Pərvin Həsənova. “Qoca və Dəniz” yoxsa “İnsan və Həyat”

Bir çoxlarının sevimli yazıçısı olan Ernest Heminquey ilk dəfə 1926-ci ildə nəşr edilən “Günəş də qalxır” romanı ilə yaradıcılıq uğuru qazanmışdır. Əsər 1920-ci illərdə Fransa və İspaniyada yaşamış “itmiş nəslin” nümayəndələri olan gənclərdən bəhs edən, pessimist ruhda yazılmış romandır. 1927-ci ildə “Qadınsız kişilər” hekayələr toplusu ilə hekayə ustası kimi məşhurlaşan Heminqueyin 1929-cu ildə Birinci dünya müharibəsi fonunda cərəyan edən, amerikan könüllüsü ilə ingilis tibb bacısının sevgisindən söhbət açan “Əlvida, silah!” adlı romanı işıq üzü görür. 1933-cü ildə isə müəllifin “Qaliblər heç nə qazanmır” kitabı çap edildikdən sonra o, artıq özünü mahir bir yazıçı kimi təsdiqləmiş olur. Lakin bu əsərlərdən heç biri yazıçının “Qoca və Dəniz” povesti ilə müqayisə oluna bilməz. “Qoca və Dəniz” Ernest Heminqueyin ən çox oxunan və ona misilsiz sevgi qazandıran əsəri olmuşdur.

Hələ 1930-cu illərdə Heminqueydə belə bir əsər yazmaq haqqında fikir yaranmışdı. 1936-cı ildə isə “Esquire” jurnalında onun “Mavi suda. Qolfstrim məktubu” adlı oçerki nəşr olunur. Bu yazıda müəllif gələcək povestinin fabulasını artıq oxucalara təqdim etmişdir. Müəllifin sözlərinə görə, “Qoca və Dəniz” əsəri bir neçə sujet xətlərini vahid ana xətdə birləşdirən, müxtəlif, maraqlı obrazlardan ibarət roman da ola bilərdi, lakin o, sadə və sadə olduğu qədər möhtəşəm, standart qəbul edilmiş çərçivələri aşan povest yazmağı üstün tutdu.

Tənqidçilər belə hesab edirlər ki, qoca Santyaqonun prototipi vaxtilə Heminqueyin yaxtasında kapitan olan kuba balıqçısı Qreqorio Fuentesdir. Onun bioqrafiyasında Santyaqonun keçmişi ilə oxşar olan bir çox məqamlar var: o, mahir balıqçı idi və gəncliyində Afrikada yaşamış, sonrakı bütün həyatını isə Kubada keçirmişdi. Heminqueyin Qocanın hər hansı real prototipi olması haqda fikirləri təkzib etməsinə baxmayaraq bu, Fuentesin “Qoca Santyaqo” olaraq tarixdə qalmasına mane olmadı.

Povestin qısa məzmunu belədir: “Qoca və Dəniz” əsərinin qəhrəmanı olan Santyaqo həyatını balıqçılığa həsr etmiş xeyirxah, mehriban insandır. Vaxtilə “uğurlu balıqçı” kimi şöhrət qazansa da, son 84 gün idi ki, dənizdən əliboş qayıdırdı. Lakin istənilən vəziyyətdə öz prinsiplərinə sadiq qalan qoca buna məyus olmur və qətiyyən ruhdan düşmürdü. Ən adi problemlərin həllində belə bir dəfə cəhd edib uğursuzluqla rastlaşanlar çox zaman ikinci dəfə addım atmağa çəkinirlər, nəinki 3-cü, 4-cü, 84-cü dəfə… Burada isə Heminquey 84 günlük uğursuzluqla insan iradəsinin mübarizəsini əks etdirir. Nəhayət, 85-ci gün çoxdan xəyal etdiyi böyük balığın arzusuyla kiçicik qayığında ucsuz-bucaqsız dənizin ağuşuna atılan Qoca ağlasığmaz macəralarla üz-üzə qalır. O, böyük balığa (Marlinə) qalib gəlir, onu ram etməyi bacarır, İnsanın gücünü və təbiət üzərində qələbəsini sübuta yetirir, lakin amansız köpəkbalıqlarının hücumu ilə rastlaşan qoca, təssüf ki, balığı salamat şəkildə sahilə çıxarmağa müvəffəq olmur…

