FEDERİKO QARSİYA LORKA VƏ ELDAR BAXIŞ – birini güllələdilər, o birini zəhərlədilər.
(Gülləli, zəhərli bir esse)
1. Tələbə vaxtı, gərək ki, birinci kursun ortalarında eşitmişdim Lorka haqqında. Bir də onu eşitmişdim ki, Lorkanı İspaniyada Aydanamar bulağının yanında faşistlər güllələmişdilər – o bulaqdan adamlar hələ indi də su içməyə qorxurlar – şair qanı qarışmış deyə…
Eldarı isə bir az əvvəl, zavodda fəhlə işləyəndə uzaqdan-uzağa tanımışdım – zavodu yataqxanasına bir dəstə şair görüşə gəlmişdi və yataqxananın birinci mərtəbəsindəki nisbətən geniş foyedə baş tutan o görüşdə digər şairlər nə etdi, nə etmədi, bilmirəm, amma uzun, arıq bir gənc olan Eldar orada bir şeir oxudu, bir şeir oxudu ki, hamının alqışına səbəb oldu – hətta yataqxanamızdakı ruslar, tatarlar belə az-maz anladıqları dildə oxunan şeirdən təsirlənib, əl çalırdılar… Şeirdə belə misralar vardı: “Oğlun yoxdu Ballı qarı… Keçir məni köynəyindən oğlun olum Ballı qarı…” Müharibədən dönməyən oğlunu ağlayan Ballı qarıya həsr olunmuşdu şeir…
İoffe effekti deyilən bir şey var: hər hansı bir əşyanın, məsələn, vərəqin üzərində balaca bir kəsik, qopuq, çat olduqda onu sonradan asanlıqla parçalamaq olur. Bunu məşhur rus akademiki İiffe təcrübədən keçirdib. Mən isə böyük alimimiz Azad Mirzəcanzadənin təcrübələrindən bilmişdim bu effekt barədə…
Bir parça işıq düşdü
çarpayımın üstünə –
işıqdımı,
dişdimi, –
Sən ölümdə dişə bax,
haqq yolunda döyüşdə
ölmək istəyirdim mən,
amma yorğan-döşəkdə
öləcəyəm, işə bax!..
Və ya:
Heybədə rənglər –
rast gəldiklərinizin
fikirlərini boyamaq üçün.
Cibdə iki yaylıq var bu gün –
yaralarımızı sarımaq üçün…
Birinci şeir Eldar Baxışın, ikinci Lorkanındır. Lorkanı güllələdilər, Eldar Baxışı isə güllələmədilər – zəhərlədilər…
Sizə bir şey deyimmi? Lorkanı sevənlər Lorka mənzilli olurlar. Nizami Aydın adlı şəhid şairimiz olub. Lorkanı sevib. Hətta Lorkanı orjinaldan oxumaqçün və dilimizə çevirməkçün ispancanı öyrənməyə çalışıb… Fəqət nə öz şeirlərini doyuncan yaza bildi, nə Lorkanı sonacan oxuya bildi… Qarabağda açılan faşist güllələri sözünü ağzında yarımçıq qoydu. Eynən Lorka kimi…
Eldar da Lorkanı sevərdi. Hətta mənə tapşırmışdı ki, Lorkanın hansısa pyesini bizim radio teatrı üçün səhnələşdirim. Qismət olmadı. Zəhərə tuş gəldi…
Lorka portağal aşiqiydi, şeirlərində də portağal boy verir:
Sübh tezdən
özünlə,
ürəyinlə baş-başa qalasan sən.
Axşam üstü
oxuyasan
bülbül səsi ahəngində
Könül,
eşqnən yanırsan,
Məhəbbət –
portağal rəngində…
Eldar isə iydə çiçəyini sevərdi. Bu adda bir kitabı da olmalı. Fəqət onun iydələri daha çiçəkləməz:
Oğlan damın üstündən
Qızı papaqlamırdı.
