23.03.2022- ci il, sıradan, lakin bir o qədər də qəribə bir təqvim günü idi. İlk dəfə idi ki, belə qəribə bir iqlim dəyişikliyinə şahid olurdum. Evdə isti şərait, bahar bayramı ab-havası, çöldə isə qar, çovğun, əsl qış havası vardı. Həmişəki kimi nənəmin bitib tükənməyən, təkrar-təkrar dinləsəm belə, mənə yeni kimi gələn xatirələrini dinləyirdim. O, qadın və kişinin vəzifələrindən, hüquqlarından bəhs edən bir hədis danışırdı. Hədis məndə fərqindəliklər yaratsa da, razılaşmadığım çox tərəfi vardı. Düşünürdüm, İNSAN məfhumu varkən, QADIN və KİŞİ məfhumları niyə daha çox gündəmdədir? Yəni, onların hər ikisi insan olduğu halda, aralarındakı fərq birini digərindən üstün edirmi? Axı mənim üstünlük anlayışıma görə, iki məfhumun hər ikisi eyni keyfiyyətləri daşıyıb, lakin biri digərindən əlavə keyfiyyətə sahib olduğu zaman üstünlük məsələsi ortaya çıxır. Qadın və kişidə isə belə deyil. Onların hər ikisində də digərində olmayan keyfiyyətlər var. Elə isə nədir bu qədər problem, anlaşılmazlıq? Bəlkə, məsələyə başqa tərəfindən baxsaq, qadın, kişi məsələsi arxa planda qalsa, İNSAN əsas məsələ olsa, bu qədər çatışmazlıq, anlaşılmazlıq olmaz. Yaxşı, bəs insan özü nədir? Və ya kimdir? Mən özüm kiməm?
Bu düşüncələr, bu suallar ilk dəfə deyildi ki, beynimi məşğul edirdi. Bir müşahidə, bir təcrübə, yeni bir bilik, fərqli bir vəziyyət və ya elə nənəmin sıradan bir xatirəsi vaxtaşırı məni düşünməyə vadar edirdi. Bu vaxt da “o vaxt”lardan biri idi. Beynim düşünür, düşünür və yenə də bu sualı verirdi: Mən kiməm?
Əslində, bu sualı kitablardan oxuduğum standart biliklərə əsasən bir neçə müddəa ilə asanlıqla cavablandıra bilərdim. Ad, soyad, milliyət, din, cinsiyyət, dəyərlər və hətta fiziki görünüş mənim kimliyim haqqında məlumat verir. Lakin mahiyyət bunlardan ibarət deyil, ola da bilməz. Bəlkə, öz bədənimi, psixi vəziyyətimi, düşüncələrimi, inanclarımı, dəyərlərimi tam anlaya bilsəydim, bu suala cavab tapa bilərdim. Amma yox, bu da məni qane etmədi. Çünki bədənimi valideynlərimə, inanclarımı, düşüncələrimi, psixologiyamı ətrafıma, ailəmə, oxuduqlarıma, öyrəndiklərimə, bir sözlə məni şəxsiyyət edən, tərbiyə, təhsil, mühit və genetikama borcluyam. Deməli, axtarmalı olduğum mənim mahiyyətim idi. Bəlkə də, öz şəxsiyyətimə yox, fərdiyyətimə güzgü tutmalı idim. Belə də etdim. İnsanı, insanlığı araşdırsam, özümü orada tapacağıma inanırdım.
Bu düşüncələr burulğanında yadıma bir xatirə düşdü. Mənim kimliyimlə bağlı imtahanım hələ çox uzaqlara dayanır. Belə ki, mən hələ çox balaca olanda qardaşım mənə Göygöldə balıq tutarkən balıq əvəzinə toruna düşdüyümü, onun da məni çıxarıb evə gətirdiyini demişdi. Qardaşımın yaman mübaliğəli təsvir bacarığı var. Bu hekayəni mənə o qədər pafoslu şəkildə danışmışdı ki, artıq buna inanmamağım mümkün deyildi. Hər dəfə kimdənsə küsəndə və ya qırılanda çıxıb Göygölə getmək, orada doğma “Balıq” anamı tapmaq düşüncəsinə qapılırdım. Hətta bir dəfə bunu reallaşdırmağa da cəhd etmişdim. İnsan uşaq olduğu zaman necə də düşüncəsiz olurmuş. Bəlkə də, elə bu düşüncəsizlik ona xəyallar qurdurur. Nəysə, insan şüuru inkişaf etsin, etməsin, o, uşaq olsun, ya yetkin fərqi yoxdur, onun kimliyi məqsədli olmasa da, onu daim düşündürür. Əslində, bütün davranışlarımızı, istəklərimizi, hətta reaksiyalarımızı kimliyimizə borcluyuq. İlk kimliyim isə insanlıqdan başlayır. Bəli, mən insanam.