Yazıçı əsərin ilk sətirlərindən qocanı təsvir edərkən onun təslim olmayan, şən insana məxsus, dəniz rəngli gözlərinin olduğunu qeyd edir. “Gözlər qəlbin aynasıdır” – deyirlər. Həqiqətən də, Santyaqo son nəfəsinə qədər mübarizə aparan döyüşçü idi. Qocanın balığı tutduğu zaman çəkdiyi min bir əziyyətə baxmayaraq daim onu müşayət edən pozitiv düşüncələri oxucunu ilhamlandırır, onda həyat eşqini artırır. Bir əli qıc olub keyidiyi halda ikinci əlinin və ayaqlarının olmasına şükür edən, tutduğu çiy balıqdan başqa yeməyə heç nəyi olmadığı halda tamamilə ac qalmadığına sevinən, köpək balıqları ilə savaşanda isə bıçağını bir köpək balığını öldürdüyü zaman itirməsinə baxmayaraq sona qədər savaşacağına, hətta lazım gələrsə, bu nəhənglərlə əlbəyaxa döyüşəcəyinə inanan Qocanın əzmkarlığı insanın qəlbini riqqətə gətirir.

Heminquey bu əsərində real insan həyatı ilə fəlsəfəni birləşdirmişdir. Yazıçının vaxtilə balıqçılıqla məşğul olması ona əsəri real təsvir etməyinə çox kömək olmuşdur. Müəllifin hər cümləsi, hər bir ifadəsi ilə hadisələri dəqiqliklə göz önünə gətirməsi oxucuya asanlıqla əsərin daxilinə nüfuz etməyə imkan yaradır. Povestdə heç bir tənqid hədəfi yoxdur. Yazıçı, sadəcə, həyatın necə qurulduğunu, insanın sonsuz imkanlarını, qazanmaq istəyini və arzusunu göstərməyə çalışır. Ancaq bu, yalnız görünən hissədir.

Rəmzlər müstəvisində – Santyaqo həyat dənizində yola çıxan bir insandır. Həyat dənizi qaranlıq dərinliklərdə gəzən fürsətlərlə (balıqlar) və eyni zamanda, çətinliklərlə (köpəkblıqları) doludur, sadəcə səy göstərmək və sahildən (komfort zonasından) uzaqlaşmaq lazımdır. Qocanın vaxtaşırı əlini dənizə uzadıb qayığın hansı sürətlə getdiyini yoxlaması isə zamanın necə axıb getdiyinə işarədir. Santyaqonun tutduğu Marlin balığı – insanın ali məqsədi, uğrunda vuruşduğu arzusu, missiyası, təbiətlə vəhdəti və eyni zamanda, mübarizəsinin rəmzidir. Köpəkbalıqları isə bu məqsədə nail olmağın qarşısını kəsməyə çalışan və bəzən də buna nail olan maneələrdir. Düşmən köpəkbalıqları başqasının əməyinə göz dikən, ondan öz xeyrinə faydalanmağa çalışan cılız insanları da simvolizə edir. Əlbəttə, Xeyir və Şər hər zaman mübarizədədir. Qocanın dənizə tək çıxmasına baxmayaraq, o, bu həyatda tamamilə tənha deyildir. Onun gələcəyə ümidi var – Manolin adlı ümidi, sabaha inamı, davamçısı, şagirdi. Deməli, “Qoca və Dəniz” şərti adı altında Heminquey, əslində, “İnsan və Həyat”ı göstərmək istəmişdir – İnsanın yaşamaq uğrunda bəzən həyatla, bəzən isə özü ilə mübarizəsini.