İydə çiçəkləmirdi.
Palıd yarpaqlamırdı…
Lorkanın metaforaları ilə Eldarınki niyə belə bağrı badaşdı, əcaba? Hələ bu sözün deyilişinə bax, sən allah?! Adamın əti çimçəşir. Elə bil bu saat o işıq seli ağacı doğrayacaq, qanı basacaq aləmi?! Kefin oldun, ay Lorka:
İşıq ülgüc kimidi
Ağacın barmağında.
Ürəyimi axtarır
Könlümün budağında…
Hələ Eldara baxın! Onun misralarındakı “quş-qəfəs” deyimi adamı haralara aparmaz?! Sanki qəfəsdəsən, boğularsan, “quruyub qalarsan”, əlin bir yana çatmaz:
Olacaq… olmuşam belə,
Saralıb, solmuşam belə.
Quruyub qalmışam belə,
Dərdim quşdu, qəfəsəm mən…
Lorka ilə bağlı bir gənclik xatirəm var. Lap əlini uzadıb tutacaqmış kimi. “Renessans həsrəti”nin bu yaxınlarda çapdan çıxan 3-cü cildində getmiş:
”Kəndimizdən 7-8 kilometr aralıda, Mincivan qəsəbəsində 9-cu sinifdə oxuyurdum. Bir gün dərsdən sonra xaraba Tərəkəmə kəndinin yanından evə qayıdanda çadırlar qurulduğunu gördüm. Çalğı, oxumaq səsləri də gəlirdi. Qorxa-qorxa çadırlara yaxınlaşdım. Diqqətlə baxandan sonra arada-bərədə gəzişənlərin təhər-töhründən qaraçılar olduğunu anladım. (Biz tərəflərə dəstə ilə gələr, baxıcılıq edər, çalıb-oxuyar, hətta dilənərdilər də. Kəndimizdən yuxarı Qaraçı qışlağı deyilən yer də vardı.)
Birdən iki uzun hörüklü qızın alaçıqdan çıxıb mənə tərəf gəldiklərini gördüm. Biri 8-9, o biri isə 14-15 yaşlarında idi. Böyük qız mənə çatan kimi kobud türkcədə “ovcuma pul qoy, əlini aç, sənə baxım” (əlini aç, bəxtinə baxım anlamında) dedi. Cibimdə cəmi 20 qəpiyim vardı. Utana-utana çıxardıb qıza uzatdım. O, qəpiyi alıb, əlimi açdı, nələrsə söylədi. Onun dediklərindən iki kəlmə yadımda qaldı. “Niyə belə kədərlisən?” və “Payızdan özünü gözlə…” (Mincivandan Naxçıvana, oradan da İravana qatarlar gedərdi və mən hər gün o qatar yolunun kənarı ilə geib-gələrdim. Elə bildim, “poyuzdan – qatardan özünü gözlə dedi. Sonra fikir verib gördüm ki, deyir payız gələndə ağır xəstə olursan…
O gecə səhərəcən yata bilmədim. Qızın uzun hörükləri çatı kimi boyun-boğazıma dolanır, əlimi tutanda bədənimdən keçən cərəyan payız afatı kimi axırıma çıxırdı – nə bəla idisə hər payızda, həqiqətən bərk xəstələnərdim. Nənəm buna payız afatı deyərdi.
Sonralar uzun müddət o qızı unuda bilmədim. Ta Lorkanı tanıyanacan o qız mənimlə olurdu gecələr.
Keçən payız karona virusa yoluxanda yenə yuxuma gəlmişdi. “Öləcəm?” dedim. Başını bulayıb güldü. Sonra kədərlə Lorkadan oxumağa başladı:
icazə ver
bu əkin yerində
bir doyunca ağlayım…
Bir arzum var. Zəngilana, Qaradərəyə dönəndə Qaraçı qışlağına gedəcəm, oradakı iri daşlardan birinə Lorkanın adını yazacam. O qızın da xoşuna gələr, elə bilirəm.”
