Nuranə Şabılı. Dopamin idarəsizliyindən köklənmə probleminə

“…Və o hər gün 300 səhifə klassik mətn oxumasına baxmayaraq, bugün artıq 10 səhifəni belə oxumaq üçün diqqətini toplaya bilmir …”

Günümüzün ən böyük bəlalarından birinə çox sadə bir nümunə göstərdim yuxarıda. Nəyə görə bir gündə bir romanı oxuyub bitirə bildiyimiz halda, indi diqqətimizi maksimum yönəltsək belə, bunu bacara bilmirik? Bunu edə biləcək potensialda deyilik bəlkə? Xeyr! Araşdırmalar potensial deyə adlandırdığımız (qarşıdakı məqsədlərə çatmaq üçün sərf etdiyimiz gücün miqdarı) kəmiyyətin sonradan böyük ölçüdə artırıla biləcəyini göstərmişdir.

“Bəs problem nədədir?” dediyinizi varsayıram və buna iki kəlimə ilə cavab verəcəyəm: “Dopamin idarəsizliyi”. Bəli, bizim mövcud məsələlərə köklənmə problemimizin və bu problemdən doğan uğursuz addımlarımızın hamısının kökündə bu iki kəlimə dayanır. Bunlara sehrli kəlimələr də deyə bilərik.

Bəs dopamin dedikdə nə nəzərdə tutulur? Gəlin əvvəlcə buna baxaq. Dopamin beynimizdə yerləşən, hipofiz vəzisi tərəfindən sintez olunan bir hormondur. Əsasən zövq, yuxu, öyrənmə kimi prossesləri borclu olduğumuz bu təbii istehsal olunan kimyəvi maddənin ən vacib funksiyalarından biri də motivasiyadır. “Mən, əvvəlki mən deyiləm” kimi əsası olmayan fikirləri bizə aşılayan da təəsüf ki, bu dostumuzdur. “Bunun mövzu ilə bağlantısı nədir?” – deyə düşünürsünüz böyük ehtimal. Yaxşı, gəlin qayıdaq “dopamin idarəsizliyi” hissəsinə. Dopamini fikrini hara, nə qədər yönəltsək orda öyrənib böyüyən uşaq kimi düşünək. Uşaqlarımızın fikrinin hara və nə qədər yönəldilməsi əksər vaxt bizim əlimizdədir. Eynilə dopamin də belədir. Biz bütün dopaminimizin Facebook, İnstaqram, YouTube, Twitter kimi sosial media hesablarında, müxtəlif kateqoriyalı oyunlarda toplanmasına vəsilə olmuş və bu hormonun ifraz olunma istiqamətini bu yöndə proqramlamışıq. Nəticədə, dopaminimiz artıq oyun, sosial media kimi hazır zövq verən vasitələr tələb edir ki, bu da fokuslanma məsələsini açıq-aydın izah edir.

Bəs bu bağımlılıqdan necə qurtula bilərik? Buna da iki kəlimə ilə açıqlama verəcəyəm. “Dopamin detoksu”

Gəlin hər gün sosial mediada keçirdiyimiz vaxtı minimuma endirib yerdə qalan vaxtı bədii əsərə ayıraq. İş yaxud da çox vacib məqam olmadıqda sosial mediaya girmək ehtiyacı duymayacaq, bir sözlə sosial medianın bizi deyil, bizim onu idarə edə biləcək səviyyəyə gələnə qədər bunu davam etdirək. Bu prosesin ilk günü biz sıxılacaq, daralacaq və hətta nəfəs darlığı yaşaya biləcəyik. Bu yolla özümüzü müşahidə etməklə necə böyük ölçüdə bu kimi hazır zövqlərin “əsiri” olduğumuzu görə bilərik .

Bədii əsər oxumanın ən sevdiyim tərəflərindən biri beyni sanki çirkli, zərərli, narahatedici məlumatlardan təmizləməsidir. Təsəvvür edin, bir tərəfdən öz həyatınızı müxtəlif stress, gərginlik vəziyyətində idarə etməyə çalışarkən, digər tərəfdən başqa həyatlarda nələrin olduğunu – bir yandan Anna Kareninanın qatar yolunu necə qanı ilə boyadığını, bundan çox uzaq yerdə isə Fileas Foqun 80 günə necə dünyanı səyahətə çıxdığını müşahidə edə bilərik.

Kitabı hər gün az-az, amma davamlı olaraq oxuyun. Hətta iki kitabı eyni anda oxumağa çalışın. Bu, ilk anda çox yorucu görünür amma göründüyündən dəfələrlə marağlıdır. Kim bilir? Bəlkə də, müxtəlif həyat nümunələri ilə tanış olmaq öz həyatımızdakı problemləri unutmağa, hətta onların həlli üçün yeni yollar tapmağımıza kömək edər. Bəlkə də, bizim problem dediyimizi bir başqa yazıçı “Tanrının Lütfü” deyə qələmə alıb…..

 

 

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Türkan Mürsəlova. Səhradan yüksəlişə

C İyl 8 , 2022
Varis Dirie “Səhra çiçəyi” romanından Əsəri oxuyarkən onun orjinallığı diqqətimi xüsusilə çəkdi. “Səhra çiçəyi”nin təsirini xeyli müddət özümdən uzaqlaşdıra bilmədim. Əsər gerçək həyat hekayəsindən götürülərək sətirlərə tökülüb. Yazar öz həyatını: uşaqlığını, yeniyetməliyini və gəncliyini qeydə alıb. Əsərdə təsvir olunan bütün hadisələr Varisin xatirələrinə əsaslanır və həyati faktlarla bağlıdır. Əsərdən oxuduğum […]