Santyaqo Marlinə düşmən gözü ilə baxmırdı. Nitqlərində o, hər zaman balığa dost kimi müraciət edirdi. Sadəcə həyat belə qurulub ki, onun peşəsi balıqçılıqdır və o, balığı öldürməyə məcburdur. Balıq isə insanları doyurmağa xidmət edir. Bu, bir növ həyatın qanunudur.

Bir az da Santyaqonun ümid bağladığı 85-ci gün haqqında danışaq. Baş qəhrəman 85 rəqəminin uğurlu olduğunu əsər boyu dəfələrlə təkrar edir. Bəs həqiqətən də bu belədirmi? Rəqəmlərin sirli mahiyyəti ilə məşğul olan peşəkarlar 85 rəqəmi ilə kodlaşan mesajın iş sahəsinə və fərdi inkişafa aid olduğunu və peşəkar inkişafın vaxtının gəldiyini söyləyirlər. (mənbə: http://www.numeroscop.ru/znachenie_chisel/dvuznachnye_chisla/chislo_85.html ) Deməli, Santyaqo haqlı idi. İşinin peşəkarı olan balıqçı 85-ci gün özünü bir daha sübut etmək üçün fürsət qazanmışdı.

Heminqueyin özündən simvollar barədə soruşduqda o, belə cavab vermişdir: “Aydındır ki, simvollar var, çünki tənqidçilər daima nəsə tapırlar. Bağışlayın, amma mən onlar haqqında danışmağı xoşlamıram və məndən onlar haqqında soruşulmasını qətiyyən sevmirəm. Heç bir izahat olmadan da kitab və hekayə yazmaq kifayət qədər çətindir. Bundan başqa, bu, mütəxəssislərin əlindən onların çörəyini almaq deməkdir… Yazdıqlarımı oxuyun və zövqdən başqa heç nə axtarmayın. Əgər siz başqa bir şey tapsanız, bu, sizin oxuduqlarınıza töhfəniz olacaq…” “Bulkaya öncədən daxil edilən kişmiş kimi, kitaba öncədən düşünülmüş simvollar əlavə etməklə yazılan yaxşı bir kitab hələ tapılmamışdır. Mən əsl qocanı, əsl oğlanı, həqiqi dənizi, həqiqi balığı və köpəkbalıqlarını göstərməyə çalışdım. Bunu kifayət qədər yaxşı və real etməyi bacardımsa, təbii ki, bunları müxtəlif yollarla şərh etmək olar”.

İnsan qarşısına qoyduğu ali məqsədinə nail olduqdan sonra daxili harmoniyasını tapır, ruhuna dinclik çökür, öz sakitliyinə qovuşur. Düşünürəm ki, əsərin qocanın öz yatağında rahat yuxulaması səhnəsilə bitməsi məzh bu harmoniyanın işarəsidir. Bəs baş qəhərmanın yuxuda şir görməsini necə izah edə bilərik? Bunu öyrənmək üçün bəzi yuxuyozma kitablarını incələmək lazım gəldi. Şir – güc, qüdrət anlamını daşıdığı üçün ümumilikdə xeyrə yozulur və sevindirici xəbərlərin müjdəçisi kimi qiymətləndirilir. (mənbə: https://www.haber7.com/yasam/haber/2557943-ruyada-aslan-gormek-hayirli-midir-ruyada-aslan-tam-olarak-neye-isaret ) Həmçinin, yuxuda şir görmək həmin insanı böyük qüvvələrin idarə etdiyinə işarədir. Yuxuda şiri özünə tabe etmək isə istənilən işdə qalib olmaq anlamını ifadə edir. (mənbə:  https://sonxeber.net/yuxu-yozmalar/1780/yuxuda-sir-gormek.html )