Daha bir arzum var. Hökümətin izni çıxsa, Zəngilana gedəndə bir yolumu Qubadlıdan – Müskanlıdan da salacam. Orda, o kəndin xarabalığında bir “Eldar heyyyyyyy!” naləsi çəkib ağlayacam.
Bu sətirlər də yuxarıda adını çəkdiyim kitabdandır: “Eldarla (Baxış) Lorkanın (Qarsiya) arasında qəribə bir oxşarlıq görmüşəm həmişə. İkisi də düzünəqulu adam olub. İkisi də qabağından yeməyib. İkisi də yonulmamış, külçə sözləri sevib. İkisi də gülləyə həris olub. Birini qurşun öldürüb, birini zəhər gülləsi.
Hərdən onların misralarını dəyişik salıram. Elə ölkələrini də. Elə düşmənlərini də… Hə düşmənləri eynidir. Sözün, azadlığın düşməninin milliyyəti olmaz ki!
Mənə qələm veirb bu azadlığı,
Elə bu əlimdə tutduğum qələm.
Hərdən qadın kimi, hərdən qız kimi
Dizinə baş qoyub yatdığım qələm…
Könül deyir ki, özünü bas yerə, bu iki şairdən bir kitab yaz. Nə olacaq ki?! Biri dostun, biri də ki…
Lorka mənim nəyim düşür, ay ana?
2. 80-ci illərin sonlarıydı. Eldar bizim rayona tez-tez gəlirdi. Dostu və eloğlusu katibdi – bir, iki – gərək ki, orta məktəb yoldaşı olan bir polis işçisi bizdə müavin idi. Yekə çıxmasın, mən də vardım – bu da üç.
Yəni, Eldar rayon səviyyəli tədbirlərə gələr, məni də özünə qoşardı. Daha doğrusu, indi mənə raykomda bir balaca iş də vermişdilər, əli mənə tez çatırdı. (Bu o vaxtlar idi ki, mənim “Dumduru su” adlı hekayələr kitabım təzə çıxmışdı və katib həmin kitabı kitab mağazasında görmüş, hətta pul verib birini almış, kitabla tanış olduqdan sonra məni raykoma işə çağırmışdı. Bu haqda bir neçə dəfə yazmışam, ona görə təkrarçılıq edib mətləbi uzatmayacağam. Sadəcə, onu qeyd edim ki, mənim kimi arxasız birinin raykoma işə aparılmasını min yerə yozanlar olmuşdu: uzaq qohumumuz rəhmətlik Məhəmməd Əsədovla bağlayan kim, Eldar Baxışın üstünə yıxan kim… Yazıq o bapbalaca kitabımı heçə sayam kim…) Bir dəfə həmin polis bizə hindüşka kababı verdi və o, qonaqlıqda Eldar o qədər lətifə danışdı ki, adamlar az qaldı gülməkdən uğunub getdilər.
Həmin lətifələrin çoxu az sonra onun “Ölüsü ilə ərəbcə, dirisi ilə rusca” kitabında çap olundu. Biri elə az qala o polisin özü və rəisi haqqında idi. Məşhur “Kapital”ı kim yazıb?” sualı və polisin bunu zorla bir nəfərin boynuna qoyması…
İki ay sonra qəribə yerişli-duruşlu, intilgentsayaq bir qoca gəldi mənim yanıma və dedi ki, mənim qoyunlarımı polis rəisinin müavininin əli ilə oğurlayıblar. Dəlil-sübut da göstərirdi. Həmin rəis müavininə zəng vurdum, dedim bu nə məsələdir? Gülüb dedi ki, sən o kişinin sözlərinə inanırsan?! O özü maşennikin biridir…
Hirslənib getdim katibin yanına. Məsələni ona da danışdım. Katib nə desə yaxşıdır? “O qoca agent olub, casus olub. Vaxtilə İrana işləyib. Burdan ora partbilet daşıyıb… Belə birisinin sözünə necə inanmaq olar?! Sən yazıçısan, rayonumuza gələn qələm adamları ilə otur-dur, özünı bir gün ağla, gələcəyini düşün…”
Növbəti dəfə Eldar gələndə əhvalatı ona danışdım. Başını buladı və həmişə gülən gözləri hirsindən alacalandı:”Vay səni əclaf! Gedəndə bir erkək cəmdəyi qoymuşdu mənə! Dəqiq o kişinin qoyunlarından imiş… O dəfəri qapatdıq… Bir də onunla görüşməyəcəyəm… Bu nə ölkədi, bu nə dünyadı?!”
