Milan Kundera. Sürətlənən tarixdə eşq

Philip Roth: The Professor of Desire (Arzu professoru”)

Karenin nə vaxtdan bəri Anna ilə sevişmirdi? Bəs Vronski? Görəsən, Annanı razı sala bilmişdi? Anna aseksualıydı? Qaranlıqda sevişirdilər, işıqda? Yataqdamı, xalçanınüstündəmi? Üç dəqiqədə, üç saatda? Bir-birilərini necə əzizləyirdilər?  Sevdiyi qadının qulağına romantik sözlər pıçıldayırdı, ədəbsiz sözlər? Yoxsa səssizcə sevişirdilər? Bu barədə heç bir şey bilmirik. O dövrün romanlarında eşq ilk görüşdən cinsi əlaqənin astanasına qədər uzanan ucsuz-bucaqsız bir ərazini zəbt edirdi. Astanadan o yana keçməyə icazə yoxuydu, qadağan olunmuş zonaydı.

XX əsr romanlarında seksuallıq addım-addım və ən incə detalları ilə kəşf edildi. Bu dövrdə Amerikada əxlaqi dəyərlər başgicəlləndirən bir sürətlə dəyişirdi. Əllinci illərdə kölə əxlaqı amansız  şəkildə davam etdiyi halda, on il sonra  hər şey yeniləndi. İlkin eşqbazlıqla cinsi əlaqə arasındakı uzun məsafə yoxa çıxdı. Platonik duyğusallıq insanı azad seksuallıqdan qoruya bilmirdi. İnsanlar seksuallıqla birbaşa, rəhmsizcə üzləşirdilər.

Devid Lourensin romanlarında cinsi azadlıq, dramatik və ya tragedik  üsyan mənzərəsi sərgilədi. Ardınca Henri Miller hər yeri   lirik temperamentlə işğal etdi.  Otuz il sonra Filip Rot cinsi azadlığı bütün çılpaqlığı ilə göstərdi: Kollektiv, adi, labüd, kodlanmış vəziyyətdə. Rotun təsvir etdiyi eşq nə dramatikdir, nə tragedik, nə də ki, lirik. Sərhəddədir. Buradan o tərəfi yoxdur. Artıq qanunlar, adət-ənənələr  və valideynlər arzu və istəklərə qarşı çıxa bilmirlər. İstənilən şeyə icazə verilir və bircə düşmənmiz var: çılpaq, sehrsiz, maskası çıxarılmış bədənimiz! Bəli, bircə o, amansız düşmənimizə çevrilib. Filip Rot Amerika erotizminin böyük tarixçisidir. Həmçinin bədəni ilə baş-başa qalmış insanın qəribə tənhalığının şairidir.

Son bir neçə ildə zaman çox sürətlə dəyişir və inkişaf edir. “Arzu professoru” romanının qəhrəmanları yaddaşlarında başqa bir dövrü yaşayırlar. Onların eşq anlayışı Rotdan çox, Tolstoyun dövrü ilə səsləşir. Çünki nəsillərarası ünsiyyət onları valideynlərinin zəmanəsini yaşamağa məcbur edir. “Arzu professoru”nun qəhrəmanı Kepeşin ata və anası ilə bağlı təsvir edilən səhnələrdə  romanı nostalji ab-hava bürüyür. Bu, təkcə ana və ataya olan sevginin nostaljisi deyil, həm də ürəyin dərinliklərində köhnə eşqə bəslənən günahsız  nostalgiyadır. İndiki zəmanənin günahsız,təsirli və əlçatmaz olan köhnə eşqlərə həsrətidir. (Bir vaxtlar onun necə bir şey olduğunu bildirən xatirələr olmasaydı, eşqdən və eşq qavramından indiyə nə qalardı?) Bu qəribə nostalji hisslər (mücərrəd və  heç bir şəxsə tabe olmadığı üçün, uzaqda, onların həyatından çox uzaqlarda məskunlaşdığı üçün qəribədir)  ilk baxışda təhriqedici və əxlaqsız görünən “Arzu professoru” romanına çox təsirli mərhəmət duyğusu  əlavə edir.

Zamanın sürətlənməsi bir neçə tarixi mərhələni görməyimizə səbəb olur. Bir insanın ömrü iki və daha artıq tarixi mərhələni əhatə etməyə başlayır. Əvvəllər tarix insan həyatından geridə qalırdı. Yavaş-yavaş gedirdi. İndi sürətlə qaçan bir  zaman, tarix mövcuddur. İnsan ona çata bilmir. Çünki belə olanda insan həyatının davamlılıq və bütövlüyü təhlükəylə üzləşir. Buna görə də yazıçı bizim həyat tərzimizlə birlikdə əcdadlarımızın utancaq, unudulmuş həyatlarını da qorumağa ehtiyac hiss edir.

Burada  məqsəd  konservativ,  mənasız və  intellektual  ədəbiyyat nümayiş etdirmək deyil. Qətiyyən belə düşünməyin. Rotun ədəbiyyat professoru və ya  yazıçı olan qəhrəmanlarına fikir versəniz, görəcəksiz ki, onlar tez-tez Çexov, Henri Ceyms və Kafka haqqında yeni və fərqli fikirlər söyləyirlər.

Filip Rot keçmişi romanla qoruyub saxlayır və eyni zamanda roman qəhrəmanlarını əcdadlarının köhnəlmiş, eşdilməyən səslərinə qulaq asmaqdan xilas etmək istəyir.

 

                                                                                                                            İngilis dilindən tərcümə edən: Ülvi Babasoy

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Next Post

Hermann Hesse. Həsir kreslonun nağıl

Be İyn 27 , 2022
Cavan oğlan çardaqda tək-tənha oturmuşdu. Məqsədi rəssam olmaq idi. Amma bunun üçün bəzi, çox çətin maneələri aşması lazım idi. O da hələlik çardaqda rahatca oturmuşdu. Zaman ötüb keçmiş, bir az yaşlanıb qocalmışdı. Saatlarla kiçik güzgünün qarşısında dayanıb sınaq üçün öz portretini çəkməyə alışmışdı. Bir albomu başdan ayağa bu cür şəkillərlə […]