olardı. Ona görə də ölkənin hər yerinde kasıbçılıq baş alıb gedirdi. Müharibə deyəndə də, söhbət axırıncı türk-rus muharibəsindən gedir. Ruslar, bizim mahalı da işğal eləyir və nə az, nə də çox düz qırx il bizim torpaqlarda hakimiyyət sürürlər; münasib gördüyü yerlərə də erməniləri gətirib yerləşdirirlər. Elə ki, düşmən yurddan qovulur, camaat təzə çalınmış qatıq kimi uyuşmağa, özünə dir-dirlik eləməyə başlayır. Müharibədən qalan şeylərdən biri o dövrü yaşayanların yaddaşında qalanlar olur. Həm də unudulmaz izlər. Demək olar ki, hamı dərd dağına çevrilmişdi. Çünki bu barədəki söhbət qurtaranda, biri deyərdi “o günlər getsin, gəlməsin”. Yerdə qalanlar isə, bir ağızdan “amin” deyərdilər. Qocalar bir yerə yığışanda, söhbət nədən başlanırsa- başlasın, axırda gəlib çıxardı müharibə əhvalatlarına, elə onunla da qurtarardı. Hər zaman olmasa da, çox vaxt Orxan həkim də bu söhbətlərin bir parçası olardı. Ondan da danışardılar. Canlı şahidlərdən bu xatirələri dinləmək tay-tuşlarım üçün bir şey ifadə etməsə də, mənim üçün çox maraqlıydı. Anladılan hadisənin mahiyyətinə görə əhvali- ruhiyyəm dəyişərdi. Bəzən qorxar, çox vədə ağlayar, təsadüfən də gülərdim. Çünkü ağlanası hadisələr çox yaşanmışdı.
Ziyankar, böyüyə hörmət etməyən, avara uşaq deyildim amma, dəcəl və maraqlı uşaq idim. Qocalar keçmişdə olub-keçənlərdən danışanda, hardasa, onların gözünə soxulardım. Onlardan nə qədər danlaq eşitmişəm… Bəziləri də qulağımı burardı. Adım sırtıq, gözə girən, dəcəl kimi çıxmışdı. Mənim üçün deyilənlərin çoxunu başa düşsəm də, bax bu “dəcəl”in nə demək olduğunu bilmirdim. Bu sözü bir söyüş kimi başa düşürdüm. Yekəlib əlim qələm tutandan sonra da, adım çıxdı “dili qurdlu”ya. Suallarımla da ki, yazıqları necə deyərlər “gic” eləyirdim. Ən yaxşı niyyətlisinin dediyi söz “sırtıq köpəyoğlu, uşaqsan, get tay-tuşlarınla oynaqla, sənə nə, at necə gəldi, eşşək necə getdi, Nikolay kimdi, Orxan həkim kimi necə müalicə elədi… irədd ol get!..” olardı. Bir pişiyimiz vardı. Süfrəyə hamıdan qabaq gəlib çömbələrdi; başlayardı mırıldanmağa. Hardasa bir adamdan çox yeyərdi, yenə də miyoltusu kəsilməzdi. Mənim yanımdan ayrı yerdə də oturmazdı. Məndən başqa hamı onu döyərdi. Analığım deyərdi “bunların ikisinin də torpaqları eyni yerdən götürülüb. Sırtıq sırtığı tapar da”. Qocalar məni nə qədər başlarından etmək istəsələr də, bir təhər gedib dinləyərdim. Aradan neçə ay, il keçdi bilmirəm, axırda məni özlərindən biri hesab etdilər.Həmçinin, atam da elə. Qonşu kəndlərə toya dəvət olunanda məni aparmazdı. Mənsə anamın ağzından girib burnundan çıxardım, – atamın getdiyi kəndin adını öyrənərdim. Qorxu- zad da bilməzdim, gedərdim. Atamın bildiyi dastanların hamısını, necə deyərlər, vergülünə qədər əzbərləmişdim. Atam biləndə ki, her şeyi öyrənmişəm, artıq toylara gedəndə məni də atın tərkinə mindirib aparardı. Yadından çıxan bir bənd və ya mısra olsaydı, mənə müraciət edərdi. “Ayə, qara kişmiş bala, bu sözün dalı necəydi?” Mən də deyərdim. Buna görə bəzən mənə pul verənlər də olardı. Bəli, bir az da atamdan öyrəndiyim qoşmalarn hörmətinə görə kəndin qocaları məni qəbul eləmişdilər,– ancaq hamısı deyil; arada bir gözünü ağardanlar olsa da, çox fikir vermirdim. Amma yekəbaş Səfər kişi mənə hey sataşırdı. Məni görəndə, “dədən al itdi?” deyərdi. Mən də bu sözü “dədən hara getdi?” kimi başa düşərdim. Məsələni başa düşəndə, sualın cavabında “sənin də dədən qara itdi” dedim. Əlindəki çəliklə məni hədələmək istəyəndə, çay daşıyla necə vurdumsa, başından qan fışqırdı, mən götürüldüm. Axşamüstü kəndin meydanında kişinin başını sarıqlı görənlər soruşur, o da “Əsədin o şitəngi oğlu vurdu” deyir. Bu sözü atam da eşidir. Kişiyə heç nə demədən evə gələn atam məni yanına çağırıb, soruşdu. Onu da deyim ki, atam heç nəyimə zamin olmasa da yalan danışmadığıma yüz faiz inanırdı. “Əyə, qara kişmiş, o qoca kişini niyə vurmusan, ayıb deyilmi?” Məsələ necə olmuşdusa, eləcə də danışdım. Tənbeh mənasında mənə başını bir neçə dəfə buladıqdan sonra “bu camaat nə vaxt insan olacaq, ilahi?” deyib, getdi. İkimizin də qanı qaralmışdı. Harayıma anam yetdi. “Ana, mən çoxmu qarayam, dədəm mənə həmişə qara kişmiş deyir”? Anamın dodağı qaçdı: “Dədən sənlə zarafat eləyir. Yox, a bala, o qədər də qara deyilsən; kömürdən bir balaca qarasan”. Söz, ağlıma batmasa da, anamın gülüşündən başa düşdüm ki, qara sözü pis deyil. Sizi bilmirəm amma, mən elə indinin özündə də dəcəllik eyləyirəm. A kişi, keç əsl mətləbə!.. Axı sən Orxan həkimdən danışırdın?! Tamamən düzdür. Deyirlər, dərdli deyingən olarmış. Danışacağam; bəli, Orxan həkimdən də danışacağam,– dərd möhlət versə.
O vaxtlar camaatın dolanışığı daha çox rəncbərliklə bağlı idi. Mahalımız pambıq üçün sərfəli olduğuna görə, biz də pambıq əkərdik. Əkməyinə əkərdik, amma çox zəhmətlə başa gələrdi. Çünki əkin-biçin maşınları olmadığı üçün ümid insan gücünə qalırdı. Novruzda əkin sahələrinə çıxan camaat, hardasa qar yerə düşəndə evə qayıdardı. Hava yağmurlu keçəndə, pambığın açılmayan qalaları yığılıb evə gətirilərdi. Bir müddət sonra quruyan qalaların ağzı yavaş- yavaş açılardı, dönüb olardılar qoza. Qozadan çıxarılan qıcı pambığın keyfiyyəti yaxşı olmasa da, onu cəhrələrdə əyirib, yorğan- döşək tutardılar. Qoza çəkmək, əzab- əziyyətli iş idi. Qıcı, qala, qoza çəkmək kimi sözlərin mənasını yaxşı başa düşməyənlər ola bilər. Bu sözləri ona görə işlədirəm ki, Azərbaycanı Bakıdan, Azərbaycan türkünü isə, Azərbaycanda yaşayanlardan ibarət sanmasınlar. Bu ifadəmi də dəcəlliyimə, yəni yaramazlığıma yazın. Anadoluda dəcəlin qarşılığı yaramazdır. Amma bu söz oğlan uşağları üçün işlədilir.