Sonra yeni çapdan çıxmış kitabını mənimçün imzalayıb, havalı-havalı qonaq evinə getdi. Səhəri eşitdim ki, Qubadlıya yollanıb. Mən isə onun yeni kitabından bu sətirləri oxuyanda əlim üzümdə qaldı:
Dəyişib elə bil hər şeyin tamı,
Bal var zəhər dadır, zəhər bal dadır.
Quzunun qurd üzü aldada bilmir,
Qurdun quzu üzü bizi aldadır…
…Dostum Camal Yusifzadə ilə ədəbiyyatdan danışırıq. Qəfil Lorkadan söz salır və elə danışır ki, sanki Lənkəranda bir futbol komandasında oynamışdılar, ya da Qranadada dərnək yoldaşı olmuşdular. Qanaddan, qayıdışdan bəhs edən bir bəndi rusca oxudu, sonra da şairin o qanadlarını əclafların qırdığını deyib doluxsundu – elə bil əziz dostunu, sirdaşını güllələmişdilər. Sonralar mən o şeirlə gənc bir şairin tərcüməsində yenidən qarşılaşdım. Nədənsə yenə Eldarı xatırladım, Camalın nurlu siması siqaret dumanında çəkildi və ömründə siqaret çəkməyən Eldarın (mən onu siqaret çəkən görməmişəm, bəlkə gəncliyində çəkmişdi, bilmirəm) şaqqa çəkib gülən siması göründü, fəqət o simanı da boz bir duman aldı… Lorkanın misralarında Eldarla Lorka ilk dəfə üz-üzə gəldilər:
Qanadlarıma görə geri qayıdacağam,
qoy geri qayıdım,
ağ rəngli bir diyarda ölmək istəyirəm,
Dünənlərin diyarında…
Qanadlarıma görə geri qayıdacağam
qoy geri qayıdım,
dənizin gözündən uzaqda,
Sərhədsiz bir diyarda ölmək istəyirəm…
Sonra eşitdim ki, Eldar “ala-bula” adamların güdazına gedib. Sinəsinə dağ çəkmək üçün oğlunu maşınla vurub öldürdülər – təbii bunun adı bir qəza kimi düşdü tarixə. Fəqət bu qəzanın nə qəza olduğunu bir Eldar bilirdi, bir o “ala-bula” adam bilirdi, bir də o gözəgörünməz kişi… O da ki, hələm-hələm reaksiya verən deyil. Səbri gendi. Əlli il, yüz il…
Eldar isə kənddə, düzün ortasında maşınla vurulan balasına ağı deyirdi:
Ay ölüm, ağlama sən də,
Gözlərində yaş görməyim.
Didib-dağıtma sinəni,
Sinən daşdı, daş görməyim.
Sən də bir tale qarğışı,
Qapıda dolanma, yaxşı…
Düşüb üzüyümün qaşı,
Üzüyündə qaş görməyim…
Keç içəri… dərd dərində,
Dərd mənim can dəftərimdə.
Uzan Andayın yerində,
Mən o yeri boş görməyim.