Bəli, o qalib idi! Bütün gücünü səfərbər edib sonuna qədər savaşdığı üçün qalib idi. Zəhmətinin bəhrəsi olan Marlin isə Qocanın ən böyük mükafatı idi. Özünə, həmkarlarına hələ də formada olduğunu sübuta yetirmək, yüksək statusunu bir daha nümayiş etdirmək, vəfalı köməkçisi və dostu Manolini yanına qaytarmaq üçün bir vəsilə idi… Qocanın məğlubiyyəti, nəticədə, onun mənəvi qələbəsinə, insan ruhunun taleyin oyunu üzərində zəfərinə çevrilmişdir.

“Səni kim məğlub etdi, qoca? – deyə o, özündən soruşdu – Heç kim  –  o cavab verdi – Sadəcə mən dənizdə çox uzağa getdim…”

Qoca Santyaqonun Marlini tutması ilə Heminqueyin “Qoca və Dəniz”i yazması müqayisə oluna bilər. Qoca bu ovuyla özünü bir balıqçı kimi yenidən təsdiq etmiş oldu, Heminquey isə dünyaya səs salacaq şedevr yazmağıyla adını tarixə həkk etməyi bacardı. Əsər nəşr olunduqdan sonra geniş oxucu kütləsi tərəfindən sevilərək müəllifə 1953-cü ildə “Pulitser”, 1954-cü ildə isə “Nobel” mükafatını qazandırmışdır.

Sonda qeyd etmək istəyirəm ki, müdrik qoca Santyaqonun nitqində bir çox aforizmlərə rast gəlmək mümkündür. Onlardan bəzilərini sizə təqdim edirəm:

“İnsan məğlub edilmək üçün yaranmayıb. İnsanı məhv etmək mümkündür, lakin ona qalib gəlmək – əsla!”;

“İnsan dənizdə heç vaxt tənha ola bilməz”;

“Heç vaxt heç nədən təssüflənmə. Heç vaxt itirdiklərini sayma”;

“İndi nəyin çatışmadığı haqqında düşünmək vaxtı deyil. Əlində olanlardan necə yararlanmaq haqqında fikirləş”;

“Heç nə iki dəfə təkrar olunmur”;

“Qoca yaşında insanın tək qalmasına icazə vermək olmaz, halbuki, bu, qaçılmazdır”;

“Mən özümə bir az xoşbəxtlik almaq istərdim, əgər onu haradasa satırlarsa”;

“Əvvəl borc istəyirsən, sonra isə dilənməyə başlayırsan”;

“Balığı tutmaq azdır, onunla hələ sahilə üzüb çıxmalısan”;

“Xoşbəxtlik insana istənilən görkəmdə gələ bilər, məgər onu tanımaq mümkündürmü? Mən istənilən görkəmdə biraz xoşbəxtlik götürüb, əvəzində tələb olunanı verərdim”;

“Qoy o, mənim barəmdə əslində olduğumdan daha yaxşı olduğumu düşünsün və onda mən, həqiqətən də, daha yaxşı olaram”;

“Mənim zəngli saatım – qocalığımdır. Görəsən, niyə qocalar belə tezdən oyanırlar? Heç olmazsa, bu gününü uzada bilmək üçünmü?”

 

   Pərvin Həsənova

Müəllif hüquqları qorunur. Materialdan istifadə zamanı istinad etmək vacibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Zəhraxanım Məmmədova. Söyləyəcəm bu dəfə...

Söyləyəcəm bu dəfə Daşlarda susacaq qoxun, Gəzəcəm bu dəfə Üstünə basa- basa. Liman səndən ayrılanda Keçir indi inandığım zaman da Dönməkmi geriyə, Qürurun əl vermədiyi yerə? Niyə dayanım ki, niyə? Görmədinmi məgər Yox olub gedirəm? Üzünü dönəsən mənə Bir baxasan hardayam… Köməy et mənə, kömək, Çıxım bu əlvidadan Çox amansızdır […]