Bizim mahalın kəndlərinin elektiriklə tanışlığı altmışıncı illərdən başlayıb. Ondan əvvəl zənginlərin evlərində neft lampası,, orta vəziyyətdə yaşayanların və kasıbların evlərindəki çıraq,– bəzi yerlərdə buna lampa da deyərdilər,- olardı. Lampalar da nömrələrinə görə adlanırdı: beş, yeddi, doqquz, on iki, on dörd… Şükür, bizim evdəki lampa on dörd nömrə idi. Atam saz-söz əhli olduğu üçün, uzun qış gecələrində qonum-qonşu daha çox bizə yığışardı. Evimiz böyük idi. Ev də deyəndə, cəmi bir otaqdan ibarət idi, amma böyük idi. Necə deyərlər, at min, içində çap. Bünövrənin qalınlığı, hardasa, metrəyarım idi. Yatana kimi, ya qoza çəkərdik, ya dədəmin oxuduğu aşıq mahnılarını dinləyərdik, ya da kiminsə xatirələrinə qulaq kəsilərdik. Ancaq Orxan həkimin söhbətin arasına girmədiyi gün olmazdı.
Orxan həkim, bizim qonşuluqdaki Təcirli kəndində yaşayarmış. Amma bütün mahalda hamı onu tanıyarmış. Diş çəkməkdən tutmuş oğlan uşaqlarını sünnət eləməyə, iynə vurmaqdan tutmuş can həkimliyinə kimi hər şeydən başı çıxarmış. Gözü ağrıyan da ona gedərmiş, ayağı çıxan da. Ona görə də, üç-beş adam bir yerə yığışanda onun adı mütləq çəkilərmiş. Çünki insanın yaşadığı yerdə həmişə xəstə, xəstənin olduğu yerdə də həkim söhbəti olar. O vaxtlar bizim tərəflərdə həkim-məkim tapılmazmış. Dövlətin imkanları buna yetməzmiş. Dəllək Cəfərin anamın dişlərini kəlbətinlə çəkdiyinə neçə dəfə şahid olmuşam. Yazıq arvadın ağzının şişi aylarnan keçməzdi. Dərman hardaydı, keyəldici iynə hardaydı?… Ölən, ölən yerdə gedirdi. Urus dövləti deyirmiş mən dirinin sahibiyəm. Mənə fəhlə lazımdır. Camaatın arasında ziddiyət törədirlərmiş ki, bir-birilərini vurub, özləri özlərinə düşmən olsunlar. Amma vaxt itirmədən öləni qəbrə, qalanı Sibirə göndərirlərmiş. Ölənin adamlarına da deyirmişlər ki, düşməniniz filan yerdədir, qanını almaq istəyənə icazə varmış. Güllələnənlərin sayını isə bilən yoxmuş. O günləri görən qocaların əlləri havada olardı. “Allah bu günümüzə çox şükür”. Axı biz türklərdə Göy Tanrı inancı çox qədimdir. Ona görə də indinin indisində də dua eləyəndə əlimizi havaya doğru açıb, başımızı da göyə doğru qaldırarıq. Guya Allah göydədir, həm də ərş-əla deyilən yeddinci qatda. Orxan həkimi də öyə- öyə çıxardırdılar göyə.
Düzünü desək, qoza çəkməyi sevmirdim. Çünki barmaqlarımın ucu yaralanırdı. Bəs qocaların söhbəti necə? O vaxt bu sualı özümə verməyə cəsarət etməzdim. Payızın son aylarından başlayan qoza çəkmək işi, qışın yarısına kimi davam edərdi. Hər kəs bacardığı kimi işləyirdi. Bir qarnı ac, bir qarnı tox. O vaxtlar işi dala qalana qonum-qonşu yığışıb, kömək edərdi. Belə hallarda qoza çəkmək əziyyət olmaqdan çıxıb, zövq verən bir işe çevrilərdi. Çünkü hər kəsdən bir şey eşidirdim və bunlar mənim üçün çox maraqlı olurdu. Bircə göygöz Süleyman əminin əsgərlik xatirələrindən başqa. O həmişə əsgərlikdən danışardı. Demək olar ki, kənddə hamı onun əsgərlik xatirələrini əzbərləmişdi. “Deyirəm, Əsəd usta, görəsən, o Orxan həkim hansı məktəbi qurtarmışdı?” Bu suala dədəm cavab vermədən, üç-dörd nəfər birdən “urusun məktəbini” deyərdilər. Görürsən, bizim kənddə hələ ibtidai məktəb yoxdu, kafirin tibb məktəbi var, vay dədəm, vay… Zalım oğlunun qapısı şah qapısı kimidi. O boyda həyəti adamı tutmur. Kimsədən də bir qəpik almır. Amma camaat hər şey aparır. Arvadı Nanə özündən də yaxşıdı,– bunu deyən Lalə nənəm idi,– bizim həyət qonşumuz Honanın arvadıynan birgə bizə gəlmişdilər. Nədənsə mənə qanı qaynadı; anasının qarnında tərs gələn uşağın düzəldilməsi, atlı gələn uşağın doğulması, ana bətnindəki uşağın cinsiyyəti… hər şeyi bilir. Ay nənə, niyə arvadın qarnında at var? Yox, a qara bala, uşağın əvvəl ayaqları gələndə, onda deyərlər “uşaq atlı gəlib”. Sən də elə gəlmişdin də, qara bala. Həm anana əziyyət verdin, həm də mənə. Elə o vaxtdan bilirdim ki, əllamə uşaq olacaqsan. Fəqət yazığın adını qoymuşdular “əli xeyirsiz”. Onun da doğuzdurduğu arvadlar, nədənsə, bir daha doğmurdu. Axı o neyləyə bilərdi? Camaatdı da, Allahın işinə də qarışırdı. Nə deyim, dinə gəlmiş yaxşı arvad idi. Bu ifadəni Orxan həkim üçün də işlədirdilər: “Dinə gəlmiş”. Sonradan öyrəndim ki, müsəlman olmayanlardan söhbət gedəndə bu ifadəni işlədərlərmiş. Ona görə ki, bəlkə bu duanın hörmətinə o kişi müsəlman olsun. Dinə gəlmiş xəstənin üzünə baxan kimi dərdini bilir. İrəvandan tutmuş Qağızmana kimi xəstələr tökülüb gəlir. Özü də deyirlər yeddi dil bilir. O qədər dili bilməsə, ona həkimlik diplomu verərdilərmi? “Dayı sən onu gördün?” Dədəm özünü eşitməməzliyə vurdu. Alonun oğlu Kərim bir də soruşdu: “Sənnənəm dayı, deyirəm, sən Orxan həkimi gördün?” “Yox. Onun üzünü…” “Ay dayı, sən də özündən başqa heç kimi bəyənmirsən. Deyirlər hərifin oğlu erməni də olsa, çox bilici həkimmiş. Xəstələrə havayı baxarmış. Hansı xəstənin nə qədər ömrünün qaldığını əlinin içi kimi bilirmiş”. “O da öz işini görürmüş də, ay Kərim. Bu söhbəti sonra eləyərik. Arvad, çayın oldu, ya yox?” Bəli , bir gün də belə keçdi. Amma atamın qanı qaralmışdı.
Aradan neçə gün keçdi bilmirəm. Bir gün Allahın verdiyi cəsarətimi toplayıb, soruşdum: “Dədə, Orxan həkim səni döyüb?” Məndən belə bir sualı gözləməyən atam çaşqın və hirsli bir halda “yox, niyə?” deyə cavab verdi. Qorxdum; amma yenə də dilimə sahib çıxa bilmədim: “Bəs onda onun adı çəkiləndə sənin kefin niyə qaçır?” Dədəm hirslənmədi, amma balaca incidi: “Bu sualın cavabını sənə zaman verəcək. İndi get anana de, xörək hazırlasın, axşama qonağımız olacaq”. Fikirli- fikirli evin yolunu tutdum. Deməli, dədəmlə Orxan həkim arasında olanı Zaman bilir.