İnsan, insan.. o, çox qəribə, mürəkkəb, bir o qədər də sıradan canlı, təbiətin bir parçasıdır. Bir tərəfdən baxanda insan, insanlıq mənə çox qəliz bir məsələ kimi gəlir. Anlamaqda çətinlik çəkirəm. Ümumiyyətlə, insan nədir, niyə var, missiyası nədən ibarətdir? Digər tərəfdən baxanda isə o, çox sadə təbiət nümunəsidir. Özü yaradılsa da, həm yaratmağı, həm də yaratdığını yaşatmağı bacarır. Təbii ki, bunu edirmi, etmirmi bu mübahisə doğurur. Məni düşündürən bu deyil, ona hansı tərəfdən baxmağın daha düzgün olmasıdır. Maraqlıdır, əslində hər şey belədir. Eyni şey baxış bucağımıza görə çətin və ya asan, yaxşı və ya pis, gözəl və ya çirkin ola bilir. Mən də düzgün baxış bucağını tapmalı, özümə oradan tamaşa etməli idim. Əla, metodumu bilirdim, yaxşı, bəs mən kiməm?
Bu dəmdə nənəm məni dürtmələdi: “ Dinləmirsən məni?” – “Yox, ay nənə, dinləyirəm, danış!” O yenə də xatirələrini ard-arda düzüb bizə məsləhət verməyə davam etdi, amma mən düşünürdüm. Düşüncə xəritəmdən belə bir fikir keçdi; Biz, insanlar daim insanları mühakimə edir, ətrafımız haqqında hökm verə bilirik, amma məsələ özümüzə gələndə standartlardan qırağa çıxa bilmirik. Çox acınacaqlı haldır. Amma mən yolumu və məqsədimi bilirdim. Öncəliklə şəxsiyyətimi, sonra isə fərdiyyətimi masaya qoyub tanımalıydım. Belə də etdim. Kimliyimlə bağlı məlumatları beynimin içində sadalamağa başladım. Əslində hamısını bilirdim, amma sadalamaq istədim. Bir strategiya müəyyənləşdirdim. Sanki qarşımda aynalar vardı və mən hər birində fərqli bir “mən” axtarırdım. Beynimin içində düşünərkən qəribə bir uşaq ciddiyyəti nümayiş etdirirdim, çox gülünc vəziyyətdə idim. Özüm özümü danlamağa başladım: “Ay Mənsurə, necə də gülməlisən, sanki böyük bir iş aşacaqsan, hələ bir də strategiya müəyyənləşdirirsən?” Özüm də özümə cavab verdim: “Yox, nə danışırsan? Elə ən mühüm məsələ budur. İnsan özünü tanısa, dünyanı tanıyar. Gördüyümüz hər şey bizim beynimizin məhsulu deyilmi?” Bu beyin mübahisəsindən sonra təhlilimə başladım.
Adım, Mənsurədir. Soyadım, Əhmədova. Azərbaycanlıyam, dinim İslam dinidir. Avropoid irqinə mənsubam. Eee? Elə bu? Yaxşı, bir az da açım. Adım və soyadımdan bilinir ki, qadın cinsinə mənsubam. Qadınla bağlı bir çox göstərici və məsuliyyətlərə malikəm. Azərbaycanlıyam, deməli, digər azərbaycanlılar kimi ortaq milli dəyərlərə və ənənələrə sahibəm. Müsəlmanam, amma bu dini də özüm araşdıraraq seçməmişəm, müsəlman ailəsində doğulduğum üçün müsəlmanam. Bu da onu göstərir ki, müsəlmanların sahib olduğu dini dəyərlər və məsuliyyətlərə mən də sahibəm. İrqim isə görünüşüm haqqında məlumat verir ki, bu da yenə də məni bir kateqoriyaya aid edir. Deməli, mən qadınam, azərbaycanlıyam, müsəlmanam, avropoidəm.