Lorka da elə bil ona doğru gələn xətanı duyurdu. Sanki anlamışdı ki, həbsi ilə qurşuna düzülməyi cəmi üç gün çəkəcək. Əli qanlı adamlarçün güllələnənin kimliyi maraqlı deyil, onlarçün ölüm statistikadır. Lakin neçə şeiri, poemanı, dram əsərini güllələdiklərinin fərqində deyildilər! Elə bilirdilər hər atılan güllə ətə dəyir – anlamırdılar ki, kağıza, qələmə, mürəkkəbə, ədəbiyyata dəyir onların məşum güllələri.
Sanki şair bunları duyurmuş kimi yazırdı:
Unut bizə gələn yolu.
Kəsilmə qapıda qənim…
Eldar ölümün həyatdan üstün olduğu, ölümün meydan suladığı, ölümün başda oturduğu yerdə yazırdı ölümsüz şeirlərini. Sovet höküməti deyilən şər imperiyası özü boyda bir ölüm makinasıydı. Qabağına çıxanı udurdu. Yarandığı gündən həyatla deyil, ölümlə uğraşırdı bu qondarma dövlət. Lenin demiş, Lenin ola bilməyən kişinin cildinə girmiş Stalin adlı bir İblis od püskürür, qan qusur, ölkəni də qana bələyirdi. Ən çox ziyalı qanı içən bu diktatoru bizimkilər Koba deyib qəhrəmana çevirir, ellər atası eləyib yarımallaha bənzədirdilər… Və nə yazıq ki, bu “yarımallahlar” hələ də canımızda, qanımızda gizlənən gizli kodla bizi idarə edir, demokratiyanın, saf sözün deyil, çiy sözün, yalanın, saxtalığın yanında olmağa itələyir bizi… Və biz də himə bəndmiş kimi gedirik…
Eldarın davası bunlarla idi. Bizi ora itələyənlərlə və o itələnən yerə it kəmsiyə gedən kimi gedən bizlərlə:
Dizini çək, diz yiyəsi,
Nə qədər dizləmək olar.
Nə qədər sevinci qovub,
Dərdi əzizləmək olar.
Bu aslan o aslan deyil,
Bu yastan o yastan deyil,
Dünya axı bostan deyil,
Nə qədər üzləmək olar.
Bir çiçəyi dərməyəndən,
Bir yetimə verməyəndən,
Ölümünü görməyəndən,
Nə desən, gözləmək olar…
Lorkanın şeirləri də, pyesləri də ölümə, qana qarşı idi. Bu misralarda “rüzgar qovaqların saçlarını yelpikləyir”, “sevgililərin ürəyi atır”, “bülbülün cəh-cəhi” duyulur və “məhəbbət portağal rəngində” dil açır. Və belə bir sevgi, eşq aləmində kimsə tüfəng axtarır, kimsə silah istəyir, kimsə bıçaq tələb edir. Onda milliyyəti bilinməyən bir ana (böyük ədiblərin qəhrəmanlarının milliyyəti olmur – onlar böyük hərfli insanlardır) nalə çəkərək hayqırır: “Tüfənglərə, tapançalara, ən balaca bıçaqlara belə, hətta toxaya, yabaya da lənət olsun!” (Lorka “Qanlı toy” pyesindən, çevirən Əfqan Xəlilli.)
Lorka da, Eldar da ictimai motivli əsərlərində xalqının özgürlük istəyini dilə gətirir, zira onların ikisində də daha çox bəşərin arzuları önə çıxır. Lorka yağışı vəsf edəndə insan bütün kin-küdurəti unudur, dünyanın gözəlliyinə valeh olur, sevib, sevilmək istəyir:
Canlanır qədim bir əsatir kimi,
Mavi bir busətək öpür torpağı.