Anam ocağın başında nəsə bişirirdi. Yazıq arvad harda olmalıydı? Ya ocaq başında, ya təndir başında, ya bayırda işləməkdə, ya da mal-qara ilə məşğul olmaqda. Dədəm deyir südlü aş (mən südlü aşı indi də çox sevirəm.) bişirsin; axşama qonağımız olacaq, adı da Zamandı. Bu necə addır, birinci dəfədir ki, bu adı eşidirəm, a bala. Müəzzin “Allahü əkbər” deyib, azanı başlamadan atam topal bir kişi ilə həyətə girdi. Axı bu kişi mənə tanışdı; aşağı kəndlərin birində yaşayırdı, adı da topal Mir Həmid idi. Bir ayağı dizdən aşağı kəsilmişdi. Bilmirəm dəmirdən, yoxsa tənəkədən ona bir ayaq düzəltmişdilər, yeriyəndə dəmir-dümür səsi çıxardırdı. Fağır adam idi; üz gördüyü kəndləri gəzib, pay yığırdı. Camaat undan, buğdadan, puldan verirdi, onunla keçinib- gedirdi. Bəs Zaman hanı? Dədəmlə bir yerdə keçdilər otağa. Otağa deyəndə, cəmi bir göz idi və hamımız orada yatıb-dururduq. Anam hələ də ocağın başındaydı. Arvadlar yayda ocaqda, qışda sobada bişirərdilər. Milanqaz (şirkət adı-tərc.) hardaydı, indiki cürbəcür yemək bişirən sobalar hardaydı? Onların nə adını eşidən vardı, nə də üzünü görən. Atamgil namaz qılandan sonra, ortaya süfrə gəldi, Allah nə yetirmişdisə, azdan-çoxdan yeyib, kənara çəkildik. Dədə, bəs Zaman əmi nə vaxt gələcək? Dədəm bir az ciddiləşdi və təəccüblə: “Zaman əmin kimdi?” “Nə tez yadından çıxdı!” Bir neçə saat əvvəl danışdığımızı yadına salanda, “hə, onu deyirsən,– dedi,– o daha sonra gələcək. İndi keç qardaşlarının yanına, sakitçə otur”. Otağımız böyük idi. Üç dirək vurulmuşdu. Dədəmin sözünü yerə salmayıb, yaxındaki dirəyin dal tərəfinə keçdim. Dədəm “Klub” siqareti çəkərdi. Birini özü yandırdı, birini də seyidə verdi. Öz- özümə söz verdim ki, Zaman əmi gələnə kimi yatmayacağam. Ömrü bayaq sadaladığım yerlərdə keçən, elə ona görə də əllidən o yana keçə bilməyən anam çay gətirdi. Atam soruşdu: “Necə dolanırsan, seyid, oğul-uşaq necədi, Arazın o biri tərəfindən xəbər ala bilirsənmi, gedən- gələn olurmu?” “ Necə olum, ay Əsəd usta (Atam həm də dərzi idi. Ona görə də ona “usta” deyə xitab edirdilər)? Dolanışığımı özün bilirsən; Allah camaatdan razı olsun, azdan-çoxdan verirlər, bir təhər keçinib, gedirik də… Kənizlərindən birini vermişdim, birini də bu payız köçürəcəyik. Böyük nökərin əsgərdi, kiçiyini də vermişəm Hacı Bəhlulun yanındadı. Hacı süddən, qatıqdan göndərir, gədəyə pal-paltar alır. Yanan yerimə gəldikdə, bilirsən də, daha əvvəl də sənə danışmışdım; atalar düz deyir, çuğul nə ölüb, nə də öləcək… Arazın o tayında vəziyyətimiz çox yaxşı idi. “Araz” deyəndə, qulaqlarımı cütlədim. Çünkü bu sözü anam çox işlədirdi. Hələ biz şuluq eləyəndə, deyirdi, ay uşaq sakit olun, yoxsa sizi əleybanı-quleybanı aparıb, Araza atar. Bu kişi nə danışır, Arazın o tayı nədi? İçimdən sual vermək keçsə də, hərçənd görməmişdim amma, əleybanı-quleybanıdan qorxduğum üçün kirimişcə qulaq asmağa başladım. Qardaşlarımın heç vecinə də deyildi. Kimi yatır, kimi də nəynənsə məşğul olurdu. Amma anam boşalan stəkənlara çay süzürdü. “Həə…Əsəd usta, qapımızda mal- qaramız, sürüylə qoyunumuz, hətta bir neçə dəvəmiz də var idi. Atamın öz dayısının oğlu gedib urus hökümətinin adamlarına deyir ki, guya atam əksinqilabçıdı. Həm də elə-belə yox, çox fəaldı. Tövbələr olsun. Atamı gəlib, söz vaxtına çəkər deyiblər– elə bu vaxt evdən çıxartdılar. Darvazadan bir neçə addım aralanan kimi də güllələdilər. Hamımız düşdük cənazənin üstünə. Allah heç kəsə belə bir zulum nəsib eləməsin. Sənə demişdim də; Arazı keçəndə saldatlar vurdular, bir təhər özümü bu yana atdım. Başağrısı olmasın… ayağımı kəsdilər. Gəldim gördüm ki, ermənilər kəndin camaatını məscidə doldurub, od vurublar, qurtulan olmayıb. Dedim, bu da Arazın bu yanı. Evlənib oğul-uşaq sahibi oldum. Əvvəllər yaxşı idi, oyanda qalan qardaş-bacılarımdan xəbər alırdım. İndilərdə vəziyyət çətinləşib. Sərhədi elə vəziyyətə salıblar ki, heç quş da uça bilmir. Türkiyə sərhədindəki kəndlərdə yaşayan bizim camaatı içəri tərəflərə köçürdülər. Hər halda qovuşmağımız qaldı qıyamət gününə. Seyid dərin bir ah çəkib, atamdan bir siqaret istədi. Atam siqaret verdi, bir neçə qüllab vurduqdan sonra, yenə “ bəli, bizimki qaldı qıyamətə” dedi. Atam təsəlli vermək üçün “bir arxa ki, su gəldi, umud var ki, bir də gələ,– söylədi,– allahdan umud kəsilməz”. “Orası elədir, Əsəd usta, amma bunlar toyuqdan naloq alırlar. Nə bilim. Dediklərinə görə urus höküməti toyuğa deyirmiş ki, illik planı doldurmaq üçün gündə iki yumurta yumurtamalısan. Çətin məsələdi. Qansız, çuğul köpək oğlu… Bilirsənmi, Əsəd usta, məni ən çox yandıran atamın dayısı oğlunun satqınlığıdır. Yoxsa hərkəs bir can borçludur; ya bir az gec, ya tez, fərqi yoxdu”. “Ay seyid, o dediyin satqınlardan indi də var, elə bilirsən yoxdu? Mən də onlardan çox çəkmişəm. Belə qansızlar dövlətin də başının bəlasıdır. Hələ Hüsnü bəyi bir dinləyəsən…” Onu da deyim ki, Hüsnü bəy bizim mahaldaki milli kəşfiyyat təşkilatının müdiri idi. Mən görmədim. Amma aradan hardasa 80-90 il keçməsinə baxmayaraq, indi də onun adı gələndə qorxanlar az deyil.
Anam seyidə yataq açdı, lampanı keçirib, yatağa girdiyim andan həm yorğanı çəkişdirən qardaşımla, həm də çuğul, naloq, zaman əmi və gündə iki yumurta yumurtlayan toyuqla mücadilə edirdim. Bəli, bu yumurta söhbətini inqilabı görən qocalardan eşitmişdim. İstəyirəm burada bir haşiyə çıxam.