Bu nəticə məni qətiyyən qane etmədi. Çünki bu kimliklərə milyonlarla insan sahibdir. Bəs onda MƏN kiməm? Yaxşı, məsələyə başqa tərəfindən baxmağa cəhd edim.
22 yaşım var, ali təhsil alıram. İxtisasıma qalsa, dilçi, filoloq, pedaqoq olma yolundayam, eyni zamanda, həvəskar psixoloqam. Bəli, bu kimliklər də mənim haqqımda müəyyən məlumat verir, lakin bu məlumatlara sahib olan tək mən deyiləm. Yaxşı, bəs mən kiməm? Valideynlərimə övlad, qardaş, bacılarıma bacı, müəllimlərimə tələbə, digər qohumlarıma da uygun kimliyəm. Məsələ odur ki, bu kimliklərə başqaları da malikdir…
Bu uzun təhlil boyunca bütün kimliklərimi göz önümdə canlandırdım. Bu qənaətə gəldim ki, insan kimliklərdən ibarətdir və sahib olduğu kimliklərə görə davranış və danışıq müəyyənləşdirir. Bu kimliklərin hamısı bizə sonradan iradəli və ya iradəsiz şəkildə əlavə olunur. Bəs mənim təməl kimliyim nə idi? Doğrudan, mən kim idim?
Fəlsəfə kitabından oxuduğum bir yanaşma yadıma düşdü; İnsan fərd olaraq doğulur, şəxsiyyət kimi yaşayır və fərd olaraq da ölür. Doğrudan da, belədir. Biz doğulduğumuz mövqe və şəraitə görə kimliklər qazanırıq. Hər bir şəxs də bu kimliklərin vəhdətidir. Deməli, MƏN SAHİB OLDUĞUM KİMLİKLƏRİN VƏHDƏTİYƏM.
Tam sualıma cavab tapmağın həzzini yaşayacaqdım ki, bir nüansı unutduğumu fərq etdim. Qadın, azərbaycanlı, müsəlman, avropoid, filoloq, tələbə, övlad, bacı və s. kimi kimliklərin vəhdəti olan tək insan mənəm? Xeyr, bu kimliklərə sahib olan minlərlə insan ola bilər. Deməli, təkcə müəyyən kimliklərə sahib olmaq deyil, onları vəhdət halında necə təzahür etdirmək mənim əsl kimliyimi ortaya qoyur.
Mövcud olan bütün qadın, azərbaycanlı, müsəlman, övlad, bacı, tələbə, araşdırmaçı və s. kimliklərə sahib olan hər kəs kimliklərini eyni cür dərk edib, bu kimliklərin onlara qazandırdığı məsuliyyətləri eyni daşıya bilirmi? Bu sual mənə lazım olan cavabları vermişdi. Ümumiyyətlə, insan doğulduğu zaman tək bir kimliklə, insan kimliyi ilə doğulur. Lakin yaşadığı cəmiyyət, mühit, mentalitet, mövcud stereotiplər ona yerli-yersiz məsuliyyətlər yükləyir və o insan ömrü boyu hansısa kimliyə köklənərək yaşayır, nəticədə, insan olduğunu unudur. Valideyn bir uşağa “vicdanlı, yardımsevər, dürüst, ədalətli olmaq, təbiət, kainat, insanlıq, yenilik naminə yaşamağın” onun əsas vəzifəsi olduğunu söyləmək yerinə, onu standart “qadınsan” və ya “kişisən” stereotipləri ilə böyütdüyü zaman qeyri-sağlam cəmiyyət formalaşır…
İnsan ömür sürdükcə yeni kimliklər qazana və ya sahib olduğu kimlikləri itirə bilər. Mən də insanam, deməli, tək itirməməli olduğum təməl kimliyim olan insanlığım idi və mən sahib olduğum bütün kimliklər çərçivəsində insanlığımı yaşatmalı idim.
Dərin bir nəfəs aldım. Fikirlərimi az da olsa, konkretləşdirə bilmişdim. Artıq özümü standart bir kimliyə daxil etmirdim. Çünki belə olan halda, o kimliyə sahib olan hər kəslə eyniyyət təşkil edirdim. Bu vəziyyət məni narahat edirdi. Amma KİMLİKLƏRİN VƏHDƏTİ olmaq, onları bir yerdə canlandırmaq və öz insani mahiyyətinlə birləşdirmək fikri məni bir az da olsa, qane etdi. Bəs siz kimsiniz?