Odur qovuşduran səmayla yeri
Aramla düşərkən bir axşamçağı…
Bu da Eldarın qənaətidir: insan oğlu bu dünyaya gələndə bir əlçim bulud kimi ümid başının üstündən əskik olmur. O gərək o ümiddən bərk yapışsın. Biri “Həşimin oğlu”, biri “Vəlişin oğlu”, biri də “Həmidin oğlu” olsa da, sən “ümidin balası, ümidin oğlu” olduğunu unutmamalısan. Sənə verilən bu missiya həm də bir şairlikdir ki, hər kəsə nəsib olmayır. Ona görə də kimlərinsə əli ümiddən üzülə bilər, səninki əsla:
Elə bil dünyanı verdilər mənə,
Dünyanın içindən seçdim ümidi.
Təndir çörəyi tək yedim ümidi,
Bulaq suyu kimi içdim ümidi…
***
Bu yazı bir tədqiqat işi deyil, zira buracan uzanmağına səbəb də gələcəkdə bir əli qələmli, qoltuğu netbuklu gənc ədəbiyyatşünasın yol bələdçisi ola bilmək amacıdır. Mən yazdım ki, kimlərsə davam etsin. Ayrı-ayrı ölkələrdə, ayrı-ayrı paralellərdə yaşamış iki böyük ola biləcək, fəqət böyümələrinə imkan verilməyən, sözləri ağızlarında güllələnən, sözlərinə zəhər qatılan şairin yaradıcılıqlarına bir güzgü tutduq. Lorkanı dilimizə çevirən, kitabını çap edən Elçin İskəndərzadəyə var olun deyərkən yadına bir nəsnəni salmaya bilmirəm: 2004 – cür ildə Lorkanın Azərbaycanda kitabını buraxmaq nə qədər böyük fəzilətdirsə, 1988-dən bu yana Eldarın kitabını buraxmamaq da o qədər… Bu məsələnin ona, əlbəttə bir dəxli olmamalı… Axı Lorkanın ölümündən 88 il ötüb, Eldarın ölümündən isə 26 il! Yəni, 62 il ötməlidir ki, Eldarın da əsərləri nəinki bizdə, hətta İspaniyada çap olunsun…
62 il…
Gözləyək…
Ölənlər öləcək,
Lorka ilə Eldarsa əbədidir.
Əbədiyə illər nə edər ki?..
S.A.(Söz ardı.)
1. Eldarın “Sərçə balası” şeiri var. Elə o Sərçə balası özü də var. İndi qarıyıb, yəqin. Mən onun şıq vaxtlarını görmüşdüm. Güləndə adamın ürəyi fərəhlə dolurdu. Eldarı necə sevirdi, ilahi?! Bəs Eldar onu necə sevirdi? Bunun cavabı var: “Sərçə balası” boyda…
…Sən ey yeri, göyü yaradan kişi,
Uzaq görünürmü ordan yer sənə?!
Bu qıza bu boyda sevgi vermisən,
Mənə də bir azca sevgi versənə.
Sən də düşəsən mənim günümə,
Sənin göyün olsun,
quşun olmasın.
İlahi, neyləsən, sən mənə eylə,
İlahi, bu qızla işin olmasın.
Hər il iyunun 22 – də Xırdalan məzarlığına Eldarı ziyarətə gedərdi. Bu dəfə baxdım ki, gedə bilməyib. Onun qoyduğu gülləri uzaqdan tanıyıram axı. Yoxdur o çiçəklər. Yol yoldaşımla məzara çiçək düzəndə möcüzə baş verdi: bir dəstə sərçə civildəşə-civildəşə uçub başımızın üstündən keçdi. Eldarı yaxşı tanıyan dostum quruyub qalmışdı. Mən tez dilləndim: “Balaları uçub bu tərəfə gəlib, onu axtarırlar, yəqin.” Molla isə istidə qaranafəs oxuyurdu… “ihdinəs siratəl mustəqim…”
Bu vaxt sərçələr… Yox, daha sərçə-filan görmədik. Amma mən səslərini hələ də eşidirdim…
Maşında geri dönərkən yol yoldaşımdan soruşdum ki, sərçələrə fikir verdin? Heyrətlə üzümə baxdı:”Nə sərçə?!”