Aradan illər keçdi, Qarsdaki Qafqaz Üniversitetində bir dosent kimi vəzifəyə başladım. Fakültəmiz “Dərə içi” deyilən yerdə, Qars qalasının arxa tərəfindəydi və fakültəyə aid binaların hamısı Qarsın işğal altında qaldığı illərdə uruslar tərəfindən tikilmişdi və hamısı da daş bina idi. Həm də, bu binalar Qarsda yerləşən rus əsgərlərinin paşasının qərargahı idi. Binalar hələ də durur. Mənim iş otağım, elə həmin generalın qəbul otağındaydı. Divarda həm rəhmətlik Kazım Qarabəkir paşanın həm də rəhmətlik Dəli Xalid paşanın portretləri vardı. Kazım Qarabəkir paşanın iki cildlik “İstiqlal hərbimiz” adlı əsərini oxumuşdum, amma Dəli Xalid paşa haqqında çox şey bilmirdim. Qərara gəldim ki, onun haqqında araşdırma aparım. Elə də elədim. Onun silah yoldaşlarından üç-dörd nəfər tapdım, onları danışdırdım.Bu paşamız özünden qat- qat artıq olan rus-erməni güclərinə qarşı gəlib, Qarsı düşməndən xılas eləyib. Qorxu nədir, bilməzmiş. Ona görə də ona “dəli” ləqəbını qoşurlar. Özü əsgərin qabağında düşmənə hücum edərmiş. Paşa iki tapança daşıyırmış. Silahlardan birinin adını “namuslu”, digərinin adını da “namussuz” qoyubmuş. Namuslu ilə xarici düşməni, namussuz ilə də daxili düşmənı, yənı vətən xainlərini, satqınları vurarmış. Qocalardan bunu eşidəndə, yadıma həmin seyid düşdü. Ürəyimdə dedim, kâş topal seyidin atasını çuğullayan da Paşanın namussuz silahından payını alaydı. Türkiyədə “ Soyad Qanunu” çıxanda, həmin paşa özünə soyad olaraq “Qarsıalan” sözünü götürür və bu soyad ona məclisin qərarı ilə verilir. Nə vaxt çuğul, satqın sözü işlədilsə, yadıma topal seyidin faciəli həyatı düşür Bu kəlmə ilə heç cür barışa bilmirəm. Deyirlər, ilanın zəhləsinin getdiyi ot gözünün qabağında bitərmiş. Bədbəxtliyə baxın ki, doxsanıncı illərdə cəbhə yoldaşını öldürüb silahını bazarda satan bir satqınla bazarda rastlaşdım. Silahı, hardan, nə cür aldığını yanındaki yoldaşına qururla anladırdı. Vay dədəm, vay!… Onun üzünə diqqətlə baxıb, əl açdım göyə: “Allahım, bunun ölümünü mənə nəsib elə” deyə dua etdim. Həm də uca səslə. Duanın dərəcəsini bilmirəm amma, inanın, bir-iki saat sonra zəngləşib, bir dostumun evinə getdim. İçəri girdim. Ortada süfrə vardı; bir neçə nəfər oturub, məni gözləyirdilər. Üzr istəyib, stula oturmaq istəyəndə həmin satqını gördüm. Mən həmişə yanımda biçaq daşıyaram. Biçağı çəkib, cumdum xainin üstünə. Bir neçə zərbə vurduqdan sonra, məni tutdular. Süfrədə hər şey qana bulandı. Ürəyim heç cür soyumaq bilmirdi. Başda dostum olmaqla oradakılar məni məzəmmət eləməyə başladılar. Hətta dostumun həyat yoldaşı əyilib ərinin qulağına: “Yəqin ağlını oynatdı” dedi. Eşitdim. “Qardaş qızı, ağlım başımdadı” dedim. Sən demə, bu satqın o xanımın qohumu imiş. Gördüklərimi necə anlatmışam, bilmirəm. Onu bilirəm ki, ev sahibi onu xeyli döyəndən sonra, çıxartdı bayıra. Onun öldüsünü, qaldısını bilmədim. Kimsə bir loxma yemək yemədi. Topal seyid, Dəli Xalid paşa… Üstə gəl Qarabağ… Kim bilir, bəlkə də qeyri-ixtiyari Orxan həkimə rəhmət oxumuşam. Allahım, sən günah yazma! Günah deyəndə ki, Hüseyn Nihal Adsız “Ruh adam“ adlı romanında yazır: “Allahım, şərabı yasaqlayısan, amma üzümü də yaradan sənsən”.
Yaradan yaradılan her şeyə bir ad verib. Kəndin üst tərəfində Lalə nənəmgilin bir yeri vardı, adına Honanın diki deyərdilər. Bu sözü yaxın vaxtlara kimi işlədirdilər. Bu sahə, ətrafındaki yerlərdən bir az hündür olduğuna görə ora su çıxmazmış. Ona görə də, əkilməzmiş. Söhbəti gedən illərdə ruslar o yeri verirlər Hona adlı bir erməniyə. Erməni də oranın orasını burasını,– urusun sözü olmasın,– bir az “kraskalayıb”, üzüm bağı düzəldir. Oradaki tənglər suvarılmadığına görə, orada yetişən üzümlər daha şirin olur. Ona görə də Honanın dik yerinin üzümü yaxın kəndlərə ad salır. Orasını da deyim ki, dediklərinə görə, ermənilər üzümçülükdə bizimkilərdən daha bacarıqlı imiş. Bağ nənəmgilin yerlərinin arasındaymış. Şəriətdə deyilir, evinin olduğu yerdən dörd tərəfə doğru qırx ev sayacaqsan, – bu aradaki bütün evlər sənin qonşundur. Bir də deyilir ki, insan tabuta qoyulub qəbristanlığa gedənə kimi yeddi yerdə ondan qonşu haqqı soruşular. Ona görə də qonşu haqqı önəmlidir. Bəlkə də elə buna görə Lalə nənəmin atası Həsənalı kişi birgün Honaya deyir: “Xonaxa, erməni də olsan, yaxşı adamsan. Heyvandı, uşaqdı gəlib düşər bağa ziyan verər, dilimiz– ağzımız bir-birinə dəyər. Bir də ki, bunun ətrafındaki yerlərin hamısı mənimdir. Gəl buranı ver mənə. Hona da bir xeyli fikirləşəndən sonra, yanı balalı bir camış müqabilində bağı verir Həsənalı kişiyə. Atalar deyib çuğul nə ölüb, nə də öləcək. Bu məsələ gedib çatır Orxan həkimin qulağına. Honanı çağırıb tənbeh eləməklə qalmayıb, məsələni xəbər verir “yuxarıya”. Honanı bu məsələyə görə neçə dəfə İrəvana aparıb zəhmət verirlər. Nəhayət deyir, mən o bağı satmamışam, o kişini bağban tutmuşam. Mənim sonralar da eşitdiyim bu əhvalat, Lalə nənəmin dedikləriylə üst- üstə düşürdü.
Günlərin birində Lalə nənəm əlində nəsə toxuyurdu, yaxınlaşıb soruşdum: “Nənə, Hona sənin qardaşındı?” “Başıma xeyir?!.. Bu Hona söhbəti hardan yadına düşdü, sən o adı kimdən eşitmisən, belə qəribə suallar sənin ağlına hardan gəlir? Doğrudan da əllamə ki, əllamə. O erməni, mən müsəlman; o hardan mənim qardaşım olsun? Kirvəmiz idi. Erməni olanda nə olar; “dinə gəlmişlər”in özü də arvadı da nə qədər desən, yaxşı adam idılər. Adamdan ötrü özlərini öldürürdülər. Bizi duz kimi yalayırdılar. Bayramlarda, xeyirdə, şərdə biznən bir yerdə olardılar. Demək olar ki, bir evli kimiydik. İndi hanı elə adamlar?.. Namuskar, halal adamlar idılər. Bizim toylarımızın yaraşığı onlar idi. Axçiklər bizim cavanlara qoşulub elə yallı gedirdilər ki, adamın ağlı gedərdi. Kirvəliklərinə də heç söz ola bilməzdi. İstəyirəm bu kirvə məsələsinə bir balaca toxunam. Onsuz da adım “dili qurdlu”ya çıxıb. Nə dilimin, nə qələmimin payına əyrilik, şükür ki, düşməyib. Çoxundan eşitmişəm ki, bizimkilər ermənini kirvə tutarmış. Onların kirvəliyi çox möhkəm imiş. Kirvəsi üçün canını verər, namusunu öz namusu kimi bilərmiş. Amma bizdən az da olsa, xuliqan niyətlilər çıxarmış”. “Ay nənə, bəs kirvən hara getdi?” “Hara gedəcək? Onlar bura istəyərək gəlməmişdilər ki. Buraları urus tutandan sonra bizim camaatdan qırılan qırıldı, yerdə qalanın da bir hissəsi ayrı yerlərə köçdü; onlardan boşalan yerlərə urus hökuməti də gətirib erməniləri yerləşdirdi. Elə ki, Qarabəkir paşa buralardan urusları qovdu, onlar da çəkilib getdilər. Onların buralara neçənci illərdə gəldikləri yadıma gəlmir, amma buradan getdikləri vaxtlarda ərə getmişdim. İndi ölüb-qalıb bilmirəm, Hona kirvənin bir sözü heç yadımdan çıxmır. Deyirdi, Həsənalı kirvə bizim millət qoyun kimi bir millətdi, ziyankar keçilər olmasa. Arada bir içimizdən çıxan pisniyyət keçilər qoymur başımızı salamat dolandıraq. İndi də belə bir millətin əlində qalmışıq. Hara sürürlər, ora gedirik. Mənim böyük qardaşım Sureni ölümdən bir müsəlman qurtarmışdı. Orxan həkim kimi ermənilər qurban olsun elə müsəlmana. Hona kirvə belə deyəndə, hamımız yer-yerdən: “Ay kirvə, Orxan həkimin özü də, arvadı da bizim camaatımızla doğmalaşıblar. Arvadı, bizim Laləyə mamaçalıq öyrədib; bizim qapılarımız onların, onların da qapıları bizim üzümüzə həmişə açıqdır”. Atam bunu deyəndə, Hona kirvə qorxulu bir halda səsini alçaldıb, dedi: “Kirvə, bu söz, bu dörd divarın arasından çıxmasın, evdə xəstə olsa, ona aparmayın”. Bu səfər də atam çaşmışdı. “Niyə?” “Niyəsini məndən soruşub başımı bəlaya salma; bizim kənddə yaşayan Həsən Qarabağlı onu yaxşı tanıyır, gedib ondan soruşarsan”. Hona kirvə gedəndən sonra anam dedi, a kişi mənə qalarsa, bunların arasına girib başımıza iş açma. Onsuz da urus hökuməti Sibirə sürmək üçün müsəlman axtarır. Yenə də özün bilərsən. “Ay rəhmətliyin qızı, “dovşana qaç, tazıya tut” deyildiyini mən görmürəmmi?” Biz, heç birinin tərəfində olmadıq. Buradan köçüb gedəndən sonra necə oldu, bilmirəm. Amma Hona kirvə getmək istəmirdi. Bizim millətə çox mehriban adam idi, dinə gəlmiş.Bizim camaatımız da onun xətrini çox istəyirdi. Çox adam elə bilirdi ki, o erməni deyil. Düzdür, biz onların dilini bilmirdik, amma onların hamısı bizim dildə yaxşı danışırdı. Gəlib bizimlə görüşüb, hallalıq aldılar. Bu öz yerində; gəlinlərin ah-naləsi, fəryadı, fəğanı, üz-gözlərini cırıq- cırıq eləmələri, özlərini yerdən yerə atmaları, uşaqlarının ağlayıb, analarının ətəyindən yapışmaları, bügünki kimi gözlərimin qabağındadı, –nənəm dərindən köksünü ötürüb, “evin yıxılsın, səbəb!”dedi. Bu dəfə onun ağlamağına imkan vermədən soruşdum: “Niyə elə edirdilər?” Nənəm ağladı: “Hardan çıxdın,.. itin küçüyü?” Nənəmin ağlamağında özümü günahkar bildim. Nənəm bir müddət için- için ağladıqdan sonra, yaylığının ucu ilə gözlərini sildi. Qəmgin- qəmgin üzümə baxdı: “Ananı baladan ayırırdılar”.” Niyə uşaqları aparıb satırdılar?” “Nənəmin dodağı qaçdı: “ Qəribə uşaqsan, yazıq Güloşun səndən çəkəcəyi var (Anamın adı Güləsərdi. Amma Güloş deyirdilər). Səni necə başa salım, a qara bala; Erməni qızları bizim cavanlarla evlənirdi, amma nədənsə bizimkilər onlarla evlənmirdi. Mənim gördüklərimin hamısı da canlara dəyəsi gəlinlər idi. Elə ki, urus, erməni buradan çəkilib gedəndə, ermənilər evləndikləri qızları da aparırdılar. Hamısı da doğub törəmişdi. Bizimkilər isə, uşaqları vermirdilər. Ona görə də ananı baladan ayırırdılar, ortalığa şivən düşürdü. Amma gəlinlərdən çoxusu müsəlman olmuşdu, onlar getmədilər. İndi bildinmi niyə fəryad, fəğan eləyirdilər?” Demək, belə. Eşələdikcə, bir-birindən maraqlı şeylər üzə çıxırdı. Deyir, Şah Abbasın dərdini çəkə bilmiirdik, bir də başımıza Mirzə Xan çıxdı. Bəs mənim əlim Təcirli Həsən Qarabağlıya necə çatacaq?
Dədəm maşında paltar tikir, biz də evdə oturmuşuq, hərəmiz bir işlə məşgulduq. İtlər hürüşdü. Gələn Kərim dayı idi. O bizim öz dayımız olmasa da, hamımız ona dayı deyirdik və öz dayımızdan daha çox ona hörmət edirdik. O da dədəmə dayı deyirdi. Salam-kalam, xoş- beş, onbeşdən sonra dədəm dedi: “Elə mən də əlimdəki işi qurtarıram”. Dədəm, lazımı işləri gördükdən sonra, dirəyin dibindəki yerinə oturub, yastığa söykəndi: ”Kərim, sən xoş gəldin. Kənddə, evdə-eşikdə nə var, nə yox, neçə gündür gözümə dəymirdin, hardaydın?” “Dayı, deyirlər elektrik dirəkləri üçün çuxurlar qazılacaq. Bütün muxtarlar boyunlarına götürüblər ki, çuxurları biz qazarıq, yetər ki, elektrik gəlsin. Evdə nə olsun; anam yenə yaman xəstələnmişdi”. “Ayə, ver getsin ərə!” “Ay dayı, bilirsən ki, anamın dili yoxdu, özü də ki, yaşı doxsanı haqlayıb. Onu kim alacaq?” “Zarafat eləyirəm”. “Dayı, bilirsənmi, yaman bir doktor gəlib. Hərbi həkimdi. Komandan ona əmr verib ki, camaata da baxsın; amma havayı deyil. Xəstələr növbəyə dayanmışdı. Anama baxan kimi, bir kağıza bəzi