2. Lorkanın da Lolası varmış. Yox, varmış niyə?! Yenə var. Deyirlər ki, (kim deyir?!) hər il iyunun 5-də Qranadada adı Lola olan bütün qızlar əllərində gitara nəğmə oxuyar, Lorkanın xatirəsini yad edərlər… Nə xatirə canım?! Lorka ölmədi ki! Necə ki, Lolitalar var, Lorkanı ölməyə qoymazlar:
Mart körpüləri üstündə gecə
çılınçılpaq qürub nəğmə oxuyur.
Qızılgül ləçəyində çimir Lolita
çılpaq gecə sübhədək gül qoxuyur…
Hə, hə. Lorka ölmədi. Baxın, görün özü nə deyir bu barədə: “Başqa ölkələrdə ölüm hər şeyin sonudur. Ölüm gəlir və pərdə enir. İspaniyada isə bir az başqa cürdür, burada çox şey dörd divar arasında gizlənir və yalnız ölümdən sonra gün işığına çıxırlar. İspaniyada ölüm həmişə sağdır”.
3. Eldar da ölümlə dost idi. Bir dəfə bir dostunun kafesinə gedirdik. Yolda soruşdu ki, sən ölümü görmüsən? Onda hələ indiki kimi ölüm-filan tanıyan halda deyildim. Selbəmin ağacdan qoz saldıran vaxtlarıydı. Gülümsündüm. “Mən ölümün dadını görmüşəm. Xalamın üç yaşında qızı ölmüşdü. Mənim də on yaşım-zadım olardı. Çox istədiyim qızcığazın ölüsünü öpdüm. Bir ay ölümün acı tamı ağzımdan getmədi…”
“Hə, – dedi. –Heylə olur… Mənim də qızım öləndə…”
Daha dalısını demədi. Dalısını mən onun kitabından oxudum.
Aldı görək Eldar Baxış nə dedi:
Ölüm qara qarışqadı,
Torpaq qarışqa yuvası.
Bu dünya bir tərəzidir,
Biz də pərsəngi, arbası.
Düzüb boy-boya aparır,
Kimini toya aparır,
Kimini vaya aparır,
Taleyin at arabası.
Çox yay gördüm, çox qış gördüm,
Alqış gördüm, qarğış gördüm,
Ölüm boyda bayquş gördüm,
Dünya boyda xarabası…
4. Lorka ürəklərdə yaşayan şairdir. Faşistlər onun özünü güllələsələr də, sözünü məhv edə bilmədilər. Lorka yüz ildir gəzir dünyanı. Səs-səs, söz-söz, nəğmə-nəğmə. Necə ki, bəşər var, Lorka da olacaq. Özü nə demiş:
Amarat çay gəmisi
uçub getdi yelkənsiz.
Arzularım dənizdə
dəfn olundu kəfənsiz.
Hamı üçüm yaşayıram yer üzündə
hamı üçün yaşayıram bu gün də…
Eldarsa deyirdi ki, hər şey, hər kəs unudacaq məni. Təkcə bu torpaq unutmayacaq, “yoluxacaq” məni…
Düz deyir. Getdim. Gördüm. Həmin torpaqdır, həmin Eldardır. Həmin Xırdalan məzarlığıdır, həmin sərçələrdir… Və həmin torpaqdır. Bərk-bərk qucaqlamışdı şairi. Heç kimə verəsi deyildi.
Ümidim bircə torpağa,
üstündə gəzdiyim bu torpağa;
bu torpaq yoluxacaq məni,
yoxlayacaq məni…
hər şeyi unutsa da,
qəbrimi,
başdaşımı
yadında saxlayacaq mənim…
Litpark.az
Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.
Çox dəyərli, təsiredici bir yazıdır. Qələminə qüvvət müəllifin.