şeylər yazdı, dedi, get bu dərmanları Aliyə xanımın əczaxanasından al, mənə gətir. Getdim, dərmanları alıb gətirdim; bu dərman filan qədər, bundan gündə üç dəfə… Bir xeyli də pulum çıxdı, amma deyəsən, anam bu dəfə də kəfəni yırtacaq. Allah şəfasını versin, yaxşı olar, inşallah. Dayı, oraya gələn köhnə kişilərdən biri öz- özünə deyinib, dururdu”. “Nə deyirdi, ay Kərim?” Deyirdi: “O kafirin Orxan həkimi, bu da Türkün Ərtoğrul həkimi… O bir mahalın xəstəsinə pulsuz baxırdı, bu isə pul almadan baxmır”. Dədəmin yenə qanı qaralmışdı. “Dayı, səndən bir söz soruşacam, düzünü de. Mən bu sualı sənə illər əvvəl də vermişdim, yönlü bir cavab verməmişdin. Orxan həkimin adı gələndə sənin kefin niyə qaçır?” Dədəm bir sigaret yandırıb, bir iki qüllab vurduqdan sonra dedi: “Kərim, sən bilirsən ki, mənim atamı və özümdən böyük altı qardaşımı ermənilər öldürüb. Atamın qəbri Arazın qırağındaki Sarvanlar kəndindədi. Qardaşlarımın qəbirlərinin yerlərini bilmirəm. Əslində, bunlar çox pis xalq deyil. Amma bunların öz əli öz başlarında deyil. Başqaları bunların başına ağıl qoyur, bunlar da başlayırlar sağa-sola buynuz atmağa. Bunu ona görə demirəm ki, mən onlara atamın və qardaşlarımın qanını halal eləmişəm. Bu mümkün deyil. Mən, birə- beş qısasımı almışam. Bunu heç kəs bilməsə də, bədənimdəki güllə izləri buna şahiddir”. Dilim dinc durmadı: “Ay dədə, bəs deyirdin kürədən daş gətirəndə üstümə daş düşdü?” Dədəm elə bil yuxudan ayıldı: “Qara kişmiş, bizə qulaq asırdın? Bəzi hallarda Molla Nəsrəddin demiş, ipə un sərmək lazımdır bala. O nə deməkdir, ay dayı? Molla Nəsrəddinin zəhləsinin getdiyi bir qonşusu gəlib molladan ip istəyir ki, üstünə paltar sərsinlər. Qəfil yaxalanan molla deyirki, qonşu ipə un sərmişik, boş deyil. Qonşusu deyir, a molla, ipə də un sərərlərmi? Vermək istəməyəndən sonra un da sərərlər, buğda da, –molla deyir. Görmürsən dayımnan söhbət eləyirik? Urusun radiosu kimi araya girmə görək də…“ Söhbət maraqlı olmasaydı, bu sözün altında qalardımmı? „Hə, dayı sən söhbətini elə“. “Kərim, onu demək istəyirəm, mənim üçün qəribə olan odur ki, axı niyə bu bədbəxt xalq onun-bunun sözüylə qonşularıyla düşmən olur. Bunu yaxşı dərk eləmək lazımdır ki, insanın dar gündə köməkçisi daban qanıdı. Yəni eyni qanı daşıyanlar əsl yardımçılardır“.“ Tamamən, düz deyirsən dayı“. „Orxan həkim məsələsinə gəldikdə, rəhmətlik kor Əkbəri görmüşdün də? Yaxşı… Bir neçə il bundan əvvəl rəhmətə getdi.Gözəl səsi vardı, o azan oxuyanda ləzzət çəkirdim“. Əkbər əmini mən də görmüşdüm. Hardasa yüz yaşı vardı. Biz ona Əkbər baba deyirdik. Gözünün bir heç görmürdü; biri də çox zəif görürdü. Oğul-uşağı yox idi. Dədəm, bir sigaret daha yandırdı: „Kərim, bir gün bel çiynimdə, arxın üstüynən gedirəm. Günortadan gün bir xeyli əyilmişdi. Əkbərin bağ yerinin yanına çatanda gördüm bu kişi oturub ağlayır. Bir bayatı qurub ki, gəl görəsən. Allah heç bir quluna göstərməsin. Mənim də ürəyim kövrəldi. Özümü bir az toxdadıb, yanına getdim. Salam verdim, oralıq olmadı. Dedim, ay kişi, özünü ələ al, bu nə hal, bu nə vəziyyət, nə olub? Bilirsən də, onların bizimlə qohumluğu da var idi axı“. „Bilirəm, dayı“. „Yazıq kişi gözlərinin yaşını silə silə: Mərdimazar oğlu mərdimazar, üç-dörd oğlu var deyə, mənim dəsnəyim (su növbəsi) ola ola, gəlib mənim çivimi (yerə vurulan işarə– tərc.) yıxdı, özümü də itələyib, saldı bu çuxura ki, sabah mənim dəsnəyim olacaq, indidən suyu tutmalıyam. O dinsiz Orxan həkim bircə Rəhim balamı öldürməsəydi, indi qarnel İsa gəlib mənim suyumu əlimdən ala bilərdi?!.. Hey dünya!.. Axı sənin oğlun pis azara tutulmuşdu ki, Əkbər?!. Pis azar hardaydı, Əsəd usta? Gədə yoncaya suyu axşamdan qoyur, özü də gedir yerin ayaq tərəfində yatır. Su gəlib altına dolur, həm də o qədər yorgun-arğın olur ki, xəbəri olmur. Bir də ayılır ki, suyun içindədi. Bərk üşüdür. Evə gəldi, anası dedi get Orxan həkimi gətir. Kâş arvadın sözünə baxıb getməyəydim, ayağım qırılaydı. İfrit kafir köpəkoğlu gəldi. Gədənin o yan- bu yanına baxandan sonra ona bir iynə vurdu, çıxıb getdi. Aradan bir neçə gün keçəndən sonra, qardaşım Yunisə deyir ki, gədənin altı aylıq ömrü var, ona görə hazırlığınızı görün. Gədə gündən- günə dala gedirdi. Payızda toyunu eləyəcəkdik. Sən demə balama “müddətli iynə” vurub. Toyumuz yasa döndü. Neyləyim?“ „Başımdan alov qalxdı, Kərim. Çivi basdım. Oturdum orda. Aradan bir saaat keçmədən gördüm qarnını qabağa verə-verə qarnel İsa gəlir, həm du kişiyə söyür: „Adə sənin kor gözünü belə- belə eləyim, indicə səni çivə basaram, hələ dur!“ O Əkbər kişiyə hücum eləmək istəyəndə, yapışdım xirtdəyindən, yerə yıxıb çökdüm sinəsinə. Ürəyim soyuyana qədər döydüm. Suyu süzülə- süzülə getdi. Amma yazıq Əkbər kişinin ürəyi hələ də toxtamamışdı. „Sən hardan bilirsən ki, o kafir köpək oğlu Rəhimə də müddətli iynə vurmuşdu?“ soruşdum. „Əsəd, aradan neçə il keçmişdi, bilmirəm, bir gün söhbət açılanda bunu mənə Həsən Qarabağlı yeriynən, yatağıynan demişdi“. Bə, Kərim can, buna görə də mən o kafirin adı çəkiləndə özümdən çıxıram. Həsən Qarabağlı yaşca məndən böyük olsa da, dostluğumuz möhkəmdi. O da saz-söz həvəskarıdı. Bu müddətli iynə məsələsini gərək gedib ondan soruşam.
Dədə, gedəndə məni də apar yaxşı?!.. Xəyal məni apardı, nə apardı; heç özüm də bilmirəm hara apardı. Amma onu yaxşı bilirdim ki, mən mütləq o kişini görməliyəm. Amma necə? Atam sualıma cavab verməmişdi. Bu Həsən Qarabağlı adını axı Lalə nənəm də hallandırmışdı. Neyləməliyəm? Tək getsəm, kənd itlərinin qorxusu bir yana, kəndin uşaqları başıma yığışıb məni o ki, var şişləyəcəkdilər. Darıxmadınız ki?! Necə nağıl ediblərsə, mən də eləcə yazıb, sizlərlə paylaşıram. Bu da bir ibrət dərsidir. Həm də yaşanan ibrət dərsi. İbrət dərsindən nəticə çıxartmaq isə, böyük igidlikdir. Sizlərdə bu özəlliyin olmadığına inansaydım, yazmazdım.
Arzularım, xəyallarım, istəklərim özümlə birgə böyüyürdü. Ailəmiz də getdikcə böyüyürdü. Artıq bir otağa sığışmırdıq. Daha bir otaq tikdirmişdik. Özüm də orta məktəb şagirdi idim. Onu da başa düşmüşdüm ki, „zaman“ adam deyilmiş. O illərdə şənbə günü günortaya kimi dərs keçilirdi. Dərs qurtardıqdan sonra evə gəldim. Hər kəsdə nəsə bir təlaş var idi. Həyətdəkilərlə görüşdüm. Dədəm təzə otağımızın qabağındaydı. Xoş gəldin, ay qara kişmiş. Keç içəri, gör kim gəlib? Get Həsən əminin əlini öp. İçəri girdim. Otağın baş ucunda nurani bir ağsaqqal əyləşmişdi. Əlini öpdüm. „Xoşbəxt ol, bala, əl öpənlərin çox olsun“. Dədəm kefi kök bir halda otağa daxil oldu. „Hə qara bala, bu sənin arzusunu çəkdiyin Həsən əmindi“. Mənim üçün sürpriz olmuşdu. „Hansı Həsən əmi, Qarabağlı Həsən əmi?“ „Bəli, özüdü ki, var“. Qanadlarım olsaydı, uçardım. İstəyirdim ki, yenə yaramazlıq edəm, dədəm araya girdi. „İndi olmaz. Get anana de, gör yemək nə oldu? Əvvəla, toqqanın altını bərkidək. Həsən əmin bu gecə bizdədir“. Sevinclə çıxdım bayıra. Anama kömək eləyib, süfrəni hazırladıq. Bunu da deyim ki, məndən əvvəl olan uşaqların hamısı ölmüşdü. Məndən sonra olanlar qaldıqlarına görə, deyirdilər qara kişmiş balanın ayağı uğurludu. Bir də ki, əlaçıydım. Dədəm anama deyirmiş ki, görəcəksən, arvad, bu qara bala qardaşlarının hamısını oxudacaq. Elə də oldu. Bu da dünyanın o biri üzü. Nə isə… Sözüm onda deyil. Daha neçə belə səbəblərə görə dədəm məni bir oğul kimi yox, balaca qardaşı kimi görürdü. Yemək uzandıqca səbır kasam dolurdu. Süfrə ortadan götürüləndən sonra çay gəldi. Söhbəti dədəm açdı. „Hə.. Həsən əmisi nə yaxşı ki, gəldin. Sən bir də xoş gəlmisən. Mənim özüm də, bax bi nökərin Zeynalabidin də səbirsizliklə yolunu gözləyirdik. Bir neçə gün də geciksəydin, biz gələcəkdik“.
Həsən əmi İrəvan mahalında yaşayırmış. Ailəsi var-dövlət sahibiymiş. Daha çox heyvandarlıqla məşgul olurmış. Hər il Ağmanqan yaylağına gedərlərmiş və onları daima “obabaşı” seçərlərmiş. Onun dediyinə görə, məşhur Aşıq Ələsgər neçə dəfə onların qonağı olubmuş. Mahalın sevilən sayılanlarından imiş. Hətta İrəvanda ilk hökümət qurulanda, altı kəndin əhalisi onu millət vəkili seçib, İrəvan parlamentinə göndərirlər. Bütün Qafqazı, o cümlədən Ermənistan adlandırılan yeri demək olar ki, əlinin içi kimi bilirmiş. Bildikləri təkcə coğrafyadan ibarət deyildi. Tarix, fəlsəfə, riyaziyyat, folklor (xususən, aşıq ədəbiyyatı)… Dinî mövzulardakı biliyə görə də heç bir axund, molla onun qabağında danışa bilməzdi. Rus, erməni, ərəb və fars dillərini də ana dili kimi bilirdi. Yaddaşına heyran olmuşdum… Qayıtdı ki, dədən deyir, Zeynalabidin mənim bildiyim dastanların hamısını məndən yaxşı bilir; məktəbdə də hər zaman birinci yeri tutur. Utandım. “Utanma, utanma! Gözlərin hər şeyi mənə danışır. Maşallah, maşallah. Tufarqanlı Abbasdan da bilirsənmi?” “Bilirəm”. Üzünü dədəmə tutub: “Əsəd usta, Abbasin bir qoşmasının axırıncı bəndi yadımdan çıxıb. Əsəd usta, yəqin sən bilərsən… Dədəm arif idi; gözdən qıl çəkərdi: “Neçə vaxtdır ki, aşıqlığı yerə qoymuşam; Abbasın çox sözlərini unutmuşam. Hansı qoşmaydı, Həsən əmi?” “Dur görüm; hə, belə başlayırdı:”
Ey ağalar, gəlin sizə söyləyim
Kəsib qara bağrım közə tutarlar.
Bu dünyanın işi məkri- hal olub
Qıyamət pərdəsin üzə tutarlar.
Dərin mənalı bir ustadnamədi, amma, heyif son bəndi…
Abbas bu sözləri deyər sərindən,
Arxı qazın, suyu gəlsin dərindən,
El bir olsa, dağ oynayar yerindən
Söz bir olsa, zərbi kərən sındırar.
Son bəndi mən dedim. “Əhsən. Ustadına bərakallah!” Bunu Həsən əmi dedi. Sınaqdan keçirildiyimin fərgindəydim. Ancaq biruzə vermək istəmirdim. Qızıl qıymətində söz deyib Tufarqanlı. “Əlbəttə, elin sözü bir olsa, dünyaya meydan oxunar…” Həsən əmi bunu deyib, hardasa beş dəqiqə fikrə getdi: ”İndi de görüm səni nələr maraqlandırır?” Neçə ildir ki, elə bu sözə bənd idim: “Orxan həkimlə arvadı Nanə. Hə… bir də, Hona. “Allahu əkbər!” Bunu deyib, mənim alnımdan öpdü. Mən də əlindən öpdüm. “Bala, sən hara, adı çəkdiklərin hara?.. Sənin tayların aşıq-aşıq, gizlənpaç oynayır… Sən… Maşallah. Allah pis gözdən saxlasın. Yazırsan, yoxsa dinləyirsən?” “Həm yazacam, həm də dinləycəyəm”.” Axı əlində qələm-kağız görmürəm axı”.” Eybi yoxdu; yazacam”.” Bildim hardan deyirsən, bala. Bunları məndən birinci dəfədir ki, sən soruşursan. Sənə deyəcəklərimi hər kəsin yanında danışma, yaxşımı?” “Baş üstdə”.” Onda yaxşı qulaq as!”
“Sənin Orxan həkim dediyinin əsl adı Oxxan, arvadının adı isə Nanadır. El arasında Oxxan oldu– Orxan, Nana da– Nanə. Buna görə də, bizim camaatın çoxu elə zənn edirdi ki, bunlar müsəlmandır. Oxxan bizim qonşu kənddən idi. Mal-qara dabaq olanda, kal- kal öskürəndə, yemdən kəsiləndə gəlib bir baytar kimi baxardı. Arvadı da uşağı olmayan arvadlara bizim türkəçarə dediyimiz dərmanlardan düzəldib verərdi. Bunların cəmi bir uşaqları vardı, adı da İrizqo idi. İrizqo. Yaxşı yadında saxla“. „Başım, gözüm üstdə“. “Həsən əmisi, bizim Zeynalabidin çox zehinlidi“ atam dedi. „Allah zehnini daha da iti eləsin… Elə ki, Urus gəlib bizim İrəvan mahalını zəbt elədi, bizim camaatın qırılanı qırıldı, qalanın bir hissəsi İrana qaçdı, bir hissəsi də osmanlı torpağına keçdi. Yerində qalanlar da oldu. Ermənilərin çoxusu könüllü olaraq Urusun hərbi dəstələrinə qatılırdı. Onsuz da urus, onlardan əsgər alırdı. İrizqo da əsgər getmişdi. Könüllümü getmişdi, yoxsa icbarimi, orasını bilmirəm, amma əskərliyə getmişdi. Çox keçmədi İrizqonun cənazəsi gəldi. Dedilər, müharibədə türklər öldürdü. Amma, əslində, məsələ elə deyilmiş. Bunların dəstəsi bir dağın ətəyiylə gedərkən, dağdan bir qaya düşür əsgərlərin başına. Bir neçəsi tələf olur, bir-ikisi yaralanır. Ölənlərin arasında bunun oğlu da olur. Amma urusun zabiti ölənlərin hərəsinə bir neçə güllə vurur. Guya ki, bunları müharibədə türklər öldürüb. Öləni niyə güllələsinlər ki?! Balası, ona görə ki, bu minvalla türk ilə erməninin arasını daha da açıb, bir-birilərinə düşmən etsinlər. O gündən sonra ər-arvad bizimkilərə qatı düşmən kəsildi. Dediklərinə görə kilsəyə gedib and içiblərmiş ki, gərək canımızda can olduğu müddət ərzində türkün kökünü kəsək. Urusun əliylə gəlib bizim indiki kəndimizə, Təcirliyə yerləşdirildilər. Kişi oldu Orxan həkim, arvadı da oldu mamaça Nanə. Daraşdılar bu axmaq camaatın canına“. “Axmaq niyə, Həsənəmi?“ „Bala, ona görə axmaq deyirəm ki, bu boyda camaatın içindən biri çıxıb demirdi ki, axı bunlar xıdmətləri müqabilində kimsədən niyə pul götürmürlər. Bəziləri onlardan soruşanda da deyirdilər, ölən günümüz gəlib çatıb; xeyrimizə-savabımıza bu işi görürük. Amma yenə də millət əlində nə varsa, tökürdü onların ətəyinə. Nana, doğuzdurduğu arvadların uşaqlığını bağlayırmış. Beləliklə, arvad bir daha uşaq doğmurmuş. Oxxan da mualicə elədiyi cavanlara müddətli iynə vururmuş. Sonra da deyirmiş ki, bu pis azara düçar olub, altı aydan artıq yaşamaz. Elə də olurmuş. Amma bizim axmaq camaat onun bu sözünü özgə cür qıymətləndirirmiş. Guya gör bu necə bilici həkimdi, dediyi eynən düz çıxır“. „Rəhmətlik Əkbər kişini indi daha yaxşı başa düşürəm“. „Necə, Əsəd usta nə buyurdun?“ „Kəndçimiz Əkbərin oğlunu da belə öldürmüşdü. O vaxt soruşdum; sənin adını verdi. Deyirdi bu məsələlərin cikini-bikini Həsən Qarabağlı bilir, gedin, ondan soruşun“. “Hə, mindiyim qatar, məni zaman tunelinə soxub, müharibə illərinə aparırdı. Bərk qorxmuşdum. İlahi, belə də dəhşət olar? Az bir zamanda ərlə-arvad bu mahalın, hardasa, ən zəngini oldular. Qatar elə sürətlə gedirdi ki, başım gicəllənir, ürəyim qalxır, qusmaq istəyirdim. Balası yazırsanmı? Zamanıma qayıdanda gözlərimin yaşına gücüm çatmadı. Ağlamağın heç yeri deyil. Sən soruşdun, mən də nağıllıyıram. Hələ bunlar nədir ki?!.. Bu millətin başına elə şeylər gəlib ki, bu anlatdıqlarım onların yanında toya-bayrama gedər…“ „Bəs o vaxt camaatı niyə başa salmırdınız?“ „Birincisi ona görə ki, onsuz da mən nəzarətdə– göz məhkumu idim. Bu işin üstünü açsaydım, təkcə məni yox, arvad-uşağımı da həmən güllələrdilər. İkinici səbəb də bundan ibarət idi ki, camaatı inandıra bilməzdim. Çünki işin içində pulsuz xıdmət, yəni pul söhbəti var idi. İndinin indisində də çox şeyi pula satmırlarmı dəyyuslar? „Həsən əmi, ərlə arvadın bu kələyini camaat necə başa düşdü?“ „Camaatın başına daş düşsün; camaat başa düşmədi. Düşmən bu torpaqlardan qovulduqdan sonra bura iki həkim gəldi. Əslində, onlar elə bu mahalın yetirmələri idi. Birinin adı Məmmədəli, digərininki də Abbas idi. Bir nəfər eşidir ki, təzə həkim gəlib, deyir oğlumu bir də ona aparım. Oğlunu aparır Məmmədəli doxdura. Həkim soruşur ki, xəstənin nəyi var? Deyir, Orxan həkimin dediyinə görə balam pis azara tutulub, cəmi altı ay ömrü qalıb. Sonra da ağlayıb, yapışır həkimin ayaqlarından ki, yuxarıda Allah, aşağıda sən, oğlumu qurtar! Məmmədəli həkim hər şeyi bu kişidən soruşur. O da olanları birbəbir anladır. Həkim, oğlanı göndərir İstanbula. Oradaki həkimlər bir neçə tədqiqatdan sonra oğlana zəhərli iynə vurulduğunu müəyyənləşdirirlər. Arvadı Nananın kələyini də Abbas həkim üzə çıxartdı. Abbas doktor doğum mütəxəssisi idi. Nananın doğuzdurduğu bir arvad aradan,yalan olmasın, on-on beş il keçəndən sonra ərindən xahiş eləyir ki, kişi eşitmişəm belə bir həkim gəlib, pulun yoxsa götür bu qızıllarımı pula çevir, məni bir də ona göstər. Kişi qəbul eləyir, gedib dərdlərini deyirlər. Arvadı müayinə edən Abbas bəy görür ki, bunun uşaqlığı bağlıdı. Açır və arvad təzədən uşağa qalır. Bunu eşidən tökülür həkimin qapısına. Allah ona uzun ömür versin, hər nə qədər bu işdən pul alırdısa da, bir çox ocağın yıxılmağına mane oldu. Bu da belə. Yuxun gəlmir ki?!“ „Həsən əmi, bəs Hona?“ „Bala, Həsən əmin yorgundu; istəyirsən Honanın nağılını da səhər danışsın?“ „Səhərə kimi mən yatmaram axı!“ „Əsəd usta, mən bu balamın diqqətini yoxlamaq istədim. Hələ yuxum gəlmir. Bunun sayəsində mən də cavanlıq illərimə qayıtdım. Honaya gəlincə, Honaynan Oxxanın arası yox idi. Ona görə ki, Oxxanın oğlu ilə Honanın böyük qardaşı eyni bölükdə əsgər imiş. „Yəni Suren ilə eləmi?“ „Dədənmi dedi?“ „Yox; mən bu adı ilk dəfədir ki, eşidirəm, Həsən qağa. Hardansa öyrənib“. „O şey ki yaddan çıxır, deməli çıxılası şeydi, yaddan çıxmayan isə, deməli nə vaxtsa lazım olacaq. Yaddaşına bərakallah. Hə… Dağdan qayanın düşdüyünü, ölənləri güllələdiklərini Suren də görür. Surenin özü də vuruşmalırın birində ağır yaralanıb, bizimkilərə əsir düşür. Öldürmürlər. Bizim millətdən biri evinə aparıb müalicə eləyəndən sonra azad eləyir. O da gəlib başlarından keçənləri mənim sənə nağıl etdiyim kimi evdəkilərə danışır. Elə ki, Honanın atası öyrənir ki, Oxxan kilsəyə gedib intiqam andını içib, deyir sənin yerin cəhənnəmdir. Çünki məsələ rusların dediyi kimi deyil. Bu dünyan yandı, barı qıyamətini yandırma! Amma Oxxan ona inanmır ki, inanmır. Ona görə də araları yox idi, mənim balam. Hona Erməni olsa da, ailəsi müsəlmanlardan yaxşılıq gördüyünə görə, bizə güvənirdi və pislik tərəfdarı deyildi. Mənim məsələyə vaqıf olduğumu Hona bilirdi. Bəzən bir araya gələndə deyirdi, Həsən xonaxa, bu Oxxanın əməllərinə görə bir tədbir tökmək lazımdır. Ancaq ikimizin də dilini urus bağlamışdı. Belə, mənim balam. Ayrı sualların da varsa, səhərə saxla“. Cumdum xəyal dəryasına. Deməli, elin sözü bir deyil. Özümüz bəlaya dəvətnamə göndəririk, sonra da deyirik başamız bəladan qurtulmur.
Tənqid və təqdir haqqı sizin. Eşitdiklərimi sizinlə paylaşmaq üçün balaca bir zaman kəsiyi qonağınız olmaq istədim. Anadoluda bir söz vardır: “Çıxdı doqquza, enməz səkkizə“ deyə. Onsuz da düzünü dediyim üçün adım “dili qurdlu”ya çıxıb.
Azərbaycan türkcəsində təqdim etdi: Q. Əzizxanlı